Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İmtahan stresinin idarə olunması – təlim


Bakı Dövlət Universitetində (BDU) Psixoloji yardım sektorunun təşkilatçılığı ilə “İmtahan stresinin idarə olunması” mövzusunda təlim təşkil olunub.
BDU-dan bildirilib ki, təlimdə sektorun psixoloqu Vasif Bəşirov tələbələrə “İmtahan stresinin səviyyəsinin ölçülməsi” testini təqdim edib. Daha sonra stresin həyatımızdakı rolu, stres reaksiyaları və imtahan stresinin əlamətləri barədə geniş məlumat verilib.
Qeyd olunub ki, stres – insanın daxili və xarici mühitdən gələn müxtəlif tələblərə verdiyi adaptasiya reaksiyasıdır. Həyatın ayrılmaz hissəsi olan stres müəyyən səviyyədə insanın diqqətini artırır, iş qabiliyyətini yüksəldir və motivasiyanı gücləndirir. Lakin uzun müddət davam edən və ya həddindən artıq stres orqanizmin fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər.
İmtahandan qabaq stres xüsusilə tələbələr arasında geniş yayılmış problemdir. Bu stresin əsas əlamətləri arasında yuxu pozuntuları, diqqət azlığı, yaddaş zəifliyi, əsəbilik, ürək döyüntüsünün sürətlənməsi və hətta mədə-bağırsaq narahatlıqları qeyd olunub. Həmçinin yüksək stres səviyyəsi imtahan zamanı göstəricilərin aşağı düşməsinə səbəb ola bilər.
Psixoloq Vasif Bəşirov streslə mübarizədə fərdi strategiyaların, o cümlədən düzgün nəfəsalma texnikasının, vaxtın səmərəli idarə olunmasının və müsbət düşüncə tərzinin vacib olduğunu vurğulayıb.
Sektorun psixoloqu İlkanə Mənsumova iştirakçıları imtahan stresinin səbəbləri və idarə olunması strategiyaları ilə tanış edib. Eyni zamanda, iştirakçılara stres zamanı effektiv istifadə edə biləcəkləri düzgün nəfəs texnikaları və proqressiv əzələ rahatlama üsulları göstərilib.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.


Tarix: 27-05-2025, 16:30

Xəbəri paylaş