Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ELM İŞIQDIR, ALLAH NURUNDAN YARANMIŞ

 

 Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək pedaqoqların həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Müəllim hazırlığında  elmi nəzri, həm də praktiki xidməti olan  pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, İbtidai təhsil fakültəsinin“İbtidai təhsilin pedaqogikası kafedrası”nın müdiri  Fərrux Abbas oğlu Rüstəmovun xidmətləri təqdirə layiqdir.
        
     Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini bitirmiş, V.İ.Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olmuş, 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngidar kəndindəki səkkizillik məktəbdə 1982-1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. 1985-ci ildə  pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olmuş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış,1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru, alimlik dərəcəsi almışdır. ADPU-nin Ümumi pedaqogika kafedrasının nəzdindəki "Şagirdlərin peşəyönümü"  elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan F.Rüstəmov az sonra kafedrada müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının "Pedaqogika, psixologiya, fəlsəfə" bölməsinin rəhbəri olmuşdur. 1998-2006-cı illərdə Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının müdiri olmuşdur. 22 aprel 1998-ci ildə Beynəlxalq pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır. ADPU-nun "Xəbərlər" nin pedaqoji-psixoloji elmlər seriyasının redaktorudur. 2007-ci ildə ADPU-nun pedaqoji fakültəsinin dekanı, böyük Elmi Şuranın üzvü və pedaqoji fakültənin Elmi Şurasının sədri seçilmişdir. ADPU-nun Elmi Şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" müsabiqəsinin qalibi, 2007-2012-ci illərdə ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri olmuşdur. 2004 -cü ildən professordur. ADPU-də fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Təhsildə və elmdə qazandığı uğurlara görə Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" (2006), 3-cü dərəcəli “Əmək” Ordeni  (2021) ilə təltif olunmuş , "Əməkdar Elm Xadimi" (2012) fəxri adına layiq görülmüşdür. İlk kitabını 1990-cı ildə nəşr etdirən F.Rüstəmovun qısa bir dövr ərzində 30-dan artıq monoqrafiya (“Azərbaycanda pedaqoji  elmin   inkişaf tarixi”;  Azərbaycan pedaqoji bibloqrafiyası: məktəb və pedaqoqika tarixinə aid ədəbiyyat”; “Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri”; Ümumi pedaqoji fikrdə əxlaqi, mənəvi dəyərlər”; “Azərbaycanda ümumi pedaqogika, pedaqogikanın  və təhsilin tarixi ixtisası üzrə elmi-pedaqoji kadr hazırlığı”; Universitetin yubuleyi ilə  bağlı “ Azərbaycan Dövlət Pedaqoji Universitetin rektorları”; “Ali Pedaqoji İnsitutun salnaməsi” və s.) kitab və kitabçanın, 31 tədris proqramının, "İrəvan Müəllimlər Seminariyası və onun məzunları", “İrəvan Müəllimlər Seminariyasının Qərbi Azərbaycanda milli maarifçiliyin inkişafında rolu”, "İrəvan Müəllimlər Seminariyası və onun məzunları" kitablarının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. 10 kitabın tərtibçisidir. 40-a yaxın kitabın elmi reşdaktoru olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, 3 nəfər elmlər  doktoru yetişmişdir . F.Rüstəmov  20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti  və Təhsil haqqında qanunu hazırlayan   işçi qrupunun üzvü olmuşdur. "Pedaqoji tədqiqatlar" elmi məqalələr məcmuəsinin redaktorudur. Əsərləri  İstanbul, Tbilisi,Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunmuşdur. Allah insanı  müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına  sığınan bəndəyə  düşən pay:- Elm öyrənib öyrədəndir. İbtidai təhsil fakültəsində “İbtidai sinif müəllimliyi” ixtisaı üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasınıda  Fərrux müəllimin fəaliyyəti təqdirə layiqdir. Fərrux müəllimin qeyd etdiyi kimi müasir müəllim araşdırmalar aparmağı bacarmalı, müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir. Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün müəllim şagirdin yaradıcı təfəkkürünə məxsus bütün psixo-pedaqoji xüsusiyyətləri bilməlidir. Azərbaycan təhsili bu gün özünün inkişaf və tərəqqi dövrünü yaşayır.  Professor Fərrux Rüstəmovun istər  elmi konfranslarda, istərsə də mətbuat və televiziya çıxışlarında  qeyd  etdiyi kimi müəllimin şagirdlərə verdiyi bilik, bacarıq və vərdişlər yüksək insani keyfiyyətlərin formalaşdırılmasına xidmət etməlidir. Məktəbdən yaxşı ədəbiyyatçı, tarixçi, riyaziyyatçı deyil,  ilk növbədə yaxşı insan ,  bilikli mütəxəssis yetişməlidir. Elə bir insan ki, o hər yerdə milli-mənəvi və bəşəri dəyərləri mənimsəmiş bir şəxsiyyət kimi fəaliyyət göstərir, cəmiyyətdəki sosial- siyasi şəraitə, zəngin informasiya-kommunikasiya məkanına uyğunlaşmışdır. Sadə dildə  desək, məktəb bütün həyat üçün bilik vermir, amma həyat boyu oxuyub-öyrənməyi və bilikləri səmərəli tətbiq etməyi, öz üzərində daim çalışmağı öyrədir ki, bütün bunlar da səriştəli, peşəkar müəllimin fəaliyyəti nəticəsində, təlim və tərbiyə prosesini yüksək səviyyədə qurması ilə mümkün olur. Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır. Milli dəyərlərimiz olan adət və ənənələrimiz müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti  milli özünüdərkə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir

Ömrünü müqəddəs peşəyə, elmə həsr etmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  məzunu, pedaqoji elmlər doktoru, professor,  Əməkdar Elm xadimi, Fərrux Rüstəmov yeni yaşına qədəm qoyur. Respublika pedaqoji ictimaiəti, ADPU-nun  professor müəllim heyəti, elimi əməkdaşları, tələbə və məzunlarımiz adından  Fərrux müəllimi təbrik edir,  sağlam ömür payı, yaradıcılıq uğurları arzulayirıq! 
      Yaş üstunə yaş gəlir mübarək!     
      Kamil insan müdrükləşir Mübarək!
                                                          
                       
                                                 

Zülfiyyə Vəliyeva,  
                                  

ADPU-nun ETM  elmi işçisi                      

Respublikanın Əməkdar müəllimi


Tarix: 30-12-2022, 10:24

Xəbəri paylaş