Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dərs: ənənə və müasirlik

  

  
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi


Dərs təlimin   təşkili formalarından olub müəllimin rəhbərliyi altında sabit şagird heyəti olan sinifdə, dəyişməz cədvəl üzrə keçirilən kollektiv məşğələyə deyilir. Bu tərifdə bir çox əlamətlər vardır. Müvafiq mənbələrdən aydın olur ki,dərs anlayışının sinif sisteminin mahiyyətini nəzəri cəhətdən əsaslandıran Y.A.Komenski olmuşdur.Bununla yanaşı İ.F.Herbart dərsin vahid sxemini hazırlamağa müvəffəq olur. Oraya yeni materialın izahı (aydınlıq), yeni biliklə köhnə bilik arasında əlaqənin yaradılması (assosiasiya), biliyin yekunlaşdırılması (sistemləşdirmə) və çalışmalar (metod) daxildir. Digər tanınmış pedaqoqlardan A.Disterveq dərsdə təfəkkürü ön plana çəkməyi, K.D.Uşinski isə şagirdə bilik verməklə onun şəxsiyyətinin inkişaf etdirilməsini vəhdətdə götürməyi tələb edirdi.Psixoloqlar araşdırmalarında XXI əsri kreativlik əsri kimi adlandırırlar. İnsanlarda istedadlılığa, yaradıcılığa daha çox dəyər verən bu əsrdə təhsil sistemində də məhz həmin keyfiyyətlərin əsas götürülməsi vacib hesab edilir. Sual olunur ki, bəs onda bu gün "müasir dərs" anlayışı necə başa düşülməlidir? Onun mahiyyətini necə izah etmək olar? 
Azərbaycanın görkəmli psixoloqu prof.Əbdül Əlizadə yeni pedaqoji təfəkkürlə bağlı psixopedaqoji araşdırmalarında bu məsələyə münasibət bildirərək qeyd edir ki, "müasir dərs" anlamında "müasir" sözünün özünəməxsus evristik mənası var. "Müasir dərs" pedaqoji (psixoloji) elmlərin ən yeni uğurlarına söykənməlidir" (Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Bakı. "Adiloğlu" nəşriyyatı, 2001.). Dərs həm də dövrün insanlarını yetişdirmək imkanına malik prosesə çevrilməlidir. Məktəbin vətəndaş yetişdirmək vəzifəsinin yerinə yetirilməsində uğurla çıxış etməlidir. 
 "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunur ki, "Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər görüləcəkdir" (www.prezident.az). Göründüyü kimi, ölkəmizin təhsil siyasətində təfəkkür, düşüncə, intellekt məktəbinin yaradılması prioritet istiqamətlərdən biridir. Müasir məktəbin dərsi də bu müqəddəs vəzifələrin icrasına çevriləcəkdir. Özünün yaradıcılıq imkanlarını axtaran müasir müəllim, ilk növbədə, tədqiqatçılığa başladığı fəaliyyətini dərsdəki yaradıcı fəaliyyəti ilə başa vuracaqdır. Müəllimin fəaliyyətinin səmərəliliyində, keyfiyyətliliyində onun yaradıcı yanaşmaları yüksək qiymətləndiriləcəkdir. Bu mənada müasir dərs fenomeninin yaranmasında müasir müəllim özünün əvəzsiz fəaliyyətini göstərməli olacaqdır. Cünki "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərildiyi kimi, "Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır".
 Müasir dərsin mühüm keyfiyyətlərindən biri onun yeni düşüncə, yeni pedaqoji təfəkkürün məhsulu kimi meydana çıxmasıdır. Müasir dərs həm də bəzi hallarda konkret vaxt çərçivəsini, struktur vahidliyini pozur. Dərs idarə olunan bir proses olduğundan onun məntiqi struktur cəhətdən bütövlüyü əsas şərtlərdən biri kimi yüksək dəyərləndirilir.  
Hər bir zamanın dərsi özlüyündə o dövr üçün müasir olub. Bu mənada müasirlik bir atribut kimi şərti olaraq işlədilir və ondan dövri olaraq danışmaq daha məntiqəuyğundur. Dərsin təşkilat forması olması, demək olar ki, bütün zamanlarda özünün aparıcı xüsusiyyətini   saxlayıb. Hazırkı zamanda dərsin təlimin təşkilat forması olması barədə pedaqoji müddə istifadə olunmaqdadır. Pedaqoji prosesdə dərsin mövzusunun induktiv və dediktiv tədqiqatla əlaqəli olması barədə mühakimə yürütməkdə çətinliklə üzləşənlər vardır.İnduktiv tip dərs yeni bilik öyrədən dərs kimi təqdim edilir. Məntiqi baxımdan məsələyə yanaşsaq induktiv tip dərslər iştirakçılar tərəfindən yeni anlayışların müstəqil olaraq çıxarılması kimi anlanılmalıdır. Oyun tapmaca formasında həyata keçirilən “Anlayışın çıxarılması” metodunun tətbiqi şagirdlərdə yüksək fəallıq yaradır, onların məntiqi və tənqidi təfəkkürünü fəallaşdırır.
Məsələn: IV- sinif “Texnologiya” dan “İstehsalat müəssisələri və istehsal mövzusu” üzrə dərsi keçərkən gizli qalan ( fabrik) anlayışın xüsusiyyətləri sadalanır ( çoxlu sayda fəhləsi olan, sifarişlə işləməyən,kütləvi məmulat istehsal edən, iri sənaye müəssisəsi olan və s.)- şagirdlər induktiv tədqiqata yönəldir. Bir qədər düşünməyə yönəldilmiş şagirdlər arasında təfəkkür fəallığı yaranır. Müəyyən edirlər ki, qeyd olunan xüsusiyyətlər məhz fabrika aiddir. Bu zaman fabrik anlayışına aid olan cəhətlərin – ümumiləşdiyini şagirlərin diqqətinə çatdırılır. Demək, induktiv tədqiqat xüsusi cəhətləri özündə cəmləşdirən ümumi anlayışla ifadəsi deməkdir.
İnduktiv tədqiqatın əksini ifadə edən deduktiv əməliyyat klaster (şaxələndirmə) metodun  tətbiqini zəruri edir. Deduktiv tədqiqatın gedişində dərs şagirdlər tərəfindən kəşf olunmuş ümumiləşdirilmiş biliyin yada salınmasıdır. 
Bu məqsədlə “ Şaxələndirmə” metodu çox əlverişlidir. Əsas anlayışa aid şagirdləri bacardıqları qədər söz assosiasiyaları (anlayışlar, xüsusiyyətlər, hadisələr və s.) tapmağa yönəldir. Şagirdlərin çəkinmədən, sərbəst fəallıq göstərmələri üçün nəzərdə tutulan 5- 7 dəqiqə ərzində anlayışla bağlı ağıla gələn söz və ifadələri yazmaq, fikirlərin keyfiyyəti haqqında narahat olmamaq tapşırığı diqqətə çatdırılır. Mövzu ilə şagirdlər tanış olduqdan sonra deduktiv tədqiqat aparılır.
 IV- sinif “Texnologiya” fənni üzrə növbəti “Məişət texnikası” mövzusu tədris olunarkən qazanılan təcrübəyə görə  induktiv tədqiqat şagirdlərin geniş marağına səbəb olur. Mövzuda yer olan anlayışların ( hesablama texnikası, mətbəx texnikası, mexaniki emal, termik emal, evi yığışdırmaq, elektron cihazlar və s.) hər birini səciyyələndirən ifadələr daxil olunmaqla  şaxələndirmənin aparılması fəal dərsin tələblərinə tam cavab vermiş olur. Məsələn: Elektoron cihazlar = ev kinoteatrı + musiqi mərkəzi + televizor + məişət gücləndiricisi + rəqəmli fotoaparat + telefon aparatı.
Aparılan təhlildən aydın olur ki, «Texnologiya» fənninin tədrisində əsasən dərslərin tipi yeni bilik verən kimi metodik vəsaitlərdə təqdim olunur.Məntiqi cəhətdən dərsin induktiv və ya deduktiv olmasına mütləq yanaşmaq olmaz. Burada nisbət məsələsinə diqqət göstərilməlidir.Birinin digərindən çox və ya az olması müşahidə oluna bilər.Ciddi şəkildə sərhəd qoymaq mümkünsüzdür.
«Texnologiya» fənninin tədrisində: -kombinəedilmiş, nəzəri, praktik, laboratoriya işi, yoxlayıcı dərs formalarından istifadə edilməsi tövsiyə olunur:
 Kombinəedilmiş dərs-nəzəri və praktik məşğələlərin elementlərini birləşdirən dərs formasıdır. «Texnologiya» fənninin tədrisi prosesində bir qayda olaraq şagirdələrə elmi və texnoloji məlumatların verilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu məlumatların əsasında şagirdlərdə həyati bacarıqların formalaşdırılması üzrə praktik işlər qörulur. 
Nəzəri dərsdə –şagirdlər materialşünaslıq elementləri ilə (müxtəlif materialların: kağız və kartonun, plastilinin, parçanın, oduncağın, metalın, təbiət materiallarının və s.) xassələri və əldə edilməsi üsulları ilə tanış olur, müxtəlif texniki qurğuları öyrənir, materialların, enerjinin və informasiyaların dəyişdirilməsi texnlogiyalarını əldə edirlər. Şagirdlər texnoloji xəritələri tərtib etməyi, çertyoj və eskizləri oxumağı öyrənir, əməyin təşkili, mühafizəsi və təhlükəsizliyinin ümumi qaydaları ilə, gigiyena və istehsalat sanitariyası tələbləri ilə tanış olurlar. 
Praktik dərs – bu və ya digər konkret texnologiyalara aid şagirdlərin texnoloji əməliyyatları yerinə yetirmələri üzrə bacarıq və vərdişlər qazanmalarına xidmət edir. Praktik dərslər şagirdlərdə əmək və ümumtexnoloji mədəniyyətin formalaşması və inkşafında həlledici rol oynayır. 
Aparılan praktik işlər metodu ilə şagirdlərin yiyələndikləri bilik və bacarıqların təcrübədə tətbiq olunmasına, təlimdə nəzəriyyə və təcrübənin arasında əlaqə yaranır. Praktik işlərin bir qismi sinifdə, əksəriyyəti təbiətin qoynunda- məktəbin tədris- təcrübə sahəsində, tarlada, çayın yatağında, meşədə yerinə yetirilir. Şagirdlərin xəritə, kompas, ərazinin planını hazırlamaları, torpağı təhlil etmələri, mineral gübrələrin tərkibini və tətbiqi qaydalarını öyrənmələri, heyvanların növlərinə görə yem tədarükünün həyata keçirilmə qaydası ilə tanış olmaları, sahənin ölçülməsi və əkin üçün ayrılması və s. praktik işlərdir. 
Praktik işlər düzgün keçiriləndə şagirdlərin biliklərinin dərinləşməsinə, onlarda bacarıq və vərdişlərin formalaşmasına kömək göstərir. Şagirdlər kəndlinin, fəhlənin, sənətçinin praktik işini ardıcıl, diqqətlə müşahidə edir, nümunə əsasında işi elə yerinə yetirirlər ki, əvəllər yiyələndikləri biliklərə müraciət etməyə ehtiyac qalmır. Onlar pambıq, çay, tütün, bostan, tərəvəz və s. becərməyi öyrənirlər. 
Praktik işi yerinə yetirərkən onlarda həmin materialların (kağız, karton, plastilin, parça, təbiət materialları və s.) mexaniki, texnoloji,fiziki və digər xassələrini tədqiq edir, əmək və ölçü alətlərinin, cihazların, digər texnoloji maşınların konstruktiv quruluşunu öyrənirlər. Şagirdlərin öz bilik və bacarıqlarını həyatla, istehal sahələri ilə bağlamaları onların biliklərinin ictimi dəyərini artırır, mövqeyini dəyişir, şagirdlərin müstəqilliyi, təşəbbüskarlığı, ictimai işlərdə fəal iştirak etmələrində bu metodun rolu böyükdür. Əməliyyatları  düzgün planlaşdırmaq, əmək bölgüsü aparmaq, bu prosesi ciddi cəhdlə təşkil etmək, işi vicdanla yerinə yetirmək, onun yüksək keyfiyyətdə olmasına çalışmaq, birgə işləmək kimi keyfiyyətlər formalaşır.
 
Laboratoriya işi dərsi –tədqiqatçılıq xarakteri daşıyır, şagirdlər müstəqil surətdə biliyin və bacarığın tətbiqi, onların idrak fəaliyyəti bir neçə mərhələdən keçir. İlk əvvəl müəllim qarşıda duran iş barədə izahat verir. Bu zaman o, şagirdlərin işi nəzəri cəhətdən dərk etmələrinə şərait yaradır. Müəllim təlimat verir, şagird işin yerinə yetirilmə qaydasını təkrarlayır, digərləri müşahidə aparırlar. Bütövlükdə sinif işə cəlb olunur, hər kəs işi müstəqil yerinə yetirir. Nəhayət, şagirdlər qiymətləndirilirlər. 
Laboratoriya işi-müəllimin göstərişi əsasında şagirdlərin təcrübə qoymaları prosesi, bilavasitə müşahidə etmələri və müstəqil nəticə çıxararaq bilik əldə etmələri başa düşülür. Laboratoriya işinin müvəffəqiyyətli təşkili üçün müvafiq avadanlığın, cihazların, preparatların, texniki vasitələrin, emal texnologiyaları və vasitələri, digər zəruri əşyaların məktəbdə olması vacibdir. 
Laboratoriya işi məktəbin laboratoriyalarında, fənn kabinetlərində, məktəbyanı tədris-təcrübə sahədə, istehsalat müəssisələrində təşkil edilir. 
Laboratoriya işinin səmərəliliyi üçün müəllim bir sıra tələblərə əməl etməlidir: Laboratoriya işi üçün şagirdlərə tapşırılacaq təcrübənin mövzusunu, gedişini, nəticəsini müəllim əvvəlcədən dəqiqləşdirir, dərsə qədər isə təcrübəni özü qoyur, alınacaq nəticəni yoxlayır; müəllim laboratoriya işinin mövzusu, məqsədi, mərhələləri barədə şagirdlərə məlumat verir, təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayır; 
müəllim təcrübənin gedişini diqqətlə izləyir, çətinlik çəkənlərə istiqamət verir, təcrübə qoymaq bacarığının uşaqlarda formalaşmasına köməklik göstərir; müəllim təcrübənin gedişini diqqətlə izləyir, çətinlik çəkənlərə istiqamət verir, təcrübə qoymaq bacarığının şagirdlərdə formalaşmasına köməklik göstərir;laboratoriya işində qoyulan təcrübədən alınan nəticələrin ümu-miləşdirilməsinə və sözlə ifadə olunmasına müəllim rəhbərlik edir,biliklərin şüurlu mənimsənilməsinə,biliklə əlaqədar bacarıqların formalaşmasına münasib imkan yaradır. 
Yoxlayacı dərslər şagirdlərin texnoloji hazırlıqlarının səviyyəsinin müəyyənləşdirilməsinə, əldə edilən bilik, bacarıq və vərdişlərin mənimsənilməsi haqqında məlumatların əldə edilməsinə xidmət edir.
 
Yoxlayıcı dərs texnologiyadan qazanılan biliyin nə dərəcədə bacarıq  və vərdişə çevrilməsini sadə eksperiment aparmaqla müəyyən etmək mümükündür. Burada şagirdlərin texnoloji əməliyyatlara marağının yaradılmasında müəllimin peşəkarlığı, dərsdən sonra biliyin praktik tətbiqinə yönəltməkdə daxili tələbatın tərbiyə olunması mühüm əhəmiyyət kəsb edir.Məsələn:İkinci sinifdə “Texnologiya”dan “Müxtəlif hissələrdən quraşdırma üsulu ilə yapma (yelkənli qayıq)” mövzusunun tədrisində kontrol və eksperimental yanaşma həyata keçirilir.
Siniflərdə 24 şagird olmaqla təlim tapşırığı verilir.Yoxlama zamanı məlum olur ki,
kontrol sinfin şagirdlərinin: 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5. alt standartlarından irəli gələn aşağıdakı məqsədlərlə bağlı bilik və bacarıqları kifayət qədər dərk etməmişlər.
Şagird müvafiq emal texnologiyalarını (ölçmə, yapma, birləşdirmə) təyinatına görə sadə şəkildə izah edir;Plastilindən yelkənli qayıq hazırlamaq üçün iş yerini təşkil edir;Yelkənli qayıq hazırlamaq üçün emal vasitələrini seçir;Yelkənli qayığın hazırlanması ardıcıllığını müəyyənləşdirir;Yelkənli qayığın hazırlanması üçün emal texnologiyası seçir;Yelkənli qayığın detallarını hazırlayır;Detalları birləşdirməklə yelkənli qayığı hazırlayır; Yelkənli qayığın hazırlanmasında tərtibat bacarıqlarını nümayiş etdirir;Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir;Hazırlanmış yelkənli qayığı təqdim edir. 
Keçmiş biliyin davamı olan yeni dərsdə tədris olunan mövzu ilə əlaqədar müəllim kontrol sinfə lazımi hazırlıq üçün əvvəlcədən evə tapşırıq vermir.
Ancaq eksperimental sinfin şagirdlərinə yelkənli qayığın şəkilləri ilə tanış olmaq onun hissələrə ayrılması və quraşdırılması ilə əlaqədar sərbəst əməliyyatlar aparılması tapşırığı verilir.
Hər iki sinifdə motivasiya apararaq şagirdləri yönəldici suallarla problem ətrafında düşünməyə yönəldilir: 
Siz hansı qayıq növlərini tanıyırsınız? (yelkənli, mühərrikli, avarlı)
Bu qayıqlardan hansı daha sürətlidir? (mühərrikli)
Yelkənli qayıq nəyin hesabına hərəkət edir? (küləyin yelkənə təsiri nəticəsində).
İlkin müşahidələr göstərir ki, kontrol sinfin şagirdləri verilən yönəldici suallara qarşı cavabları aşağı səviyyədədir. Eksperimental sinfin şagirdləri isə müəllimin gözlədiyi cavablardan da zəngin informasiyalar verirlər.
Hər iki sinif “Plastilindən yelkənli qayığı necə hazırlamaq olar?” tədqiqat sualını qruplar üzrə cavablandırmağa başlayırlar. 
Qruplar tapşırığı yerinə yetirərkən hər bir şagird fərdi qaydada tapşırığı icra edib təqdimatı təşkil olunur. 
Dərslikdə göstərilən şəkillər üzrə şagirdlər yelkənli qayıq hazırlayarkən kontrol sinfin şagirdlərinin əvvəllcədən az məlumatlı olması onların çox vaxt itkisinə yol vermələri, emal texnologiyalarını və vasitələrini təyinatına görə seçməkdə səhv etmələri, tərtibat bacarıqlarında estetik cəhətlərin gözlənilməsi, təqdimatda məntiqi, rabitəli fikir yürütməkdə çətinliklərlə üzləşdikləri diqqəti cəlb edir. 
 Kontrol və eksperimental siniflərin mövzu ilə əlaqədar məzmun standartlarına, mü­vafiq qiymətləndirmə standartlarının səviyyələrinə görə nəticələr müəyyənləş­diri­lir­.­

Məzmun standartı:
1.2. Şagird sadə emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir.
Qiymətləndirmə standartı:
  1. Q.S.1. Sadə emal texnologiyaları və vasitələrinin tanınmasının nümayiş etdirilməsinə dair qiymətləndirmə:
Səviyyəyə görə:
  • 4-cü səviyyə: 1.1.4. Q.4. emal vasitlərinin təyinatı üzrə necə istifadə edilməsini göstərir.
  • 3-cü səviyyə: 1.1.3. Q.3. verilmiş emal texnologiyasına uyğun emal vasitəsini seçir.
  • 2-ci səviyyə: 1.1.2. Q.2. Emal texnologiyalarını və vasitələrini (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) mahiyyətini izah edir.
  • 1-ci səviyyə: 1.1.1. Q.1. Emal texnologiyalarını və vasitələrini (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır. 
Nəticələr:
SiniflərŞagirdlərin sayı                  Səviyyələr
4321
Kontrol244974
Eksperimental2481132
 
  1. Şagird emal prosesinə hazırlıq işlərinin məzmun standartına uyğun 1.2. Q.S.2. – Emal prosesinə hazırlıq işlərinin yerinə yetirilməsinə dair qiymətləndirmə səviyyələri və eləcə də 1.3. Şagird verilmiş materiallardan (kağız, karton, parça, plastilin) sadə məmulatlar hazırlanmasına dair qiymətləndirmə səviyyələri üzrə kontrol və eksperimental siniflərinin nəticələri təxminən cədvəldə verilən göstəricilərə uyğundur
Analoji olaraq emal texnologiyaları və vasitələri ilə bağlı qanunauyğunluğu şagirdlərin bu sahədə fəaliyyətlərinin yüksək səviyyəyə qaldırılması ilə şərtləndirmək olar.
Məsələn: Şagirdlərin emal texnologiyaları üzrə zəruri vasitələrdən nə qədər çox istifadə edib əlaqələndirərsə, məmulatların hazırlanmasının mahiyyətini yaxşı dərk edər. Bu qanunauyğunluğa görə məmulatın mahiyyətini emal texnologiyaları və vasitələri ilə vəhdətdə olması prinsipi yaranır. Burada tələblər aşağıdakı kimi ifadə olunur:
Öyrədən öyrənənə məmulat hazırladarkən əsas diqqət emal texnologiyaları və vasitələrinə yönəltməlidir;Deduktiv yolla verilən biliklər məmulatın hazırlanması ilə dəqiqləşdirilməlidir;Məmulat hazırlanarkən sadə detallardan mürəkkəb və daha mürəkkəb detallara keçmək zəruridir.
Təlim prosesində əmək hazırlığının düzgün aşılanmasına yönələn qanunauyğunluqların müəyyənləşdirilməsi və onların uyğun olaraq tələblərin aşkar edib həyata keçirilməsi müasir təhsil sisteminin xüsusiyyətlərinə daxildir.
 
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına aid nümunələr:
 I sinif. Mövzu:Tikmə materialları və vasitələri. Parçanın emal texnologiyaları.
Alt standartlar:1.1.1; 1.1.2; 1.1.3; 1.2.4. 
1.1.1.Müvafiq emal texnologiyalarını (ölçmə,kəsmə,yapma,birləşdirmə,qatlama,tikmə) sadalayır.
1.1.2.Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3.Emal vasitələrini sadalayır.
1.2.4.Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
Məqsəd: 1.Müvafiq emal texnologiyalarını(ölçmə,kəsmə,birləşdirmə,tikmə) sadalamaq.
2.Tikmə və naxıştikməni fərqləndirmək.
3.Tikmədə istifadə olunan emal vasitələrini sadalamaq.
4.İynə ilə işləyərkən təhlükəsizlik texnikası qaydalarını sadalamaq.
İnteqrasiya:Həyat bilgisi 1.1.1.;Ana dili 1.2.1.;1.2.3.
Həyat bilgisi:1.1.1.Varlıq və hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.
Ana dili:1.2.1.Müşahidə etdiyi əşya,hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.3.Nitqində sadə bədii ifadələrdən istifadə edir.
Dərsin tipi:Yeni bilik verən dərs.(induktiv:xüsusidən ümumiyə)
İş forması:fərdi,kiçik və böyük qruplarla.
İş üsulu:əqli hücum,müzakirə,anlayışın çıxarılması,Venn dioqramı,BİBÖ.
Resuslar:Tikmə materialları və vasitələri,parçanın emalını əks etdirən İKT tədris materialı,tablolar.
                     Dərsin mərhələlərlə gedişi
1.Motivasiya,problemin qoyuluşu–7 dəq.
Müəllim şagirdlərdə xoş əhval-ruhiyə (psixotreninq) yaratmaq üçün tapmacaları cavablandırmağı təklif edir.
           Aləmi bəzər özü lüt gəzər (iynə);   Altı haça ustü haça iki üzük,iki qılça (qayçı).
   Şagirdlər fikirlərini ifadə etdikdən sonra müəllim yeni dərsdə “iynə” və ”qayçı”dan emal vasitələri kimi istifadə olunmasından məlumat verir.
Şagirdləri mövzu ilə əlaqədar düşündürmək üçün soruşulur:İynədən və qayçıdan hansı məqsədlər üçün istifadə olunur? (tikmək,kəsmək)
  Tədqiqat sualı formalaşdırılır: Tikmə materialları və vasitələri; parçanın emalı texnologiyaları hansılarıdır? 
Şagirdləri tədqiqat sualı ətrafında düzgün mühakimə yürütməyə,dəqiq infarmasiya qazanmalarına köməklik üçün müəllim qisa müddətli İKT materialnı ekranlaşdırır və lövhədən müvafiq tablo asır.Mativasiya genişlənir,diskusiya,
müzakirə,əqli hücüm yaranır.
  Qeyid olunur ki, parça toxuculuq dəzgahlarında emaldan əvvəl xammal kimi liflər əldə olunur.Liflər təbii və kimyəvi olur.
Təbi liflərə bitki və heyvan lifləri (pambıq,kətan,yun və ipək),mineral liflər(asbest),kimyəvi liflər oduncaqdan,nefitdən,təbii qazdan,daş kömürdən süni yolla alınır.
Parça hazırlanmasında ilkin mərhələ lifdən ipliyin alınmasıdır.Parçanın alınması bir çox mərhələdən keçir.Əyrilmə müəssisələrinə daxil olan liflər xüsusi maşınlar vasitəsilə zibildən təmizlənir, yumşaldılır,didilir,daranır,lentləri düzəldilir,
hamarlaşdırılır.Həmin lentlər yüngülcə burulur iplik alınır və makaraya dolanır.Əyrilmə ilə məşğul olanlara əyricilər deyirlər.İplik toxuculuq müəssələrinə göndərilir,orada parça istehsal edilir.Parça toxuculuq dəzgahlarında eninə (arğac) və uzununa (əriş) saplardan toxunan materialdır.Sapsız paltarı tikmək mümkünsüzdür.Saplar rənginə və işlənmə yerinə görə müxtəlif olur.
  Tikmə,naxış tikmə və toxuma sapları işlənmə materialın rənginə uyğun olaraq seçilir.Tikmə əməliyyatı aparılarkən iynədən,üskükdən (oymaq),qayçıdan,
saptaxandan istifadə edilir.İynə və qayçı ilə işlədikdə təhlükəsizlik,texnikası qaydaları barədə məlumat verilir.
2.Tədqiqatın aparılması–15 dəq. Şagirdlər 3 qrupa bölünür (1,2,3 saymaqla).
Quruplara eyni məzmünda tapşırıq verilir:”Tikmə mattrialları və vasitələrini sadalamaq”. Parçanın emal texnologiyasını izah etmək.Quruplar tapşırığı əməkdaşlıq şəraitində icra edirlər.
3.İnfarmasiya mübadiləsi–6 dəq.
Qurupların təqdimatı dinlənilir (müzakirəyə təqdim edirlər).
4.İnfarmasiyanin müzakirəsi və təhlili–4 dəq.
  Müəllim tablo əsasında müzakirəni təşkil edir:Ətrafa baxın,parçadan harada istifadə olunub? (Pərdə,dəsmal,geyim,salfet,əl-üz dəsmalı və s.);Parça nədir?(Cavab tədris mətnində verilib);Tikmə materialına nələr daxildir?(Bax mətnə);Tikmə vasitələri hansılardır?(Bax mətnə);Parçanın emal texnologiyaları hansılardır?(Parçanı kəsmə və tikmə,onun üzərində naxış tikmə).
5.Nəticələr və ümumiləşdirmələr–2 dəq.
Müəllim şagirdlərin cavablarını ümuiləşdirərək tikmə materialları,vasitələri və parçanın emal texnologiyalarını bir daha diqqətə çatdırır.
6.Qiymətləndirmə–1 dəq.
Qiymətləndirmə müvafiq meyarlara əsasən səviyyə üzrə aparılır,rəğbətləndilir.
Texnologiya müəlliminin bir dərsə hazırlıq mərhələlərinin ardıcıllığı(diaqnozlaşdırma, proqnozlaşdırma, layihələndirmə) onun elmi təşkili ilə şərtlənir.
Diaqnozlaşdırmada iki cəhət müəyyən olunur:tədris olunan materialın xarakteri və praktik əhəmiyyəti, davranış və fəaliyyət motivləri, dərsin quruluşu;öyrənənlərin imkanları, ehtiyacları, meylləri, maraqları, qabiliyyətləri, öyrənmə səviyyələri.
Proqnozlaşdırma-keçiriləcək dərsin müxtəlif variantlarını qiymətləndirməyi,qazanılacaq bilik, bacarıq və vərdişlə bağlı məqsədin formalaşdırılmasına xidmət edir.
Layihələşdirmə-tərtib edilmiş qısa və dəqiq (konkret) sənəddə müəllim (öyrədən) pedaqoji prosesin idarə olunmasının özünə vacib olanları əks etdirir. 
Müasir təlim  prosesinin səmərəsi müəllimin dərsə yüksək səviyyədə hazırlaşmasından (qarşıya qoyulan məqsədin yerinə yetirilməsi,pedaqoji prosesin tamlığı) asılıdır.İlk növbədə tədris proqramı ilə yaxından tanış olmaq. Tədris olunan fənnin məqsəd və vəzifələri, hər bir tədris mövzusunun məzmunu,oyrənilmə ardıcıllığı, istifadə olunan metodlar və digər vasitələr diqqətdə saxlanılır. Kurikulumun tələbləri, fənnin məzmun xətləri üzrə standartlar inteqrasiya olunaraq reallaşdırılır. Dərsə hazırlıq mərhələsində müəllim müvafiq metodik ədəbiyyata, bu sahədə çalışanların təcrübələrinə istinad edir, əvvəlki dərsin nəticələini diqqətdə saxlayır. Müasir dərsin tədqiqatçılıq və mərhələlər üzrə təşkili təmin olunur. Müəllim bələdçi, şagirdin tədqiqatçılıq imkanları əlaqələndirilir.


Tarix: 19-12-2022, 12:02

Xəbəri paylaş