Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SİFƏTİN ÇOXALTMA DƏRƏCƏSİNİN İNTENSİV FORMASI HAQQINDA

 


                                           MİNARƏ      PAŞAYEVA
                                       Şirvan şəhər 13 №-li tam orta məktəbin
                                         Azərbaycan dili və ədəbiyyat müəllimi, 
                            Dünya   Bankının  Təhsil  Sektorunun   İnkişafı  Layihəsi
                             çərçivəsində keçirilmiş  Məktəb  Qrantı   Proqramı
                                    layihəsinin   II  mərhələsinin (2009)  və 
                           Təhsildə  inkişaf və innovasiyalar  üzrə  III  Qrant
                                  müsabiqəsinin   fərdi  layihə  qalibi (2019)
                                                  [email protected]
    
 
      Azərbaycan dilçilik ədəbiyyatında p, m, r, s ünsürlərinin vasitəsi ilə əmələ gələn dərəcə forması sifətin çoxaltma dərəcəsinin intensiv formasıdır.Bu forma necə yaranır, hansı qanu-  nauyğunluqlarla meydana çıxır, nəyə əsasən p, m, r, s ünsürləri bu formanın əsas əlamətlə- ri sayılır? Elmi ədəbiyyatda bu ünsürlər gah 2 (p, m), gah 3 (p, m, r), gah da 4 (p, m, r, s) göstərilir [1-7]. Orta məktəb dərsliklərinin XX əsrin 70-ci illərəqə dərki nəşrlərində [8] 2 ünsür (p, m), sonrakı nəşrlərdə isə [9] 3 ünsür (p, m, r) qeyd edilir. Dərsliklərin son nəşrlə- rində isə bu ünsürlərin sayı 4-ə (p, m, r, s) çatdırılıb [10,11]. 1988-ci ildə V siniflər üçün buraxılmış «Azərbaycan dili» dərsliyində sifətin çoxaltma dərəcəsinin morfoloji üsulunun ikinci yolu belə izah edilir: «Sifətin ilk hecasının son sa - miti p, m, r samitlərindən biri ilə əvəz edilir və eyni sifətin əvvəlinə artırılır» [8]. 2012-ci ildə VI siniflər üçün nəşr edilmiş «Azərbaycan dili» dərsliyində də bu fikir bir qədər dəyişilmiş şəkildə belə ifadə olunub: «Adi dərəcədə olan sifətin əvvəlinə onun ilk hecası artırılır, lakin bu zaman hecanın son samiti p, m, r, s samitlərindən biri ilə əvəz olunur. Əgər həmin heca saitlə bitirsə, bu samit- lərdən biri sadəcə olaraq hecaya qoşulur» [10]. 

        Bu şərhlərdə heç bir elmi əsas yoxdur, fikir yarımçıq və dolaşıqdır. Birincisi, ona görə ki, «sifətin ilk heca sının son samiti» fikri özünü həmişə doğrultmur. Məsələn, a-çıq, sa-rı,qa-ra, ya-şıl, şi-rin, sə-rin, tə-miz kimi sifətlərin, göründüyü kimi, ilk hecasının son samiti yoxdur. Elə isə mövcud olmayan samit necə əvəz oluna bilər?! İkincisi, p, m samitlərinin isə artırılmasında heç bir qanunauyğun əsas qeyd edilməyib, yəni p, m ünsürlərinin konkret olaraq hansının nə vaxt artırılması məqamları əsaslandırılmayıb. Halbuki V siniflər üçün yazılmış əvvəlki dərsliklərdə  m ünsürlərinin artırılması elmi cəhətdən, qismən də olsa, əsaslandırılıb. Dərslikdə bu qayda öz əksini belə tapıb: «Bəzi sifətlərin əvvəlində həmin sifətin ilk iki səsi artırılır və aralığa sifət saitlə bitirsə p, samitlə bitirsə, m səsi əlavə olunur» [8]. Dil faktları üzərində müşahidələr bu qaydanın, əsasən, doğru olduğunu sübut edir, lakin bəzi sifətlər üçün bu qayda özünü doğrultmur. Məsələn, apaydın, ağappaq, apaçıq, səpsərin, şipşirin kimi çoxaltma dərəcəli sifətlər üçün bu qayda məqbul sayıla bilməz! Dil faktları üzərində araşdırmalarımızdan bu qənaətə gəlmişik ki, p  m ünsürlərinin artırılmasında 5 qayda mövcud ola bilər: 

  
                Qaydalar                   Nümunələr
1.Cingiltili samitlə başlanıb kar və ya cin- giltili samitlə bitən sifətlərə m ünsürü ar tırılır.göy-gömgöyyaşıl-yamyaşıl,boz-bombozboş-bomboş, dik-dimdikdüz-dümdüzdərin-dəmdərinyumşaq-yumyumşaq və s.
2. Kar samitlə başlanıb kar və ya cingiltili samitlə bitən sifətlərə p ünsürü artırılırsərin-səpsərin, şirinipşirinkiçik-kipkiçik və s.
3. Saitilə başlanıb samitlə bitən sifətlərə p ünsürü artırılır.aydın-apaydınaçıq -apaçıquzun-upuzun və s.
4. Samitlə başlayıb saitilə bitən sifətlərə də p ünsürü artırılır.yumru-yupyumruquru-qupquruduru-dupduru və
5. Saitlə başlayıb saitlə bitən sifətlərə də p ünsürü artırılır.acı-apacı, iri-ipiriiti-ipiti, əyripəyri
       
 
                                                          
    Qeyd: Ağappaq sifəti apağ sifətinin sonrakı inkişaf mərhələsinin nəticəsidir:       
                                         ağ→apağ→ağappağ 
    Belə ki, burada sifətin çoxaltma əlaməti şiddətləndirmə əlamətinə çevrilib. Maraqlıdır ki, S.Əlizadənin «Orta əsrlərdə Azərbaycan yazı dili» kitabında da apağ forması qeyd olunub [12]. Sifət dərəcələrinin inkişaf tarixini izləyən Samət Əlizadə dərəcə əmələ gətirən ünsür- lərlə əlaqədar yazır: «Dərəcə kateqoriyasının zirvəsi olan şiddətləndirmə sintetik yolla, yəni hər hansı sifətin əvvəlinə onun morfoloji ünsür qəbul etmiş naqis birinci hecasını əlavə etməklə formalaşır. Dövrün ədəbi dilində müasir dildəki üç (p, m, s) ünsürdən ikisinə (p, m) təsadüf edilir» [12]. Daha sonra müəllif qeyd edir ki, dövrün ədəbi abidələrində s ünsürünə ancaq bir nümunədə rast gəlib (dosdoğrı). H.Mirzəzadə də p ünsürünün daha qədim oldu -ğunu, m ünsürünə XX əsrin əvvəllərinə qədər rast gəlinmədiyini qeyd edir, r ünsürünə isə abidələrin dilində təsadüf edilmədiyini göstərir [4]. Ə.Dəmirçizadə də «Kitabi-Dədə Qor- qud» dastanlarında bu ünsürdən yalnız birinin – p ünsürünün işləndiyini qeyd edir [13].    
   
  Fikrimizcə, müasir dilimiz üçün haqqında danışılan 4 ünsürdən yalnız ikisini (p, m) qəbul etmək daha doğru olar, çünki digər ünsürlərin (r, s) mövcudluğu heç bir linqvistik normaya uyuşmadığı üçün müəyyən əsaslarla təkzib edilə bilir və p və m ünsürlərinin isə hətta əmələgəlmə əsasları haqqında da düşünməyə dəyər. Ehtimal etmək olar ki, bu ünsür- lərlə lap (p ünsürü ilə), düm (m ünsürü ilə) ədatları arasında üzvi əlaqə var. İntensiv forma- nın əlaməti kimi qeyd olunan r ünsürünün mövcudluğunu heç bir dil faktı sübut etmir. Bu ünsürün varlığını əsaslandırmaq üçün göstərilən yeganə nümunə tərtəmiz sözüdür ki, bu sözün əmələ gəlmə sində heç bir ünsür iştirak etmir. Belə ki, tərtəmiz sözü iki müstəqil yaxınmənalı tər (təzə mənasında) və təmiz sifətlərinin birləşməsindən əmələ gəlib. Əslində təmiz sözünün çoxaltma dərəcəsi 2-ci qaydaya uyğun olaraq p ünsürü ilə əmələ gəlməlidir: təmiz-təptəmiz. İlk hecasının ilk iki səsi eyni olan təzə sözü də 4-cü qay daya uyğun yara- nıb: təzə-təptəzə Lakin dilimizdə təzə mənasında tər sözü mövcud olduğu üçün mənaca yaxın olan təmiztəzə sözlərinə birləşərək dərəcə əlamətli mürəkkəb sifət əmələ gətirir və bu sifətlər bitişik deyil, defislə yazılmalıdır : tər+təmiz=tər-təmiz tər+təzə=tər-təzə Dilimizdə ünsürü var, ancaq sifət dərəcəsinin əlaməti kimi yox, isimlərin intensiv forma- sını əmələ gətirən ünsür kimi. Məsələn, sür-sümük, çör-çöp, zir-zibil və s. Bəzi mənbələr- də qeyd edilən ünsürünün də mövcudluğu şübhə doğurur. Bu ünsürə nümunə gətirilən sözlərin də ciddi elmi təhlilə ehtiyacı var. Araşdırmalar əslində ünsürünün də mövcud olmadığını düşünməyə əsas verir. Prof. Y.Seyidov da yalnız üç ünsürdən (p, m, r) söz açır, s ünsüründən danışmır [16]. S ünsürünə nümunə gətirilən dosdoğma, dosdoğru, dosdolu, büsbütün kimi sözlərin tarixi dəqiq araşdırılsa, aşkarlanar ki, burada heç bir s ünsürü yoxdur. Əslində bu sözlər əmələ gəldikdən sonra müxtəlif fonetik dəyişikliklərə məruz qalıb. Məsələn, dosdoğma – iki sözdən dost və doğma sözlərindən əmələ gəlib. Burada t samiti düşüb, yəni eliziya hadisəsi baş verib: dost+doğma=dostdoğma=dosdoğma dos- doğru – sözü də iki sözdən düz və doğru sözlərinin birləşməsindən əmələ gəlib. Sözün birinci komponenti ciddi fonetik dəyişikliyə uğrayıb:     düz+doğru=doz//dos+doğru=dosdoğru,  büsbütün – sözünün ikinci komponenti bütün təyini əvəzlikdir. Əvəzliyin isə dərəcəsi olmaz! Dosdolu isə əslində dopdolu şəklində işlə - nir və işlənməlidir. Məsələn: Yer və kök toptolu külli nişansan. (Nəsimi). Ürəyim dopdolu qandır... (M.Ə.Sabir) 
     Beləliklə, sifətin çoxaltma dərəcəsinin intensiv formasının yaranmasında yalnız pünsürləri iştirak edir ki, bunlar da lapdüm sözlərinin qısaldılmış formasıdır. lap qara – qapqara, düm göy – gömgöy və s. Bu ünsürlərin artırıldığı yarımçıq hecalar isə intensiv sifətlərin birinci komponentinin ixtisar formasıdır. Məsələn: Dolu-dolu→dopdolu, düz-düz→düm düz, yumru-yumru→yupyumru və s. intensiv sözlərin, o cümlədən də inten- siv sifətlərin mürəkkəb söz hesab edilməsi də qeyri-elmidir, çünki eyni sözlərin təkrarı yeni fərqli semantika – yeni məna əmələ gətirmir. Məşhur türkoloq N.K.Dmitriyev də bu fikri dolayısı ilə təsdiq edir: «Sifətin şiddət (çoxaltma-M.P.) dərəcəsinin geniş miqyasda yayıl - mış bir forması da təkrar üsulu ilə düzəlir. Ehtimal ki, bu qədim üsul ancaq sintaktik-sti - listik təkrar üsulu ilə əmələ gəlmişdir. Daşıdığı vəzifə ilə bərabər bir də keyfiyyətin poten sial şiddətini ifadə edir» [14]. 
                  

ƏDƏBİYYAT: 
1. Azərbaycan dilinin qrammatikası. I hissə. Azərb. SSR EA nəşr. Bakı, 1960.
 2. İ.O.Bayramov. «Azərbaycan dili morfologi yası tədrisinin elmi-metodik əsasları». 
     Bakı, «Maarif», 1963.
 3. İ.O.Bayramov. «Azərbaycan dili morfologiyası tədrisinə dair metodik göstərişlər».
      Bakı, APİ, 1974.
 4. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, «Azərtədrisnəşr», 1962. 
5. Müasir Azərbaycan dili. II cild. Bakı, «Elm», 1980. 
6. Y.Seyidov. «Əsərləri». X cild. Bakı, «Çaşıoğlu», 2011. 
7. F.R.Zeynalov. Türk dillərinin müqayisəli qrammatikası. I hissə (adlar).
     Bakı, ADU, 1974.
 8. S.Ə.Cəfərov. Azərbaycan dilinin qrammatika sı. I hissə. 5-6 siniflər üçün dərslik.
       Bakı, «Maarif», 1965.
 9. B.A.Əhmədov, A.A.Axundov. Azərbaycan dili. 5-ci sinif üçün dərslik. 
     Bakı, «Maarif», 1988, 
10. R.İsmayılov və b. Azərbaycan dili. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik.     
       «Altun kitab», 2012. 
11. R.İsmayılov və b. Azərbaycan dili Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik    
       (kurikulum). «Altun kitab», 2012. 
12. S.Əlizadə. Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı, ADU, 1985 
13. Ə.Dəmirçizadə. «Kitabi-Dədə Qorqud» das tanlarının dili. Bakı, «Elm», 1999.
 14. Н.К.Дмитриев. Грамматика башкирского языка. Издат. АН СССР
        Москва-Ленинград. 1948.
 
 
 
 
 


Tarix: 16-12-2022, 20:18

Xəbəri paylaş