İki xalqın xidmətində: 105 ildən sonra Sadıq bəy Ağabəyzadə Vətənə qayıdır
Polşa Elmlər Akademiyasının Krakov filialında general-mayor, nazir müavini, şərqşünas - alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş konfrans-beynəlxalq elmi seminar keçirilmişdir.
Beynəlxalq konfrans Polşadakı Azərbaycan səfirliyi, Polşa Elmlər Akademiyasınin Krakov filialı, Varşava Dövlət Universiteti və Krakovun Jagellon Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
Sadıq bəy (bəzi sənədlərdə Sadiqpaşa, Məhəmməd Sadıq bəy) Ağabəyzadə (Ağabəyov) 1865-ci ildə Bakı quberniyasının Göyçay qəzasında anadan olmuşdur, əslən Salyanın məşhur Ağabəylilər nəslindəndir. Sadıq bəy böyük maarifçi Əli bəy Hüseynzadənin əmisi oğlu, Əli bəyin ən yaxın dostu və silahdaşlarından biri olmuşdur.
Çar ordusunda general-mayor rütbəsinə yüksəlmiş Sadıq bəy Azərbaycan Xalq Cümhuriyyəti illərində daxili işlər nazirinin müavini vəzifəsində işləmişdir. AXC-nin süqutundan sonra Türkiyədə, Fransada ağır mühacir həyatı yaşamağa məhkum edilmiş Sadıq bəy 1927-ci ildən ömrünün sonuna qədər Jan Kazimir adına Lvov Universitetində dosent vəzifəsində işləmiş, türk, ərəb, fars dillərini tədris etmişdir. Ölümündən sonra M. S. Ağabəyzadə professor adına layiq görülmüşdür.
Beynəlxalq elmi seminara Polşanın və Azərbaycanın tarixçi və dilçi alimləri, Beynəlxalq Türk Akademiyasının nümayəndələri dəvət olunmuşdular.
Konfrans salonu bayramsayağı bəzədilmiş, girişə Sadıq bəyin böyük şəkli vurulmuş, konfrans iştirakçılarına proqram və nəfis şəkildə hazırlanmış “Sadıq bəy” adlı albomlar paylanmışdır.
Beynəlxalq konfransın iştirakçilarını əvvəlcə Polşa Elmlər Akademiyasının Krakov filialının sədr müavini Eva Siemenik Qotaş salamladı.
Polşa Elmlər Akademiyasının və Polşa İncəsənət Akademiyasının arxivlər üzrə direktoru Adam Korçyinski Beynəlxalq konfransı açıq elan etdi.
Söz Azərbaycan Respublikasının Polşa Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri Nərqiz Qurbanovaya verildi. Nərgiz xanım əsl Azərbaycan qadınlarına xas olan təmkinlə, səmimiyyətlə çıxış etdi, Azərbaycan və polyak xalqlarının dostluğundan danışdı, bugünkü elmi seminarın dostluğumuzun bariz nümunəsi olduğunu söylədi. Nərgiz xanımın ingilis dilindəki mənalı və sərbəst çıxışı alqışlarla qarşılandı.
Açılışdan sonra əsas çıxışı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Türk Akademiyasının prezidentı Şahin Mustafayev etdi.
Akademik Ş. Mustafayev Sadıq bəy Ağabəyzadənın 1904-cü ildə Aşqabadda çap olunmuş “Türkmən dilinin qrammatikası...” dərsliyinin “Türk Akademiyası” seriyası ilə yenidən, nəfis şəkildə, yüksək keyfiyyətlə nəşr olunduğunu bildirdi (Bakı, “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi, 2025-ci il. 136 s.).
Akademik Şahin Mustafayev qiymətli dərsliyin siqnal nüsxəsini Polşa Elmlər Akademiyasının Krakov filialının rəhbərliyinə hədiyyə etdi (Yeri gəlmışkən, Sadıq bəy Ağabəyzadənin 1904-cü ildə Aşqabadda çap olunmuş “Türkmən dilinin qrammatikası...” kitabını Rusiya Dövlət Kitabxanasından Mingəçevir Dövlət Universitetinin dosenti N.R. Manafov (kseroks edərək) gətirmişdir).
121 ildən sonra Polşa Elmlər Akademiyasının Krakov filialında Sadıq bəy Ağabəyzadənin “Türkmən dilinin qrammatikası...” kitabının təqdimatı qürurverici və yaddaqalan oldu.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Azərbaycan Xalq Cümhuriyyəti banilərindən biri olan Məhəmmədəmin Rəsulzadənin əsərini və türkçülüyün atası Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından bəhs edən “Əli bəy Hüseynzadə” (müəllifi Azər Turan) kitabını da Polşa Dövlət Universitetinin Krakov filialına hədiyyə etdi. Hər iki kitab “Türk Akademiyası” seriyası ilə nəfis şəkildə hazırlanmışdır.
Krakovun Yagellon Universitetinin professoru Eva Qotaş azərbaycanlı Sadıq bəyin Jan Kazimir adına Lvov Universitetindəki pedaqoji fəaliyyətindən danışdı (o vaxtlar Lvov şəhəri Polşanin tərkibidə idi). Eva xanım Polşada Sadıq bəyin ən yaxşı tədqiqatçısı sayılır.
Azərbaycan Milli Elmlər Akademiyasının “Elmi irs” şöbəsinin müdiri, filologiya elmləri doktoru Zemfira Hacıyeva Məhəmməd Sadıq bəyin həyat və yaradıcılığı barədə ətraflı danışdı.
AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, Əməkdar elm xadimi Solmaz Rüstəmova (Tohidi) Sadıq bəyin əmisi oğlu Əli bəy Hüseynzadəyə yazdığı məktublar barədə maraqlı məlumatlar verdi, Sadıq bəyin məktublarda yaşanan həyatı ilə elmi-seminar iştirakçılarını tanış etdi.
Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov Məhəmməd Sadıq bəy Ağabəyzadənin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki daxili işlər nazirinin müavini vəzifəsində yorulmaz fəaliyyətindən danışdı.
Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti Şəhla Kazımova Azərbaycan dilçiliyinin inkişafını, türkologiyadakı yüksək mövqeyini qeyd etdi.
Azərbaycan Milli Elmlər Akademiyası Elmi irs şöbəsinin müdiri Zemfira Hacıyeva ilə Polşa Elmlər və İncəsənət Akademiyası Elmi arxivlərinin direktoru Adam Korçyinski arasında Sadıq bəy Ağabəyzadənin elmi irsinin qarşılıqlı mübadiləsi məqsədilə müqavilə imzalandı.
Sadıq bəy Ağabəyzadə ilə bağlı Polşada toplanmış qiymətli sənədlərin böyük bir hissəsi Zemfira xanıma təqdim olundu: Necə deyərlər, 105 ildən sonra Sadıq bəy Ağabəyzadə Vətənə qayıdır.
Elə həmin gün (29 may 2025, saat 14.00) Polşa Elmlər Akademiyasının Krakov filialının ikinci korpusunda Sadıq bəy Ağabəyzadəyə həsr olunmuş sərginin açılış mərasimi keçirildi.
“Sadıq bəy (1865- !944). İki xalqın xidmətində” adlı sərgini giriş sözü ilə Polşa Elmlər Akademiyasının və Polşa İncəsənət Akademiyasının arxivlər üzrə direktoru Adam Korçyinski açdı, Məhəmməd Sadiq bəy Ağabəyzadənin həyatından, onun Polşadakı pedaqoji fəaliyyətindən danışdı.
A. Korçyinski qeyd etdi ki, sərgidə Sadıq bəyin həyatını əks etdirən 60 eksponat toplanıb. Buradakı arxiv materialları Polşa Elmlər Akademiyasından, Polşa İncəsənət Akademiyasından. Yagellon Universitetinin kitabxanasından, Lvov Universitetindən və Azərbaycan Respublikasının Dövlət Arxivindən əldə edilmişdir. Direktor onu da əlavə etdi ki, “Sadıq bəy (1865-1944). İki xalqın xidmətində” adlı sərgi sentyabr ayının 20-nə kimi davam edəcəkdir.
Sərginin açılış lenti kəsildi.
Sadıq bəyin həyatını əks etdirən qiymətli eksponatlarla tanış oluruq. Bu eksponatlar Azərbaycan dilçiləri və tarixçiləri üçün qiymətli məlumatlar verir.
Axırda qonaqlar - Azərbaycan Respublikasının Polşadakı səlahiyyətli və fövqəladə səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, AMEA-nın professoru, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, AMEA Elmi irs şöbəsinin rəhbəri, professor Zenfira Hacıyeva, Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov muzeyin xatirə kitabına öz ürək sözlərini yazdılar.
Tarix: Dünən, 02:29