Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təlim prosesində müasir bacarıqların aşılanması

 
 
 
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
 E-mail:  [email protected]
 
 
XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, təhlil-tərkib  qabiliyyətli, xəyal qurmağı bacaran və ona çatmağa nail olan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək yeni həyat quranları zəruri edir. Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü diqqətə çatdırır. 
 Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün insan amilini yüksək qiymətləndirmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki baza təmin olunmalıdır. 
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək onları irəli aparan bilikdir, savaddır, yeni texnologiyalardır.
            
IV sənaye inqilabına dünyada böyük maraq vardır. “IV sənaye inqilabı” ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab işlədib. Mənbələrdə qeyd olunur ki, 1760-cı ildə I sənaye inqilabı Böyük Britaniyada başlamışdır.Bu proses  40 ildən sonra Avropa və Şimali Amerika­ya yayılmışdı. I sənaye inqilabının əsas mahiyyəti su və buxar enerjisi ilə əl əməyinin mexanikləşdirilməsindən ibarət idi. Həmin dövrün əsas ixtirası da məhz buxar maşınıdır. I sənaye inqilabının nəticəsində manufakturalar və fabriklər ya­randı, toxuculuq sənayesi sürətlə inkişaf etdi. 
XIX əsrin sonla­rından başlayan II sənaye inqilabı polad, neft və elektrik kimi yeni sənaye sahələrinin yaranması ilə xarakterizə olunur. Telefon və daxili yanma mühərriki ən önəmli ixtiralar hesab edilirdi. 
XX əsrin ikinci yarısını əhatə edən və “Rəqəmsal inqi­lab” kimi də tanınan III sənaye inqilabı dövründə isə kompüter və internet ixtira olun­muşdu. 
Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin bürüməsini,  təsvir etmək üsuludur. Bu, süni intellekt, robototexnika, əşyaların interneti, 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.
 Azərbaycanda da ən yüksək səviyyədə Dördüncü Sənaye İnqilabı mövzusu gündəmə gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında demişdirir: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir”.
 
 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə, təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.
Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil metoduna verilən addır. STEAM təhsil metodu beş əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.
Təlim texnologiyaları öyrənmə və vərdiş etmə müəllimdən müəyyən müddət və zəhmət tələb etsə də, şagirdlərin nəticələrinə müsbət təsir göstərir. Şagirdlərini ruhlandırmaq, imkanlar, şərait yaratmaq, həvalə etmək müəllimin peşə borcudur. Müasir müəllimin tətbiq etdiyi təlim texnologiyaları şagirdə tənqidi düşünmə, yaradıcı yanaşma, çevik uyğunlaşma və s. kimi imkanlar qazandırır. Bu isə şagirdlərdə problemi həlletmə, özünü idarəetmə və liderlik kimi vərdişlərin formalaşmasına təkan verir.
 Beləliklə, səriştəli və müasir müəllim şagirdində nəinki məktəbdə, gələcək həyatında uğurlar qazanmaq üçün vərdişlər yaratmış olur. STEAM fəaliyyətləri fənlərarası inteqrasiya yaratmaq üçün  dərslərin təlim nəticələrindən asılı olmadan, hər bir şagirdə fərdi yanaşma üçün əlverişli imkanlar təmin edir, kəşflərə hazırlayır, özünə inam formalaşdırır. STEAM əsaslı təlim alan şagird dərk edir ki,  insanlar tərəfindən icad edilmiş bütün alətlər  texnologiyanın məhsuludur.Bu alətlər bizim həyatımızın sadələşdirilməsi üçün lazımdır. Bu düşüncə şagirdləri qurmağa, yaratmağa ruhlandırır.Məktəbə hazırlıqdan başlayaraq uşaqları idrak fəallığına alışdırmaq onların işıqlı gələcəyini təmin etməkdir. Uşaqlarımıza tənqidi düşünmə bacarıqlarını öyrətmək üçün bu sahədə olan didaktik xarakterli   suallara əsaslanan təcrübədən faydalanmanın çox böyük əhəmiyyəti vardır. 
Sualı  uşaqlara yönəltmək.
Bildiyimiz kimi uşaqlar ünsiyyət zamanı çox sual verirlər. Hadisələrin necə cərəyan etdiyini, niyə bir şey baş verdiyini bilmək istəyirlər. Onlara izahat vermək əvəzinə, sual onlara yönəldilməlidir:Məsələn: "Bəs sən bu barədə nə düşünürsən?" Uşaqların , fikirləri, qeyri-mümkün cavablar ola bilər.Beləliklə, daha   dərin təhlillər aparmağa onlar üçün qapı açılır.
Yeni bir şey söylədikdə....
Uşaqlar maraqlı və eyni zamanda yeni bir şey söylədikdə, onlardan soruşulur.Məsələn: "Qızdırmamız olduqda sərin su içməməliyik"- nəvəm Sara dediyi zaman ona bu sualı verdim. "Bunu haradan bilirsən?"  Məlum oldu ki, müəllimi belə deyib. "Bəs müəllim haradan bilir?”- sualı təkrarladım.  Beləcə onu düşünməyə yönəltməyə davam etdim. Bu, həqiqətən, balaca Saranın düşünməsinə və araşdırmalar aparmasına təkan oldu. 
Problemlərini həll etməkdə bacarıqlıdırlar.
Uşaqlar öz kiçik problemlərini həll etməkdə bacarıqlıdırlar. Valideyn və tərbiyəçilərin  vəzifələri, hadisəyə fərqli cəhətlərdən baxmağa,həll yollarını və nəticələrini uşaqlarla birlikdə araşdırmağa kömək etməkdir. Son qərar onlarındır. Təcrübə də bunu təsdiqləyir.Məsələn: Bağçada olan hadisə. Uşaqlardan biri digər yoldaşları ilə problem yaşayırdı. Uşaqlar onunla oynamaq istəmirdilər. Ondan bunu  həll edə biləcəyi barədə soruşulur. O, yaradıcı cavablar verir:müəllimə demək lazımdır;anamdan müəllimlə və digər analarla danışmağı xahiş edə bilərəm; yeni dostlar tapmaq; məndən xoşları gəlsin deyə, onlara hədiyyələr verə bilərəm.
Tərbiyəçi deyilən həll yollarının mümkün nəticələri barədə danışdıqdan sonra yeni dostlar tapmağa qərar verilir. 
Səbəb və nəticə qanununu xatırladaraq uşaqlara nəyisə həll etmənin həmişə birdən çox yolu olduğunu göstərmək lazımdır.
 
Sokrat texnikası.
Miladdan öncə 470-399 -cu illər arasında yaşamış yunan filosofu Sokratdan qalan koqnitiv terapiya üsulu indiyə qədər aktualdır. 
Sokrat hər hansı bir problemi müzakirə edərkən qarşısındakı şəxsə bilgiləri ötürmək əvəzinə verdiyi suallarla çatmaq istədiyi problemi və yaxud bilgini ortaya çıxarırdı. 
Sokrat texnikasına əsaslanan suallardan istifadə olduqca güclü nəticələr verə bilər. Bunlardan bəziləri:Niyə belə düşünürsən?Əgər ... olsaydı, necə olardı?Bunu izah edə bilərsiniz?Mənə bir misal çək.Buna necə etibar edə bilərik?Bu qənaətə necə gəldin?Bunu etmək və ya həll etmək üçün nə istifadə edəcəksən?İşlər düşündüyün kimi getməsə nə edəcəksən?
Burada əsas qayda belə olacaq: Danışdığınızdan daha çox qulaq asmaq; Dərin düşünmə və müxtəlif imkanların müzakirəsi üçün suallardan istifadə etmək; Mühakimə, yaradıcılığı və ideyaları təşviq etmək. 
Koqnitivlik latınca olub - başa düşmək, dərk etmək, öyrənmək kimi mənalanır.
Təcrübədən sınanmış STEAM məzmunlu aşağıdakı sadə dərs üsulu və forması haqqında məlumat maraqlı tərəflər üçün faydalı olacağını düşünürük.
 Mövzu:  Hərəkətli çənə.
 Məqsəd:  İnsan orqanizmindəki  “unikal mühəndislik  qurğusu”nun funksiyaları, hərəkəti və s. ilə şagirdlərin tanış edilməsi
 İnteqrasiya:  texnologiya,fizika, həyat bilgisi, kimya, ekologiya, riyaziyyat.
 Ləvazimatlar: qapağı açılıb-qapanan karton qutu, A4 qalın rəngli vatman kağızı, karandaş, xətkeş, qayçı,  karandaş-yapışqan, silikon yapışdırıcı,  su spreyi, peçenye, təbii şirə, 3 ədəd şirə çöpü, plastik stəkanlar.
 Təlim üsulu: mühəndislik-dizayn əsaslı öyrənmə, rollu oyun.
 Təlim forması: kiçik qruplarla iş.
 Dərsin gedişi:
 Şagirdləri fəaliyyətə cəlb edəcək və maraq oyadacaq təşviqedici və yönləndirici suallar  verilir:Orqanizmimizdə başqa hansı üzvümüz qidanı xırdalayıb mədəyə yönləndirə bilər?
 Çənə və dişlərin funksiyasını həmişə ələ etibar etmək istərdinizmi? 
Çeynəmə prosesi və vaxtı həzm üçün niyə əhəmiyyətlidir?
 Şagirdlərin cavabları müəllim tərəfindən dinlənilir, sadə suallarla ümumi məqsədə doğru yönləndirilir.
 Qrup işi: təlimata uyğun və ya qrupun öz istəyi ilə hərəkətli çənə maketi hazırlanır.
 Karton qutudan hərəkətli çənələrin hazırlanması:qutunun üzərinə çənə formasının şəkli çəkilir və kəsilir; kəsilmiş hissələr bir-birlərinə yapışqan ilə  bərkidilir;kəsilmiş kartonların üzərinə ağ  A4 kağızı yapışdırılır və üzərinə diş şəkli çəkilir;çəkilmiş diş şəkillərinə forma verilərək maketin kənarlarına yapışdırılır;rəngli vatman kağız da  maketin ölçüsündə karandaşla damaq şəkli  çəkilir və qayçı ilə səliqəli şəkildə kəsilir;kəsilmiş rəngli kağız maketə həm daxili,  həm də xarıci tərəfdən ağız boşluğunun çevrəsi boyunca yapışqan vasitəsilə yapışdırılır.
 Şagirdlər qrup işini icra edən zaman  müəllim onlara nəzarət edir.
 Fənlərarası inteqrasiya məqsədilə  müəllim şagirdlərlə iş zamanı aşağıdakı məqamları diqqətdə saxlayır:ölçmələrin dəqiq aparılması və əhəmiyyəti; xətkeş ölçü alətidir;təhlükəsizlik və ehtiyat tədbirləri (qayçı və silikon yapışqandan istifadə ilə bağlı) barədə silikon yapışqanla işləmə qaydaları; karton  qutu təkrar emal kağızlarından əldə olunan məhsuldur; qənaət anlayışı (istifadə etdikləri A4 kağız, vatman,  kartondan qənaətli istifadə) barədə;simmetriya anlayışı (kəsilən fiqurların simmetrikliyinə diqqət edilməli);“Simmetriya gözəllikdir” fikrinə münasibətlərin soruşulması və s.;insanın normal şəraitdə yaşaması üçün hansı təbii ehtiyaclarının olması;düzgün gün rejiminin insana təsiri; həzm fermentlərinin  kimyəvi tərkibi necə olmalıdır? qidanın sorulması prosesi və s.
 STEAM əsaslı təlimin üstünlüyü şagirdlərin dərsə,  mövzuya dair bilik və informasiya almazdan öncə araşdırıcı fəaliyyətə başlamasıdır.  Yəni, “Hərəkətli çənə” maketini quran və hərəkət etdirməyi bacaran şagirdi  bunun səbəbləri də mütləq maraqlandıracaqdır.
 Mövzunun mənimsənilməsində rollu oyundan  istifadə oluna bilər, şagirdlər ardıcıl olaraq:Qidanı  hazırlanmış maketdə xırdalayır;
 qidanı  qida borusu ilə dalğavari hərəkət etdirir; mədədə həzmin xırdalanmasını nümayiş etdirir;nazik bağırsaqda qidanın sorulması simulyasiya olunur;mədə şirəsinin fermentlərinin ifraz olunması simulyasiya olunur.
 Ev tapşırığı: “Müxtəlif  vəziyyətlərdə düzgün qidalanma texnikaları” mövzusunda  esse yazmaq.
 Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara  həyatda daha sağlam mövqe tutmağa imkan verəcək. Valideynlərin bu istiqamətdə görməli işlər:peşəkar STEAM dərsləri tədris edən müəssisələrdən dəstək almaq;müvafiq sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul olmaq.
  Təlim prosesində müasir bacarıqların aşılanması       təhsilalanlarda: problem həll etmək; tənqidi təfəkkür; təşəbbüskarlıq; liderlik;komanda işi; ünsiyyət; məhsuldarlıq;yaradıcılıq; rəqəmsal savadlılıq kimi vacib bacarıqları inkişaf etdirir.
STEAM təhsilinin xüsusiyyətlərinə daxildir: layihə əsaslı öyrənmə;müxtəlif formalarda layihə məhsullarının, maketlərin, prototiplərin ərsəyə gəlməsi;  real həyat problemlərinin həllinə çalışmaq;  şagirdlərin ideyası əsasında müxtəlif həll yollarının axtarılması,yaradıcılıq və s. diqqət mərkəzində saxlanılması.
Bu zaman şagird: Sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır;tədqiqatlar aparır və öz nəticələrini bölüşür;məktəb dövründə gələcək iş həyatında olan bacarıqlar formalaşır;problemin həlli üçün elmi məzmunlu dizayn proseslərində iştirak edir; problemlərin həlli üçün elmi tədqiqat və mühəndislik dizayn proseslərindən istifadə edir; riyazi bilik və bacarıqlarını real həyati problemlərin həllində tətbiq edir; yazılı və şifahi formada effektiv ünsiyyət qurur;özünün və başqasının işini, fəaliyyətini qiymətləndirməyi bacarır; müxtəlif layihələrdə və yarışlarda iştirak edir. 
STEAM təhsiliverən:İnteqrasiya olunmuş layihə əsaslı öyrətmədən istifadə edir; komanda işini effektli təşkil edir;müxtəlif mütəxəsissləri, icma və cəmiyyət üzvlərini təlimə cəlb edir; çevik uyğunlaşır; özünə inamlıdır;ünsiyyətcildir;yaradıcıdır;tənqidi düşünəndir;
fasiləsiz təhsilalandır;liderdir;innovativdir; mentordur. 
Nəticədə qeyd olunan suallar cavablandırılır: Komanda halında işlənildi? İş bölgüsü necə aparıldı? Hansı çətinliklərlə qarşılaşdınız? Hər mərhələdə nəyi qiymətləndirdiniz? Yenidən işləsəydiniz, işinizdə hansı dəyişikliklər edərdiniz? Tənqidi düşüncə hər bir ifadənin həqiqətən nəyi ehtiva etdiyini aydınlaşdırmağa imkan verir. Eşitdiyimiz və ya irəli sürdüyümüz iddiaları, ən sadə suallarla   soruşmağı təmin edir. Tənqidi düşüncə, özümüzdən soruşmağımıza,müasir bacarıqların aşılanmasına   şərait yaradır.
 

 

 

 

 


Tarix: 15-12-2022, 17:09

Xəbəri paylaş