Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müxtəlif dövrlərdə ədəbiyyatın tədrisi mərhələləri



 
 
Azərbaycanda ədəbiyyatın öyrənilməsi, gənc nəslin təlim-tər­biyəsində söz sənəti nümunələrindən istifadənin tarixi qədimdir. Ən qədim dövrlərdən xalq müdrikliyinin, çoxəsrlik həyat təcrübəsinin bədii ifadəsi olan folklor nümunələri yeni-yeni nəsillər üçün həyat dərsliyinə çevrilmiş, təlim-tərbiyə işində mühüm rol oynamışdır. Laylalar, oxşamalar, tapmacalar, əmək, mövsüm, mərasim nəğ­mə­ləri, bayatılar, nağıllar, dastanlar gənc nəslin dünyagörüşünə, mə­nə­vi aləminə ciddi təsir etmişdir.
F.Köçərli «Balalara hədiyyə» kitabının «Mühərririn ifadeyi-məramı» başlıqlı müqəddiməsində yazırdı: “Keçmişdə şan və qüv­vət sahibi olan  türk milləti öz məişətinə, ayin və adətinə dair yarat­dığı qısım-qısım nağıl və hekayələr, gözəl mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tap­macalar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qis­minə məxsus sayaçı sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır. O millət ki, öz tarixini, dolanacağını, vətəni­ni və dilini sevir - bu qism əsərləri kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tər­biyəsi onları öyrətməklə başlayır.“
Göründüyü kimi, ədib şifahi söz sənəti nümunələrinin öyrənilməsini, “məna cəhətcə balaların ruhuna gözəl təsirini“ yüksək qiymətləndirmişdir.
Tədqiqatlar göstərir ki, hələ qədim və orta əsrlərdə  bədii ədə­biyyat nümunələrindən  tədris prosesində  geniş istifadə olunmuş­dur. X-XV əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda Xaqaninin, Nizaminin, Tusinin, Əvhədinin, Sədinin, Hafizin  və başqalarının  tərbiyə mövzusuna müraciət edərək yazdıqları əsərlərindən tədris vəsaiti kimi istifadə edilmişdir. 
“Quran”dan  başqa, ən çox istifadə edilən Sədi Şirazinin əsərləri, C.Ruminin “Məsnəvi”si, M.Füzulinin “Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əx­laqi –mənəvi dəyərləri əks etdirən əsərlər  olmuşdur. Bununla yanaşı, Azərbaycan ərazisində - Gəncə, Təbriz, Şa­maxı və digər şəhərlərdə mükəmməl təhsil görmüş ziyalıların açdığı fərdi məktəblər də fəaliyyət göstərmişdir. 
Məktəb və mədrəsələrdə qabaqcıl müəllimlər klassik Şərq ədəbiyyatının, o cümlədən Azərbaycan ədə­biyyatının öyrənilməsinə müəyyən yer verirdi. Ədəbiyyatdan xüsusi dərslik olmadığı bir vəziyyətdə məktəb və mədrəsələrdə Nizaminin «Xəmsə»si, M.Füzulinin «Leyli və Məcnun» poeması, M.F.Axund­zadənin «Təmsilat»ı, M.Ə.Sabirin «Hophopnamə»sindən dərslik ki­mi istifadə olunması bir metodik ənənə kimi qeyd olunmalıdır.
Artıq XIX əsrin ortalarında yeni tipli, dünyəvi təhsil verən mək­təblərə, pedaqoji təhsil görmüş ədəbiyyat müəllimlərinə, ədə­biy­yat dərsliklərinə böyük ehtiyac duyulmaqda idi. “Hər yerdə qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə Azərbaycan dilinin öyrədilməsini də la­zım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çə­tin­liklər meydana çıxdı. 
Azərbaycan ədəbiyyatında maarifçi realizmin ilk nümayəndələ­rindən olan A. Bakıxanov diqqəti uşaqlar üçün mütaliə material­larının, dərsliklərin olmamasına cəlb edirdi: “Hərçənd uşaqlara tə­lim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfz­də və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət etsin. Danışılmış və yazılmış nüsxələrin bəzisi  ibarətdə və bəzisi mə­nada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları an­lamırlar və bir parasında  dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt eləmək və anlamaq müşkül və pərişan görünür.»
«Kitabi - Nəsihət»ində ədib mütaliənin gənc nəsil üçün əhə­miyyətini yüksək qiymətləndirərək yazırdı: «Elm və kamal əldə et­məyi hər şeydən əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edir­lər.»
M.Ş.Vazeh 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəl­limi İ.Qriqoryevlə birlikdə «Kitabi – türki» dərsliyini yazmışdır. Üç fəsildən ibarət bu dərsliyə  gənc oxucuların maraq və tələbatına uy­ğun məzhəkə və hekayələr, Şərq hikmətləri, nəsihətlər, “Qa­rabağnamə” və “Dərbəndnamə”dən parçalar, M.Füzulinin «Leyli və Məcnun» poemasından nümunələr, qəzəllər daxil edilmişdi. Dərslik üçün mətnlər seçilərkən dilin sadəliyi, şagirdlərin yaş və bilik səviyyəsi, zövqü, tərbiyəvi tələblər nəzərə alınmışdı.
M.F.Axundzadə ruhani ol­maq niyyətindən birdəfəlik əl çəkmiş, bədii, elmi yaradıcılıq sa­həsində səmərəli fəaliyyətə başlamışdır. Onun pedaqoji fəaliyyəti dövründə dərslik ya­rat­maq təşəbbüsü,  savad təlimini asanlaşdırmaq məqsədilə «Əlifba» dərsliyi tərtib etməyə başlaması, qəza məktəblərində Azərbaycan dili tədrisini təşkil etmək səyləri xüsusi qeyd edilməlidir.
Maarifpərvər ədib «Əkinçi» qəzetində  çap etdirdiyi  məqalədə həmin qəzetin redaktoru H.Zərdabinin elm, bilik əldə etməyə çağırı­şını təqdir edir və diqqəti bu məsələnin həllinə maneçilik törədən problemlərə yönəldirdi: « …Elmi harada öyrənməliyik, kimdən öy­rənməliyik və hansı dildə öyrənməliyik?»
Yaranmış vəziyyətdən çıxış yolu axtaran mütərəqqi maarifçilər, məktəbdarlar «üsuli - cədid» məktəbləri açmağa, yeni təlim-tədris üsullarından  istifadə etməyə təşəbbüs göstərirdilər.
S.Ə.Şirvani Şamaxıda 1869-cu ildən etibarən pedaqoji fəaliyyə­tə başlamış, dərsliklər tərtib etmiş, eyni zamanda bədii yaradıcılıqla, elmi fəaliyyətlə ciddi məşğul olmuşdur. O, şagirdlərin bədii ədəbiy­yatı mütaliə etməsi ilə kifayətlənməyərək dərs zamanı həmin nümunələrin müzakirəsini təşkil edir, uşaqların mütaliə material­la­rına olan ehtiyacını ödəmək üçün əsərlər yazırdı. O, öz dərslərində Şərq ədəbiyyatından nümunələrin,  Sədinin “Gülüstan,” “Bustan” əsərlərinin oxusunu təkil etmişdir. Bu dərslər şagirdlərin ədəbiyyata həvəsinin artmasına, bədii zövqünün inkişafına ciddi təsir göstərmişdir. О, севимли şagirdi M.Ə.Sabirin mütaliəyə, bədii yaradıcılığa həvəsini təqdir edərək ona kitabxana­sındakı ən dəyərli əsəri - Nizaminin “Xəmsə”sini bağışlamışdır. Sabir müəlliminin təsiri və təşviqi ilə məktəbli ikən şeirlər yazmış, “Gülüstan” əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə etmişdir.
S.M.Qənizadənin xatirələrindən aydın olur ki, Seyid Əzim M.Ə.Sabirin ilk qələm təcrübələrini də sinifdə oxuyub müzakirə edər, ifadəli oxu nümunələri göstərərdi.
S.M.Qənizadənin də ədəbiyyata gəlişi Seyid Əzimin ədəbiyyat dərslərindən başlamışdır. “Sultan Məcid “Məclis” məktəbində oxu­duğu illər ərzində... Seyid Əzim Şirvaninin hədsiz zəhməti sayə­sində klassik Şərq şeirinin qanunlarına bələd oldu. Şair-müəllim onda ədəbiyyata elə maraq oyatmışdı ki, məktəbi bitirəndə Sə­dinin “Bustan”, “Gülüstan”ını, Hafizin, Füzulinin, Xəyyamın, Baba Tahirin və sevimli müəllimi Seyid Əzimin şeirlərinin böyük ək­səriyyətini əzbər bilirdi.
1879-cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminari­yasının  Azərbaycan şöbəsinin fəaliyyətə başlaması mühüm hadisə­yə çevrildi. Seminariyanın qabaqcıl müəllimləri  tələbələrin bədii ədəbiyyatı mütaliəsini canalandırmağa, bu sahədə çatışmazlıqları aradan qaldırmağa çalışırdılar. Seminariyanın məzunlarından F.Ə.Köçərli, S.M.Qənizadə, F.Ağazadə, C.Məmmədquluzadə, S.S.Axundov, R.Əfəndiyev, N.Nərimanov öz müəllimlik fəaliyyətləri dövründə bədii ədəbiyya­tın tədrisinə xüsusi diqqət yetirmişlər.
1887-ci ildə Bakıda azərbaycanlılara məxsus ilk müasir tipli təhsil ocağı – “Rus-müsəlman” məktəbi yarandı, bununla da Azər­baycan xalq maarifi tarixində yeni dövr başlandı. Bu, özünün quru­luşu, təşkilinin orijinallığı baxımından bütün Rusiyada müsəlman­lara məxsus yeganə təhsil ocağı idi.
XIX əsrdə Azərbaycanda qiraət dərsliklərinin yaradılması yo­lunda ilk addımlar atıldı. A.O.Çernyayevskinin “Vətən dili”  (1883), R. Əfəndiyevin “Uşaq bağçası” (1889) dərslikləri əlifbanın, ana dilinin öyrənilməsi üçün nəzərdə tutulsa da, onlara daxil edilmiş folklor materialları, klassik və müasir ədəbiyyatımızdan nümunələr, tərcümələr məktəblilərin dünyagörüşünü, mühakimə yürütmək qabi­liyyətini, zehnini inkişaf etdirməyə imkan yaradırdı.
R.Əfəndiyevin Şimali Qafqaz və Orta Asiya məktəblərində istifadə olunan “Uşaq bağçası” (1898) dərsliyinə maraqlı folklor nümunələri, şeir, hekayə və təmsillər, tərcümələr daxil edilmişdi.
R.Əfəndiyevin “Bəsirətül-ətfal” dərsliyi 1901-cu ildə Bakıda çap etdirilərək məktəblərdə yayılmış, müəllif özü də Qori Müəl­limlər Seminariyasında bu kitabla dərslər keçmişdir. Kitab bir il təcrübədən keçirildikdən sonra, 1903-cü ildə Qafqaz Maarif Dairəsi tərəfindən dərs vəsaiti kimi təsdiq edilərək Qafqazdakı müsəlman məktəblərində istifadəsinə icazə verilmişdir.
XX əsrin əvvəllərində Azərbaycanda mədəni-maarif və məktəb işi canlanmağa başlamışdı. Bakı, Gəncə, Şuşa, Şəki, Şamaxı, Salyan və başqa şəhərlərdə ibtidai məktəblərin sayı artır, dərslik nəşrində irəliləyiş yaranmağa başlayırdı. Bu dövrdə maarifpərvər ədiblər, mütərəqqi pedaqoqlar şagirdlərin ədəbi təhsilini təşkil etmək məq­sədilə klassik və müasir ədiblərin əsərlərinin nəşri ilə yanaşı, Şərq, rus, Avropa ədəbiyyatından tərcümələr, təbdil və iqtibaslar edir­dilər.
F.Ağazadənin “Ədəbiyyat məcmuəsi”, M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb”, A.Şaiqin  «Uşaq gözlüyü», «İkinci il», «Gülşəni - ədəbiyyat», «Gülzar», «Milli qiraət», «Qiraət kitabı», «Dördüncü il», «Türk çələngi», «Müntəxəbat», H.Cavidlə şərikli yazdığı «Ədəbiyyat dərsləri» dərslikləri gənc nəslin təlim – tərbiyə­sində böyük rol oynamışdır.
Müasirləri əsrin əvvəllərində nəşr olunmuş həmin dərslikləri yüksək qiymətləndirməklə bərabər, diqqəti onların məzmununda, metodik quruluşunda, nəzəri məsələlərin izahında yol verilən nöq­sanlara, ərəb-fars sözlərinin çoxluğuna cəlb edirdilər. Bu dövrdə maarif xadimləri sırasında F.Köçərlinin səmərəli elmi-pedaqoji fəaliyyəti xüsusi qeyd olunmalıdır.
S.M.Qənizadə gənc nəslin ədəbi təhsili ilə bağlı problemlərin aradan qaldırılması üçün səylə çalışmış, bu sahədə səmərəli təşəb­büslər göstərmişdir. O, Bakı –Dağıstan milli məktəbinin inspektoru işlərkən «ana dilində həm təlim üçün və həm də dərsdənqıraq vaxt­larda oxumaq üçün  kitablar» nəşri ilə əlaqədar məktəb komitəsi qarşısında məsələ qaldırmışdı. 
Maarifpərvər ədib Seyid Hüseyn 1914-1915-ci illərdə “Dirilik” jurnalında tədris kitabları ilə bağlı açdığı müzakirədə “Ədəbiyyat məcmuəsi”ni “cocuqlarımıza türk dili və ədəbiyyatını öyrədən ki­tab” kimi dəyərləndirir, sonrakı nəşrlərdə bədii mətnlərin məzmunu, dili ilə bağlı  bir sıra nöqsanları aradan qaldırmağın zəruriliyini qeyd edirdi.
Ədəbiyyat müəllimi və dərslik müəllifi kimi uğurlu fəaliyyəti ilə seçilən  böyük sənətkarımız A.Şaiq yazırdı ki, hər işdə istedad tə­ləb olunduğu kimi, müəllimlikdə də istedad olmalıdır. O, müəllim iş­lədiyi dövrdə köhnə təlim üsullarına qarşı mübarizə aparır, öz dərs­lərində Sabirin, Səhhətin şeirlərini, tərcümə etdiyi əsərləri müx­təlif metodik üsullardan istifadə etməklə öyrədirdi. 
Mirzə İbrahimov ədibin pedaqoji fəaliyyətini yüksək qiymət­ləndirərək yazırdı ki, Abdulla Şaiqi müəllimliyə sövq edən yalnız təbiətindəki böyük pedaqoqluq qabiliyyəti, uşağa, uşaq tərbiyəsinə meyil deyil, hər şeydən əvvəl dərin vətənpərvərlik duyğuları, böyük ictimai ideal olmuşdur. 
N.Nərimanov dilin öyrənilməsinə dair əsərlər yazmaqla yanaşı, ədəbiyyat tədrisi problemləri ilə də ciddi məşğul olmuşdur. O, özü­nün «Müxtəsər sərf-nəhv» kitabına şagirdlərin mənəvi-estetik tər­bi­yə­sinə xidmət edən bədii nümunələr daxil etmiş­di.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbiyyat tədrisi məsələlərinə ifrat ideoloji mövqedən yanaşılmağa başladı. Artıq sovet hakimiyyətinin ilk illərindən ədəbiyyata ümumproletar işinin bir hissəsi kimi yanaşılır, ona siyasi mübarizənin, yeni insan tərbiyəsinin mühüm amili kimi xüsusi diqqət yetirilirdi. Təlim pro­sesində bədii ədəbiyyatın mahiy­yə­tindən doğan ilkin vəzifələr, insa­ni duyğuların formalaşması arxa planda qalır, gənc nəslin kom­mu­nist ideologiyası ruhunda tərbiyəsi ön plana çəkilir, şüarçılıq, ideo­loji qəliblər, eh­kam­lar ədəbiyyat tədrisinda aparıcı mövqe tuturdu.
Bir çox gənc sənətkarlar sovet hakimiyyətinin həyata keçirdiyi mədəni-maarif tədbirlərinə ümidlə baxır, ölkədə savadsızlığın ləğvi, qadın azadlığı, mövhumatın, fanatizmin tənqidi, məktəblərin, mədə­niyyət ocaqlarının açılması, yeni mətbu orqanların nəşrə başlaması kimi dövrün tələbinə uyğun atılan addımlar onların qəlbində yeni quruluşun gələcəyinə inam oyadırdı. Məktəblilərə kommunizmə inam aşılamaq, “sovet adamı” tərbiyə etmək məqsədilə ideoloji qəlibləri əks etdirən şüar səciyyəli əsərlərin təbliğinə geniş yer verilirdi.
Keçən əsrin 40-cı illərində nəşr olunmuş yeni dərslik və proq­ram­larla müəllimlərin səmərəli işləməsini təmin etmək üçün me­to­dik vəsaitlərə ehtiyac duyulurdu. Bu baxımdan 1940-cı ildə F.Qa­sım­zadənin redaktorluğu ilə nəşr olunan «Ədəbiyyat metodikası» me­todik vəsaiti həmin sahədə boşluğu doldurmağa xidmət edirdi. Vəsait V.V.Qolubkovun “Ədəbiyyatın tədrisi metodikası” ki­tabı əsasında işlənilsə də, burada metodik tövsiyələr Azərbaycan ədə­biyyatı materialları əsasında verilmiş, məktəb təcrübəsi nəzərə alın­mışdı.
Bu kitab, eləcə də M.Quluzadənin “Natamam orta məktəblərdə lirik əsərlərin öyrədilməsi”, M.Ələkbərovun  “Orta məktəbdə ədəbi oxu haqqında” kitabları o dövrdə ədəbiyyat tədrisi me­todikasında irəliyə doğru atılmış addım kimi qiymətləndirilməlidir.
İkinci dünya müharibəsi illərində ədəbiyyat tədrisi sahəsində qarşıya qoyulan vəzifələr o dövrün ab-havası ilə şərtlənir, təlim prosesində vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması ön plana çəkilirdi.
Müharibədən sonrakı illərdə «Azərbaycan məktəbi» jurnalında, «Azərbaycan dili və ədəbiyyat tədrisi» metodik məqalələr məc­muəsin­də ədəbiyyat tədrisi ilə bağlı məqalələr dərc olunur, qabaqcıl iş təcrübəsi işıqlandırılırdı. Bu dövrdə görkəmli metodist alim Ə.Qarabağlının məhsuldar elmi fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun  S.Əfəndiyev, M.Qu­lu­zadə ilə birlikdə yazdığı  “Ədəbiyyat metodikası” ki­ta­bın­da ədəbiyyat dərslərinin təşkilinin  bir sıra nəzəri və praktik mə­sə­lə­lə­ri şərh edilmiş, müəllimlərə konkret metodik tövsiyələr verilmişdi. Ə.Qarabağlının “Məktəbdə bədii mətnlərin təhlili” kitabında  ədə­biy­yat tədrisinin məzmunu, predmeti, məqsəd və və­zi­fə­ləri, bədii əsərlərin təhlili metodikası məktəb təcrübəsinə əsas­lan­maq­la şərh olunmuşdur.
Keçən əsrin 70-ci illərindən etibarən ədəbiyyat tədrisi sahəsində təd­qiqatların miqyası genişlənməyə, yeni metodik vəsaitlər, dərslik­lər nəşr olunmağa başladı. Bu illərdə Şəmistan Mikayılov, Ağadadaş Babayev, Aydın Hacıyev, Camal Əhmədov, Dursun Məmmədov, Bilal Muradov, Soltan Hüseynoğlu, Abbas Səmədov kimi  tanınmış metodist alimlərin apardığı sanballı tədqiqatlarla ədəbiyyat tədrisi metodikası yeni inkişaf mərhələsinə da­xil oldu.
Azərbaycan ədəbiyyatının orta məktəbdə səmərəli öyrədilməsi üçün pedaqoji-metodik işin elmi təşkili, tədris vəsaitləri və proq­ramlarının hazırlanması sahəsində pedaqoji elmlər doktoru, profes­sor Ş.Mikayılov səmərəli fəaliyyəti qeyd edilməlidir. Alimin ədə­biy­yat nəzəriyyəsinin şagirdlərə öyrədilməsi yolları probleminə həsr olunmuş tədqiqatlarının nəticələri “Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitində  ümumiləşdirilmişdir.
Hazırda məktəb təcrübəsi əhəmiyyətli şəkildə dəyişmiş, me­to­di­­ka­nın nəzəriyyə və təcrübəsində ədəbiyyat təlimi prosesinə təsir göstərən yeniliklər yaranmışdır. Nəticədə metodika elminin müasir tələblərinə cavab verən yeni dərs vəsaitlərinə ciddi ehtiyac ya­ran­mış­dır. Bu baxımdan apar­ılmış tədqiqatların nəticəsi olan “Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası” dərs vəsaitinin  nəşri çox əhəmiyyətlidir. Bu dərs vəsaitini müəlliflər əvvəlki metodik təcrübədən bəh­rələnməklə, ədəbiyyatın tədrisi metodikasındakı müsbət ənənələri qo­ruyub saxlamaqla və həyatın tələbi ilə məktəb təcrübəsinə, me­todik fikrə gəlmiş yenilikləri nəzərə almaqla yazmışlar. Beləliklə, gər­gin tədqiqatçı əməyinin nəticəsində müsbət metodik ənənələri və yeni metodik təfəkkürü üzvi şəkildə birləşdirən orijinal dərs vəsaiti yaranmışdır.
Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna qədəm qoy­ması digər fənlərdə olduğu kimi, ədəbiyyat tədrisi sahəsində də cid­di dönüş yaratdı. Ədəbiyyat tədrisi sovet sisteminin ideoloji ehkam və qəliblərindən azad oldu. Respublikada həyata keçirilən təhsil is­la­hatının tələblərinə uyğun olaraq, orta ümumtəhsil məktəblərində mütərəqqi ənənələrimizi dünya təhsil sistemində faydalı olanlarla əlaqələndirən, milli zəminə əsaslanan və bəşəri dəyərləri özündə əks etdirən yeni proqramların və dərsliklərin hazırlanması vəzifəsi qar­şıya qoyuldu.
Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən elmi-metodik şura­nın işləyib hazırladığı ədəbiyyat proqramları nəşr olundu, ədəbiyyat dərs­likləri tərtib edildi. Müstəqillik dövrünün ilk proqram və dər­sik­ləri bir sıra qüsurlarına baxmayaraq, əvvəlkilərdən mahiyyət eti­ba­rilə, bir çox parametrlərinə görə köklü surətdə fərqləndi.
Yeni proqram və dərsliklər hazır­la­nar­kən ədəbiyyat tədrisinin ali məqsədi yük­sək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şa­gird­lərin dünyagörüşünü genişləndirmək, milli və ümumbəşəri mə­nəvi dəyərləri mənimsətmək, nəticə etibarilə gənc nəslin  və­tən­pər­vərlik ruhunda tərbiyə olunmasına kömək etmək oldu.
 
Ədəbiyyat:
 
1. Abdullayev A.S. Azərbaycan dilinin tədrisi tarixindən.
2. Ağayev Ə.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azər­bay­can pedaqoji fikrinin  başlıca problemlərinə dair. Azər­bay­can məktəbi, 1975 №1.
3. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu.
4. Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris üsulu.
5. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası.
8. Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Müəllim üçün metodik vəsait.
Sona HƏSƏNOVA, 
Qəbələ şəhəri Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanov adına 3  nömrəli tam orta məktəbin müəllimi
 


Tarix: 11-10-2022, 14:54

Xəbəri paylaş