Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbəqədər təhsil müəssisəsində metodik işin təşkilinin əhəmiyyəti


 
 
 
Məlumdur ki, təhsildə metodik iş prioritet və təxirəsalınmaz vəzifələrin həllinə istiqamətlənir. Hər bir məktəbəqədər təhsil müəssisəsində hər il kadrlarla metodik iş planlaşdırılır.
Metodik işin sistemi 3 sahəyə ayrılır: 
1. Tərbiyəçi-müəllimə münasibətdə başlıca vəzifə fərdiliyin, onun pedaqoji fəaliyyət sisteminin yüksək səmərəliliyinin formalaşdırılmasıdır. 
Buna görə də uşaq bağçalarında metodik iş tərbiyəçi - müəllimin öz biliyini zənginləşdirməsinə, yaradıcı fəaliyyətin motivinin, tətbiqi sənətin və pedaqoji texnologiyaların inkişaf etdirilməsinə yönəldilməlidir. 
2. Məktəbəqədər müəssisələrin pedaqoji kollektivinə münasibətdə metodik iş kollektivdə birgə rəyin formalaşdırılması vəzifəsini həll edir. 
Bu vəzifə təlim-tərbiyə prosesinin təhlili və ona nəzarətə, qabaqcıl pedaqoji təcrübənin mənimsənilməsi və zənginləşdirilməsinə istiqamətlənir. Müasir dövrdə kollektivin elmi-tədqiqat işinə cəlb edilməsi vacibdir. 
3. Məktəbəqədər müəssisələrdə metodik iş fasiləsiz təhsil sisteminə nəzərən qurulur.
Bu isə elm və təcrübənin nailiyyətlərinin tətbiqini, hüquqi-normativ sənədlərin yaradıcı dərk edilməsini nəzərdə tutur.
Müasir reallıq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin, təhsilinin təkmilləşdirilməsinə obyektiv tələbatı, uşaq bağçasında metodik işin rolunun və əhəmiyyətinin yüksəldilməsini, bu vacib problemin elmi təhlilini və praktik cəhətdən təkmilləşdirilməsi zərurətini irəli sürür. Məktəbəqədər təhsil sisteminin işçiləri uşaq bağçasında metodik işin təşkilinə ikinci dərəcəli iş kimi baxmamalı, bu işə öz münasibətlərini yenidən nəzərdən keçirməlidirlər. 
Bu gün məktəbəqədər təhsil müəssisələrində metodik işin təşkilinin real səviyyəsi onun fəaliyyətinin qiymətləndirilməsinin ən mühüm meyarlarından biridir. Məktəbəqədər müəssisələrdə metodik işin təkmilləşdirilməsi problemi hələ də aktualdır. Ən başlıca çatışmazlıq təlim-tərbiyə işinin keyfiyyətinin aşağı olmasıdır. Bu da ümumilikdə məktəbəqədər təhsil müəssisəsinin son nəticələrinin zəif olmasına gətirib çıxarmaqla, metodik işin təşkilində olan bir sıra çatışmazlıqlarla əsaslandırılır. 
Bu çatışmazlıqlardan bir neçəsinə nəzər salaq:
- Metodik işin vəzifələri arzu edilən konkret nəticələr göstərilmədən qoyulur;
- Metodik işin məzmunu ilə pedaqoji kollektivdə təlim-tərbiyə işinin məzmununun təhlili arasında əlaqə qırılmış olur;
- Metodik iş sistemsiz aparılır, pedaqoji kollektivin üzərində işlədiyi problem əsaslandırılmadan, təsadüfi seçilir;
- Metodik işin təşkilində yeknəsəq iş formalarından istifadə edilir, tərbiyəçi - müəllimlərin fərdi xüsusiyyətləri tam nəzərə alınmır, hər bir pedaqoqun təşəbbüskarlığı və yaradıcılığı tam fəallaşdırılmır;
- Metodik işdə nəzəriyyə ilə təcrübə arasında əlaqənin qırılması, onun təcrübi istiqamətinin kifayət qədər olmaması, tərbiyəçi - müəllimlərə praktik köməyin göstərilməməsi halları baş verir:
- Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri tərəfindən tərbiyəçi - müəllimlərin imkanları kifayət qədər öyrənilmir, kollektivin yaradıcı potensialının inkişafı üçün əlverişli şərait yaradılmır;
- Metodik işdə daha çox formalizmə yol verilir.
Sadalanan çatışmazlıqlar aradan qaldırılarsa, məktəbəqədər təhsil müəssisələrində məzmun əsasında pedaqoji və metodik işin səmərəli təşkilinə nail olmaq mümkündür. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məzmunun təkmilləşdirilməsi mühüm hədəf kimi qeyd edilmişdir. Strategiyada beş strateji istiqamət müəyyənləşdirilir ki, birinci strateji istiqamət - əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məqsəd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk peşə ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların inkişafına nail olmaqdır.
Aparılan işlərdə məhz bu istiqamətlər nəzərə alınmışdır. Hər bir məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi - müəllimlərin ixtisaslarının artırılması və metodik işin bütün formaları fərqləndirilib təşkil olunmalıdır. Metodik işi uşaq bağçasının nailiyyətlərinin təhlili əsasında, təlim-tərbiyə prosesinin nəticələri, pedaqoji ustalığın səviyyəsi və tərbiyəçinin səriştəliliyi, pedaqoji kollektivin maraqlarının bitkinliyi, tərbiyəçi - müəllimlərin tələbatı və sorğuları əsasında qurmaq olar. 
Müəssisələr üçün metodik işin əlverişli variantının axtarışı və seçilməsi həmişə aktualdır. Burada kadrlarla işin məzmununun, müxtəlif forma və metodların çoxcəhətli xarakterinin nəzərə alınması zəruridir. Uşaq bağçalarında metodik işin sistemini qiymətləndirmək üçün qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Bu meyarlar ayrı-ayrı uşaq bağçalarında müxtəlif ola bilər, lakin daha ümumi olanları həmişə diqqət mərkəzində saxlamaq lazımdır. Əgər uşaqların inkişaf göstəriciləri artarsa, hər bir uşaq üçün optimal səviyyəyə çatmaq və ya ona yaxınlaşmaq mümkün olarsa, bu nailiyyəti metodik işin səviyyəsinin birinci meyarı hesab etmək olar. 
Metodik işin stimullaşdırıcı rolu kollektivdə psixoloji mikroiqlimin yaxşılaşması, tərbiyəçi - müəllimlərin məmnunluğunun, yaradıcı fəallığının artması ilə bağlıdır. Metodik işin səmərəliliyinin həqiqi qiyməti həyata keçirilmiş tədbirlərin sayına görə deyil, son nəticəyə görə verilir.
 
Vəfa KAZIMOVA,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi


Tarix: 10-10-2022, 13:26

Xəbəri paylaş