STEAM təhsil layihəsinə şagirdlərdə maraq yaratmaq dövrün tələbidir
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
E-mail: [email protected]
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı əhatə edir. “Milli Prioritetlər”in hədəfi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaqdır. Məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsini, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsini tələb kimi müəyyən edir.
Müasir pedaqoji praktikada daha geniş tətbiq olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalara daxildir: əməkdaşlıqla təlim texnologiyası; modulla təlim texnologiyası; layihələr metodu ilə təlim texnologiyası. Əməkdaşlıqla (kollektiv) təlim texnologiyasının əsas ideyası birlikdə öyrənməkdir. Əməkdaşlıqla təlim texnologiyası XX əsrin 80-cı illərində ABŞ və İsrail pedaqoqları tərəfindən tətdbiq edilmişdir.
Modul üzrə təlim texnologiyasında şagirdlər müstəqil olaraq dərsdə və dərsdənkənar vaxtlarda modulla iş prosesində konkret təlim məqsədlərinə nail olurlar.
Layihələr metodu ilə təlim texnologiyasının mahiyyəti şagirdlərə əldə etdikləri biliklərin həyatda onlara lazım olacağına inam yaratmaqdır. Bunun üçün müəllim yeni informasiyaların alınma mənbəyini göstərərək, şagirdi istiqamətləndirməkdə bələdçilik edir. Hər hansı vacib problemi həll etmək üçün şagird fəaliyyəti layihələşdirilir.
Metodun əsas ideyası sərbəst məqsədyönlü fəaliyyətə əsaslanan tərbiyədir. Layihələr metodunda fəal təlimin formasında şagirdlər fərdi, cütlər, qruplar şəklində müəyyən vaxt ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə yönəldilir. Layihələr metodu ilə təlim texnologiyasının əməliyyatları öyrənən üçün sərbəst olaraq yeni ideyanı fikirləşmək, işləyib hazırlamaq, tətbiqetmə ilə bağlı əməli işləri həyata keçirməyi optimallaşdırır.
Bu metod müəyyən nəticələrə əsaslanan layihənin təqdim olunması və müdafiəsi yolu ilə öyrənənlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhlil-tərkibetmə və əqli nəticə çıxarma qabiliyyətlərinin formalaşmasına zəmin yaradır.
Layihəli fəaliyyət metodu müasir tədris prosesində problemlərin həllində şagirdlərə sərbəstlik verir, bu da onlarda şəxsiyyətin ahəngdar inkişafına səbəb olur.Bu baxımdan STEAM təhsil metodu qloballaşma şəraitində insan kapitalının inkişafında önəmli əhəmiyyət daşıyır.
STEAM təhsil metodu beş əsas sahənin inteqrativ olaraq təşkilidir. Elm (Science);Texnologiya (Technology);Mühəndislik (Engineering); İncəsənət (Art); Riyaziyyatın (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədinə uyğun olaraq respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqinə nail olmaqdır. Bununla yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.Layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə reallaşdırılır. Bu barədə ibtidai təhsildə müəyyən marağın yaradılmasını qanunauyğun sayırıq.Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiyasını ehtiva edən STEAM aktuallıq qazanıb.Hər bir anlayışın alqoritmik olaraq mahiyyətinə aydınlıq gətirilməlidir.
Elm dünya və onun necə olması haqqında yeni biliklər əldə etmək axtarışıdır. Dünyanın izahının digər yollarından fərqli olaraq elm nəzəriyyə fikirlər üzərində təcrübəyə əsaslanır.
Texnologiya ("sənət elmi", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia ) —elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur.
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri əsaslanmış və emprik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir.
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət nəzərdə tutulur.
Riyaziyyat (yun. μάθημα, matema, "bilik, elm, öyrənmək") — ədədlər (hesab və ədədlər nəzəriyyəsi), düsturlar və əlaqəli strukturlar (cəbr), fiqurlar və fəzalar (həndəsə), kəmiyyətlər və onların dəyişmələri (riyazi analiz) kimi mövzuların öyrənilməsini əhatə edir.
Milli Kurikulum ümumi prinsiplərə istinad olunmaqla ibtidai təhsilin məqsədinə uyğun olaraq STEAM təhsil metodu ilə fənlərin inteqrasiyasına şagirdlərdə maraq yaratmaq dövrün tələbidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş sənəddə qeyd edilir:Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli Kurikulum bilavasitə qeyd olunan funksiyaların reallaşdırılmasına xidmət edir: ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi; fənlərin məzmununun cəmiyyətintələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi; təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması; nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması; təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması; şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurikulum göstərilən ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır: milli və ümumbəşəri dəyərlərin nəzərə alınması; ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması; tələbyönümlülük; nəticəyönümlülük; şagirdyönümlülük.; inteqrativlik.
İbtidai təhsilin məqsədinə daxildır: uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirmək; uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək; uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək;uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq.
İbtidai təhsil üzrə ümumi təlim nəticələrinə görə şagird bacarmalıdır: zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompyuter texnikasından istifadə etməyi; müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi; müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi; ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi; mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi; tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi; Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi; yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi; insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.
İbtidai təhsil üzrə ümumi təlim nəticələrinə şagird pedaqogikanın əsas anlayışları hesab olunan təlim, tərbiyə, təhsil, inkişaf texnologiyalarının ahəngdar təsiri ilə nail ola bilər.
Təlim anlayışı-müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlər qazanmağa yönəlmiş pedaqoji prosesdir. Təlim öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji prosesdir. Təlim təhsilləndirici, tərbiyəedici və inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır: “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir”.Təlim və tərbiyənin nəticəsində təhsil meydana gəlir.
Tərbiyə – davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir.Yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin yetişən nəslə inteqrativ olaraq verilməsi, öyrənilməsidir.
İnkişaf –insanın orqanizmində kəmiyyət (bioloji inkişaf) və keyfiyyət( cəmiyyət üçün yararlı insan) dəyişiklikləri prosesi və onun nəticəsidir. Pedaqogika elmində şəxsiyyətin inkişafı dedikdə onun daha çox psixi, mənəvi inkişafı başa düşülür.Yəni, iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. psixoloji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir.
Pedaqoji proses - təlim, tərbiyə və təhsilin inkişafla vəhdəti nəzərdə tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlikdə yaranmış və inkişaf etmişdir.Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir.
Tarix: 30-06-2022, 11:25
Xəbəri paylaş