Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 21 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq olunacaq yeni təmayül tədris modeli ilə bağlı maarifləndirici görüş təşkil edilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli, 21 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elgün Əliyev, eləcə də məktəb direktorları və Yasamal rayonu üzrə ümumi təhsil məktəblərinin IX–X sinif şagirdlərinin valideynləri iştirak ediblər. Tədbir zamanı yeni təmayül tədris modelinin tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət etdiyi bildirilib.
Qeyd edək ki, modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan gücləndirilmiş məktəbdaxili tədris vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Görüşdə, həmçinin sözügedən məktəbdə tətbiq ediləcək təmayül tədris modeli, tədris olunacaq fənlər, modelin üstünlükləri -akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti, abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili, səriştəli müəllim kollektivi, aylıq sınaq imtahanlarının təşkili, eləcə də şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ətrafında geniş müzakirələr aparılıb.
Yeni təmayül tədris modeli növbəti dərs ilindən etibarən Bakı şəhərində 30 ümumi təhsil müəssisəsini əhatə edəcək. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də layihəyə cəlb olunacaq. Seçim zamanı müəllimlərin peşəkarlığı, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Tarix: Bu gün, 15:27
