Biologiyanın tədrisində fənlərarası inteqrasiya
TƏRANƏ TAĞIYEVA
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“İbtidai təhsilin pedaqogikası” kafedrasının
baş müəllimi
Müasir dövrdə inteqrasiya dünyanın təhsil aləmində aparıcı yer tutur. Təcrübə göstərir ki, tədris prosesində inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, uşaqların tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtdir. Tədris prosesinə inteqrasiya elementlərinin daxil edilməsi şagirdlərin fəallığını artırır, onlarda yaradıcılığı və məntiqi təfəkkürü inkişaf etdirir, biliklərin bir fəndən digərinə keçidi və yeni şəraitdə tətbiqinə imkan yaradır. Şagirdlər az vaxt ərzində çox, həm də üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. Şagirdləri fənlərarası əlaqəyə cəlb etməklə, onları hər hansı bir məsələyə hərtərəfli, müxtəlif baxımdan yanaşmağa sövq etmək olar.
Şagirdlərin təbiət haqqında biliklərinin dərinləşməsində biologiyanın digər fənlərlə əlaqəsinin həyata keçirilməsinin rolu böyükdür. Biologiya kursunun məzmunu imkan verir ki, şagirdlər müqayisə, təhlil və s. təfəkkür əməliyyatlarını həyata keçirə bilsinlər. Bu isə şagirdlərin hərtərəfi inkişafı üçün vacib şərtlərdəndir.
Biologiyanın kimya ilə əlaqəsi
Şagirdlərin biologiyaya dair bilik ehtiyatlarından istifadə edərək, kimya dərslərində maddələrin bioloji rolu barədə bilikləri genişləndirmək və təbiətin qorunması haqqında məlumatlar vermək mümkündür.
Şagirdlərə anlatmaq məqsədəuyğundur ki, həyat öz kimyəvi mahiyyəti etibarı ilə tarixən ədəbiləşmiş, müəyyən kimyəvi elementlər dəstinin məqsədəuyğun fəaliyyəti meydanından ibarətdir. Belə ki, indiyə kimi insan orqanizmində 70-ə qədər kimyəvi elementin olması müəyyən edilmişdir. Burada hakim mövqeli elementlər oksigen, hidrogen, karbon və azotdur (96-97%). Metallar isə ümumi kütlənin cəmi 3%-ni təşkil edir. Lakin metalların insan orqanizmində belə az olmasına baxmayaraq, orqanizmdə baş verən vacib həyat prosesləri məhs metal ionları ilə idarə olunur. Məsələn, “elektrolitik dissosiasiya” mövzusunu öyrənərkən biz anion və kationların əhəmiyyətindən danışırıq: natrium kationları orqanzmdə su mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır və ürəyin əzələlərinin boşalmasına səbəb olur. Kalium kationları isə əksinə təsir göstərir. Bununla da ürəyin boşalma və yığılmalarının növbələşməsi təmin olunur. Bundan əlavə, hüceyrənin daxilində kalium ionunun qatılığı kifayət qədər çox, natriumunku isə olduqca azdır. Əksinə, hüceyrəni əhatə edən mühitdə qan plazmasında kalium ionunun qatılığı az, natriumunku isə xeyli çoxdur. Hüceyrə yaşlandıqca bu nisbət sabit qalır. Hüceyrə öldükdən sonra hüceyrədə və mühitdə onların miqdarı sürətlə bərabərləşir.
Kimyəvi element və maddələrdən bir çox dərmanların alınmasında istifadə olunur. İnsanların sağlamlığı keşiyində dayanan müasir təbabət öz nailiyyətləri üçün hər şeydən əvvəl kimyaya borcludur. Məsələn, qızılın radioaktiv izotoplarından xərçəng xəstəliklərinin, bəzi qan xəstəliklərinin və bronxial astmanın müalicəsində istifadə olunur. Gözəl bakterisid xüsusiyyətlərə malik olan gümüşdən bəzi dəri xəstəliklərinin və çətin sağalan yaraların müalicəsində istifadə olunur. Mis kuporosu ilə traxoma, konyuktivit xəstəlikləri müalicə olunur. Nevrasteniya, arıqlama, kəskin və xroniki qanazlığı zamanı xəstələrə adətən tərkibində arsen olan həblər verilir. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində civənin müxtəlif birləşmələri geniş tətbiq olunur. Tərkibində sink olan birləşmələrdən podaqra, yel xəstəlikləri və göbələk xəstəliklərinin, maqneziumlu birləşmələrdən isə böyrək və öd xəstəliklərinin müalicəsində istifadə olunur.
“Biosfer və insan” mövzusunu keçərkən şagirdlərə karbon qazı, onun xassələri, əmələ gəlməsi və atmosferdə artdıqda zərərli təsiri haqqında kimyadan məlum olan biliklər xatırladılır və bildirilir ki, hazırda Yer atmosferində karbon qazı 0,03% təşkil edir. Lakin müxtəlif yanacağın yandırılması, nəqliyyatın inkişafı, karbon qazının miqdarı alimlərin fikrincə iki dəfə artaraq planetimizdə orta illik temperaturu 2,50 artıra bilər. Bu artım yerdə iqlim balansını pozar. Bunun nəticəsində qütblərdə buz əriyər və okeanlarda suyun səviyyəsi artar. Nəticədə bir sıra şəhərlər su altında qalar. Bunun qarşısını almaq üçün əsas vasitələrdən biri yaşıllığı qorumaq və onu artırmaqdır. Alimlərin fikrincə, bitki aləmi hər il fotosintez nəticəsində atmosferə orta hesabla 400 milyard tona yaxın oksigen buraxır. Bu da oksigen balansının sabitliyini təmin edir.
Biologiya ilə fizikanın əlaqəsi.
Biologiya dərslərində “Görmə orqanının quruluşu” mövzusu keçilərkən qeyd olunur ki, insan beyninə daxil olan informasiyaların 90%-i göz vasitəsilə əldə edilir. Hazırda gözün işləmə prinsipini nəinki fizioloqlar, hətta fiziklər, psixoloqlar, mühəndislər, kibernetika və bionika sahəsində çalışan mütəxəssislər də diqqətlə öyrənirlər. İnsan gözü mürəkkəb olub bir neçə hissəyə bölünür. Gözə şüanı yığıb sındırmaq qabiliyyətinə malik olan optik sistem kimi baxmaq olar. İnsan gözü fotoaparatın elementlərinə ekvivalent olan müxtəlif hissələrdən təşkil edilmişdir. Fotoaparatda olan metal gövdə, şüşə və fotolent insan gözündə daha mürəkkəb quruluşa malik canlı toxuma ilə əvəz edilir. Gözdə kamera rolunu damarlı qişa ilə qaranlıqlaşdırılmış göz boşluğu oynayır. Beləliklə, şagirdlər fizikadan öyrəndiklərini bu mövzu ilə müqayisə edir, ümumi qanunauyğunluqlar tapır və biliklərini əlaqələndirirlər.
“Dəniz məməliləri” mövzusunun tədrisində şagirdlərə izah edilir ki, ultrasəsdən texnikada bir istiqamətə yönəldilmiş sualtı siqnalları vermək, sualtı obyektləri aşkar etmək və dərinlikləri ölçmək kimi işlərdə tətbiq olunur. Hər bir gəmidə exolot adlanan qurğu vardır. Bu qurğudan balıq ovu üçün istifadə edilir. Beləliklə, sualtı ov zamanı ultrasəs delfinlərə kömək edir. Delfinlər öz qidası olan balığı həm gecə, həm də gündüz səhvsiz tapırlar. Bunun səbəbi odur ki, delfin hər 15-20 saniyədən bir səs impulsu göndərir. Suyun dərinliyini ölçmək, sahilin yaxın olub-olmamasını təyin etmək və habelə öz aralarında əlaqə yaratmaq üçün 10-400 hc tezlikli, suda yem axtararkən isə onlar 780-300000 hc tezlikli səs siqnalları buraxırlar.
“Quşların çoxalması” mövzusunun tədrisində yumurtanın quruluşunu öyrənərkən şagirdlərə belə bir sualla müraciət etmək olar: yumurtanı sındırmadan onun bişib-bişmədiyini müəyyən etmək üçün nə etmək lazımdır? Mexanikadan biliklər bu kiçicik çətinlikdən müvəffəqiyyətlə çıxmaqda kömək ola bilər. Məsələ burasındadır ki, bişmiş və bişməmiş yumurta bir cür fırlanmır. Yoxlanan yumurtanı dayaz boşqabın içərisinə qoyub iki barmaqla onu fırladırlar. Bərk bişmiş yumurta bişməmiş yumurtaya nisbətən çox tez və daha çox fırlanır. Bişməmiş yumurtanı, hətta fırlamaq belə çətindir. Bu hadisənin səbəbi odur ki, bərk bişmiş yumurta bütöv bir kütlə kimi fırlanır; bişməmiş yumurtanın içərisindəki duru kütlə birdən-birə fırlanma hərəkəti olmadığından öz ətaləti ilə yumurtanın qabığının hərəkətini ləngidir.
Biologiya ilə ədəbiyyatın əlaqəsi
Biologiya dərslərində bədii sözün təsirindən istifadə etdikdə dərs daha maraqlı və canlı olur. Şagirdlərin poeziyaya marağı artır, onlar təbiətin gözəlliyinin təsvirini şeir dilində eşidirlər. Bu onlara böyük təsir göstərir və dərs maraqlı olur.
Biologiyada “Maddələr dövranı” bəhsini tədris edərkən N.Gəncəvinin əsərlərindən istifadə etmək olar. Nizami öz sələfləri kimi dünyada heç bir şeyin itmədiyini, materiyanın artıb-azalmadığını, itmədiyini görə bilmiş və bu fikri çox gözəl ifadə etmişdir:
Əgər çox keçmişsə bu dünyanın yaşından,
Zərrə qədər tük belə əskilməmiş başından.
Nizami canlıların mühitə uyğunlaşması və bunun nisbiliyi haqqında da maraqlı fikirlər irəli sürmüşdür:
Qızıl gül ördəyə dedi: “Səhra gözəldi”,
Ördək söylədi: ”Səhvsən, ancaq dərya gözəldi”.
Deməli, hər heyvan ancaq öz mühitində yaşaya bilir. Qızılgül üçün səhra gözəldirsə, ördək üçün dərya gözəldir.
Xalq şairi S.Vurğunun “Ceyran” şeirindən bir parça:
Ovçu insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən
Qoyma, ağrı keçə ürəyimizdən
Qıyma, öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana, ceyran!
Bu parça şagirdlərin qəlbini riqqətə gətirir. Onlarda təbiətə məhəbbət, onun bitki və heyvanat aləminin qorunmasında məsuliyyət hissini artırır.
Ədəbiyyatımızda ayrı-ayrı bitkilərin şəfaverici təsirini əks etdirən dastan və nağıllar vardır. Məsələn “Dədə Qorqud” dastanında Burla xatun öz oğlunu dağ çiçəkləri ilə, ”Məhəmməd” nağılındakı Sənubər öz sevgilisini bəlküm və baldırğanla, “Firuz” nağılındakı Sənəm arvad Firuzu əzvay və şahtərə ilə, “Yetim” nağılındakı qarı isə nəvəsini təkəsaqqal bitkisi ilə sağaldır.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Təhsil Qanunu, Bakı,2009
2. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları),Bakı,2010
3. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", Bakı,2013
4. Ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün biologiya dərslikləri, Bakı,2018
5. Ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün kimya dərslikləri, Bakı,2018
6. Ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün fizika dərslikləri, Bakı,2018
Tarix: 15-10-2023, 13:48
Xəbəri paylaş