Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Peşəkarlıq səviyyəsini yüksəltmək üçün


                                                                                                   AİDƏ ƏLİYEVA-ABİYEVA,
                                                                                                     Sumqayıt şəhəri 6 saylı tam   
                                                                                                      orta məktəbin müəllimi        

 
    Qloballaşan dünyanın gələcəyi olan şaxsiyyətlərin yetişməsində innovativ müəllimlərin xüsusi yeri var. Təbaşir və yazı taxtasından istifadə edən ənənəvi müəllimdən fərqli olaraq müasir müəllimin əlində daha çox imkanlar var. Bu gün  müəllim İKT vasitələrindən, müxtəlif təhsil portallarından, təhsil saytlarından, müxtəlif  interaktiv resurslardan, elektron  lövhələrdən istifadə imkanına malikdir. Sadəcə bu imkanları öz dərslərində reallaşdırmaq üçün hər müəllim öz üzərində daim işləməyə, məlumatı şagirdlərin necə qəbul etmə xüsusiyyətlərini araşdırmağa çalışmalıdır. Çünki öyrənmə prosesində hər bir şagirdin   subyektivliyi, potensial imkanları, fərdi keyfiyyətlərlə seçilməsi, yaradıcılıq  xüsusiyyətləri nəzərə almalıdır. Müəllim bir gündə bir neçə sinifdə dərs aparırsa, sinifdə oxuyan yaxşı və zəif uşaqların xüsusi keyfiyyətlərini bilərək, hər sinifdə  fərqli dərs qurur. Yəni müəllim sinfin səviyyəsini xüsusi diqqətdə saxlayır.
  

   Müasir təhsil sistemi müəllimlərdən metodiki hazırlıq və peşəkarlıq səviyyəsini yüksəltməyi tələb edir. Müəllim hər bir dərsə yaradıcılıq  işi kimi baxmalıdır.  Bilirik ki, eyni bir mövzu ayrı-ayrı müəllim tərəfindən onun bilik səviyyəsinə və şagirdlərə çatdırma metodologiyasına görə fərqlənir. Hər müəllim aparacağı dərsi öz bilik bazası və fantaziyasına, yaradıcılıq imkanlarına görə təşkil edir. Məhz bu baxımdan müəllim hazır elmi bilik verməkdən çox öz işini şagirdlərdə idraki fəallığı  artırmağa, tədqiqatçılıq  qabiliyyətlərini inkişaf etdirməyə yönəltməlidir. Bilirik ki, müasir  təhsil sistemimiz şagirdlərin sosial varlıq kimi cəmiyyətə inteqrasiya olunmasında, onlarda təfəkkür və təxəyyülün qarşılıqlı inkişaf etdirilməsi  məsələsini  əsas götürür.

     Biz informasiya bolluğu dövründə yaşayırıq. Bu gün həyatımızın bütün sferalarında olduğu kimi  təlim prosesində  də informasiya texnologiyalarından istifadə xüsusi yer tutur. Proseslərin sürətli inkişafı tələb edir ki, müəllim informasiyanın ötürülməsində şagirdləri qabaqlasın. İKT bacarığına malik olan müəllim qısa zaman ərzində elektron təqdiçatlar, tapşırıqlar, cədvəllər, slaydlar, flipçartlar vasitəsilə şagirdlərə daha çox informasiya  ötürür. Lövhədə  İKT-dən istifadə dərsi daha maraqlı və yaddaqalan edir, şagirdlərdə dərketmə və tədqiqat aparma proseslərini bir növ dinamik edir. Şagird göstərilən görüntünün  müqabilində suallar yaranacağını bilərək öz diqqətini toplayır. Bu isə hər şagirdin bir fərd olaraq öz potensial imkanını göstərmasində, fərqlənməsində önəm daşıyır. Projektorla ekranda görünən tapşırığı şagirdlər həll edir, multimedia vasitəsilə proseslərin gedişini həm görür, həm eşidir, elektron lövhədə tapşırığa uyğun olaraq işləyir. Müstəqil çalışır, araşdırır, nəticə əldə edir, fikrini əsaslandırır və s. İKT bacarığına malik olan müəllim həm öz üzərində çalışır, keçəcəyi dərs üçün interaktiv resurslardan istifadə edir, şagirdləri cəlb edir, həvəsləndirir, onlara az vaxtda daha çox informasiya ötürür. İKT vasitəsilə dünya sanki şagirdin ovcunun içində olur.


    Mən öz şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bu cür dərslərə şagirdlərin xüsusi marağı olur. Mən neçə illərdir ki, riyaziyyat elminin sirlərini şagirdlərimə öyrədirəm. Daim öz üzərimdə çalışır və zamanın tələbinə uyğun dərslər qurmağa   çalışıram.       
                                                                                    
   


Tarix: 7-04-2023, 09:00

Xəbəri paylaş