Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

 

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.
Akademiyanın prezidenti Akif Əlizadə ümumi yığıncağı giriş sözü ilə açaraq gündəlikdə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, akademiyanın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlarının təqdimatı, AMEA-nın prezidentinin və Rəyasət Heyətinin yeni tərkibinin seçilməsinin nəzərdə tutulduğunu bildirib.
Yığıncağın gündəliyi təsdiq olunduqdan sonra Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Akademik Akif Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib.
Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirib. Akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşmasının əsas vəzifələrdən biri olaraq qarşıya qoyulduğunu deyən Akif Əlizadə qeyd edib ki, yüksək­ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, elmi kadrlara artan tələbatı ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. Akademik son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirərək AMEA-nın uğurlarının "Web of Scince", "Scopus", "Google" kimi elmi bazalar üzrə statistik göstəricilərin dayanıqlı yüksəlmə meyilləri ilə bağlı olduğunu diqqətə çatdırıb.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tədbir iştirakçılarının hesabatla bağlı suallarını cavablandırıb.
Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulub ki, bu da elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına diqqətin artırılmasını zəruri edib.
Nazir qeyd edib ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb, ilkin təhlillərə əsasən 1118 elmi tədqiqat işinin, təxminən, 43 faizi ali təhsil müəssisələrinin payına düşüb.
Ceyhun Bayramov Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, AMEA-da magistraturanın yaradılması elm və təhsilin inteqrasiyası, eləcə də AMEA və Təhsil Nazirliyi arasında əməkdaşlıq üçün geniş platforma yaradıb.
Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlar sahiblərinə təqdim olunub.
Fasilədən sonra yığıncaq işini davam etdirib. Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib. Akademik Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçilib.
Akademik Nərgiz Paşayeva, akademik İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər. Seçkinin nəticələrinə görə akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri seçiliblər. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. Bundan başqa, səsvermə nəticəsində akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri seçiliblər.
   


Tarix: 11-07-2018, 10:09

Xəbəri paylaş