“Sabahın alimləri” VI Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası təhsil nazirinin 2016-cı il 22 sentyabr tarixli 630 nömrəli əmrinə əsasən, 2017-ci il 15-17 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” VI Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi olmuş, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Şirvan, Lənkəran, Balakən, Qax və Ucarda yerləşən 78 ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri iştirak etmişlər.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı on-line həyata keçirilmişdir. Elektron qeydiyyatdan keçirilmiş 302 layihədən müsabiqədə 123 layihə ilə 198 şagird iştirak etmişdir. Bu layihələrdən 46-sı fərdi, 77-si isə kollektiv işlənilmiş layihələr olmuşdur.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 42 layihə üzrə 71 şagird, o cümlədən I yerə 3 layihə üzrə 4 şagird, II yerə 15 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 40 şagird layiq görülmüşdür. Qaliblər sırasından İntel İSEF- də iştirak etmək üçün 5 şagird seçilmişdir.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.
Müsabiqə çərçivəsində şagirdlərin elmi rəhbərlər üçün Təlim Akademiyası, məktəblilər, müəllimlər və media nümayəndələri üçün “açıq qapı” saatları təşkil edilmişdir.
Qeyd olunanları nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2017-ci il 15-17 fevral tarixlərində “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1).
2. Təşkilatçıların 2017-ci il 14 fevral tarixli birgə qərarına uyğun olaraq qaliblərə (əlavə 1), qalib şagirdlərin rəhbərlərinə (əlavə 2) nəzərdə tutulmuş pul mükafatları, Münsiflər heyətinin üzvlərinə (əlavə 3), Elmi Ekspertiza Komitəsinin üzvlərinə (əlavə 4) isə qonorar verilsin.
3. 2017-ci ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı təsdiq edilsin (əlavə 5).
4. Nəzərə alınsın ki, ABŞ-a gedəcək şagirdlərin yol xərcləri “İntel Foundation” Fondu tərəfindən ayrılan qrant hesabına ödəniləcəkdir.
5. Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin direktoru Y.Piriyevə tapşırılsın:
5.1. İntel İSEF-də iştirak edəcək şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;
5.2. şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə təkliflərini Nazirliyin rəhbərliyinə 10 gün ərzində təqdim etsin;
5.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
13 mart 2017-ci il
Tarix: 11-04-2017, 11:44