Uşaqların rəqəmsal risklərdən qorunması istiqamətində yeni yanaşmalar

İyulun 16-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Uşaqları rəqəmsal risklərdən qorumaq: yeni yanaşmalar və həllər” mövzusunda ictimai müzakirə keçirilib.
AZƏRTAC tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak ediblər.
AMQF-nin Nəzarət-Təftiş Komissiyasının sədri Fariz Əkbərov texnoloji inkişafın uşaqların gündəlik həyatına və psixologiyasına təsirindən bəhs edib. O bildirib ki, rəqəmsal mühit uşaqlara yeni imkanlar yaratmaqla yanaşı, onların hüquq və təhlükəsizliyi baxımından ciddi risklər də formalaşdırır.
Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatları, eləcə də “Uşaq Qaynar Xətti”nin statistikası bu sahədə mövcud çağırışların aktuallığını açıq şəkildə göstərir. Ötən il “Uşaq Qaynar Xətti”nə daxil olan müraciətlər arasında 120-si birbaşa virtual təhdid və kiberzorakılıqla bağlı olub. BMT-nin məlumatına əsasən, dünyada hər üç internet istifadəçisindən biri uşaqdır və hər gün 175 mindən çox uşaq ilk dəfə internetə qoşulur. Bu statistika rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğunu bir daha təsdiqləyir.
Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin müdiri vəzifəsini icra edən, insan hüquqları üzrə hüquqşünas Zümrüd Əlizadə “Rəqəmsal mühitdə uşaqların risklərdən qorunmasında dünya ölkələrinin hüquqi tənzimləmələri və Azərbaycanda qanunvericilik islahatları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda uşaqların kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, kiberzorakılıq, zərərli məzmun, süni intellekt və alqoritmik manipulyasiya kimi risklərlə üzləşdiyi vurğulanıb. Azərbaycanın bu sahədə mövcud qanunvericilik bazası və qarşıda duran çağırışlar da təhlil edilib.
“Rəqəmsal asılılığın uşaqların sağlamlığına və inkişafına təsiri” mövzusunda çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova bildirib ki, smartfon, planşet, kompüter və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə artıq ciddi ictimai sağlamlıq probleminə çevrilib. Onun sözlərinə görə, rəqəmsal asılılıq insanların gündəlik fəaliyyəti, təhsil və iş həyatı, ailə münasibətləri, yuxu rejimi və psixi sağlamlığına mənfi təsir göstərir. Xüsusilə uşaqlar və yeniyetmələr bu baxımdan daha həssas risk qrupuna daxildirlər.
“Uşaq Qaynar Xətti”nin klinik psixoloqu Vəfa Nəsirli bildirib ki, rəqəmsal təhlükəsizliklə bağlı müraciətlər xidmətə daxil olan müraciətlər arasında mühüm yer tutur. Belə hallarda uşaqlara və valideynlərə ilkin psixoloji dəstək göstərilir, risk səviyyəsi qiymətləndirilir, təhlükəsizlik planı hazırlanır, zərurət yarandıqda aidiyyəti dövlət qurumlarına yönləndirmə həyata keçirilir və proses izlənilir.
Qeyd olunub ki, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Uşaq Qaynar Xətt Xidməti – 116111-ə ümumilikdə 3751 müraciət daxil olub. Bunlardan 819-u zorakılıq halları ilə bağlı olub ki, bu da ümumi müraciətlərin 22 faizini təşkil edir. Zorakılıqla bağlı müraciətlərin 72-si, yəni 9 faizi isə kiberzorakılıqla əlaqədar olub.
İctimai müzakirələr zamanı iştirakçılar rəqəmsal asılılığın uşaqların sağlamlığına və inkişafına təsiri, qanunvericilik hədəfləri, sosial şəbəkələrin tənzimlənməsi mexanizmləri və beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Tarix: Bu gün, 15:38
