Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar

  

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov müsabiqənin əhəmiyyətindən danışıb. Bildirilib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. Son illər təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu qeyd edən C.Bayramov bu sahədə müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini söyləyib.
C.Bayramov Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayının artması, elektron tədris resurslarının mütəmadi zənginləşdirilməsi və informatika fənni üzrə yeni layihəyə başlanılması barədə geniş məlumat verib.
Bildirilib ki, müsabiqənin təşkilinin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdir.
Müsabiqədə əsasən ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Üç istiqamət və altı nominasiya üzrə keçirilən müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri online təşkil edilib.
Müsabiqənin birinci mərhələsinə təqdim edilən 703 işdən 644-ü ikinci mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant kimi üçüncü mərhələyə keçib. Üçüncü mərhələyə keçən işlər münsiflər tərəfindən online qiymətləndirilib, 26 qalib və 35 fərqlənən müəyyənləşdirilib.
Qaliblərə diplomlar, hədiy­yələr və digər xüsusi mükafatlar təqdim olunub.
  Qeyd edək ki, müsabiqə “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” mobil operatoru tərəfindən dəstəklənir.


Tarix: 15-01-2018, 12:09

Xəbəri paylaş