“İnsan kapitalı sərvətimizdir”
Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.
İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.
2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edildiyini xatırladan Mikayıl Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, 21-ci əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.
Təhsil naziri qeyd edib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Ölkəmiz ali təhsil və təlim üzrə 10 pillə irəliləyərək 68-ci, innovasiya üzrə 33-cü yerdə qərarlaşıb. Son illərdə bu, təhsil sahəsində aparılan uğurlu işlərin statistik göstəricisidir.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stoun bildirib ki, artıq ənənəvi olaraq hər il keçirilən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.
Daha sonra respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edib və milli rəqslər ifa olunub.
Sonra stendlərə baxış keçirilib.
Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edib. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim edilir.
Sərgidə ölkəmizin 17 ali təhsil müəssisəsinin stendləri yer alır. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.
Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
Tarix: 14-11-2017, 09:16