SABAH Karyera Akademiyası təqdim olundu
Fevralın 9-da Təhsil Nazirliyində SABAH Karyera Akademiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak edib.
SABAH Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiyanın peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə etdiyini bildirib. SABAH qrupları tələbələrin müxtəlif sahələrdə təcrübə topladığını diqqətə çatdıran Ş.Seyidzadə ötən tədris ilindən başlayaraq 44 ixtisas üzrə 600 nəfərə yaxın SABAH tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini deyib.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi SABAH qrupları layihəsinin fəaliyyətində öz əksini tapıb. Nazir müavini gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.
Azercell Telecom MMC-nin prezidenti Vahid Mürsəliyev, AMEA-nın Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov təmsil etdikləri qurumlarda Azərbaycan gənclərinin inkişafına dəstək göstərildiyindən, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində görülən işlərdən və SABAH tələbələrinin istehsalat təcrübə keçmələri üçün yaradılan şəraitdən danışıblar.
SABAH Karyera Akademiyası proqramı çərçivəsində 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunacaq. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. 100-ə yaxın tələbənin iştirak edəcəyi Qış Məktəbində karyera planlaşdırılması, şəxsi brendinq, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçiriləcək.
Tədbirin sonunda tərəfdaş şirkətlərə, “Azercell”in təqaüdünə layiq görülmüş və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti olan SABAH tələbələrinə sertifikatlar təqdim olunub.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.
Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
Tarix: 14-03-2017, 10:24