“Əlaçı”nın seçim turu keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.
Seçim turunda paytaxtın hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər.
BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəbləri ilə yanaşı, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki liseylərin, Zəngilan, Şuşa, Laçın və Cəbrayılın ümumi təhsil məktəblərinin şagirdləri də daxil olmaqla, ümumilikdə 800 nəfərə yaxın XI sinif şagirdi Bakıda keçirilən seçim turuna qatılıb.
Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.
Qeyd edək ki, paytaxtla yanaşı Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt, Quba və Şəkidə də bölgələr üzrə seçim turu keçirilib.
Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər 5-8 oktyabr tarixində “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcək.
Tarix: 13-10-2017, 12:50