Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycanın silahlı qüvvələrinin 2016-cı ilin aprelində Ermənis­tan tərəfindən törədilən təxribatların qarşısının alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi müstəsna rəşadət və igidlik, xüsusilə də ordumuzun qəhrəmanlıq rəmzinə çevrilmiş Lələtəpə əməliyyatında qazanılmış tarixi qələbə ölkəmizin hər bir vətəndaşında böyük ruh yüksəkliyi yaratmış, vətənpərvərlik duyğularını, mübarizə əzmini və işğala məruz qalmış ərazilərimizin tezliklə qaytarılacağına inam hissini gücləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və buraya hazırda digər bölgələrdə məskunlaşmış yerli əhalinin kö­çürülməsi barədə tapşırığını ölkə ictimaiyyəti doğma ata-baba torpaq­larımıza böyük qayıdışın başlan­ğıcı kimi qiymətləndirmişdir. Qısa müddət ərzində həmin kənddə yaşayış evlərinin, təhsil, səhiyyə, rabitə, ticarət obyektlərinin inşası, müasir yol infrastrukturunun qurulması isə dövlət başçısının siyasi iradəsi və qətiyyətinin, dövlətimizin iqtisadi qüdrətinin parlaq təzahürüdür.
Qeyd olunanları, eləcə də Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaq­larımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunsun.
2. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın ki:
2.1. 2017-2018-ci tədris ilində ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlan­ğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin şagirdlərin ifasında Azərbaycanın Dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılmasını təmin etsinlər;
2.2. Həmin dərslərdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliy­yatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsini təmin etsinlər;
2.3 Ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçılarının və əmək veteranlarının, ədəbiyyat və incəsənət xadimlərinin, rayon (şəhər) təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələrinin, sabiq məzunların iştirakını, ilk dərslərin yerli KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 avqust 2017-ci il


Tarix: 13-10-2017, 11:20

Xəbəri paylaş