UNEC-də beynəlxalq elmi-praktik konfrans keçirilib
Yanvarın 30-31-də UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ictimai xadimlərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Çin, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Litvadan olan nümayəndə heyəti iştirak edib.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər.
UNEC-in rektoru, professor Ədalət Muradov konfrans iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
Rektor ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin qarşıya qoyduğu əsas vəzifə və hədəflərə nail olunmasında müasir tələblərə cavab verən kadr hazırlığının qaçılmaz olduğunu deyib. Mühüm sənədin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu bildirən rektor, bu vəzifələrin icrasında universitetlərin üzləşdiyi məqamlara diqqət çəkib.
Universitetlərin tədqiqat mərkəzinə çevrilməsini qaçılmaz hesab edən rektor bu istiqamətdə UNEC-də zəruru infrastukturun yaradılması prosesinin sürətləndirildiyini bildirib: “UNEC-də Elmi-Tədqiqat İnstitutunun işi yenidən qurulur, elmi-tədqiqat laboratoriyaları yaradılır. Onlardan biri SOCAR-ın sifarişi əsasında dünyada ilk dəfə olaraq, “Azəri Light” markalı neftin dünya bazarı qiymətini proqnozlaşdıran modeldir. Bütün bunlarla yanaşı, UNEC-də tətbiq edilən müəllimlərin reytinq sistemində elmi fəaliyyətə 40% çəkinin verilməsi, nüfuzlu jurnallarda çap olunan məqaləyə görə qonorarın nəzərdə tutulması elmi tədqiqatların keyfiyyətini və kəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Qürurla qeyd edirəm ki, 2000-2016-cı illərdə “Thomson Reuters” agentliyinin “Web of Science” elmi bazasında yerləşən elmi nəşrlərdə UNEC əməkdaşlarının dərc edilən elmi əsərlərinin 35%-i son üç ildə həyata keçirilib”.
Təhsil nazirinin müavini Ceyhun Bayramov son 25 ildə Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan danışıb, yüksək tələblərə cavab verən insan kapitalının yetişdirilməsində təhsillə elmin vəhdətinin müstəsna rolunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli istənilən cəmiyyətin taleyində təhsilin həlledici əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə elm, təhsil və texnologiya sahəsində aparılan islahatlar müasir Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafına öz töhfələrini verməkdədir.
İ.Həbibbəyli bildirib ki, təhsilin qarşısında duran məsələ təbii resursların daha dərindən araşdırılması, öyrənilməsi, cəmiyyətdə istifadə edilməsindən ibarətdir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkədə bilik iqtisadiyyatının formalaşmasından danışıb. Bildirib ki, orta və uzunmüddətli perspektivləri müəyyənləşdirən Strateji Yol Xəritəsində iqtisadi inkişafla yanaşı, təhsilin də inkişaf hədəflərinin müəyyənləşdirilməsi hər iki sahənin bir-biri ilə sıx əlaqədə olduğunu göstərir.
Davamlı inkişafın təmin edilməsində təhsilin mühüm amil olduğunu deyən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda təhsil sektorunun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Q.İsakzai təmsil etdiyi qurumun inkişaf proqramı çərçivəsində ölkəmizin digər təhsil müəssisələri ilə yanaşı, UNEC-ə də dəstək göstəriləcəyini söyləyib.
Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova dünyada yüksək texnologiyaların sürətlə inkişaf etdiyini nəzərə çatdıraraq, rəqəmsal təhsil mühitinin yaradılması ilə online təhsilin qaçılmaz olduğunu vurğulayıb.
Konfrans “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında sessiyalarda işini davam etdirib. Sessiyalarda yerli və xarici ekspertlərin məruzələri dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
Tarix: 14-03-2017, 10:05