Təhsil nazirinin Türkiyəyə səfəri
Fevralın 23-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub.
Nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət edib. Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyulub.
Təhsil naziri xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra təhsil naziri Mikayıl Cabbarov Ankarada yerləşən Heydər Əliyev məktəbinə baş çəkib, məktəbin fəaliyyəti ilə tanış olub və şagirdlərin önündə çıxış edib.
Günün ikinci yarısında Mikayıl Cabbarov Türkiyə Respublikasının milli təhsil naziri İsmet Yılmazla görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bundan sonra təhsil naziri Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədri Mehmet Köse ilə görüşüb. Görüş zamanı iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsi, o cümlədən müxtəlif təqaüd proqramlarının tətbiq olunması və digər məsələlər müzakirə edilib.
Tarix: 14-03-2017, 09:55