Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin 2017-ci il üçün Tədbirlər Planının 2.1.1.2 bəndindən (“Elektron Təhsil” Respublika müsabiqəsinin davam etdirilməsi) irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim”, “Şagird” və “Tələbə” istiqamətləri üzrə “Elektron Təhsil” Respublika müsabiqəsi keçirilsin.
2. “Elektron Təhsil” Respublika müsabiqəsi haqqında “Əsasnamə” (bundan sonra- Əsasnamə) və müsabiqənin Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı əlavələr).
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını, mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (A.Abuşov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsin.
5. “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi ilə bağlı 2017-cı il üçün xərclər smetası təsdiq edilsin (3 saylı əlavə).
6. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı məlumatların “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 iyul 2017-ci il
Tarix: 19-09-2017, 10:34