Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2017-2018-ci dərs ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən, “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Sağlam təhsil - sağlam millət” pilot layihəsinin tətbiqinə başlanmışdır. Hal-hazırda layihə Bakı və Sumqayıtda 35 tam orta məktəbdə icra olunur.
Təhsilalanların təhsil nailiyyətlərinin yüksəldilməsi ilə yanaşı həm də sağlamlıqlarının qorunması müstəsna əhəmiyyət daşıdığını nəzərə alaraq, layihənin tətbiqini genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2017-2018-ci dərs ilində Bakı və Sumqayıt şəhərləri üzrə “Sağlam təhsil - sağlam millət” layihəsi tətbiq olunan və layihəyə yeni cəlb olunan ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsinə (A.Əhmədov) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (M.Vəliyeva) tapşırılsın ki:
2.1. “Sağlam təhsil - sağlam millət” pilot layihəsinin tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarfiləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilati işlər həyata keçirilsin;
2.2. “Sağlam təhsil - sağlam millət” pilot layihəsinin mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər;
2.3. Ümumtəhsil müəssisələri ilə layihənin tətbiqini əlaqələndirsinlər;
2.4. Azərbaycan Respublikasının Təhsil İnstitutu (E.Əmrullayev) müvafiq tərəfləri cəlb etməklə layihənin dərs ili ərzində mütəmadi monitorinqini, həmçinin pilot layihə çərçivəsində bu günədək əldə olunmuş nəticələrin təhlilini həyata keçirsin və gələcəkdə layihə çərçivəsində aparılacaq tədqiqatlara dair təkliflər təqdim etsin;
3. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) ayrılmış büdcə vəsaiti çərçivəsində “Sağlam təhsil - sağlam millət” layihəsinin tətbiqi ilə əlaqədar yalnız fiziki indikatorlara təsir edən amillər üzrə müvafiq mal, iş və xidmətlərin satın alınmasını, siniflərin təmirini və digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) “Sağlam təhsil - sağlam millət” pilot layihəsinin tətbiqi barədə kütləvi informasiya vasitələrində, o cümlədən müvafiq internet səhifələrində ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 iyul 2017-ci il


Tarix: 19-09-2017, 10:32

Xəbəri paylaş