Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası

1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumtəhsil məktəblərindəki (bundan sonraməktəblərdə) məktəbəhazırlıq qruplarına uşaq­ların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi qaydalarını tənzimləyir.
2. Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.
3. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul oluna bilər.
4. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qrup­larına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur.
5. Hər hansı bir ümumi təhsil müəssisəsində məktəbəhazırlıq təhsili almış uşaqlar həmin təhsil müəssisəsində birinci sinfə qəbul edilirlər. Yaranmış vəziyyətə görə, bir məktəbdə məktəbəhazırlıq təhsili almış uşağin digər məktəbdəki I sinfə qəbulundan imtina edilməsi yolverilməzdir.
6. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqus­tun 15-dən sentyabrın sonunadək aparılır. Qəbul üçün aşağıdakı sənədlər tələb edilir:
6.1. məktəbin direktorunun adına ərizə;
6.2. uşağın mübadilə vərəqəsi;
6.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
6.4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli.
7. Məktəbəhazırlıq qrupları təşkil olunan məktəblərdə sənədlərin qəbulu günləri və saatları, tələb olunan sənədlər, sənədləri qəbul edən şəxsin adı, soyadı və əlaqə telefonları, açılacaq qrupların sayı, eləcə də tədris dili, məşğələlərin başlanıb yekunlaşdırılması, nümunəvi ərizə forması barədə məlumatlar yerləşdirilir.
8. Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin il IV sinif aparan və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.
9. Məktəbəhazırlıq qrupunda işləyən müəllim növbəti dərs ilində əmək fəaliyyətini davam etdirə bilmədikdə həmin qrupdan formalaşmış birinci sinif Pedaqoji Şuranın qərarı ilə məktəbin digər ibtidai sinif müəlliminə verilə bilər.
10. Məktəbəhazırlıq qruplarında uşaqların minimum say həddi aşağıdakı kimi müəyyənləşdirilir:
10.1. qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün
- ən azı 10 uşaq;
10.2. şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün
- ən azı 15 uşaq;
10.3. məktəbəhazırlıq qruplarında 1 (bir) məşğələnin müddəti 30 dəqiqədir.
11. Uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, məktəbəhazırlıq qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional təhsil idarələrinin (ərazi maliyyə hesablaşma mərkəzlərinin) razılığı əsasında yaradılır.
12. Məktəbəhazırlıq qrupunda təhsil alan uşağın yerdəyişməsi Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şa­girdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun həll edilir.
  13. Dərs ili ərzində yerdəyişmə ilə bağlı qrupda uşaqların sayının azalması məktəbəhazırlıq qrupunun fəaliyyətinin davam etməsinə təsir göstərmir.


Tarix: 19-09-2017, 10:28

Xəbəri paylaş