Tələbə-könüllülər “Bakı Marafonu-2017”də
İyunun 21-də Təhsil Nazirliyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş “Bakı Marafonu-2017”də iştirak edən tələbə-könüllülərlə görüş olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib və onlara göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. “Bir” Tələbə- Könüllü proqramının “Bakı Marafonu-2017”nin keçirilməsinə göstərdiyi dəstəyi diqqətə çatdıran nazir müavini bildirib ki, marafonda bu proqramın 400-ə yaxın tələbə-könüllüsü iştirak edib. Dövlət Bayraq Meydanından başlayan və Bakı Olimpiya Stadionunda başa çatan “Bakı Marafonu”nun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı haqqında məlumat verən təhsil nazirinin müavini bildirib ki, proqram ölkəmizin 7 şəhərində yerləşən 36 ali və orta ixtisas təhsili müəssisəsini əhatə edir. 11000-ə yaxın könüllü bazasına sahib olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə keçirilmiş 150-yə yaxın müxtəlif səviyyəli tədbirləri müşayiət edib, bir sıra aksiyalar təşkil edib. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.
Sonra “Bir” Tələbə-Könüllü proqramına təşəkkür plaketi təqdim olunub.
Qeyd edək ki, “Bakı Marafonu – 2017”nin icraçıları və tərəfdaşları ilə 11 ali təhsil müəssisəsində təqdimatlar keçirilib. May-aprel aylarını əhatə edən tədqimatlarda 3000-ə yaxın müəllim və tələbəyə “Bakı Marafonu-2017” yarışı, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.
“Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 30 ali və orta ixtisas təhsili müəssisəsində tələbələrin məlumatlandırılması üçün "Bakı Marafonu-2017“ posteri yerləşdirilib və marafonda iştirak etmək istəyən tələbələr üçün “BİR” könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Eyni zamanda "Bakı Marafonu-2017"yə hazırlıq məqsədi ilə keçirilən əyləncə və məşq günü tədbirində “Bir” tələbə-könüllülər də iştirak edib.
Tədbirdə tələbə-könüllülər “Bakı Marafonu” üçün qeydiyyat, tədbir iştirakçılarının qarşılanması, məlumat verilməsi və digər işlərdə könüllü qismində fəaliyyət göstəriblər.
“Bir” Tələbə-Könüllü proqramının sosial şəbəkələrdəki səhifələrindən "Bakı Marafonu-2017" barədə paylaşılan məlumat, canlı yayım, şəkil və videolar 60 mindən çox insana çatdırılıb.
Tarix: 4-08-2017, 11:10