Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 
“Mayın 3-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, bu sahənin cəmiyyətdə rolunu, şəxsiyyətin formalaşmasında əhəmiyyətini yük­sək qiymətləndirib. Nazir dahi şəxsiyyətin təhsillə bağlı dəyərli ideyalarının ölkəmizdə təhsil islahatlarının istiqamətlərini müəy­yən­ləş­dir­diyi­ni, onun tövsiyələrinin təhsil sisteminin əsas proqramına çevrildiyini vurğulayıb. Ulu öndər tərəfindən əsası qoyulan mühüm islahatların son 14 ildə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən təhsil naziri ölkənin sosial-iqtisadi, intellektual-mənəvi yüksəlişinə güclü təkan verildiyini və inkişafın Azərbaycan modelinin formalaşdırıldığını diqqətə çatdırıb.
Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Son illərdə təhsil islahatlarının yeni düşüncəli, geniş dünyagörüşlü, səriştəli və bacarıqlı gənclərin hazırlanmasına yönəldiyini qeyd edən nazir təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib. Nazir qeyd edib ki, gənclərimizin əsl vətəndaş kimi yetişdirilməsi üçün hər bir məktəblinin vətənə məhəbbət ruhunda tərbiyə olunması, milli özünüdərk və milli iftixar hissinin aşılanması mühüm əhəmiyyət kəsb edir.
Təhsil naziri ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şa­girdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların layiqli vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini bildirib.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb, qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub.
  Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.


Tarix: 6-06-2017, 10:52

Xəbəri paylaş