“Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib.
Layihənin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret) qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılmasından ibarətdir.
Təhsil Nazirliyinin razılığına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən layihə çərçivəsində keçirilən tədbirlərdə məktəblərin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və valideynlər iştirak edib.
Tədbirlərdə ölkədə uğurla həyata keçirilən ailə, qadın və uşaq siyasəti ilə bağlı şagirdlər məlumatlandırılıb, Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği, valideyn-uşaq-məktəb üçlüyündə yaranan aktual problemlərin həlli yolları, erkən nikah və qan qohumluğu əsasında yaranan nikahların yaratdığı fəsadlar, internet təhlükəsizliyi, zərərli vərdişlərə qarşı mübarizə kimi mövzular ətrafında çıxışlar dinlənilib.
“Mən həyatı seçirəm”, “Ailənin sosial-psixoloji xüsusiyyətləri” mövzusunda çıxışlarda müəllimlər və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması, yeniyetməlik dövrünün çətinlikləri, ailədə baş verən konfliktlərdən qorunma yolları, məişət zorakılığı və erkən nikah hallarına qarşı mübarizə kimi mövzular barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Layihə çərçivəsində keçirilən tədbirlərdə “Azərbaycan ailəsi 2016” film festivalına təqdim olunan “Ailə bir ağacdır” və “Dəyər” filmləri nümayiş olunub.
Sonda şagirdlərlə birgə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Tarix: 8-05-2017, 11:39