Təhsil Nazirliyində mətbuat konfransı
Fevralın 15-də təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirib.
Nazir qeyd edib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.
Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Nazir təqaüd sisteminin təkmilləşdirilməsinin ölkə Prezidentinin təhsilə qayğısının bariz nümunəsi olduğunu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Mətbuat konfransında məlumat verilib ki, ölkə Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq.
“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.
Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.
2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Tarix: 13-03-2019, 15:29