Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyaya səfər edib

 

Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfəri çərçivəsində noyabrın 23-də Azərbaycan Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak edib.
Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın yeni təyin olunmuş milli təhsil naziri Yekaterina Andronesku və nazir müavini Gigel Paraskiv ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov 24-25 may 2017-ci il tarixində ADA Universitetində keçirilən Azərbaycan-Rumıniya Uni­versi­tet­lər­arası forumunda iştirak etmək üçün rumıniyalı həmkarının ölkəmizə səfərini, o cümlədən Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin, Azərbaycanda Rumıniyaşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluq hissi ilə qeyd edib. Görüşdə nazir müavini həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında ali və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edilib.
Daha sonra nazir müavini Buxarest Politexnik Universitetinin Qabaqcıl Tədqiqatlar Mərkəzini ziyarət edib.
***
Firudin Qurbanov səfər çərçivəsində Buxarest Politexnik Universiteti ilə tanış olub və bu ali məktəbin rektoru Mihnea Costoiu ilə görüşüb. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin ikili diplom proqramları, birgə layihələrin və təşəbbüslərin maliyyələşdirilməsi ilə bağlı Avropanın müvafiq strukturlarına müraciət etmək imkanlarının nəzərdən keçirilməsi, qarşılıqlı təqaüdlərin tətbiqi, doktorantura səviyyəsində elmi təcrübələrin keçirilməsinin təşkili, tələbə və müəllimlərin akademik mübadiləsi və əməkdaşlığı ilə bağlı məsələlər üzrə söhbət aparılıb.
Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu öz növbəsində ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Buxarest Politexnik Universiteti Rumıniyanın ən qədim, böyük və nüfuzlu universitetlərindən biridir. Bu il universitet 200 illiyini qeyd edir. Hazırda təhsil müəssisəsində modelləşdirmə prosesi davam edir. Avropa və beynəlxalq universitetlərlə sıx əməkdaşlıq edən universitet öz missiyasını təhsil, tədqiqat və innovasiyaların birləş­dirilməsində görür ki, bu da bilik iqtisadiyyatına əsaslanan cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir.
Universitetin məqsədi Cənubi-Şərqi Avropada aparıcı tədqiqat ali məktəbi olmaqdır.
“E-CORDA”nın baza məlumatlarına əsasən, Buxarest Politexnik Universiteti Avropa İttifaqı tərəfindən elmi tədqiqatları maliyyələşdirilən proqramlar üzrə Rumıniyada birinci yerdədir. Universitet elektrotexnika, kompüter və informasiya texnologiyaları, kimya mühəndisliyi, tibbi mühəndislik, robototexnika və digər müasir istiqamətlər üzrə fəaliyyət göstərir.
  Hazırda universitetdə 30 minə yaxın tələbə təhsil alır. Onlardan 3 mini xarici vətəndaşlardır. Universitetdə tədris ingilis, fransız və alman dillərində aparılır. Ərazisi 50 hektar və 29 yataqxanası olan ali məktəbdə böyük idman kompleksi fəaliyyət göstərir.


Tarix: 11-12-2018, 13:19

Xəbəri paylaş