I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 12-də keçirdiyi qəbul imtahanında I və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlər müəyyənləşib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda I ixtisas qrupu üzrə maksimum nəticə olan 400 balı 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər toplayıb.
I ixtisas qrupu üzrə qəbul imtahanının hər iki mərhələsinin nəticələrinin cəminə görə ən yüksək göstərici 697,5 bal olub. Bu nəticəni Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Zəfər Həsənli və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin məzunu Aysu Məhərrəmli əldə edib.
IV ixtisas qrupu üzrə isə hər iki mərhələnin yekun nəticələrinə əsasən ən yüksək göstərici 700 bal olub. Maksimum nəticəni Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə göstərib.
Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində maksimum 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Ali təhsil müəssisələrinə qəbul müsabiqəsi hər iki mərhələdə toplanılan balların cəmi əsasında aparılır.
Tarix: Bu gün, 20:16
