Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bədii əbiyyatda təbii simvolik obrazın tədrisinin əhəmiyyəti

 
 
İqbal Məmmədov,
Şamaxı rayonu A.S.Qəhrəmanov adına
Nağaraxana kənd orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi

Poeziya tariximizdə təbiət obrazlarının ulu bir salnaməsi var. Zəngin folklorumuzdan başlamış bu günə kimi söz sənətində təbiət lövhələrinin geniş simvolik ümumiləşdirmələr, fəlsəfi ideyalar material verən ədəbi-bədii sistemi yaranmışdır. Bir çox əsərlərin yalnız libası təbiətdir, mayası isə milli, bəşəri düşündürmələrdir. Ümumilikdə füsunkar təbiət xalis ictimai obrazdır. Coğrafi, bioloji, astronomik adlar sadəcə ad deyil, gözəllik anlayışları və ya əxlaqi meyarlardır. Təbiəti insan föv­qündə təsvir etmək əsərin fəlsəfi mahiyyətini artırır. Söz sənətkarı ictimai fikri söyləmək üçün təbiətə xitab edir. Hadisələrə sosial məna verməklə təbii vahidləri dominant dəyərlərindən uzaqlaşdırır. Beləliklə, təbiət bir obraz olaraq estetik duyum kəsb edir, simvollaşır. Təbiət öz gözəlliyi, əzəməti, təravəti ilə bədii əsərin ruhunu, tərzini zamanla, dövrlə, şəraitlə, xüsusilə müəllifin şəxsi duyğuları ilə əlaqələndirir. Ədəbiyyatımızda ucalıq, vüqar rəmzi olan dağlar əzəməti, gözəlliyi ilə insanı riqqətə gətirən coğrafi məkandır. Bədii əsərlərdə dünyanın dağ vüqarı insan vüqarının rəmzidir:
Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. (Atalar sözü)
Şair, qayalara, dağlara söykən. (M.Araz)
Dağlar şairin dərdini, zəmanəsinə etirazlarını söyləmək üçün ümid, pənah yeri sirdaşıdır. Kor­oğlu da əyilməz dağları özünə yaxın sirdaş, əzəli məskən və həmdəm bilir:

Taladım şahları hələ az dedim,
Türfə gözəllərə işvə, naz dedim,
Neçə tacir-tüccar səndə gizlədim,
Açmadın sirrimi, sirdaşım dağlar.
(“Koroğlu”dastanı)

Aşıq Ələsgərin “Dağlar” rədifli qoşmalarında dağlar yenilməz, vüqarlı, ədalətli, mehriban olduğu qədər də haqsız və sərtdir:

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Dağların zahirən günahkar tutulması, narazılıq, şikayət bədii priyomdur. Aşığı narahat edən dövrün haqsızlığı, ictimai quruluşdur. Duman, çiskin timsalında zülm və ədalətsizlik, dağların timsalında zəmanə nəzərdə tutulmuşdur. Təbiətin nemətləri, təbii gözəlliklər sənət adamının psixoloji, ruhi vəziyyətlərini əks etdirir. Təbiət sənətkarın məhəbbət tərəfdaşıdır; o, təbiəti özünə tabe etdirmək istəyir, ancaq özü də bilmədən onun əsirinə çevrilir. Şeirlər həsr edir, mahnılar qoşur, bir sözlə, təbiəti müqəddəsləşdirir. Beləcə, təbiət gözəllikləri dövrün ruhuna və ahənginə, sənətkarın dünyagörüşünə və təxəy­yülünə xas olan tərzdə tərənnüm olunur. Bənövşə çiçəyi ilin bircə ayını yaşayır, həcmcə çox kiçikdir, dəstəyə belə gəlmir, ancaq ətri ilə aləmi məst edir və ən sərt ürəyi belə yumşaltmağa qadirdir. Elə bil ki, boyunun balacalığından xiffət çəkir və buna görə boynu bükükdür. Xalq arasında zəriflik, gözəllik, ədəbiyyatda isə daha çox talesizlik, nakamlıq rəmzi kimi işlədilir. Aşıq Qurbani dərdli, nisgilli, köməksiz insanlara işarə etməklə: “Heç yerdə görmədim düz bənövşəni” - deyir və dövrünün ciddi sosial həqiqətini boynuburuq bənövşə timsalında söyləyir.
Bəxti kəm, zəmanədən min əzab görən, həsrət çəkən, yol gözləyən obrazlar kiçicik bənövşə çiçəyinin arxasında pərdələnirlər:

Üzündə gördüyüm nə intizardır?
Qəlbində Vaqifin sirrimi vardır?
Gəl ondan söz açma indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə.
(S.Vurğun)

Təbiətin həcmcə ən böyük (dağ) və ən kiçik (bənövşə) vahidləri, onlar arasında bitib-tükənməyən coğrafi, bioloji, astronomik varlıqlar hərəsi bir bədii obrazdır - gizli fikirlərin ifadəsi üçün uğurlu lakonik vasitələrdir. Ümumiyyətlə, təbiətdən simvol kimi istifadə realist gerçəkliyin təsvir imkanlarını artırır. Təbiətin qanunauyğun hərəkətinin insan əxlaqına təsir edə biləcəyini bilən sənətkar real axına simvolik qanad taxmaqla oxucunu ciddi düşüncələrə qərq edir. Cümhuriyyət dövrü ədəbiyyat nümayəndələrinin sovet hakimiyyətinin ilk illərindəki ədəbi fəaliyyətində poeziyanın`müştərək simvolikası yaranır, romantika və bədii obrazlılıq təbiətə köklənir. Dağlar, dəniz, Göy göl, dəli Kür, dan ulduzu, hilal, duman, küləklər və s. metaforik xitablar dərdi, nisgili açıqda tül örtüyə bürüyən simvolik vasitələrdir. Ə.Cavad, M.Müşfiq kimi şairlərin yaradıcılıqlarında rəmziliyin başlıca vasitələri Azərbaycan təbiətinin mənzərələridir:
Aya, hankı cəlladın pəncəsinə keçdiniz?
Neçin böylə qəddiniz sındı, büküldü, dağlar?
(M.Müşfiq)

Əyil, Kürüm, əyil, keç,
Dövran sənin deyil, keç.(Ə.Cavad)
Sovet imperiyasının əsarət mən­gənəsi, cəllad pəncəsi millətimizin dağ vüqarını elə sındırdı ki, qüdrətdən əyilməz dağların qəddi büküldü, coşqun “Kürlər” əyilə-əyilə axmağa məcbur oldular. Sözünü aşkar deməyə çəkinən söz sənətkarları “ismarıclarını” təbiət vasitəsilə ünvana çatdırmağa başladılar. Ə.Cavadın “Göy göl” şeirində gizli rəmzlərin təbii predmetlər olduğu aydın görünür: ...Dumanlı dağlara gələn suala...

...Qoynunda yer vardır ulduza, aya...
...Dolanır başına göydə buludlar... və s.

Misradan göründüyü kimi, Göy­göl bütövlükdə Vətən anlamını ifadə edir. Gölün ətrafını bürüyən duman sovet rejiminin qatı əsarəti, ay, ulduz vətənə qovuşmaq istəyən yüzlərlə mühacir vətən övladının timsalı, Gölün başına dolanan, ayın, ulduzun qarşısını kəsən lar buludlar isə vətən həsrətli soydaşlarımızın arzusunu ürəyində qoymaq istəyən qara qüvvələrin rəmzidir. Buna baxmayaraq şair qərib həmvətənləri ilə əlaqə vasitəsini yenə təbiətdə tapır, küləkləri özünə həmdəm bilir:
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
Mühacirət ədəbiyyatının rəmz­ləri də məhz Vətən təbiətinin gözəllikləridir. Vətəninin işğal həqiqətini söylədiyi üçün mühacir həyatına məhkum olunan şair və yazıçılar üçün qürbət eldə vətən əlçatmaz bir məkandır. Bu acı həqiqət onların yurd sevgisi hissini məhv edə bilmir. Əksinə, təbiətimizin adi tərkib hissələri qərib şairlərin duyğularında qüvvətli rəmzlərə çevrilərək onları vüsala səsləyir. Bir şairin intizar və həsrət duyğuları yanıqlı zümzümə və nəğmələrdən keçərək əzəmətli poeziya səviyyəsinə yüksəlir.
Qəriblik bir mövzu olaraq ədəbiyyatımızın bütün dönəmlərində diqqət çəkmişdir. Vətənindən didərgin düşən Xaqani vətən həsrətli şeirlərində təbiətə sığınır. Savalan dağının timsalında vətənə müraciət edən şair Şamaxı və Təbriz şəhərlərini vətənin ayrılmaz parçaları hesab edir. Şamaxıdan əbədilik ayrılsa da, qəlbindəki dağ qədər intizara, dərya qədər göz yaşlarına baxmayaraq, şair Təbrizdə də xoşbəxtdir:

Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.

Qərib şairin dərdini, kədərini bölüşə biləcəyi yeganə həmsöhbəti təbiətdir. Öz taleyinə uyğun rəmzi təbii predmetlərə daha çox müraciət edir, öz şikayətini, giley-güzarını onlarla bölüşür. Qəlbindəki simvolik sirri təbiətə söyləməklə onu özünə həmdərd seçir, bütün narazılıqlarını, ictimai fikrini təbiətə xitabən ifadə edir. Bir çox şairlərin yaradıcılıqlarında vahid məna ifadə edən durna qatarı bir obraz kimi fəraq, qəriblik rəmzi mənasını daşıyır. Vidadinin, Vaqifin, Zakirin durnalara müraciətlə yazdıqları qoşmalarda eyni motiv hiss olunur. Durnalar da qəribdir. Bu mənada şairlər onları özlərinə həmdərd hesab edirlər. Ancaq durnaların fiziki azadlığı şairlərdə qibtə hissi oyadır:

...Oxuduqca şirin-şirin diliniz
Bağrım olur şana-şana, durnalar.
(M.V.Vidadi)

Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, durnalar.
(M.P.Vaqif)

Yoxsa, danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başə,durnalar.
(Q.Zakir)

Bununla belə, şairlərin hər biri durnalara ahəstə keçməyi tapşırır ki, “şahinlər”, “laçınlar” onların azad həyatını pozmasınlar. Bu da ictimai fikrin simvolik ifadəsidir:

Şahin, şunqar sürbənizi dağıdar,
Boyanarsız qızıl qana, durnalar.
Saqın gəzin laçın gözü görməsin,
Qorxuram səfiniz poza, durnalar.
Laçın yatağıdır bizim məkanlar...
Qorxuram sürbəniz çaşa, durnalar.

Vətən həsrəti Azərbaycanda demokratik respublika devrildikdən sonra doğma vətənindən didərgin düşmüş söz sənətkarlarının yaradıcılıqlarında incəliklə canlandırılmışdır. Təbiətin vahidləri mühacir ədiblərin qələmində uğurlu simvola çevrilir, kövrək qəlblərdə incə duyğular oyadır.
Çağlayan günlərində sənət meydanına atılan, sovet hakimiyyətinin ilk illərində bu rejimi məhəbbətlə tərənnüm edən A.İldırım, təəssüf ki, doğma yurdunun məşəqqətlərə düçar olduğunu görür. Bununla da yaradıcılığında ideya dönüşü yaradır və nəticədə sovet istilasından qaçmaq, qalan ömrünü mühacirətdə keçirmək məcburiyyətində qalır. İlk əvvəllər açıq etiraz öz həyatı üçün təhlükə olduğundan şair gizli işarə və simvollarla ifadə yolunu seçir. Bunun üçün o, təbiətə baş vurmalı olur. “Bakı” şeirində bunu asanlıqla duymaq olur:

Aləmə bahar gəldi, sənə yağmur qar yağır.
Gündüzlərin dumanlı, gecələr dilsiz yağır.

“Əsir Azərbaycanım” şeirində güclü kədər, ah-nalə, eyni zamanda böyük qəzəb var. Qərib şairin küləklər vasitəsilə göndərdiyi salamda, haradasa, bir ümid işığı parlayır. Ağrı dağdan Alagözə, Alagözdən də Xəzərə ötürülən salam adi hal-əhval deyil, “Xəzəri” coşdurmaqla sərsəm addımların qarşısını almaq-xalqı mübarizəyə, oyanışa səsləmək üçün xüsusi metanimik rəmzdir:

Salam desəm rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!
Əmr etsə, bu sərsəm gediş dursa oy!

Məqsədimiz Azərbaycan ədəbiyyatında simvolun inkişaf dinamikasını, bədii emosional qüdrətini, bəşəri, milli mahiyyətini, yüksək amallara çağırış funksiyasını izah etmək, eyni zamanda müəllif niy­yətinin əsərin fəlsəfi ideyasının tərkib hissəsi olduğunu və bunun simvol vasitəsilə ifadə olunduğunu nəzərə çatdırmaqdır. Simvolun təsvir vasitəsi sərhədlərini aşaraq daha böyük mətləbləri ifadə etməsi, nədənsə nəzərdən qaçır. Təəssüflər olsun ki, sovet dövrü ədəbiyyatşünaslığında da simvol sənətkar dünyagörüşündə ziddiyyət yaradan, ideyaca zərərli bir üsul kimi göstərilmiş, bir növ XIX əsrin sonu XX əsrin əvvəllərində Avropada yayılan simvolizm ədəbi-fəlsəfi cərəyanına uyğunlaşdırılmışdır. Simvolizm mürtəce bir cərəyan kimi ədəbiyyatı gerçəkliyə qarşı qoyurdu. Pessimizm və ümidsizlik ifadə edən simvolistlər anlaşılan simvolların köməyi ilə mistik dünya sirlərini ifadə etməyə çalışırdılar. Onların dini-fəlsəfi konsepsiyasına görə real aləm ağılla, idrakla deyil, sənətkarın intuisiyası, uydurduğu simvol vasitəsilə dərk olunur. Onlar realizmi tamamilə inkar edirdilər. Bu mənada - “Mücərrədlik ifadə edir”,- deyə simvolik məna kəsb edən obrazlar sovet ədəbiyyatının xarakterinə -“realizminə” zidd hesab olunurdu. Haqqında bəhs etdiyimiz simvol isə nə simvolizmin, nə də sosializm realizminin təsir dairəsindədir. Azərbaycan ədəbiyyatında simvol xalqımızın dünyagörüşündə, xarakterində, məişətində vaxtilə özünü göstərən amilləri-həqiqətə, azadlığa qovuşma arzularını, birlik, mübarizə ideyalarını əks etdirən bədii, fəlsəfi, əxlaqi meyarlardır. Söz sənətkarlarımız tərəfindən uğurla yaradılan simvollar xalqımızın heç zaman unudulmayan, milli yaddaşını təzələyən, yaşadan, nəsillərdən nəsillərə ötürən ədəbi və əbədi dəyərləridir.
  Sözün simvolik mənasındakı fik­rin başa düşülməsi bir sıra çətinliklər yaradır Əsərin ideyasının başa düşülməsi üçün müəllifin yaşadığı dövrü, tarixi şəraiti, ədəbi mühiti, dil qanunauyğunluqlarını düzgün müəyyənləşdirmək lazımdır. Belə olmadıqda sənətkarın oxucuya çatdırmaq istədiyi gizli fikri anlamaq şagirdlər üçün qaranlıq qalır. Öz dövrü üçün əhəmiy­yətli olan, maraq dairəsinə, əqidəsinə uyğun ictimai fikri üstüörtülü ifadə edən sənətkar tarixi rəmzlərdən fəlsəfi simvollardan istifadə etməklə real hə­qiqətləri öz müasirlərinə, tarixi faktları isə gələcək nəsillərə çatdırmağa çalışır. Şagirdlərin həyat təcrübəsi az olduğundan onlara düzgün istiqamət vermək müəllimlərin üzərinə düşür. Bu mənada ədəbiyyatımızın bədii-fəlsəfi mahiyyətinin düzgün qavranılması üçün təbii, fəlsəfi simvolların mənalarının, əlamətlərinin öyrənilməsi və öyrədilməsi ədəbiyyat tədrisinin ən vacib məsələlərindən biridir.     


Tarix: 4-08-2017, 12:36

Xəbəri paylaş