Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MİLLİ TƏHSİL "ŞAİQ NÜMUNƏ MƏKTƏBİ"NDƏN BAŞLAYIR

  
Arzu Əhməd Hacıyeva,
AMEA-nın Nizami adına Ədəbiyya­t İnstitutunun böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

“Diyorlar ki, müəllimlik sənəti xüsusi bir istedad və qabiliyyət məsələsidir. Bu sənətdə müvəffəqiyyət, bilxassə ruhdakı gözəlliyə tabedir. Şaiqin iyi bir müəllim və mürəbbi olacaq nə gözəl ruhu vardır. Şaiq tam mənası ilə məsləkini məfkureyi-ruhunda canlandırmış bir şəxsiyyətdir. O həyatın hər dürlü (hər cür - red) çirkinliklərindən, ifratdan, xəyanətdən, hiylə­gərlikdən, yalançılıqdan, hə­sədçilikdən, kibr və qürurdan, xudbinlikdən, tənbəllikdən, xülasə gərək bir fərdin ruhunu və gərək bir cəmiyyətin yaşamaq qabiliyyətini məhv edən hər dürlü fənalıqlardan kəndisini mühafizə etmişdir. Biz bütün müəllimlər ruhən Şaiqə bənzəyə bilərsək, nə mutlu!” Bu sözləri Şaiq Nümunə Məktəbinin müəllimlərindən Xəlil Fik­rət demişdi.
Ədib xatirələrində yazır. “Mənə: “Müəllimliyə sərf etdiyin vaxtı və enerjini yaradıcılığa sərf etmiş olsaydın, bu gün sənin daha kamil bədii əsərlərin olardı” deyənlər çox olmuş. Ancaq mən bu gün yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm" (A.Şaiq. Əsərləri. Vc., Bakı, Yazıçı, 1978, səh. 361). Həqiqətən də, xalqının rifahını, tərəqqisini şəxsi ambisiyalarından yüksəkdə tutan ziyalı olaraq, Şaiq məşhurlaşmaq, şan-şöhrətə sahib olmaq, yolunu seçmədi. Bütün həyatını, potensialını daha ağır əmək tələb edən bir işə - müəllimliyə həsr etdi.
Milli mənlik şüuru yeni-yeni oyanmağa başlayan Azərbaycan xalqı bütün sahələrdə, o cümlədən təhsildə də ciddi maneələrlə qarşılaşırdı. Çar hökuməti milli özünüdərk prosesinin qarşısını almaqdan ötrü müxtəllif üsullara əl atırdı. Məktəblərdə ana dili fənni məcburi deyildi. Şagird ərizə ilə müraciət edib ana dili fənnindən azad ola bilərdi. Ana dili müəllimi başqa fənn müəllimlərinin aldığı məvacibin beşdə birini alırdı. Milli dil və milli mədəniyyət hər vəchlə gözdən salınırdı. Belə mühitdə gözünü açan, dünyagörüşü formalaşan azərbaycanlıların öz soy-kökünə, mədəniyyətinə münasibəti necə ola bilərdi?! Ən əsası – gələcəkdə onları nə gözləyirdi?! Abdulla Şaiqi gecə-gündüz çalışmağa, qələmi süngüyə çevirməyə vadar edən acı həqiqət bu idi.
Abdulla Şaiqin Azərbaycan xalqının milli özünüdərk prosesinin həlledici mərhələsində öz tarixi yeri və zamanı etibarilə uğurlu olan fəaliyyəti miqyası və mahiyyəti baxımından çox nəhəngdir. Onun böyük zəhmətlər bahasına başa gətirdiyi bu işlər Azərbaycan xalqının tarixi müqəddəratının, taleyinin həll olunduğu dövrə təsadüf etdi. Şaiq yazır: “Çar Rusi­yası öz ana dilini unutdurmaq və yerli xalqı get-gedə ruslaşdırmaq siyasətini həyata keçirməyə çalışırdı. Çarizmin yürütdüyü bu siyasətlə çarpışmaq, uşaqlarımıza öz ana dilini sevdirmək və savadlandırmaq üçün müxtəlif vasitələr düşünürdüm. Hər sinifdə çar hökumətinin ana dili və ədəbiyyatımız haqqında yürütdüyü siyasətin iç üzünü açıb söyləməklə tələbələrdə milli şüur oyatmağa çalışırdım” (A.Şaiq. Əsərləri. V c, Bakı, Yazıçı, 1978, səh. 358)
Tanınmış ədəbiyyatşünas Yaşar Qarayevin Abdulla Şaiqi pedaqoji intibahın görkəmli nümayəndəsi adlandırması təsadüfi deyildi. A.Şaiq milli təhsili gücləndirmək üçün üç istiqamətdə çalışırdı. Bir tərəfdən çar idarəsinin senzurası ilə gizli şəkildə iş aparan Şaiq gecəsini gündüzünə qatır, dərsliklər üçün əsərlər yazır, həm də digər nümunələrin axtarışında olurdu. Bunun üçün o yalnız Azərbaycan ədəbiyyatını deyil, həm də Osmanlı və rus ədəbiy­yatını mütaliə edir, uşaqların yaş və maraq dairəsinə uyğun əsərlər seçirdi. Digər maneə ana dilində təhsil almaq istəyən şagirdlərin azlığı məsələsi idi. Valideynlər rus dilində təhsili daha yüksək təhsil hesab edir, övladlarının ana dilində təhsil almasına etiraz edirdilər. Bu barədə Şaiq Nümunə Məktəbinin şagirdi Vəli Hacıoğlu yazır: “Yenə qarşımızda bu ruslaşmış ataların ruslaşmış oğulları duruyor. Bu da çətin iş idi. Fəqət Şaiq buna da təhəmmül edərək zor ilə rus sinfindən onları çıxararaq türk sinfində əyləşdirdi, qaçdılar, bir millət çobanı kibi geri qaytardı və kəndisi başa keçdi...Hələ iyirminci sənədə hər müəllim qaçaraq para arxasınca qoşduqları zaman o məktəbi buraxmadı"(Abdulla Şaiq - 20. Bakı, Ağrıdağ, 2001, səh.31-32)
Həmin illəri Abdulla Şaiq belə xatırlayırdı: “Mən bu zaman Ali Pedaqoji İnstitutundan başqa Şərq fakültəsində, institut nəzdində mənim milliləşdirdiyim Şaiq texnikumu adını almış Nümunə Məktəbində və işçi fakültəsində çalışırdım. Ana dili, ədəbiyyat tarixi və poetikadan proqramlar, dərsliklər və başqa elmi materiallar olmadığından, həmin işlərin bir qismini Maarif Komissarlığı mənə tapşırdı. Zəif vücudumla gecə-gündüz çarpışaraq yoxluqdan bir varlıq yaratmalı idim. Gənc nəslə olan eşqim və zəhmətə olan həvəsim bu ağır işi keçirməkdə mənə yardım etdi. Bir tərəfdən müxtəlif proqramlar yazıb Maarif Komissarlığında təsdiq etdirir, bir tərəfdən ədəbiyyata məxsus dərsliklər tərtib edir, bir tərəfdən də ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsinə dair elmi materiallar hazırlayırdım. Gənc nəslimizə geniş və elmi məlumat vermək üçün gecə yarıya qədər çalışırdım” (A.Şaiq. Əsərləri. Vc., Bakı, Yazıçı, 1978, səh.).
1917-ci ildə çar hökumətinin verdiyi “Məktəblərin milliləşdirilməsi barədə qərar”ın ardınca A.Şaiq onsuz da gizli şəkildə həyata keçirdiyi missiyanı leqal formaya sala bildi. O, arzusunu tam şəkildə Azərbaycan Demokratik Respublikası dövründə həyata keçirdi. 1919-cu ildə A.Şaiqin təşəbbüsü ilə 3 aylıq ana dili kursu açıldı. A.Şaiq Q.R.Mirzəzadə, C.Cəbrayılbəyli, H.S.Səyyah və başqa müəllimlərin dərs dediyi həmin kursu bitirən 25 şagird üçün 49 rus sinfi olan Bakı birinci realnı məktəbinin nəzdində bir sinif açıldı. “Nümunə Məktəbi” tələbələrinin xüsusi seçilən geyimləri, döş nişanları, çiyinlərinə taxılmış xüsusi paqonları vardı. Məktəbi bitirəndə tələbələrə şəhadətnamə verilirdi.
1924-cü ildə həmin sinfi bitirən şagirdlər Azərbaycan maarifi tarixində ana dilində ilk orta təhsili alan şagirdlər oldular. Onlar gələcəkdə Azərbaycanda elm, mədəniyyət, ədəbiyyat sahələrində görkəmli yeri və xidmətləri olan ziyalılar idi. Sonralar Azərbaycan xalqının tarixi təka­mülündə önəmli rol oynayacaq milli təfəkkürlü ziyalılar həmin məktəbin yetirmələri idi. Şaiq Nümunə Məktəbi mədəniyyət sahəsinə T.Ş.Simurq, R.Axundov, C.Cabbarlı, M.Müşfiq, B.Talıblı, S.Rüstəm, Niyazi, Ə.Bədəlbəyli, Ş.Bədəlbəyli kimi tanınmış şəxsiyyətlər bəxş etmişdir.
10 il fəaliyyət göstərən “Şaiq Nümunə Məktəbi”nin müəllim heyəti azərbaycanlı və İstanbuldan gələn müəllimlərdən ibarət idi. “Nümunə Məktəbi”nin məzunu, hazırda EA-nın müxbir üzvü M.Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Süleyman Hikmət tarixi, İsmayıl Həqqi fizikanı, Durmuş Əfəndi riyaziy­yatı, Xəlil Fikrət psixologiyanı tədris edirdi. Yerdə qalan fənləri isə yerli müəllimlər aparırdılar. Mirzə Abdulla Şaiq, Feyzulla Qasımzadə ədəbiyyatı, Kərim Qazıyev riyaziyyatı, Qafur Rəşad Mirzəzadə, Camo Cəbrayılbəyli coğrafiyanı tədris edirdi” (M.Mürşüdlü. “Şaiq Nümunə Məktəbi. Azərbaycan məktəbi, № 5, səh.111-112).
İlk anadilli siniflərin açılması ilə bərabər ilk anadilli dərsliklərin tərtib edilməsi də bir neçə məsləkdaşı ilə birlikdə Abdulla Şaiqin adı ilə bağlıdır. “Gülzar”, “Qiraət”, “İkinci il”, “Türk çələngi”, “Türk ədəbiyyatı”, “Ədəbiyyatdan iş kitabı”, “Ədəbiyyat dərsləri” kimi 30-a yaxın dərsliyin bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifi də Abdulla Şaiq idi.
“Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi gündən-günə tərəqqi tapdı. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrıldı; aşağı şöbələr və siniflər – birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə - ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. O zaman Fətulla Rzabəyli tərəfindən Ali Pedaqoji İnstitutun artıq təməli qoyulmuşdu və onun arzusu ilə həmin 12-ci məktəb buraya köçürülərək institutun “Nümunə Məktəbi”nə çevrildi. “Nümunə Məktəbi”nin axırıncı sinif şagirdləri pedaqoji texnikumun əsas siniflərinə keçirildi” (M.Mürşüdlü. “Şaiq Nümunə Məktəbi”. Azərbaycan məktəbi, № 5, səh.113).
Şaiq Nümunə Məktəbinin tələbələrindən Saleh Salayev müəllimini belə xatırlayırdı: “Mübaliğədən heç qorxmayaraq iddia edə biləriz ki, heç bir tələbə tərəfindən heç bir müəllimin dərsi bu kadar cazibə ilə dinlənilməmişdir. Bu fitri müəllimin öylə bir ecazkar ifadəsi, öylə təsirkar tələffüzü var ki, ən laqeyd tələbə belə onu böyük şövq və həvəslə dinlər; Şaiq bəy dərs verərkən tələbəni o qədər cəzb edər ki, sinfində çəkilən nəfəslər belə duyuluyor” (A.Şaiq – 20,Bakı, Ağrıdağ, 2001, səh.16).
Şaiq Nümunə Məktəbinin digər tələbəsi, jurnalist Vəli Hacı oğlu müəlliminin həyata keçirdiyi ictimai missiyanın əhəmiyyətinə toxunurdu:“Bu binada ruslar arasında ilk olaraq türk məktəbi, türk siniflərinin təməli qoyulmuşdur. Bu bina həqiqi bir xalq ocağı olmuş, oluyor və olacaqdır da. İştə bu milliləşmə, bu türkləşmə də ilk dəfə olaraq Abdulla Şaiq bəyin səyi və əməli sayəsində hüsulpəzir olmuşdur” (A.Şaiq – 20, Bakı, Ağrıdağ, 2001, səh. 29-30).
1923-cü ildə Abdulla Şaiqin ədəbi və pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdi. Həmin tədbir tarixdə "Şaiq gecəsi" kimi xatırlanır. Kamal Talıbzadə yazır ki, "Yubiley 1923-cü ilin soyuq dekabr ayına təsadüf etmişdi. Şaiqin tələbələri gül-çiçəklə Verxni Naqornı 19-da (indiki Abdulla Şaiq küçəsi 21 "Abdulla Şaiqin Mənzil Muzeyi"nin binasında) yerləşən mənzilinə gələrək yubilyarı alqışlamış, sonra əlləri üstünə alaraq Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki Dövlət İqtisadiyyat Universitetinin) akt salonunda toplaşan, onu təlaşla gözləyən toplantı iştirakçılarının hüzuruna gətirmişdilər..." (K.Talıbzadə. Ön söz. Abdulla Şaiq - 20, Bakı, Ağrıdağ, 2001, səh 6)
Dövrün tanınmış maarif və mədəniyyət xadimlərinin, şagird, müəllimlərinin toplandığı bu tədbirdə şagird və valideynlərin istəyini nəzərə alaraq Xalq Maarif Komissarlığı məktəbə "Şaiq Nümunə Məktəbi" adını vermişdi.
  Ömrünü xalqının, millətinin tərəqqisi yolunda şam kimi damla-damla əridən Abdulla Şaiqin xidmətlərinə filosof-alim Yaşar Qarayev ən səmimi və ümumiləşdirilmiş qiyməti verirdi: “Azərbaycanda aydınlara həsr olunan ziyalı gecələri çox olub. Lakin təkcə “Şaiq gecəsi” bir istilah kimi ədəbiyyat tarixinə düşüb. Çox aydınların adı ilə bağlı məktəblər olub, ancaq təkcə bir məktəb (“Üçüncü gimnaziya”) milli pedaqoji fikir tarixinə öz banisinin adı ilə - “Şaiq məktəbi” kimi daxil olmuşdur. Ümumbəşəri vəhdət və bütövlük idealının bədii-fəlsəfi düsturu olan misra və beytlər çoxdur. Lakin məhz Şaiqin söylədiyi sözlər (Sent Ekzüperinin məşhur “Hamımız bir planetin sakinləriyik” kəlamından yarım əsr əvvəl!) bu gün bir ithaf kimi BMT-nin nəşr etdiyi dərginin üz qabığına yazılmışdır: “Həpimiz bir yuva pərvərdəsiyiz, həpimiz bir günəşin zərrəsiyiz” (Y.Qarayev. Min ilin sonu, Bakı, 2002).


Tarix: 4-08-2017, 12:31

Xəbəri paylaş