Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Texniki imkanların inteqrasiyası İKT biliklərinin yayılması vasitəsi kimi

 

Ölkəmizdə telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması, qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafı nəzərdə tutulmuşdur.
Universitet təhsilində qabaqcıl texniki biliklərin tələbələrə çatdırılmasının müasir üsulları uyğun vasitə və metodların işlənib tətbiq olunmasını zəruri edir. Belə üsul və metodlar arasında ən qabaqcıl və effektiv vasitə kimi universitetlərin nəzdində fəaliyyət göstərən texnoparkların işini göstərmək olar. Kompüterlərin, elektron qur­ğuların, müxtəlif ölçü cihazlarının sürətlə yeniləndiyi, eləcə də təhsil sisteminə getdikcə daha çox yol aldığı müasir dövrdə belə vasitələrin araşdırılıb, mənimsənilib tələbələrə çatdırılması və yenilərinin yaradılması üçün mərkəzləşdirilmiş universitet qurumuna ehtiyac var. Son yarım əsrdə bu funksiyanı öz üzərinə götürmüş tədris texnoparkları dünyanın qabaqcıl universitetlərinin əksəriyyətinin nəzdində yaradılmışdır. Belə texnoparklar nəzəriyyə, akademik biliklərlə praktik təcrübənin, istehsalatın real və sürətlə həyata keçirilən əlaqələrinin qurulmasına xidmət edir.
Texnoparkların tarixi Kaliforniyadakı Stenford Universitetinin istifadəsiz ərazilərində universitet əməkdaşları və tələbələrinin qabaqcıl texniki ideyalarını biznesə gətirmək üçün yeni təşkilatların yaradılması ilə başlanmışdır. Az müddət ərzində elmi qüvvələrlə biznesin belə qarşılıqlı əlaqəsi o qədər müvəffəqiyyətli olmuşdur ki, bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bənzər texnoparklar qurulmuşdur. Bu hərəkat o dərəcədə inkişaf etmişdir ki, qısa müddətdə texnoparkların fərqli ölkələrin yerli şəraitinə uyğun müxtəlif modelləri yaradılmışdır. Bunlara Amerika, Avropa, Asiya modellərini misal göstərmək olar.
Keçmiş sovet məkanında yaradılan texnoparklar da özünün fərqli cəhətləri ilə seçilir. Belə ki, burada biznesin inkişaf etdirilməsindən daha çox tədris vəzifələrinə xidmət edən, qabaqkı dövrlərin texniki dərnək və muzeylərinin funksiyalarını özündə cəmləşdirmiş tədris-təcrübə bazaları yaradılmışdır. Məsələn, yalnız Rusiya ərazisində 60-dan çox belə texnopark fəaliyyət göstərir ki, bunların Rusiyanın texnika yönümlü biznesin inkişafında, elmi-texniki biliklərin istehsalatda tətbiq olunmasında ciddi rol oynayacağına böyük ümidlər bəslənilir. Bununla belə, bir sıra hallarda texnoparkların yaradılmasına sadəcə zamanın tələbi kimi yanaşılır, bir sıra hallarda formal xarakter daşıyan tədbirlər həyata keçirilir. Belə meyillərin qarşısını almaq üçün universitetin təklif və ehtiyaclarının öyrənilib uzunmüddətli plan əsasında tədris tələblərinin ödənilməsinə yönəldilmiş tədbirlərin ardıcıl həyata keçirilməsi zəruridir.
Belə bir təcrübə Odlar Yurdu Universiteti nəzdində fəaliyyət gös­tərən texnopark üçün səciyyəvidir. Bu texnoparkın yaradılması universitetin imkan və ehtiyaclarının araşdırılması, uyğun sahə və vəsaitin ayrılması, qurulmuş planın mütəmadi olaraq addım-addım həyata keçirilməsi yolu ilə yaradılmışdır. Universitetin bu sahədə qəbul olunmuş konsepsiyasına görə, texnoparkın əsas icraçı qüvvəsi texniki fakültə tələbələri, ilkin texniki baza isə köhnəlmiş, kompüter, ofis avadanlığı və yeri gəldikcə xaricdən alınan qabaqcıl elektron vasitələrdir. Burada tələbələr bir sıra texniki fənləri keçməklə yanaşı müxtəlif yaradıcı qruplarda fəaliyyət göstərir, Universitetin aparat təminatı və təmiri, yeni avadanlığın quraşdırılması və sazlanması kimi işlərdə həvəslə iştirak edirlər. Tələbələr əvvəlki dövrlərdə, məktəblərdə alınmış biliklərdəki çatışmazlıqları aradan qaldırmaq, yeni texniki biliklərin əldə olunması, ən müxtəlif texniki ideyaların araşdırılması və həyata keçirilməsi üçün şərait əldə etmişlər. Onlar, xüsusən optik və audio effektləri nümayiş etdirən qurğuların hazırlanılıb dərs prosesinə tətbiq edilməsinə böyük maraq göstərirlər. Kompüterləşdirilmiş stendlərin, əyani vəsaitin quraşdırılması, informatika, fizika, neft sahəsi və bir sıra təbii elmlərin öyrənilməsinə xidmət edən tədris vasitələrinin yaradılması tələbələrin asudə vaxtlarında məmnuniy­yətlə icra etdiyi işlərdir. Bu kimi işlər arasında tədris robotlarının yaradılması, quraşdırılması ayrıca, böyük yer tutur. Bunun üçün hazır robotlarla yanaşı, komplektləşdirici hissələr, arduino platalar, şiltlər, sensorlar, motorlar və digər komplektləşdirici elementlər əldə olunmuşdur. Tələbələr həm özləri maraqlandıqları istiqamətdə robotlar yığıb quraşdırır, həm də onları idarə etmək üçün müvafiq proq­ramlar yazırlar. Bu qəbildən olan işlər tələbələrin həm texniki dünyagörüşünün genişlənməsinə, həm də fundamental biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsinə xidmət edir.
Qeyd etdiyimiz kimi, İKT üzrə biliklərin gənclərə çatdırılması, kütləviləşdirilməsi və bu sahədə mütəmadi olaraq meydana çıxan elmi-texniki yeniliklərin əyaniləşdirilib tanıdılması, texniki təminat məsələlərindən aşkar şəkildə asılıdır. Öz növbəsində tədris müəssisələrində texniki vasitələrin təzələnməsi, bir qayda olaraq, sürətlə meydana çıxan elmi-texniki yeniliklərlə uzlaşmır. Əlbəttə, bu fakt bir sıra obyektiv səbəblərlə bağlıdır. Vəziyyətdən çıxmağın ən sadə və effektiv üsulu qabaqcıl təhsil müəssisələrinin imkanlarının daha geniş istifadə olunması, onların maddi-texniki bazalarının digər müəssisələrdəki həmkarlarıyla paylaşılmasıdır. Bu sahədə universitetlərin nəzdində fəaliyyət göstərən tədris texnoparkları (TP) özünəməxsus, böyük rol oynayır. Odlar Yurdu Universitetində (OYU) də texnoparkın bu funksiyasına ciddi yanaşılır. OYU rəhbərliyi elmi-texniki yeniliklərin əyaniləşdirilib geniş istifadəçi kütləsi üçün əlçatan edilməsi yoluyla gənclər arasında populyarlaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu sahədə elmi, elmi-populyar məqalələr dərc olunur, mütəmadi olaraq müzakirələr, seminarlar keçirilir, universitet saytında və jurnallarında maraqlı məlumatlar verilir.
OYU texnoparkı tamamilə tədris yönümlü universitet vahidi olduğuna görə burada dərslər və tədqiqat işləriylə yanaşı əyani vasitələr, kompüterləşdirilmiş stendlər və tədris istiqamətli müxtəlif səpgili qurğular yaradılır. TP binasını əhatə edən alternativ enerji qurğuları, işıqlandırma sistemi, Günəş konsentratorları gənclərin kənardan diqqətini çəkir. Bunlar informatika, fizika və digər texniki sahələrin tədrisinə, bu sahələrdəki biliklərin cəlbediciliyinin artırılmasına yönəldilmişdir. Bu yolla nəzəri biliklərin daha anlaşıqlı çat­dırılmasına və möhkəmləndirilməsinə çalışılır. Belə vasitələr dərslərin gedişində istifadə olunmaqla yanaşı digər tədris qurumlarının şagird və əməkdaşları üçün də məlumatlandırma funksiyası daşıyır. Müxtəlif ixtisaslı tələbələrdən əlavə, kollec şagirdləri də vaxtaşırı texnoparka ekskursiya-tanışlıq məşğələlərinə gəlir, nəzəri biliklərini əyani vasitələr üzərində möhkəmləndirir, yeri gəldikcə texnoparkda icra olunan layihələrdəki işlərə qoşulurlar. Burada aparılan işlər və hazırlanan qurğular barədə məlumatlar TP-nin saytında verilir, İKT yenilikləri işıqlandırılır.
Tələbələrin valideyn iclaslarına gələn ata-anaları da TP-də tələbələrin istifadəsinə verilmiş tədris vasitələri ilə tanış olur, texniki-metodik yeniliklər barədə məlumatlandırılırlar. Başqa bir maraqlı iş üsulu əməkdaşların uşaqları üçün təşkil olunan ekskursiya-məşğələləridir. Universitetdə keçirilən tədbirlərdə iştirak edən fərqli ixtisas nümayəndələri də qrup və ya fərdi qaydada TP-də İKT yenilikləri və imkanları ilə tanış olurlar.
Bununla yanaşı, TP-da digər tədris müəssisələrinin əməkdaşları və tələbələri üçün də ekskursiyalar keçirilir, müxtəlif təhsil müəssisələrinin işçiləri ilə birgə yığıncaqlar, seminarlar təşkil olunur. TP nəzdində informatika biliklərinin əsasları üzrə müxtəlif səviyyəli bilik yarışlarının keçirilməsi üçün texniki baza yaradılmış və müvafiq metodika hazırlanaraq digər universitetlərdən olan həmkarlarla müzakirələr aparılmışdır.
Ötən dərs ilində OYU rəhbərliyi ADPU-nun SABAH kurslarının tələbələrinin xahişi ilə hər həftənin müəyyən günləri onların kompüter-texniki vasitələrdən istifadə etmələri və yeni texniki qur­ğuların yaradılmasında bilavasitə iştirakını təmin etmək məqsədilə texnoparkın praktik məşğələlər cədvəlində xüsusi yer ayırmışdır.
TP-də aparılan işlər üzrə hazırlanmış bir neçə məruzə ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş beynəlxalq konfransda dinlənilmiş, məqalələr hazırlanıb OYU jurnalına təqdim olunmuşdur. Burada mühəndis magistrlər dissertasiya işlərinin təcrübi hissələrini yerinə yetirir, nəzəri nəticələrini sınaqdan keçirirlər. Universitetdə doktoranturada çalışan mütəxəssislər də bir sıra tədqiqat işlərini burada aparırlar. OYU texnoparkı ilə Dövlət Dəmiryol liseyinin mütəxəssislərinin əməkdaşlığı xüsusi ilə diqqətə layiqdir. Lisey müəllimlərinin TP imkanlarından faydalanmaları üçün tam şərait yaradılmışdır. Burada kiçik ixtisas kitabxanası toplanmışdır. İnformatika, riyaziyyat, fizika, ingilis dili üzrə quraşdırılmış maraqlı stendlər hər bir yaş qrupundan olan istifadəçilərdə biliklərini artırmağa həvəs oyadır. TP otaqları proyektorlar, əlaqələndirilmiş kompüterlər, ağıllı lövhə və audio sistemlə təchiz olunmuşdur.
Bu günlərdə Dövlət Dəmir Yolu Liseyinin bir qrup şagird və müəllimi OYU texnoparkına gəlmiş, buradakı kompüter laboratoriya və sinifləri ilə tanış olmuşlar. Universitetin müəllimləri və yuxarı kurs tələbələri qonaqlara texnopark, burada görülən işlər, düzəldilən qurğular barədə məlumat vermişlər. Riyaziyyat, informatika və tətbiqi elmlər kafedrasının müəllimi Nərminə Həsənova qonaq­lara “Müasir səviyyədə proq­ramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda mühazirə oxumuşdur. Şagirdlərə TP-ın kompüter şəbəkəsi, alternativ enerji sistemi, robot laboratoriyası nümayiş etdirilmişdir. Onlar, kompüterlə idarə olunan stendlərdə Günəş şüalarının düşmə bucağından asılı olaraq alınan elektrik enerjisinin necə dəyişdiyini, robotların insan iştirakı olmadan tələb olunan tapşırıqları necə yerinə yetirdiklərini maraqla izləmişlər. Lisey şagirdləri fiziki tədqiqatlardan bəsit kompüter təmirinə qədər bir çox proseslərdə müxtəlif cihaz və alətlərdən tələbələrin necə istifadə etdiklərini müşahidə etmişlər. Yuxarı kurs tələbələri şagirdlərə gündəlik məş­ğələlərdə istifadə etdikləri cihazlar barədə danışıb zəruri parametrlərin necə təyin olunduğunu, kompüter və offis avadanlığı ilə bağlı hansı ölçü vahidlərinin tətbiq olunduğunu izah etmişlər. Adətən şagirdlər təxminən yaşıd olduqları tələbələrlə “eyni dildə” danışdıqlarından onlardan eşitdiklərini tamlığıyla dərk etməyə çalışır, çoxlu suallar verirlər. TP kompüter otağında müstəqil işləmək imkanı şagirdlərin xüsusilə ürəklərincə olmuşdur. Lisey şagirdləri texniki yeniliklərlə maraqla tanış olmuş, belə imkandan razılıq­larını bildirmişlər. Şagirdlər söyləyirlər ki, burada gördükləri onlarda dərs proqramlarına daxil olmayan məlumatlar almaqla yanaşı yeni elmi-texniki biliklərə yiyələnməyə də həvəs oyadır.
Liseyin müəllimləri dərsdən əlavə şagirdlər üçün sərbəst və maraqlı olan belə görüş-məşğələlərin müzakirəsini aparıb çoxlu sayda faydalı cəhətləri üzə çıxarmışlar. Müəllimlərin birgə qənaətinə görə istər nəzəri biliklərin möhkəmləndirilməsi, istərsə də yeni elmi fakt­lar, dərsdən əlavə biliklərin şagirdlərə aşılanması, onlarda İKT biliklərinə, texnologiyalara və yeni aparatlara maraq doğurması baxımından ali məktəb texnoparkları ilə inteqrasiya əvəzsisdir.
Burada əldə olunan təcrübi biliklər şagirdlərin əyani şəkildə müşahidə etdikləri İKT prosesləri lisey təhsili ilə bir tərəfdən ali məktəb təhsilini, digər tərəfdən istehsalatı yaxınlaşdırır.
Müəllimlər minnətdarlıqla qeyd edirlər ki, müasir tədris texnoparkında İKT-nin xalq təsərrüfatının müxtəlif sahələrindəki rolunu əks etdirən vasitələrlə tanışlıq imkanı yaradılmışdır. Xüsusən qabaqcıl elmi araşdırmalar, müasir təbabətlə alternativ, bərpa olunan enerji kimi sahələrdə kompüter texnologiyalarının necə tətbiq olunduğunu yaxından izləmək, ölkəmizdə getdikcə daha çox istifadə olunan kompüterləşdirilmiş qurğuları, onların elementlərini yaxından görmək, bu sahənin mütəxəssisləri üçün olduqca faydalı və zəruridir.
Ali məktəb texnoparkı ilə liseyin belə inteqrasiyası alınan nəzəri biliklərin praktikada tətbiq edilməsinə zəmin yaradır.

Etibar Rzazadə,
Odlar Yurdu Universitetinin dosenti,

Esmira Xəlilova,
Dövlət Dəmir Yolu Liseyinin
informatika müəllimi


Tarix: 4-08-2017, 12:20

Xəbəri paylaş