Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil prosesi və metodologiya

 

Sədrəddin Bədiyev,
ADPU-nun Şəki filialının kafedra müdiri

Azərbaycan Respublikası müstəqil, suveren respublika kimi inkişaf yolu tutduqdan sonra milli mentalitetə və bəşəri dəyərlərə malik təhsil sistemi qurmağa, inkişaf etdirməyə başladı. Təhsil sisteminin məqsədəuyğun şəkildə qurulması üçün təhsillə bağlı metodologiyaya yenidən baxılması zərurəti yarandı.
Metodologiya “metod” (nə­zəriyyə, təlim və ya yol) və “logika” (elm) sözlərindən əmələ gəlmişdir. Müasir zamanda metodologiya dedikdə elm və əməli fəaliyyət metodları və üsullarının yaranması, inkişafı, bir-birini əvəz etməsi qanunauyğunluqları haqqında elm kimi başa düşülür.
Heygel fəlsəfəsinə görə, metodologiya məzmunun hərəkətidir, buna görə də məzmunla əlaqədə nəzərdən keçirilməlidir.
Digər ədəbiyyatlarda metodologiyanın məzmununa fərqli yanaşmalar vardır:
-Metodologiya maddi aləmin dərk olunması prosesində tədqiqatçının əldə rəhbər tutduğu fəlsəfi təlimdir.
-Metodologiya nəzəri və praktik fəaliyyətin təşkili prinsipləri və vasitələri sistemidir.
- Metodologiya elmi idrakı fəaliyyətin prinsipləri, formaları, vasitələri haqqında təlimdir. Metodologiyanın ən yük­sək səviyyəsini fəlsəfə təşkil edir. Bu səviyyə idrakın ümumi prinsiplərini, bütövlükdə elmin kateqoriyaları sistemini əks etdirir. Bütün fəlsəfi biliklər metodoloji vəzifələri yerinə yetirir.
Metodologiyaya elmi idrak fəaliyyətinin prinsip, forma, metodları haqqında təlim kimi yanaşmalar da vardır.
Metodologiyanın mahiy­yətinə verilən yanaşmaları ümumiləşdirsək deyə bilərik:
Metodologiya elmi idrak fəaliyyətinin (eləcə də pedaqoji) istiqaməti, strukturu, prinsipləri, forma və vasitələri haqqında təlimdir.
Hər hansı sahədə, o cümlədən pedaqoji sahədə tədqiqatlar aparmaq, təlim prosesini müvəffəqiyyətlə həyata keçirmək üçün metodoloji biliklərə yiyələnmək lazımdır. Metodoloji biliklərə yiyələnmək müəllimlər üçün daha çox lazımdır. Ona görə ki, pedaqoji prosesdə müəllim həm öyrənib-öyrədən, həm də tədqiqatçı və yaradıcı şəxsdir.
Pedaqogikada metodologiyaya pedaqoji gerçəkliyin, yəni pedaqoji fakt, hadisə, proseslərin dərk edilməsi və dəyişdirilməsi haqqında nəzəri müddəaların məcmusu kimi baxılır. Metodologiya tənzimləyici və normativ funksiyanı yerinə yetirir.
Pedaqogika elmi, eləcə də pedaqoji proseslər həm fəlsəfənin, həm də təhsillə bağlı dövlətin qərar, göstəriş, təlimat və qanunlarına uyğun dəyişir, formalaşır. Ona görə də təhsillə bağlı metodologiyanı iki yerə ayırmaq olar:
-Təhsillə bağlı fəlsəfi metodologiyaya;
-Təhsillə bağlı dövlətin normativ-hüquqi sənədlərinə.
XX əsrin 30-cu illərində A.S.Makarenko yazırdı ki, pedaqogika ən dinamik elmdir, onda fəlsəfənin bütün qanunları cərəyan edir.
XXI əsrin əvvəlindən respublikamızda şagirdlərin fərdi formada təlim prosesinə cəlb edilməsindən və qiymətləndirilməsindən (yaddaşa əsaslanan təlim) təfəkkürə əsaslanan təlimə keçid başladı.Belə təlim əməkdaşlıq prinsipinə əsaslanaraq həyata keçirilməyə başladı. Əməkdaşlıq əsasında təşkil edilən təlim şagirdləri hafizəyə əsaslanan biliklərdən yaradıcılığa istiqamətləndirməklə yanaşı onları fəallaşdırdı, sosial vətəndaş kimi formalaşmalarına səbəb oldu. Bütün bunlar fəlsəfədə mövcud olan “kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi” qanununa uyğun baş verdiyinə dəlalət edir.Orta əsrlərdən başlayaraq şagirdlərin öyrədilməsi prosesində müxtəlif üsul və ya metodlardan istifadə edilməyə başlanılmışdır. XX əsrdə metodların təsnifatı aparılmış, bu problemə müxtəlif yanaşmalar olmuşdur. XXI əsrin əvvəllərində ənənəvi təlim metodlarının bəzi çatışmayan cəhətləri (məsələn, fəal və yaradıcı şagird formalaşdırmaq imkansızlığı) meydana çıxdı, bunları aradan qaldırmağa imkan verən interaktiv metodlar irəli sürüldü. Bu da fəlsəfədə mövcud olan “inkarı inkar qanununa” uyğun baş verdiyini təsdiqləyir.
Fəlsəfədə bir çox cərəyanlar vardır ki, pedaqogikanın onlara uyğun inkişaf etdiyini təsdiqləməmək mümkün deyildir.
İndiki zamanda təlim-tərbiyənin metodoloji əsaslarından birini təşkil edən fəlsəfi cərəyanlar sovet təlim sistemində inkar edilmişdir. Aşağıda gös­tərəcəyimiz cərəyanlar yeni təlim texnologiyalarının metodoloji əsaslarını təşkil etmək­lə fəal və yaradıcı şəxsiyyət formalaşdırmaqda mühüm vasitəyə çevrilmişdir.
Praqmatizm. Yunan sözü olub “təcrübə” deməkdir. Bu cərəyan idrakın yeganə meyarı kimi təcrübəni götürür. İnsana fayda verən hər şeyi həqiqət hesab edir. Praqmatizm fəlsəfi cərəyanı əsasında pedaqoji ideyaları XIX əsrin sonu, XX əsrin əvvəllərində amerikalı alim Con Dyui irəli sürmüşdür. C.Dyuiyə görə anlayışlar, ideyalar, nəzəriy­yələr gündəlik fəaliyyət üçün yaradıqda faydalı hesab edilə bilər. Ona görə şagirdlərə elə bilik, bacarıq verilməlidir ki, onlardan praktikada istifadə etmək mümkün olsun. Praqmatizm fəlsəfi cərəyanından irəli gələn pedosentrizm prinsipinə görə şagird təlim prosesinin subyektinə çevrilməlidir. Təlim-tərbiyə prosesi elə təşkil edilməlidir ki, şagirdlərin marağı, meyli, tələbatları təmin edilmiş olsun. Təlim zamanı şagirdlər üçün elə bir şərait yaradılmalıdır ki, şagird arzuladıqlarını orada tapa bilsin.
Qeyd etmək lazımdır ki, yeni təlim texnologiyalarına əsaslanan dərslər məhz bu prinsipə istinadən təşkil edilir. Deməli, yeni təlim texnologiyalarının metodoloji əsaslarından biri praqmatizmdir.
Neopozitivizm. XX əsrin əvvəllərində əmələ gəlmişdir. Elmi biliklərə əsaslanan (riyazi məntiq) fəlsəfi cərəyandır.
Neopozitivizm cərəyanı şagirdlərə sistematik biliklər verməyin əleyhinə çıxaraq onları “tədqiqatçı kimi yetişdirməyi, yaradıcı şəkildə formalaşdırmağı” təbliğ edir. Bildiyimiz kimi interaktiv təlim metodlarının əsas məqsədlərindən biri şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.
Ekzistensializm (latın sözü olub “mövcud olmaq” mənasını verir). XX əsrin əvvəllərindən meydana gəlmişdir. Bu cərəyana görə mövcudluq mahiyyətdən qabaq gəlir, fərdiyyətçiliyi qabarıq şəkildə əks etdirən fəlsəfi cərəyandır, kollektiv vasitəsilə şəxsin tərbiyəsini qəbul etmir. Eksiztensializm fəlsəfi cərəyanına görə şagird və ya uşağın tərbiyəsi üçün heç bir proqram lazım deyildir. Bu cərəyana görə emosional və hissi tərbiyəyə, azad və sərbəst tərbiyəyə üstünlük verilməlidir.
Qeyd edilən cərəyana görə humanist və demokratik prinsiplərə cavab verən mühit vasitəsilə şagird və ya uşağın öz “mən”ini tapmasına imkan verməlidir. Mühit şagirdi tərbiyə edir, onda olan mənfi xüsusiyyətləri aradan qaldırmağa şərait yaradır.
Tomizm. XIII əsrdə meydana gələn dini fəlsəfi cərəyandır. Tomizm və orta əsrlərdə meydana gələn neotomizm cəmiyyətdə baş verən ziddiyyətli halların aradan qaldırılmasında dünyagörüşü kimi formalaşmağa başladı. Neotomizm fəlsəfi cərəyanının ideyalarından tərbiyə prosesində istifadə edərək bəzi sosial problemləri: bədbinliyə qapılma, özünəqəsd, cinayətkarlıq, narkomaniya və s. müəyyən dərəcədə həll etmək olar. Neotomizm cərəyanının tərəfdarları bunun səbəbini dinin təsirinin azlığında, Allaha inamın yoxluğunda görürlər. Onlar qeyd edirlər ki, cinayətə yol verən şəxslərin qəlbində Allah xofu olmur. Belə halların qarşısını almaq üçün tədris müəssisələrində ilahiyyat dərsləri tədris edilməli, İslam dinindən irəli gələn tərbiyə və davranış normalarına ciddi fikir verilməlidir.
Bixeviorizm ingilis sözü olub “davranış” deməkdir. XX əsrin əvvəllərində Amerikada meydana gəlmişdir. Müəlliflərdən biri olan E.Torndayka görə, psixolo­gi­ya şüuru deyil, davranışı özü üçün tədqiqat obyekti seçməlidir. Həm heyvanlarda, həm də insanlarda psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir.
E.Torndaykın ideyaları peda­qoji proseslərə tətbiq edildik­də stimul-reaksiya nəzəriyyəsi irəli sürülür. Bu nəzəriyyəyə görə, müəllim təlim prosesində elə situasiya yaratmalıdır ki, şagird məqsədə uyğun şəkildə cavab reaksiyaları ilə çıxış edə bilsin. Yeni təlim texnologiyaları ilə keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Motiv şagirdi cavab reaksiyası üçün hazırlaşdırır, onu prob­lem ətrafında fikirləşməyə, tədqiqat aparmağa sövq edir.
Konstruktivizm. XX əsrin əvvəllərində Amerika təhsilində tətbiq edilməyə başlanılmışdır. Konsrtuktivizm yığmaq, quraşdırmaq mənasını verir.
Konstruktivizm yeni əldə ediləcək bilikləri, ideyaları əvvəllər əldə edilmiş biliklərlə sintez etmək yolu ilə öyrənilməsi haqqında nəzəriyyədir. Konstruktivizmi öyrənən şəxsin yeni bilikləri “quraraq”, “yaradaraq” əldə etməsi kimi də başa düşmək olar.
Təhsillə bağlı metodologiyanı, yuxarıda qeyd etdiyimiz kimi müstəqillik əldə etdikdən sonra qəbul edilən normativ-hüquqi sənədlər, qəbul edilmiş qərarlar, sərəncamlar da təşkil edir.
Qeyd etmək lazımdır ki, qəbul edilmiş normativ-hüquqi sənədlər milli təhsilimizin inkişaf etmiş ölkələrdəki təhsil sisteminə inteqrasiya olunmasında mühüm rol oynamışdır. Bu da sovet dönəmində mövcud olan və “mərkəz”dən verilən qərarlara uyğun təhsilin qurulmasına, həyata keçirilməsinə son qoydu.
Qəbul edilmiş sənədlər milli təhsilimizin strukturunu, təşkili formalarını, əsaslanmalı prinsipləri, məzmun xətlərini, fəaliyyət formalarını, qiymətləndirmə növlərini, kurikulumun mahiyyətini və s. özündə göstərməklə sözün həqiqi mənasında metodologiya oldu.
Təhsildə, eləcə də təhsilin özəyini təşkil edən təlimdə metodoloji rol oynayan normativ-hüquqi sənədlərdə verilən prinsiplərə diqqət yetirək.
15 iyun 1999-cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”ndakı prinsiplər:
1. Demokratikləşdirmə. Təhsil prosesinə maraqlı olanların (müəllim, şagird, valideyn, ictimaiyyət nümayəndələri) təhsil prosesində fəal iştirak etməyə cəlb etmək, təhsil prosesinin şəffaflaşdırılması deməkdir.
2. Humanistləşdirmə. Şa­girdə münasibətin dəyişdirilməsi-əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiy­yətinə hörmətlə yanaşmaq, onun inkişafı üçün şəraitin yaradılması nəzərdə tutulur.
3. Diferensiallaşdırma. Şa­girdin imkanlarının nəzərdə tutulması deməkdir.
4. Fərdiləşdirmə. Şagirdin fərdi maraq və tələbatlarının nəzərə alınması deməkdir.
5. İnteqrasiya. Qlobal təfəkkürün formalaşdırılması üçün fənlərarası və inkişaf etmiş ölkələrdəki təhsillə əlaqələrin yaradılmasını nəzərdə tutur.
6. Humanitarlaşdırma. Şəxsiyyətin yaradıcı inkişafını, təhsilin məzmununa yeni yanaşmanı, bəşəri və milli dəyərlər əsasında şagirdlərin formalaşdırılmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 okt­yabr 2006-cı il 233№-li sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulum)”sənədində verilmiş prinsiplər:
- Pedaqoji prosesin tamlığı; Təlimdə bərabər imkanların yaradılması; Şagirdyönümlülük; İnkişafyönümlülük; Fəaliy­yətin stimullaşdırılması; Dəs­təkləyici mühitin yaradılması.
Təlim prosesinin səmərəli və keyfiyyətli təşkilinə xidmət edir.
19 iyun 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda verilmiş prinsiplər təlimin təşkili və digər problemləri özündə ehtiva etməklə dövlətin təhsil siyasətini əks etdirir:
- Humanistlik; Demokratik­lik; Bərabərlik; Millilik və dünyəvilik; Keyfiyyətlilik; Səmərəlilik; Fasiləsizlik,vəhdətlik, daimilik; Varislik; Liberallaşma; İnteqrasiya.
Müasir təhsillə, o cümlədən təlim prosesi ilə bağlı bütün problemlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu ildə 103№-li Qərarı ilə qəbul etdiyi “Ümumtəhsil pilləsinin dövlət standartları və proq­ramları (kurikulumları)” normativ-hüquqi sənədində ve­ril­mişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə 24 oktyabr 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” rəsmi sənədini də metodologiya kimi qəbul etmək olar. Bu sənəddə təhsilin məzmunu, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, müasir tələblərə cavab verəcək təhsil infrastrukturunun yaradılması, təhsil sisteminin maliyyələşdirilməsi modelinin yaradılması kimi problemlər öz əksini tapmışdır.
  Dövlət Strategiyasında səriştəyə əsaslanan, şəxsiyyət­yönümlü təhsil məzmununu yaratmaqla yanaşı bu məzmunu müvafiq təhsil pillələrində təhsilalanlara çatdırmaq səriştəsinə malik, innovativ təlim metodlarından istifadə edən müəllim kadrlarının formalaşdırılması da vacib şərt kimi irəli sürülmüşdür.     


Tarix: 2-10-2018, 13:20

Xəbəri paylaş