Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və rus dillərinin ümumi leksik fonduna daxil olan sözlərin tədrisinə dair bəzi məsələlər

 

Yavər ƏHƏDOV,
təqaüdçü müəllim,
filologiyaüzrə fəlsəfə doktoru

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə qayğı və onun qorunub inkişaf etdirilməsi ilə əlaqədar demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Bu fikri əldə rəhbər tutaraq, ümummilli lider həm özü, həm də onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə əlaqədar bir sıra rəsmi sənədlər imzalamışdır. 2010-cu il iyunun 3-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarının (kurikulumları) təsdiq edilməsi haqqında Qərarı olmuş və bu qərarda Azərbaycan dilinin ümumi təhsilin səviyyələri üzrə məzmun standartları müəyyənləşdirilmişdir. Bu sənəddə tədrisi həm Azərbaycan, həm də digər (rus və gürcü) dilləri üzrə standartlar işlənmişdir.
2013-cü il 9 aprel tarixində isə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafina dair Dövlət Proqrami”nın təsdiq edilməsi haqqında Azərbay­can Respublikası Prezidentinin sərəncamı olmuşdur. Hazırkı sərəncamla Dövlət Proqramının icrasına dair Tədbirlər planı təsdiq edilmişdir. Dövlətin Azərbaycan dilinə olan qayğısını təkcə bir neçə sənədlə şərh edərək, fik­­­rimizi Azər­bay­can dili fən­­ninin tədrisində mü­hüm əhəmiy­yət kəsb edən və bu gün üçün aktual olan möv­zu üzrə cəmləşdirməyə ça­lışacağıq.
Məlumdur ki, Azərbaycan dilinin lüğət fon­dunun müəyyən hissəsini keçmiş SSRİ xalqlarının ümumi sözləri təşkil edir. Xalqların ictimai, siyasi, iqtisadi və mədəni birliyi, dillərin qarşılıqlı əlaqəsi və s. ümumi leksik fondun yaranmasına səbəb olmuşdur. Ümumi leksik fondun yaranmasında SSRİ döv­ründə millətlərarası ünsiyyət vasitəsi və hakim dil olan rus dilinin rolu böyük olmuşdur.
Professor H.Ə.Həsənovun məlumatına əsasən, Azərbaycan dilinin leksikasında rus dilindən alınma sözlər 6 faiz təşkil edir (H.Ə.Həsənov, “Müasir Azərbaycan dilinin leksikası, Bakı, 1988, səh.133). Bu sayda rus dilindən alınma sözlər, həm də bu dillərin ümumi leksik fonduna aiddir.
Professor Səlim Cəfərov ümumi sözləri funksiya və xarakterinə görə səciyyələndirərək onları məişət əşyaları və nəqliyyat vasitələrinin adlarını bildirənlər (şkaf, çaynik, vaqon və s.), çar üsul-idarəsi ilə əlaqədar olan sözlər (pristav, qorodovoy, uezd və s.), kənd təsər­rüfatı və tikinti ilə əlaqədar sözlər (traktor, kran, sovxoz), elm və texnika ilə əlaqədar olan sözlər (qrammatika, zavod, texnik), in­cəsənətə aid sözlər (aktyor, kino, balerina), hərbi sahəyə aid olan sözlər (leytenant, general, pulemyot), kosmosa aid olan sözlər (kosmodrom, kosmonavt, kosmik), dərs ləvazimatlarına aid olan sözlər (qlobus, pero, lineyka) kimi tematik qruplara ayırmışdır.
Təbii ki, başqa dillərdən alınma sözlər alan dilin strukturuna uyğunlaşmalıdır. Hər hansı bir dilin fərdi olaraq öz fonetik sistemi və qrammatik strukturu olduğu üçün rus dili vasitəsi ilə alınan sözlər fonetik, qrafik, leksik-semantik və qrammatik cəhətdən adaptasiya edilirlər və bu komponentlər sistemli şəkildə bir-biri ilə bağlı və əlaqəli olurlar. Bu məqalədə biz Azərbaycan və rus dillərinin ümumi fonduna daxil olan sözlərin əsasən qrafik (yazılışı) baxımdan səciyyəsini verməyə çalışacağıq.
Məlumdur ki, ümumi fonda daxil olan sözlərin ümumtəhsil məktəblərində mənimsədilməsi filoloq müəllimlərin öhdəsinə düşür. Məktəb proqramlarında alınma sözlərə yer verilsə də bu dillərin ümumi fonduna daxil olan sözlərə yer verilməmişdir. Halbuki bu sözlərin lüğət fondunda xüsusi çəkisi böyükdür.
Ümumi sözlərin şagirdlər tərəfindən keyfiyyətli mənimsədilməsi üçün ilk növbədə, müəllimin üzərinə böyük məsuliyyət düşür. Belə ki, bu sözləri Azərbaycan dilinə fonetik, leksik-semantik, qrammatik transformasiya edərkən müəllimlər Azərbaycan dilinin xüsusiyyətləri ilə yanaşı, həm də rus dili üzrə də müvafiq biliklərə malik olmalıdır və aşağıdakıları nəzərə almalıdır:
Dillərin morfoloji bölgüsünə əsasən Azərbaycan dili aqqlutinativ (iltisadi), rus dili isə flektiv dil tipinə mənsubdur. Bu dil tiplərinin müxtəlifliyi ümumi leksik fonda daxil olan sözün linqvistik transformasiyasında bir sıra çətinliklər yaradır. Transformasiya latın sözü olub “çevirmə” deməkdir. Linqvistik təhlildə transformasiya metodunun tətbiqi zamani mühüm linqvistik xassələrin, forma və mənasının dəyişdirilməsi və çevrilməsi deməkdir. Bu vaxt ilkin variantın məzmununa heç bir xəta gətirilmir. Hər iki komponent məna və məzmunca eynilik təşkil edir. Bu vaxt çalışmaq lazımdir ki, hər iki dilin informasiya daşıyıcıları transformasiya edilərkən leksik və qrafik baxımdan təhriflərə uğramasın.
Rus və Azərbaycan dili sözlərinin yazılışı müxtəlif sistemlərə aid olması, yəni, rus-kiril, Azərbaycan-latın qrafikalı əlifbaya mənsub­luğu transformasiya edilərkən bir sıra çətinliklər yaradır.
Hazırda ümumtəhsil məktəblərində rus dili fənni xarici dil kimi tədris olunan şagirdlər kiril əlifbası üzrə müəyyən vərdişlərə malikdirlər. Lakin digər siniflərin şagirdlərinin kiril əlifbası üzrə vərdişləri yoxdur və onlara mövcud linqvistik nüansların aşılanmasında əlavə problemlər yaranmış olur. Bu vaxt müəllim şagirdlərə əlavə biliklər vermək məcburiyyətində olur.
Rus dilindən Azərbaycan dilinə keçərkən sözlərdə müəyyən dövr adaptasiya prosesi gedir. Çünki bu dillərin hər birinin öz fonetik sistemi və qrammatik strukturu vardır. Rus dilindən alınan sözlərin bir qismi transformasiya zamanı öz əvvəlki formasını saxlayır, digər qismi isə Azərbaycan dili sistemində onun qaydaları əsasında yenidən müəyyən şəklə düşür, qismən əvvəlki formasını dəyişir.
Professor H.Həsənovun fikrincə, “Azərbaycan dilinin fonetik quruluşu möhkəm və sabit olduğuna görə alınma sözlər onun sisteminə təsir göstərə bilmir və onu pozmağa gücü çatmır, milli formasını itirir, fonetik dəyişikliklərə uğrayır, yeni fonetik tələb əsasında yeni tələffüz normalarına uyğunlaşmalı olur. Bir sözlə, onlar fonetik tərkibini, morfoloji strukurunu və mənasını mühafizə edə bilir (H.Həsənov, Müasir Azərbaycan dilinin leksikası, Bakı, Maarif, 1988, səh.142).
Qeyd edilən fikirdən çıxış edərək, Azərbaycan və rus dillərinin ümumi leksik fonduna daxil olan sözlərin yazılışını aşağıdakı kimi quruplaşdırmaq olar:
Morfoloji strukturu və leksik mənası rus dilində olduğu kimi saxlanan Azərbaycan sözləri:
Rus sözlərində Azərbaycan hərfi olmayan və olub ahəng qanununun tələblərinə uyğun gəlməyən sözlərin yazılışında uyğun hərfləri əvəz edilən sözlər. Bu sözlərə aşağıdakı hərfi (səs) əvəzedilmələr edilir:
Transformasiya zamanı mənsubiyyət kateqoriyasını bildirən rus sözlərinin Azərbaycan qarşılığında aşağıdakı səs əvəzləməsi olur:

Digər dillərlə yanaşı, Azərbaycan sözləri rus dilinin lüğət tərkibində də vardır və bu sözlər rus və Azərbaycan dillərinin ümumi lüğət fonduna daxil olmuşlar. Azərbaycan iltisadi, rus isə flektiv dillər olsa da onlar arasında qarşılıqlı əlaqə vardır və Azərbaycan dilindən rus dilinə kifayət qədər sözlər keçmişdir.
Azərbaycan dilindən alınmış bu kimi sözlər rus dilinin strukturuna uyğunlaşmışlar. Bu sözlərin bir qismi öz əvvəlki formasını saxlamış (anbar, sarafan, tabun və s.), bir qismi isə rus dilinin sistemində olan qaydalar əsasında müəyyən şəklə düşmüşlər (arbuz, utyuq, çerdak, sunduk və s.)
Azərbaycan və rus dillərinin oxşar və fərqli cəhətləri “Qrammatika ruskoqo əzıka, pod red. prof.akad. V.V.Vinoqradova i çl.kor. AN.SSSR E.S.İstrinoy; Azərbaycan dilinin qrammatikası, Az.SSRİ E.A. nəşri; Sravnitelğnaə qrammatika ruskoqo i azerbaydjanskoqo əzıkov, pod. red. prof. M.A.Şiralieva i doü. S.A. Djafarova; Azərbaycan dilinin qrammatikası, M.A.Şiraliyev və M.Hüseynzadə və digər çoxsaylı elmi ədəbiyyatlarda öz əksini tapmışdır. Bu fərqli və oxşar cəhətləri nəzərə alaraq, ümumi leksik fonda daxil olan sözlərin ümumtəhsil məktəblərində şagirdlərə keyfiy­yətli mənimsədilməsi üçün aşağıdakı çalışmalar sistemini təklif edirik:
*Verilmiş mətndən Azərbaycan və rus dillərində yazılışı və oxunuşu eyni olan sözləri tapıb dəftərinizə yazın.
*İzahlı lüğətlərdən yazılışı və oxunuşu eyni olan sözlərin mənalarını yazın, Azərbaycan və rus sözlərinin lüğəti mənalarını müqayisə edin, məna fərqlərini müəyyənləşdirib dəftərinizə yazın.
*Çoxmənalı sözlərin hər bir məna və məna çalarlıqlarını dillər üzrə müqayisə edin.
*Ümumi fonda daxil oln çoxmənalı sözlərin hər bir mənası üzrə Azərbaycan dilində cümlə qurub dəftərinizə yazın.
*Azərbaycan və rus dillərində fonetik və orfoqrafik cəhətdən fərqli sözləri lüğətlərdən tapın və dəftərinizə yazın.
*Ümumi leksik fonda daxil olan sözləri rus dilindən Azərbaycan dilinə transformasiya (çevirin) edin.
*Bu kimi sözləri rus dilindən Azərbaycan dilinə transformasiya edərkən ahəng qanununun tələblərinə əməl edin və dəftərinizə yazın.
*Ümumi leksik fonda daxil olan söz variantlarını yazın və fərqli hərflərin (səslərin) altından xətt çəkin.
*Orfoqrafik lüğətlərin köməyi ilə hər iki variantda olan sözlərdə vurğunun yerini müəyyənləşdirib dəftərinizə yazın.
*Rus əlifbası üzrə mövcud “ə, ö, ё, ü” səslərinin (hərflərinin) Azərbaycan qarşılığını tapın və onları sözlərdə işlədin.
*Azərbaycan əlifbası üzrə mövcud “h, ü, g, ğ, ə” səslərinin (hərflərin) rus qarşılığını tapın və rus sözləri ilə yazın.
*Hərfi transformasiya edilmiş edilmiş Azərbaycan sözlərini cümlədə işlədin və altından xətt çəkin.
*Orfoqrafik lüğətlərdən ümumi leksik fonda daxil olan sözləri seçin, dəftərinizə yazın.
*Ümumi leksik fonda daxil olan sözləri cümlələrdə işlədin.
*Verilmiş mətndən ümumi leksik fonda daxil olan sözləri tapın və dəftərinizə yazın.
*Verilmiş mətndən ümumi leksik fonda daxil olan sözləri tapın və konteks üzrə mənasını müəyyənləşdirin və s.
Qeyd etmək lazımdır ki, bu kimi çalışmalar şagirdlər tərəfindən icra olunarkən, ilk növbədə, onlarda lüğətlərdən istifadə vərdişləri aşılanır, onların mənası, yazılışı, oxunuşu nəzəri və praktik baxımdan mənimsədilir və möhkəmləndirilir.
Beləliklə, mövzu üzrə fikirlərimizi aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Azərbaycan və rus dillərinin ümumi leksik fonduna daxil olan sözlər leksik vahid statusuna, müvafiq leksik-semantik mənaya malik, dilin nominativ vasitələri sahəsinə aid əşyaları, hadisələri, prosesləri və s. bildirirlər. Bu sözlər söz birləşmələri və cümlələrdən fərqli olaraq səslər əsasında yaranırlar.
2. Bu kimi sözlər rus dilindən Azərbaycan dilinə transformasiya olarkən kəsb etdiyi leksik-semantik mənaları saxlayır, qrammatik kateqoriyalarını dəyişmirlər.
3.Azərbaycan və rus dillərinə məxsus fərdi səslər (hərflər) transformasiya zamanı dillərin orfoepik (fonetik) qaydalarına uyğunlaşmış olurlar.
4.Bu dillərin fərqli yazı qrafikasına mənsub olması şagirdlərdə bir sıra çətinliklər yaradır, həm latın, həm də kiril qrafikası üzrə vərdişlər onlarda aşılanır.
5.Spesifik sonluqla bitən rus sözlərinin Azərbaycan qarşılığının latın qrafikası ilə düzgün verilməsində hər iki dilin fərdi xüsusiyyətləri nəzərə alınmalı, hazırkı məqalədə göstərilən çalışmalar sistemindən istifadə edilməli, onların mürəkkəbliyini nəzərə alaraq müəllim tərəfindən şagirdlərə ətraflı izahat verilməlidir.
   6.Lüğət üzrə iş apararkən çalışmanın şərtindən asılı olaraq lüğətlərin növü (orfoqrafik, orfoepik, tərcümə, izahlı) müəyyənləşdirilməli, bu işdə müəllimlərin köməyi (izahı) mühüm əhəmiyyət kəsb etməlidir.


Tarix: 2-10-2018, 13:17

Xəbəri paylaş