MİRZƏ ƏLƏKBƏR SABİRƏ ELEGİYA
Baba Babayev,
AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin baş elmi işçisi,
filologiya üzrə elmlər
doktoru
XIX əsrin sonu, XX əsrin əvvəllərinin Azərbaycan ədəbiyyatında yeni bir mərhələ olması elmi və ictimai fikir tərəfindən haqlı olaraq təsdiq edilir, ədəbiyyatşünasların nəzərində birmənalı şəkildə intibah dövrü kimi qalır.
Bu dövrün Azərbaycan ədəbi-mədəni, ictimai fikir tarixində xüsusi xidmətləri olan mütəfəkkir ədiblərindən biri də Ə.Haqverdiyev olmuşdur. Ədəbi janrın dramaturgiya, nəsr, satirik publisistikası ilə yanaşı, rejissor, dirijor və pedaqoq kimi də fəaliyyət göstərməsi onun geniş yaradıcılıq imkanlarından xəbər verir.
Ə.Haqverdiyevin peşəkarlıqla fəaliyyətə başladığı publisistikanın mövzuları, yazıya cəlb etdiyi problemlərin sərhədləri geniş olmaqla, hərtərəfli idi. Milli mətbuat, ana dili, Avropa elmini, qayda-qanunlarını, adət-ənənələrini, maarif, mədəniyyət, ədəbiyyat, dövlətçilik, qadın azadlığı, dini fanatizmə qarşı mübarizə məsələləri və s. mövzularda “Molla Nəsrəddin” və başqa mətbu orqanlarında çap etdirdiyi məqalə, felyeton, məktublar təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlığa xidmət edirdi.
Ədibin “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi felyetonları ictimai-siyasi və mədəni-məişət məsələlərini əhatə edirdi. Lakin yazıçı öz məqalə-məktublarında sənətkar üçün zəruri ehtiyac duyulan yaradıcılıq problemlərindən də məqamında sözünü deməyi yaddan çıxartmayıbdır. Fikrimizin təsdiqini Ə.Haqverdiyevin “Pəru cadu haqqında qeydlər”, “M.F.Axundovun həyat və fəaliyyəti”, “Mirzə Fətəlinin faciəsi”, “Mirzə Fətəli və ərəb əlifbası”, “Beş il”, “İki il”, “Maksim Qorkinin həyat və yaradıcılığı”, “Əziz Şərifə məktublar” və s. məqalələrində görə bilərik.
“İki il” sərlövhəli məqalə XX əsr Azərbaycan ictimai-mədəni, ədəbi-bədii fikrinin, xalq istedad və zəkasının yetirməsi, o zamankı quruluşun daxili çürüklüyünü və çarizmin çirkin simasını açıb göstərən, xüsusi yaradıcılıq üslubuna malik dahi Mirzə Ələkbər Sabirin ölümünün ikinci ildönümünə həsr edilib.
M.Ə.Sabir yaşadığı cəmiyyətin məişətini, tacir, baqqal, molla burjua ziyalısının, mövhumata dalan köhnəlik qəhrəmanlarının inqilabla, intibahla mübarizə, onu aldatma, ləngitmə, ona uyğunlaşma, ona açıq və gizli zərbə, onun nailiyyətlərindən istifadə ilə öz mənfur istək və arzularına nail olma kimi müxtəlif şəkil və tərzdəki taktika və hərəkətlərini konkret tipik lövhələr və sanki səhnələrdə təsvir və ifşa etməyə dahiyanə nail oldu.
O, içində olduğu cəmiyyətin məişət sistemində gedən çürüməni, yalnız inqilab nəticəsində bu məişəti əvəz edən yeni həyatın əmələ gəlib, qalib olmasından sonra mümkünlüyünü bədii qənaət və həqiqətlə, məntiqlə göstərirdi.
Mirzə Ələkbər Sabir - bu elə bir isimdir ki, insanlıq adı ilə adlanan cəmi İnsanların, məhz adamların yox, İnsanların yanında illərdən bəri ehtiramla, məhəbbətlə çəkilib. Milyonlarla, gecə-gündüz işləyənlər - kəndli-fəhlələr, bir qarnı ac, bir qarnı tox yavan çörəkdən ötrü gecəni gündüzə qatıb çalışanlar bu isimlə özlərinə təsəlli tapıblar. Minlərlə yazarlar, millətin tərəqqisi yolunda yananlar bu isim sahibinə ehtiram bildiriblər.
Dəfn günü hamı - bütün millət gördü ki, bu isim insanlığa xidmət etməkdən istefa verdi, bir yolluq əl çəkdi. Təkcə Azərbaycan deyil, bütün Qafqaz, Rusiya, İran, Türkiyə, Orta Asiya - hamı gördü və eşitdi ki, kürreyi aləmdə bu gediş qiyamət qopardı.
Jurnallar və qəzetlər Sabirin ölümünə həsr edilmiş məqalələrində bildirirdilər ki, Azərbaycan millətinə əvəzsiz xidmətlər göstərən, təkcə yerli kəndli-fəhlələr deyil, irticaçı, mütləqiyyət quruluşu pəncəsində zillət çəkən, zülm görən ucqarlardakılar da bu itkidən sarsıldı, bu ölümü bağışlaya bilmədilər.
Qoca Molla Nəsrəddin öz mənalı atmacaları, eyhamlı ifadələri, ağıllı və sayıq baxışları ilə daima Sabirə öz münasibətini bildirməmiş deyildi. Səhifələrində çoxlu şəkillər, felyetonlar, şeirlər və məqalələr dərc edən dərgi deməyə əsas verir ki, jurnalın iştirakçılarından olan böyük Mirzə Ələkbər Sabirin poeziyasında yüksək mövqe tutan satirik şeirlərin yaranmasında müdrik “Molla Nəsrəddin” müəllifə zəngin, dünya ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazılacaq materiallar verdiyini dilə gətirək.
Məqalədən alınan təəssürat budur ki, elə bil Ə.Haqverdiyev Sabirin qəbri üstə bədahətən ağı deyir. Hər nə fikirləşsək, hər nə desək, bu yazı ağrılı, nisgilli, adamı göynədən, yandırıb-yaxan bir yazıdır. Bu sətirlər Sabirin ölümünün ikinci ildönümünə hüznlü, həsrət dolu, məlallı, göz yaşları tökə-tökə yazılan, içdən gələn hıçqırtılardır. Ayrılığın üzü dönsün. Sabir evdən yox, eldən gedənlərdən oldu. El deyə-deyə, xalq deyə-deyə, için-için ağlaya-ağlaya bu dünyadan köç etdi. Amma ədəbiyyat tariximizdə Sabir hekayəti bitmədi, qurtarmadı, onun Söz Bulağı qurumadı. “Sənətkarın sənətkar haqqında əsər yazması çətindir” (Elçin). Mirzə Ələkbər Sabir kimi dahi şəxsiyyətin ölümünün ikinci ildönümünə bu elegiya yazılanda Ə.Haqverdiyevin 43 yaşı vardı. Azərbaycan, rus Gürcüstan ədəbi mühitində yazıçı-dramaturq, publisist kimi tanınan böyük şəxsiyyət yazıda qəlbindən keçənləri yanğı ilə, naləli bir dillə belə ifadə edir: “İki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclis-millini topa tutduran, şaha rahatlıq verməyənin səsi kəsilib. Övrətlər oxuyurlar: düşmənə xəbər olsun-hasil diləklər. Düşmən sevinir”.
Aksioma idi ki, Ə.Haqverdiyevin “Molla Nəsrəddin”də və başqa mətbu orqanlarında yazdığı publisist yazıları, əsasən felyetonları və nəsr-dramaturgiyasında ifadə etdiyi düşüncələr tükənmək bilmirdi. Məktubun yazılmasında ədibin, təbii ki, bir məqsədi də Sabirin apardığı mübarizəni davam etdirmək idi. Sabir kimi dahi bir şəxsiyyətin itkisi Əbdürrəhim bəyə ağır təsir etmişdi. Çünki hər iki ədəbi şəxsiyyət eyni amal uğrunda mübarizə aparırdı. Məsləkdaşlar idilər. Yazıçı bu yazı metodunda, olmuş hadisədən, itki-yoxluqdan bir üsul, ədəbi priyom kimi istifadə edir, nəhayət, ürək sözlərini içinə tökülən göz yaşlarına qataraq oxucularına sanki nəsihət edirmiş kimi çatdıra bilibdir. Hər söz və cümləsində mübarizəyə çağırış ruhu hisslərə təsirsiz qalmır. Mübarizəsini dönmədən, inadla davam etdirəcəyinə heç bir şübhə yeri qalmır.
Məqalədə yazıçı hər saat, hər gün, hətta hər addımda öz mənafelərini güdən məşədi-hacıları, kərbəlayıları, ikiüzlü, hazıra nazir olan molla-seyidləri, cənnətə getmək xülyası ilə “cənnət qəbzi” alanları istehza ilə satira atəşinə tutur. Qeyri-adi, fitri istedada malik Sabir qələminin yoxluğunu, sındığını, artıq mübarizə meydanında sanki tək qaldığını, bir İnsanın yox olduğunu ürək yanğısı ilə təsvir edir. “Yer dəliklərinə qaçıb gizlənmiş siçanlar ortalığa çıxıb, hər biri bir alicənab olublar”, - deyən ədib, amma bütün bunlardan Sabirin xəbəri yoxdur. Sabirin qələmi sınıbdır, hanı, yoldaş, sənin fəsih dilin? Hanı sənin o rəvan mövzunu, ürəyini yandırıb, camaatı güldürən əşarın? Yatıbsan, yuxudasan?! Heyf ki, tez yatdın!, - deyir. Yazıçının məramını müasirlərini sabirsayağı mübarizə ənənələrini yenə də davam etdirməyə çağırış kimi qiymətləndirmək olar. Dövrə, yaşanan mühitə, cəmiyyətə istehza ilə yanaşı, bir nifrət də görürük bu böyük məzmunlu kiçik məqalədə. Boyunlarını yoğunlandıranlar, islam dəryasını qarışdırıb bulandıranlarla yanaşı, bir fəqir, millətini canından artıq istəyən şair vətənindən qovulur, qapı-qapı gəzib özünə maaş yolu axtarır, axırda dərddən ürəyi, ciyəri şişib, əhlifəsabi şad edir. Qəribə haldır! Yazıçı yazır: “Qəm çəkənlərimiz az, istirahət edib plov yeyənlərimiz çox; oda yanıb vərəm gətirənlərimiz az, bihəya, boynuyoğun, “millət necə tarac olur olsun” deyənlərimiz çox. Camaatın hər tərəfdən işıq gələn yollarını kəsib, qaranlığa salıb, cibini kəsənlərin hesabı bihəddü payan, amma Sabirimiz bir, o da qara torpaq altında”. Yazıçı cəmiyyətin inkişafına mane olan qara qüvvələrin kimlərdən ibarət olduğunu digər yazılarında olduğu kimi bu məqaləsində də söyləməkdən çəkinməyibdir. Həmin qara qüvvələrsə Ə.Haqverdiyevin çevrəsində olanlar idi. Sabir poeziyasını, Sabir şeirlərinin əsas məzmununu dərk edən böyük intellekt sahibi qəzəbli, bəzən açıq, bəzən üstüörtülü şəkildə olan çağırış, müraciətləri ilə ziyalılarımızı, demokrat, realist yazıçı-şairlərimizi tüfeylilərə qarşı mübarizəyə, bu mübarizənin önündə getməyə səsləyirdi. Məqalədə Sabirin satira aynası daha da cilalandırılmış, yaşanan cəmiyyətin tipik nümayəndələri qabardılaraq canlandırılmışdı. “Sabir heç kəsə bənzəməyən, yalnız özünə məxsus bir yaradıcılıq yolu ilə gedən və öz ardınca şairlər ordusu aparan böyük bir sənətkar idi” (C.Xəndan).
Amansız dünya yaxşını, pisi ayırd edə bilmədi. Qəmlər əlindən ürəyi şişmiş şairi üzü dönmüş ciyəri apardı.
Sabir əsrlərdən bəri əsarət və qaranlıq zülmətdə qalan Azərbaycan qadınlığının öz azadlığı yolunda çarpışdığını, nail olmaq istədiyi bəxtəvər günlərini, etdiyi ciddi-cəhdləri, verdiyi qurbanları, qarşılaşdığı faciələri, həyəcanlı, ruh oyadıcı və könül oxşayan bir hıçqırtı, nalə ilə, bir də səbir və təmkinlə, müdrikcəsinə, filosof kimi müasirlərinə də, bugünki yeni nəslə də bitməmiş hekayəti kimi nağıl etdi. O, həyatı olduğu kimi, zərgər dəqiqliyi ilə təsvir edibdir. Həyatın kədərli səhnələri təsvir olunan poeziyası içindən Sabiri biz alim-filosof şairi görür, sözlərindəki məntiq və hikmət qarşısında heyranlıqla səcdədə oluruq.
Klassik filosof Sokrat deyirdi ki, “Məni tutun və qaçırmayın. Sizə lazım olaram”. Biz Sabiri tutmuşuq və qaçırmamışıq. O, bizə dünən, bu gün və sabah da lazım olacaqdır. Səma adamı kimi min illər yaddaşlardan silinməyəcək. Sabir XX əsr Azərbaycan bədii fikrinin, xalq istedad və zəkasının dünya poeziyasına ərmağanı, layiqli töhfəsidir.
Tarix: 2-10-2018, 13:05