TƏLİM PROSESİNDƏ İNTERAKTİV TEXNOLOGİYALAR
Hicran Sadıqova,
Şamaxı şəhər M.Hadi adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Müstəqilliyimizin ən böyük uğurlarından biri də milli təhsilimizin özünəməxsus inkişafıdır.
Milli təhsilimizin dünya standartlarına uyğun inkişafı, müstəqilliyimizin verdiyi imkanlar daxilində qazanılan ümumbəşəri dəyərlər göstərir ki, ulu öndərimiz, dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitlik və yüksək iqtisadi inkişaf tempi bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi irəliləyişlərə səbəb olmuşdur.
Ölkəmizin beynəlxalq aləmdə yeri və mövqeyi getdikcə daha da möhkəmlənir, nüfuzu artır, iqtisadiyyatımız böyük sürətlə inkişaf edir, xalqımızın rifah halı durmadan yüksəlir. Məhz buna görə də təhsilin, elmin cəmiyyətdəki önəmli rolunun yüksək qiymətləndirilməsi və onlara göstərilən ardıcıl diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu dövrün əsas xüsusiyyəti odur ki, təhsilin ayrı-ayrı sahələri, bütövlükdə kompleks şəkildə inkişaf etdirilir. Təkcə onu göstərmək kifayətdir ki, milli təhsilimiz tarixi missiyanı şərəflə yerinə yetirməklə, yenilik olaraq 15 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir.
Ölkəmizdə uğurla aparılan fundamental islahatlar Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasını günün vacib məsələlərindən birinə çevirmişdir.
İnkişaf etmiş ölkələrin təhsil sisteminin, beynəlxalq standartların dərindən və əsaslı şəkildə öyrənilməsi imkan verir ki, Azərbaycan təhsil sisteminin mühüm vəzifə, məqsəd, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərdən geri qalmasın, əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına təminat olsun.
Məhz bu kimi tələblər ümumtəhsil məktəblərinin qarşısında olduqca mühüm vəzifələr qoymuşdur. Bu baxımdan, şagirdlərdə elmin ilk təməlini qoyan biz ibtidai sinif müəllimləri çətin, məsuliyyətli, həm də şərəfli bir vəzifə yerinə yetiririk. Ulu öndər, dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin sözləri ilə desək: "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, vətənpərvər vətəndaşlar hazırlayır".
Təlimin keyfiyyətinin yüksəldilməsi isə aparıcı qüvvə olan ibtidai sinif müəllimi və onun apardığı məqsədyönlü, nəticələri olan işdən çox asılıdır. Təlim-tərbiyə işini, qarşıya qoyulan mühüm vəzifələrin böyük əksəriyyətini mən çalışıram ki, elə dərs prosesində həll edim. Bu zaman mən interaktiv texnologiyalardan, xüsusən motivasiyadan genis şəkildə istifadə etməklə istəyimə nail oluram. Elə bunun nəticəsində də şagirdlərimdə dərsdə müəyyən bilik, bacarıq, dəyər və keyfiyyətlər formalaşdırır, intellektual səviyyələrini inkişaf etdirir, onlara nəcib milli dəyərlərə uyğun əxlaqi keyfiyyətlər aşılayıram. Bu zaman onlarda öyrənmək, müstəqil çalışmaq, öz işlərinə yaradıcılıqla yanaşmaq vərdişləri formalaşır.
Bir vacib nüansa toxunum ki, həmişə qarşıma bir nömrəli vəzifə olaraq təlim və tərbiyənin ana xətt kimi fəaliyyətimdə paralellik təşkil etməsini qoyuram. Ona görə də, bütün dərs prosesində öyrədici, nəzarətedici və tərbiyəedici mövqedə fəaliyyət göstərir, bu amilləri bir-birindən ayırmıram. Bu vacib işdə valideynlərlə sıx əlaqəm də böyük əhəmiyyət daşıyır.
Əlavə edim ki, dərslərində müşahidə apardığım bəzi müəllimlər əsas yeri öyrətməyə verir, nəzarət və tərbiyəni isə ikinci plana keçirirlər.
Yuxarıda dediyim kimi, təlim-tərbiyəyə qoşa qanad kimi baxır, şagirdlərimin hərtərəfli inkişafı üçün vacib amillərin həyata keçirilməsi qeydinə qalıram. Bu səbəbdən də 40 illik pedaqoji təcrübəm böyük bir pedaqoji kollektivdə ona görə də özünəməxsus yeri ilə fərqlənmiş, nailiyyətlərim statistik göstəricilərdə həmişə birincilər sırasında olmuşdur. Bu işdə mənə birinci olaraq müasir təlim metodlarını, qabaqcıl təcrübəni və s. ədəbiyyatı dərindən mənimsəməyim, şəxsi təhsilimlə ciddi şəkildə məşğul olmağım əhəmiyyətli dərəcədə mühüm rol oynamışdır. Eyni zamanda vaxtaşırı ixtisasartırma və kurs tədbirlərində yaxından iştirakım, çoxsaylı sertifikatların əldə edilməsindəki əməyim də bura əlavə edilməlidir.
Müasirliyə can atmaq, yeniləşmək bu gün hamı kimi mənim də əsas vəzifələrimdəndir. Bu məqsədlə mən hər bir dərs materialını mənimsətmək üçün kompleks hazırlıq işləri görür, yeni texnoloji üsulların tətbiqini dəqiqləşdirir və daha nələr edəcəyimi yaddaş dəftərçəmdə bölmələrlə qeyd edirəm.
Hər bir dövr özünün mahiyyəti ilə fərqlənmiş və müəyyən tələbləri ilə seçilmişdir.
Müstəqilliyimizin ilk illərində müəyyən problem və çətinliklərə baxmayaraq ölkədə yeni cəmiyyətin qurulması öz xarakterinə uyğun yeni münasibətlərin yaranmasını tələb etmişdir. Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla, hazırda geniş miqyasda tətbiq olunur. Tədris-təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarə edilməsində yeni yanaşmalardan istifadə kurikulumun tərkib hissəsi olmaqla sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açmışdır.
Bu mənada mən bütün dərslərimdə müasir dərs anlayışının mahiyyətinə dərindən nüfuz edir, tədris prosesində interaktiv təlim texnologiyalarından geniş istifadə edirəm. Həmin təlim texnologiyalarından biri olan motivasiya da dərslərimdə başlıca yer tutur.
Məlum məsələdir ki, artıq müasir dərs anlayışında ənənəvi dərsdən imtina birdəfəlik qərarlaşdırılmış və yeni təlim metodlarına, eləcə də İKT-dən geniş istifadəyə meydan açılmışdır.
Bu gün həyatı dərk etmək üçün təlim prosesində şagirdlərin zəruri bilik və bacarıqları mənimsəmələri başlıca şərtdir. 40 ildən artıq bir müddətdə ibtidai siniflərdə pedaqoji fəaliyyətim zəngin təcrübə qazanmağıma səbəb olsa da, yenə də axtarışdayam, yeni dərslik, ədəbiyyat, metodik vəsaitlər və kompütersiz günümü gün saymır, nəyi isə itirmiş kimi bilirəm.
Yenə əsas məqsədə qayıdaq ki, pedaqoji prosesdə baş verən hər hansı psixoloji dəyişikliklərin kəmiyyət və keyfiyyət səviyyəsinin yüksəlməsi təşkil olunmuş motivasiyadan asılıdır. Motivasiyasız təlim işini planlaşdırmaq mümkün deyildir. Kurikulumun tətbiqi motivasiyanın aktual bir vasitə olduğunu zəruri etdi.
Uzun illərin təcrübəsinə əsaslanıb bunu deyə bilərəm ki, hər bir dərsin çoxsaylı komponentləri sırasında motivasiyanın xüsusi yeri vardır. Belə ki, motivasiya müasir dərsdə özünü zəruri amil kimi təsdiqləmiş və qabaqcıl müəllimlər şagirdlərə yeni bilik vermək üçün bu prinsipdən məharətlə istifadə edirlər.
Gəlin əvvəlcə görək ki, motivasiya nə deməkdir?
Motivasiya fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir. Əslində o, dərsin özülüdür, yəni, əsasını, mahiyyətini təşkil edir.
Düzgün qurulmuş motivasiya aparıcı mövqeyi ilə dərsin idarəedici rolunu oynayır. Şagirdlərin düşünməyə yönəldilməsi, fərziyyələr söyləmələri biz müəllimlər tərəfindən yaradılan motivlə şərtlənir.
Məsələn, şagirddən soruşanda ki, nə üçün su içirik, yemək yeyirik və s. kimi sualların cavabı yalnız motivlə bağlıdır.
Motivasiyanın mühüm rolunu bir qədər də dərindən açıqlayaq:
Şagirdlər təlim prosesində əsaslı biliklərə yiyələnir, onların ətraf gerçəkliklərə münasibətləri, baxışları formalaşmağa başlayır, həmin fəaliyyət prosesində təlim əməyinə müəyyən münasibət yaranır ki, bu da şagirdlərin inkişafında, şəxsi həyatında böyük rol oynayır.
Bu cəhətləri nəzərə alaraq diqqəti ona yönəltməliyik ki, əgər, motivasiya düzgün qurulmazsa, şagirdə həmin dərsə marağın oyanmasında və məntiqi şəkildə düşünməsində problem yaradar. Deməli, motivasiyaya idarəedici, aparıcı mövqedən də yanaşmaq lazımdır.
Mənim iş təcrübəmdə yığcam, maraqlı və diqqəti cəlb edən motivasiyalar xüsusi yer tutur. Məsələn, mən çox vaxt motivasiyanın qurulmasında şəkillərə daha çox üstünlük verirəm. Bu şəkilləri bir-biri ilə əlaqələndirib, şəkillərə əsasən onlara aid düşündürücü, tədqiqat sualları hazırlayıram. Əgər, qurduğum şəkilli motivasiya uşaqlarda mövzunun adını söyləməkdə çətinlik yaradarsa, bu zaman folklor nümunələrindən də (atalar sözləri, şeir və s.) istifadə edirəm.
Ümumilikdə ona səy edirəm ki, elə aşağı siniflərdən dərs dediyim şagirdlər biliyin mənimsənilməsi prosesinə özləri əvvəlcədən həvəslə qoşulsun, axtarışda olmaqla bir növ tədqiqatçılığa həvəs göstərsinlər.
Elə bütün bunların nəticəsidir ki, bütün illər ərzində dərs dediyim şagirdlərin böyük əksəriyyəti dərs əlaçısı olmaqla şagirdlərdə əməkdaşlıq, mehriban münasibətlər bərqərar olur, eləcə də həm yazılı, həm də şifahi nitq mədəniyyətləri istənilən səviyyəyə gəlib çatır.
Düşünülmüş motivasiyanın üstün cəhətləri çoxdur, o hazırda bir yenilik kimi məktəblərimizdə uğurla tətbiq olunmaqdadır.
Qənaətimiz belədir ki, təlim prosesində interaktiv təlim texnologiyalarından - motivasiyadan düzgün istifadə etməklə aşağıdakı amillərin reallaşdırılmasına nail ola bilərik:
* Hər bir çətinliyin həllinə əzmlə girişmək həvəsinin yaranması və uğurlu nəticənin əldə edilməsi;
* Təlim əməyinin qiymətləndirilməsi, onun sosial və ictimai mənasının dərk edilməsi;
* Hər bir dərsdə şagirdlərin fəallığa can atması, həvəsləndirməyə şüurlu surətdə cəlb edilməsi;
* Qazanılan bilik və bacarıqların əhəmiyyətinin dərk edilməsi;
* Həyatda öz yerini düzgün müəyyənləşdirmək və ona xüsusi səy göstərilməsi;
* Ən nəhayət, şagirdin özünə inamı və şəxsiyyət kimi formalaşması.
Axırıncı nəticəmizin üzərində bir qədər dayanaq ki, müasir dünyamızla ayaqlaşsaq, gələcəyin qurucularının yetişdirilməsi üçün şəxsiyyət amilinə daha ciddi münasibət bəsləməliyik.
Yuxarıda qeyd etdiyimiz kimi, biz təhsillə tərbiyəni daim qoşa qanad saymış, onların paralelliyini gözləmişik. Tərbiyə amilində ona çalışmışam ki, kiçik yaşlarından dərs dediyim uşaqlarda yaltaqlıq, yalan danışma və s. kimi mənfiliklər onlardan çox-çox uzaq olsun, yüksək tərbiyəliliyi ilə qədim Azərbaycanımızı sevsinlər, ona xidmət göstərsinlər.
Şəxsiyyətinə hörmət edilən şagird öz ləyaqətini dərk edir, özünün cəmiyyətə, xalqına layiq bir vətəndaş olduğuna, həyatda layiqli yer tutacağına inanır. Müəllim şagirdin şəxsiyyətinə hörmət etməklə onda möhkəm inam yaradır, qəlbinə, mənəviyyatına bir sakitlik bəxş edir. Müəllim şagirddə dosta, xalqa, vətənə qarşı məhəbbətlə yanaşı düşmənə nifrət oyatmalıdır. Düşmənə nifrət oyatmaq vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir. Bu hisslərə istinad etməklə şagirdləri vətənin müdafiəsinə hər an hazır olmağa hazırlamaq günümüzün tələbidir.
Müstəqil Azərbaycanımızın gələcəyi olan şagirdlərin şəxsiyyət kimi formalaşmasında biz müəllimlərin rolu əvəzsizdir. Ona görə də, pedaqoji fəaliyyətimizi elə qurmalıyıq ki, hərtərəfli şəxsiyyət yetişdirmək mümkün olsun. Bunun üçün hər bir müəllim zəhmətə qatlaşmalı, təlim prosesində interaktiv texnologiyalara geniş yer verməli, müəllim-şagird münasibətlərini düzgün təşkil etməlidir.
Tarix: 11-09-2018, 12:41