Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“SALUR QAZANIN EVİNİN YAĞMALANMASI BOYU”NUN MƏZMUNU ÜZƏRİNDƏ İŞ

 
İmran Verdiyev,
Oğuz rayonundakı T.Babayev adına tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Əməkdar müəllim

Məzmun və ideyaca mürəkkəb bədii əsərləri (xüsusən klassik ədəbiyyat nümunələrini) yüksək səviy­yədə tədris etmək çətin və məsuliy­yətli bir işdir. Bu, metodik ədəbiyyatda da deyildiyi kimi, həmin əsərlərdə təsvir edilən həyat və məişət, ictimai-siyasi və tarixi məsələlərin mürəkkəbliyi, hazırkı dövrdən çox fərqlənməsi, şagirdlərin bu barədə kifayət qədər məlumatlarının və təsəvvürlərinin olmaması, arxaizm və dialektizmlərin, alınma sözlərin çox olması və s. ilə əlaqədardır.
Ona görə də belə əsərlərin məzmununun dərindən öyrədilməsi üçün onların tədrisi zamanı lüğət, dövrün siyasi, ictimai-tarixi, həyat-məişət, adət-ənənə anlayışları, antroponimlər, toponimlər və s. üzrə işə xüsusi önəm verilməlidir.
Bu sözlər ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanı, onun X sinifdə ayrıca tədris edilən “Salur Qazanın evinin yağmalanması boyu”na da aiddir.
Dastanın digər boyları kimi, 1948-ci ildən hal-hazıra kimi ədəbiyyat proq­ramlarında tədrisi nəzərdə tutulan “Salur Qazanın evinin yağmalanması boyu”nun dili də müasir oxucu üçün tam anlaşıqlı deyil. Boyda bu gün üçün anlaşılmayan və ya çətin başa düşülən arxaik söz və ifadələrlə, köhnə ifadə və xalq deyimləri ilə kifayət qədər rastlaşmaq mümkündür. Bu da təbiidir. Çünki boydakı arxaizmlər, əski xalq deyim və ifadələri həmin dövrdə dilimizin lüğət fondunda fəal işlənən və tam anlaşılan söz və ifadələr olmuşlar. Onların çoxu hələ də “dipdiridir”. Təsadüfi deyil ki, məşhur türk alimi, professor O.F. Sərtqaya Bakıda olarkən ona ünvanlanmış bir suala belə cavab vermişdi: “... boyların dili, sintaksisi bugünkü azərbaycanlıların danışığında dipdiridir. Kəlmələrinizi eşitdikcə adam səksənir, Qorqud atanın sirli-soraqlı aləminə qovuşur...”.
Abidənin dilindəki yüzlərlə söz öz lüğəti mənası, fonetik-tələffüz xüsusiyyəti, morfoloji quruluşu ilə nəinki milli dil dövrünə, milli dilin başlanğıc mərhələsinə uyğun gəlir, hətta bugünkü Azərbaycan dilində də eynən qalır.
Adıçəkilən boyun məzmunu dərslikdə xeyli sadələşdirilmişdir. Belə ki, çoxlu sayda arxaizmlər (məsələn; göygü, əsən, tumar, kəpənək, arı, qırım, pusarıq, sağraq sürdürmək, güz, yavru, uçmaq, ilətmək, bozlamaq, cilasun, çaya çalmalı, ala-quvı, arqırı, sadağ, aya, tuğulğa və s.) mətndən çıxarılmış və ya müasir qarşılıq­ları, sinonimləri ilə əvəzlənmişdir. Bəzi sözlərin isə tə­lə­ffüz və yazı şəkli (məsələn; iyid - igid, əyər - yəhər, binmək - minmək, qorqu - qorxu, baqmaq - baxmaq, arqa - arxa, yaqa - yaxa, qaurma - qovurma, qaqınc - qaxınc, taş - daş, bəg - bəy, tölə-tölə - tovla-tovla və s.) “müasirləşdirilmişdir.”
Sadələşdirilməsinə baxmayaraq, boyun dilində yenə də uşaqlar üçün çətin anlaşılan söz və ifadələr qalmaqdadır və onların izahı xüsusi əhəmiyyət kəsb edir. Belə sözlərin mənasını öyrətmədən boyun məzmununu tam və əhatəli mə­nimsətmək qeyri-mümkündür. Üstəlik əlavə edək ki, bu söz və ifadələrin bəziləri dərin fəlsəfi məna yükü daşıyır. “Bədii əsəri bütöv, tam bir mexanizmə, orqanizmə bənzətmək olar. Mexanizmi təşkil edən hər bir hissə müəyyən bir iş icra etdiyi kimi, bədii əsərdə işlədilən hər bir söz də müəyyən məqsəd daşıyır, sənətkarın irəli sürdüyü fikirlə bağlı olur. Mexanizmin hər hansı hissəsi sıradan çıxdıqda o, işə düşmədiyi kimi, bədii əsərin başlıca ideyası ilə bağlı sözün mənası təhlil zamanı oxucuya, dinləyiciyə aydın olmadıqda, əsərin ideyası anlaşılmır, nəticədə o əsər lazımı şəkildə mənimsənilmir.”
Boyun dilindəki çətin anlaşılan söz və ifadələrin mənasının aydınlaşması onun məzmununun dərindən qavranılmasına kömək etdiyi kimi, şagirdlərdə ana dilinin ilk təşəkkül dövrü və yazıyaqədərki Azərbaycan dili barədə dolğun təsəvvür oyadır, XII - XIII əsrlərdən meydana çıxan ana dilli ədəbiyyat nümunələrinin də məzmununun yaxşı mənimsənilməsinə şərait yaradır.
Əlbəttə, vaxt boydakı bütün çətin söz və ifadələri aydınlaşdırmağa imkan vermir. Ona görə də müəllim ən çətin və izaha zəruri ehtiyacı olan söz və ifadələrin seçiminə diqqətlə yanaşmalıdır. Obrazların yaradılmasında xüsusi əhəmiyyət kəsb edən və əsərin ideya-bədii gücünü artıran söz və ifadələrin izahına önəm verilməlidir. Məsələn, aşağıdakı cümlələrə fikir verək: “Bir gün Tulu quşun balası, yazıqların ümidi, Amit soyunun aslanı, Qaracığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan yerindən durmuşdu.”, “Parasarın Bayburd hasarından sıçrayıb aşan, Beyrək boz ayğırına mindi..”. Əgər bu cümlələrdə obrazların yaradılmasındakı söz və ifadələrin mənası açıqlanmasa, bəylərin xarakter cizgilərini təsəvvür etmək çətin olacaq. Məhz həmin söz və ifadələrin hesabına Qazan xan və Beyrəyin şəxsiyyətləri bəlağətlə təsvir edilmişdir. Müəllim “Tulu quşu”nun qartal və ya şahin quşu, “Qaracuğ”un coğrafi koordinatları hələ də dəqiq, tam müəyyən olunmayan toponim, “Amit”in budduizmin allahlarından biri (türk buddist soyu), “Salur”un qədim türk tayfalarından birinin adı; “Parasar”ın şəxs adı, “Bayburd hasarı”nın Anadoluda yer adı olduğunu bildirməklə həmin söz və ifadələrin obrazların yaradılmasında oynadığı rolu, onların ideya-bədii qüvvəsini də başa salmış olur. Boyda elə söz və ifadələr var ki, onlara XVI əsrdən sonrakı dövr ədəbi materiallarında, demək olar ki, rast gəlinmir və ya çox nadir rast gəlinir. Elə lüğət vahidləri var ki, bunları ancaq türk mənbələrində qeydə almaq mümkündür. Bu gün bəzilərinin izlərinə ara-sıra dialektlərdə də rast gəlmək olur. Sası, qalın, qaba, tutam, şap-şap (çap-çap), qulan, saqın, qaftan və s. belə sözlərdəndir. Müəllim izahlı oxulardan, müxtəlif lüğətlərdən, sözün sinonim və antonimlərindən, leksik, etimoloji və morfolo­ji təhlillərdən istifadə et­məklə bu cür sözlərin mənasının izah olunmasına çalışmalıdır. Bu işlər oxu prosesi ilə paralel aparılmalı, kontekstə görə açıqlanmalıdır. Təqdimatlar əsasında məlumat mübadiləsi və müzakirələrdə tanış olmayan sözlərlə bağlı fikir mübadiləsi aparılmalı, onların mənasının necə müəyyənləşdirildiyi diqqət mərkəzində sax­la­nıl­malıdır. Şagirdlər bilməli­dirlər ki, sası - azğın, murdar; qalın - böyük, iri, çox; qaba - böyük; tutam - ölçü vahidi (4 barmaq eni bir tutamdır); şap-şap (çap-çap) - ağzını marçıldada-marçıldada yemək (təqlidi sözdür); qulan - çöl eşşəyi, vəhşi at; saqın - çəkin (mək); qaftan - üst geyimi (iki tərəfi yarıq olan uzun ətəkli) anlamındadır. Belə açar sözlərin izahı nəticəsində boydakı “Ağam Qazan, sası dinli Gürcüstan sərhədinə gedirsən, qərargahının üstündə kimi qoyursan?”, “Qalın Oğuz bəyləri atlandılar”, “O, qaba dizləri üstə çökdü.”, “Altmış tutamlıq nizəni mənə ver !”, “Qanlı quyruq üzüb şap-şap udan!”, “Qulanla sığına-keyikə qonşu yur­dum!”, “Saqın, xanım ana!”, “Yeddi min qaftanının arxası çırıq ... kafir gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi.” və s. kimi cümlələrin məzmunu asanlıqla qavranılır.
Bu gün ağızlarda və şivələrdə yaşayan, arxaik leksikaya aid olan, lakin sonrakı ədəbi nümunələrdə tez-tez rast gəldiyimiz ər, ərən, yağmalamaq, irmaq, qənarə, varmaq, dağarcıq, ərdəmli, qulun, köşək, qom-qom kimi sözlərin mənasının açıqlanmasına da diqqətlə yanaşılmalıdır. Yaxşı olar ki, belə sözlərin lüğəvi mənası xüsusi tapşırıqlar vasitəsi ilə izah olunsun. Bu sözlərin mənalarının izah olunması şagirdlərin həm boyun özünün, həm də son­ralar tədris ediləcək əsərlərin məzmununun dərindən mənimsənilməsinə zəmin yaradır.
“Kitabi-Dədə Qorqud” dastanının, onun bir hissəsi olan “Salur Qazanın evinin yağmalanması boyu”nun dili sonsuz dərəcədə obrazlı, ifadəli dildir, çox oynaq və qıvraq bir dildir, ən az, xəsis vasitələrlə böyük məna tutumu verilir. Bu gün işlətdiyimiz bir sıra sözlər burada ayrı məna verir. Möcüzə bir də ondadır ki, burada ən adi, bizim indi də hər gün, hər saat işlətdiyimiz sözlərin qəribə düzümü, sırası tapılıb; bu sözlər başqa işıqda görünür, parlayır, bərq vururlar.
Dastanın, o cümlədən bo­yun dilinin gözəlliyini şagirdlərə çatdırmaq üçün onları dil faktları üzərində müstəqil işləmə­yə alışdırmaq çox əhə­miy­yət­lidir. Bu, dərslikdəki tapşırıqlarda da tələb olunur. Həmçinin fənn kurikulumunun tələbinə görə şagird oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirməli, ədəbi nümunələr üzərində araşdırmalar aparmalı, ədəbi əsərlərin məzmununa və ideyasına görə onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verə bilməli, mənbələr üzərində işləməyi bacarmalıdır. O, bədii həqiqətlə həyat həqiqətlərinin müqayisəsini apara bilməlidir. Həmçinin fənn kurikulumunun tələbinə görə şagirdlər tanış olmayan sözlərin mənşəyinə və işlənmə məqamına, kontekstə görə mənasını izah etməyi bacarmalıdırlar (alt-standart 1.1.1.). Ədəbiyyatdan (o cümlədən Azərbaycan dilindən də) bütün məzmun xətlərini əhatə edən lüğət üzrə işlər şagirdlərdə yeni akademik bacarıqlar formalaşdırır, onların dilimizə olan bələdçiliyini artırır. Çalışmaq lazımdır ki, şagirdlər müxtəlif yazılı mənbələrdən - sorğu kitablarından, müxtəlif lüğətlərdən, o cümlədən “Kitabi Dədə-Qorqudun izahlı lüğəti”ndən və iki cildlik “Kitabi Dədə-Qorqud ensiklopediyası”ndan və digər mənbələrdən istifadə etməklə boydakı bir çox sözlərin (məsələn; dədə, çalma, korşalmaq, süstəlmək, inləşdirmək, çal (ağ-qara), qurum, çalmaq (vurmaq), qarımaq, yedəkləmək, sapand, ağıl, cövkan, saqın, ənsə, boy boylamaq, soy soylamaq, çuğul və s.) hazırkı mənalarını və bu gün işlənən şəklini müəyyənləşdirməyə nail olsunlar.Bu işlərin boyun tədrisinə ayrılmış sonuncu dərsdə (“Tətbiq, Müzakirə, Yaradıcı iş”) aparılması məsləhətdir. Bu zaman lüğət üzrə işlərin ənənəvi üsulları fəal təlim metodları ilə sıx uyğunlaşdırılmalı, “söz assosiasiyası”, “Söz boğçası”, “Kub nəzəriyyəsi” və s. kimi yeni üsullardan səmərəli istifadə edilməlidir. “Kub nəzəriyyəsi” dünya təhsil praktikasında Judy Montgomery tərəfindən yaradılmışdır. Bu texnika şagirdlərə sözlərin sinoniminə, antoniminə, ifadə etdiyi mənaya daha diqqətli olmağı tələb edir. Cütlüklərə və ya kiçik qruplara altıüzlü açılmış kub verilir. Gələcəkdə bu açılmış kubun tərəfləri birləşdiriləcəkdir. Birləşdirilənə kimi isə onun açılmış üzlərinə bunlar yazılır: 1) verilmiş söz və ifadə, 2) antonimi, 3) sinonimi, 4) aid olduğu nitq hissəsi, 5) əsas simvolu, xüsusiyyətləri, 6) nümunə. Şagirdlər göstərilənləri yazdıqdan sonra kəssir, qatlayır və kub formasına salırlar. Cütlüklər və ya kiçik qruplar bu kubları zər kimi atır, yuxarı üzündəki sözlə verilmiş ifadə arasındakı əlaqəni tapırlar. Bu zaman müxtəlif mənbələrdən istifadə etmək olar.
Azərbaycan dilində yazıya alınmış ilk bədii əsər olan “Kitabi dədə-Qorqud” dastanı təxminən 2721 sözü əhatə edir. Bunların isə cəmi 15 %-i alınma sözlərdir. Alınma sözlərin 559-u ərəb və fars (365-i ərəb, 194-ü fars), bir neçəsi isə gürcü, yunan və s. dillərdən keçmişdir. Onların xeyli qisminə “Salur Qazanın evinin yağmalanması boyu”nda da rast gəlirik. (Məsələn, boyda 95 fars sözü 272 dəfə işlənmişdir.) Allah, fani, dünya, namaz, namərd, aznavur, kafir, müjdə, əmiraxur, rükət, dua, qiyamət, şahbaz və s. belə sözlərə nümunə göstərilə bilər. Boyun məzmununu mənimsədərkən belə sözlərə, onların mənşəyinə və mənasının açıqlanmasına diqqətlə yanaşmaq lazımdır. Yaxşı olar ki, bu zaman daha çox tərcüməsi dərslikdə verilməyən alınma mənşəli sözlərin tərcüməsinə və kontekst daxilində izah edilməsinə üstünlük verilsin. Azərbaycan dili dərslərində ərəb-fars mənşəli sözlərə xas olan ən vacib xüsusiyyətləri öyrəndiklərini nəzərə alaraq uşaqları boydakı bu cür sözləri seçmək, lüğətlərin köməyi ilə tərcümə etmək və kontekst daxilində mənasını aydınlaşdırmaq barədə müstəqil tədqiqat işlərinə cəlb etmək maraqlı olardı.
Son tədqiqatların nəticələrinə istinadən boyda nadir hallarda rast gəlinən, yerinə düşməyən və şagirdlərdə çaşqınlıq yaradan sözlər barədə müvafiq izahatların verilməsi də məsləhətdir. Məsələn, təcrübə göstərir ki, Qazan xanın Yegnək tərəfindən “keşiş” adlandırılması şagirdlər arasında çaşqınlıq yaradır. Çünki oğuzların xristian dininə zərrə qədər də bağlılıqları, hətta kiçicik meyilləri belə yoxdur. Qazan xana deyilən “keşiş” sözü heç bir məntiqə sığmır. Bu sözün boyun dilində işlənməsi katiblərin səhvidir. Son tədqiqatlarda da qeyd edildiyi kimi, bu, əslində “keşiş” yox, “kiriş” deməkdir. “Kiriş” isə “yarış yoldaşı” mənasında olan qədim türk sözüdür.
Boyun məzmununun öyrədilməsi zamanı şagirdlərə aydın olmayan və onları təəccübləndirən həyat-məişət məsələləri barədə konkret izahat verilməlidir. Belə izahatların verilməsi də zəruridir. Əks-təqdirdə uşaq­lar orada təsvir edilən hadisələrin səbəb və mahiyyətini başa düşə bilmirlər. Məsələn, haqqında söhbət gedən boyda Qaraca Çoban döyüşdən sonra yapıncısından kəsib yandıraraq qurumunu yarasına basan, Yegnək “qulağı qızıl küpəli”, Şir Şəmsəddin “icazəsiz Bayandır xanın düşmənini basan”, Beyrək isə “...yeddi qızın ümidi...” kimi təsvir edilirlər. Müvafiq izahat, bəzi siyasi və məişət anlayışları barədə məlumat verilməyəndə Qaraca Çobanın yarasına qurum (kül, his) basması, kişinin (burda Yegnəyin) sırğa taxması, Şir Şəmsəddinin izinsiz düşmənlə döyüşə qoşulmasının təqdir edilməməsini və s. təəccüblə qarşılayır, Beyrəyin “yeddi qızın ümidi” olmasını başqa mənada başa düşürlər. Ona görə də müəllim izahat verməlidir ki, keçmişdə qanın kəsilməsi üçün yaranın üzərinə qurum (kül, his) səpilməsi türkəçarə olub. Tibbi cəhətdən məqbul sayılmasa da, ekstremal vəziyyətlərdə indi də ara-sıra bu üsula müraciət olunur. Lap qədimdən türklərdə oğlan uşalarını bəd nəzərdən qorumaq üçün onların qulağının bir tayını deşdirib sırğa taxardılar. Belə bir sırğa Beyrəkdə də vardır. Bu adətin izi Azərbay­canda XX əsrə qədər qalmaqda idi. İzinsiz döyüşə girmək Oğuz elində adəti pozmaq sayılırdı. Bunu “Qanlı Qoca oğlu Qanturalı boyu”nda da aydın görürük. Beyrək isə yeddi bacının yeganə qardaşı idi. Məhz belə izahlardan sonra hər şey aydınlaşır. Məzmun təfsilatı ilə mənimsənilir və uzun müddət yadda qalır.
Belə izahatlar eyni zamanda uşaqlara tanış olmayan antroponim və toponimlər barədə də verilməlidir. Çünki şagirdlərin boyda adları çəkilən şəxs və yer adları barədə məlumatları yox dərəcəsindədir. Məsələn, Qazan xanın suya müraciətlə söylədiyi “Həsən ilə Hüseynin həsrəti su, Ayişə ilə Fatmanın baxışı su”, Uruzun ağaca müraciətlə dediyi “Məkkə ilə Mədinənin qapısı ağac, Museyi- Kəlimin əsası ağac, Əlinin Düldülünün yəhəri ağac!”, “Əlinin qılıncının qınıyla dəstəyi ağac!” cümlələrindəki fikrin mənimsənilməsi üçün mütləq işarə olunan dövr, bu dövrdə baş vermiş hadisələr və adları göstərilən şəxslər və yerlər barədə qısa və konkret məlumatların verilməsi zərurəti yaranır.
Təcrübə göstərir ki, şagirdlərin boyda təsvir edilən ictimai-tarixi şərait və tarixi hadisələr barədə informasiyaları olmadığına görə onlar əsərin məz­mu­nu­nun öyrənilməsinə, ide­yasının qavranılmasına həvəssiz yanaşırlar.Ona görə də bəzi tarixi hadisələrin boydakı əks-sədaları barədə mütləq dolğun informasiya verilməlidir. Məsə­lən, Qazan xanın ova gedərkən 300 igidlə oğlu Uruzu evinin keşiyində qoymasının vacibliyini başa salmaq üçün şagirdlə­rə məlum olmayan ictimai-tarixi şərait barədə izahat verilməsi tələb olunur. İzahat verilərək bildirilməlidir ki, Oğuz “sası dinli Gürcüstan ağzında”dır. Bizans, erməni və gürcü feodalları məqsədli şəkildə türkləri bir-birinin üzərinə saldırmağa çalışırdılar. Ona görə də Qazan xan ova gedərkən oğlunu öz evinin, el-obasının keşiyində qoyur. Sonrakı hadisələr də onun haqlı olduğunu sübut edir. Düşmənlərin fitnəsi ilə türk soylu qıpçaq və peçənəqlər Oğuz elinə hücum edirlər.
  Lüğət üzrə işin səmərəli təşkili və dövrün siyasi, ictimai-tarixi, həyat-məişət, adət-ənənə anlayışları, antroponimlər, toponimlər və s. üzrə ətraflı izahatların verilməsi şagirdlərdə əsərə marağı artırır, onun məzmununun ətraflı mənimsədilməsinə, obraz və hadisələrin dərindən başa düşülməsinə səbəb olur.  


Tarix: 11-09-2018, 12:39

Xəbəri paylaş