Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MİLLİ MƏNLİK ŞÜURUNUN FORMALAŞMASI TƏHSİL-TƏRBİYƏ PROSESİNİN QARŞISINDA DAYANAN MÜHÜM VƏZİFƏDİR

 

Aynur Allahyarova,
Xətai rayonu R.Əliyev adına 254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Respublikamızda milli müstəqilliyin əldə edildiyi bir zamanda mövcud dövrün reallıqlarına müvafiq olaraq təlim-tərbiyə prosesinin yenidən qurulması üçün məktəblərimiz və pedaqoqlarımız gənc nəslin formalaşmasına diqqəti daha da artırmışdır. Yeni təfəkkür şəraitində təhsilin və tərbiyənin qarşısında bir sıra mühüm vəzi­fələr dayanır. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu təhsil sahəsinə diqqət və qayğısını əsir­gəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Görkəmli dövlət xadimi deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniy­yətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Təhsilalanlarda milli mənlik şüurunun formalaşdırılması həmin vəzifələrdən biridir. Qloballaşma və inteqrasiya dövründə xalqımızın milli adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin mühafizə edilərək daha da inkişaf etdirilməsi son dərəcə vacibdir. Bu, təsadüfi deyildir. Ölkə vətəndaşlarının xoşbəxt gələcəyinə nail olmaq üçün tarixi, mədəni, irsi, etnik köklərə söykənmək, təhsilalanların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi qayğısına qalmaq, tarixi keçmişimizi, dünənimizi, bu günümüzü öyrənmək lazımdır. Ümum­milli liderimiz Heydər Əliyev demişdir: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdur­sa, o insan mənə­viyyatsızdır”.
Müasir demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quran Azərbaycan dini-mənəvi dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək güclü inkişaf yoluna qədəm qoymuş və çətinlikləri aradan qaldıraraq uğurla irəliləməkdədir. Hər xalqın öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən yararlanaraq xalqımızın mədə­ni səviyyəsini inkişaf etdirməklə gənc nəsli daha da sağlam, saf əxlaqi əhvali-ruhiy­yədə tərbiyələndirməliyik.
Müasir dünyada gəncləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli şüurun inkişaf etdirilməsi vacib məsələdir. Bu olduqca mürəkkəb bir prosesdir. “Qətiyyətlə demək olar ki, hazırda ölkədə bu istiqamətdə iş sistemli şəkildə aparılır. Lakin bu məsələdə müasir texnologiyalardan da istifadəyə ehtiyac yaranır. Məlum olduğu kimi, bugünkü gənc olduqca informasiyalı və məlumatlıdır. Belə bir şəraitdə təbliğat və maarifləndirmə işi elə aparılmalıdır ki, hər bir gənc dərk etsin ki, bu məsələlər onun həm özünə, həm cəmiyyətə, həm ailəsinə, həm də dövlətə xeyirlidir”, - deyə ulu öndər bildirirdi.
Vətənin qədrini yalnız onu sevənlər bilər. Bu baxımdan, gənclərə Vətəni sevdirmək, bu sevgini inkişaf etdirməyə ehtiyac duyulur. Əgər gənclərimiz Vətənin hər qarışını əziz və doğma bilirsə, deməli biz xoşbəxt millətik. Mütəfəkkir, dühalar qeyd ediblər ki, "Millət odur ki, ən çətin anda birləşir və özünü təsdiq edir”. Bu isə o anlama gəlir ki, milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdür və yaşamağa layiqdir”.
Milli mənlik şüuruna yiyə­lən­mək vətənpərvərliyin mü­hüm əlamətlərindəndir. Ona görə də milli mənlik şüurunun formalaşdırılmasına böyük əhəmiyyət verilir.
Pedaqoji ədəbiyyatda qeyd olunduğu kimi, milli mənlik dedikdə, hər bir millətin mövcudluğu, özünəməxsusluğu, milli özünütəsdiqi, milli özünüdərki, milli ləyaqəti nəzərdə tutulur. Şübhəsiz, ümumbəşəri dəyərlər də nəzərə alınmalıdır. Hazırda dövlətimizin apardığı gənclər siyasəti respublika vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquq­larını müdafiə etməklə bərabər, insanların, o cümlədən şagirdlərin və tələbələrin özlərini təsdiq etmələrindən ötrü həm də onların əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasını təmin edir. Cəmiyyətimizin inkişafının müasir mərhələsində təhsilalanların həyatda özlərinə layiqli yer tutmaları, vətənin müdafiəsinə həmişə hazır olmaları, həmçinin fəal vətəndaşlıq mövqeyi qazanmaları istiqamətində ümumtəhsil, ali və orta ixtisas məktəblərində məqsədyönlü, sistemli və planauyğun işlər görülür.
Hər bir uşaq, yeniyetmə və gənc milli ruhda tərbiyə almalı, zəngin tariximizə bələd olmalıdır. Hazırda təhsil müəssisəsinin, ailənin qarşısında dayanan ümdə vəzifələrdən ölkə vətəndaşlarına düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bu, bir həqiqətdir ki, qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri mühafizə edib saxlamaq son dərəcə çətindir. Əsrimizin sürətli informasiya, yeni kommunikasiyalar dövrü olduğunu diqqət mərkəzinə gətirməli olsaq, gənclərin şüurunu zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı əlverişli metodlarla alınmalıdır.
Xalqların hər birinin özünəməxsus milli dəyərləri, adət-ənənələri və səciyyəvi xüsusiyyətləri vardır. İllər, əsrlər ötdükcə həmin dəyərlər millətin yaddaşına köçür, mətinləşir. Bu mənada deyə bilərik ki, milli mənlik şüuru ölkəmizin varlığının, milli özünüidarə və özünütəsdiqinin, vətəndaşlarının milli şərəf və ləyaqətinin, milli və ümumbəşəri keyfiyyətlərin məcmusudur.
Azərbaycan məktəbi, Azərbaycan müəllimi zəkalı, istedadlı dühaların yetişdirilməsində, formalaşdırılmasında gördüyü işlərlə bu gün haqlı olaraq iftixar hissi keçirir. Biz müəllimlər, şəxsiyyətin, zəkanın, dühanın qiymətləndirilməsini, onların timsalında yeni nəsillərin formalaşdırılmasını özümüzün əsas iş istiqaməti hesab edirik.Bilirik ki, zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar.
Bu gün Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir.
Bu gün müəllim kimi fəaliyyətimizdə milli mənlik şüurunun formalaşmasından danışarkən ulu öndər Heydər Əliyev irsinə müraciət edirik.
Fəaliyyətimizi məhz onun simasında qurur, bu məqsədlə Heydər Əliyev kabinetləri, guşələri, muzeyləri yaradılır, sənədli materiallar toplanılır, Heydər Əliyev dərsləri keçirilir, seminarlar, məktəblər fəaliyyət göstərir.
Bir sözlə, Heydər Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Hər şeydən əvvəl, ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.
Bunu nəzərə alaraq, təlim-tərbiyə prosesində təkzibolunmaz faktlarla Heydər Əliyev fenomeninin xarakterini, onun fəaliyyətini, xalqa xidmətlərini dünyada Azərbaycanı bir respublika kimi, azərbaycanlıları isə bir xalq kimi tanıtması səylərini onun parlaq zəkası və qüdrətli xarakterini, nə vaxt, harada, hansı şəraitdə işləməsindən asılı olmayaraq rəhbər və insan kimi fəaliyyətini, həyatının bütün sahələrində müdrikliyini və qətiyyətini, zəka və iradəsinin ən ali, bitkin və kamil formalarını nümayiş etdirməklə dövləti möhkəmləndirməyi, xalqa xidmət etməyin əməli nümunələrinin geniş izahına daha böyük diqqətlə yanaşmalıyıq. Qeyd etmək lazımdır ki, o, rəhbər, dövlət başçısı və şəxsiyyət kimi öz xalqına bağlı olduğunu daim əməlləri ilə sübut etmişdir.
Unutmamalıyıq ki, xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıq­landırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Tarixi qələbələr tarixi şəxsiyyətlərin nəsibidir. Tarix acizlərlə müxalifətdə, güclülərlə ittifaqdadır. O, acizlərə onların acizliyini bağışlamır, onları dərhal səhifələrindən silib aparır, dühalarda, güclü şəxsiyyətlərdə təzahür edib, onlarla ittifaqda böyük gələcəyə gedir. Bu cür amala malik gənc nəsli formalaşdırmaqda Heydər Əliyev nümunəsi bu gün köməyimizə gəlir.
Şübhəsiz ki, bu gün onun böyük şəxsiyyəti, bütün həyatı, davranışı ilə nümunə olmaq qabiliyyəti, insanlara yalnız sevinc, xoşbəxtlik bəxş etmək xisləti, öz işi və əməlləri ilə xalqına başucalığı gətirmək xidmətləri təlim-tərbiyə prosesində daha qabarıq şəkildə öyrənilməlidir.
Respublikamızda təhsilin inkişafına xüsusi diqqət və qayğının göstərilməsi 70-80-ci illərdə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin ali məktəblərinə oxumağa göndərilməsi, yeni-yeni ali məktəblərin yaranması, orta məktəblərin şəbəkəsinin, Təhsil Fondunun yaranması, Dünya Bankında respublikamız üçün ayrılmış pulun müəyyən hissəsinin təhsilimizə ayrılması ölkəmizin parlaq gələcəyi ilə bağlı ümidlər yaratmışdır.
Ölkənin, xalqın, millətin tarixinin, mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin, milli adət-ənənələrinin öyrənilməsi və qorunması hər bir vətəndaşda və təhsilalanda milli mənlik şüurunu, milli təfəkkürünü, vicdanı, vətənpərvərlik, yurdsevərlik, insanpərvərlik hisslərini daha da qüvvətləndirir.
Bu, da həqiqətdir ki, yalnız fəal vətəndaşlıq mövqeyinə malik gənclərdə milli mənlik şüuru uğurla inkişaf edə bilər. Təhsilalanlarda davranış mədəniyyətini milli mənlik şüurunu, milli şərəf və ləyaqət hisslərini, milli təfəkkürü, mənəvi düşüncəni və mənəvi davranış təcrübəsini inkişaf etdirmək üçün həm ümumtəhsil, həm də ali və orta ixtisas məktəblərində təlim prosesinin, sinifdənxaric və auditoriyadankənar tədbirlərin zəngin imkanlarından faydalanmaq lazımdır. Millətlər və xalqlar öz "mən”lərini, milli mənlik şüurunu, milli şərəf və ləyaqətini və milli vicdanını vətən, xalq üçün çətin məqamlarda daha dərindən hiss edir və özünü konkret fəaliyyətə hazırlayır. Təhsilalanlar ailədə, təlim prosesində, təlimdənkənar tədbirlərdə ölkəmizin Əsas Qanununun - Azərbaycan Respublikası Konstitusiyasının, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun, Uşaq hüquqları haqqında Azər­baycan Respublikası Qanununun, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının başlıca maddələri ilə yaxından tanış olmalıdırlar.
Milli mənlik şüurunun inkişaf etdirilməsi üzrə iş əsasən aşağıdakı istiqamətləri əhatə etməlidir:
- Heydər Əliyev nümunəsində tərbiyə;
- dövlətçiliyimizə sədaqətin tərbiyə olunması;
- dövlət rəmzlərimizə hörmət və məhəbbətin aşılanması;
- azərbaycançılıq ənənələrinə sadiqlik;
- milliliyin ümumbəşəriliklə yanaşı aparılması. Mütərəqqi bəşəri ideyalarından bəhrələnmək;
- fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunması;
- milli, türkçülük və islam dəyərlərindən faydalanmaq;
- özünün, ailəsinin, təhsil aldığı müəssisənin, iş yerinin şərəf və ləyaqətinin müdafiə olunması;
- öz Vətəninin uğurlarına, ölkənin maddi və mənəvi sərvətlərinə, tarixi şəxsiyyətlərinə, görkəmli insanlarına görə milli iftixar hissinin tərbiyə olunması.
   Azərbaycan məktəbi və Azərbaycan müəllimi fəxr edə bilər ki, onun Heydər Əliyev kimi yetirməsi var, ondan öyrənməklə, onun nümunəsində Azərbaycanın gələcəyi olan sağlam gənc nəsil tərbiyə olunur! 


Tarix: 11-09-2018, 12:36

Xəbəri paylaş