Müəllimin peşəkarlıq səviyyəsinin inkişafına təsir göstərən əsas amillər
Zülfiyyə Vəliyeva,
ADPU-nun “Pedaqoji təhsilin problemləri” ETL-nın elmi işçisi, Əməkdar müəllim
XXI əsrin əvvəllərində Azərbaycan dövlətinin müəyyən etdiyi yeni inkişaf yolu təhsilin yeniləşməsi və müasirləşməsinə olan ehtiyacları bir daha aktuallaşdırdı. Müasir yanaşmalara görə, təhsil müəssisələri elə bir pedaqoji sistem qurmalıdır ki, şəxsiyyətin inkişafı, meyil, maraq və qabiliyyətinin formalaşması, həmçinin onların mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin və bu prosesi səmərəli idarə edə bilsin. Təlim-tərbiyə prosesində keyfiyyət, təhsilalanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunur ki, cəmiyyətin tərəqqisi bütün dövrlərdə bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuş, mövcud tələbat təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Təhsilin keyfiyyətinin ölçülməsində mütəxəssislərin hazırlanması həmişə böyük əhəmiyyət kəsb etmişdir. Müasir yanaşmalara görə təhsil müəssisələrində elə bir pedaqoji sistem olmalıdır ki, səxsiyyətin inkişafı, meyil, maraq və qabiliyyətlərin formalaşması, həmçinin, onun mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin. Müəllim hazırlığı üzrə aparılan işlər müəllim hazırlığının müasir tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik olan pedaqoji kadrların hazırlanması və bu hazırlığın müasirləşdirilməsi, beynəlxalq təcrübə və milli ənənələr əsasında məzmunun, strukturun, pedaqoji təhsil müəssisələrində bütün pedaqoji prosesin daha da təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini əhatə edir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Həyata keçirilən dövlət proqramları çərçivəsində müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Müasir dövrdə pedaqoji kadrların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Müasir şəraitdə ali pedaqoji təhsil müəssisələrində kadr hazırlığı prosesinin məzmunu və təşkili əhəmiyyətli şəkildə dəyişir, kadr hazırlığının keyfiyyəti, gələcək müəllimlərin yalnız ixtisas üzrə deyil, pedaqoji-psixoloji, ümumtəhsil və peşəkarlıq üzrə mükəmməl bilik və kommunikativ bacarıqlara yiyələnməsi həyati tələbata çevrilir. Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə yönəldilməlidir. Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar.
Müəllim təhsil prosesinin istiqamətləndiricisi və koordinatoru rolu oynamalı, “Öyrənənə hörmətlə yanaşmaq, Öyrədənin əsas göstəricisi olmalıdır” devizi altında çalışan müəllimlərimiz şagirdlərimizə elmlərin əsasını dərindən öyrənməyə və məktəbdə aldıqları bilikləri həyatda işlətməyə kömək etməlidir. Təhsilin məzmunu uşaqlarımızda dərrakəni inkişaf etdirməyə, hadisələrin səbəblərini dərk etməyə və düzgün qərar qəbul etmək bacarıqları aşılamağa xidmət etməlidir. Təhsilin keyfiyyəti təlimin yeni texnologiyasını, tədris prosesini bilavasitə reallaşdıran müəllimin yaradıcı əməyindən, peşəkarlıq səviyyəsindən və peşəsini ürəkdən sevməsindən çox asılıdır. Müəllimin yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirakı onun yaradıcı əməyinin keyfiyyətinin aşkarlanmasında mühüm rol oynayır. Müəllim yalnız bilik vermir, eyni zamanda öyrənənlərin təfəkkürünün, düşünmə tərzinin dəyişməsinə səbəb olur, idrak fəaliyyətinə təsir edir. Təcrübə göstərir ki, təhsil və inkişaf sahəsində müəllim amili özünün əhəmiyyətinə və missiyasına görə bu gün də, gələcəkdə də aktual olaraq qalacaqdır. Müasir müəllim qabaqcıl Avropa və Amerika təhsil sistemindən ən önəmli nümunələr seçərək milli zəmin əsasında demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma və fərdləşdirmə kimi vacib prinsiplərin tədris prosesinə yaradıcılıqla tətbiqini həyata keçirir.
XXI əsrdə pedaqoji, psixoloji, fəlsəfi və metodik yanaşmaların əsasını “Təhsilalanlara nəyi ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir. İndiki şərait tələb edir ki, insan özünü tez-tez refleksiya etsin, imkanlarını müəyyənləşdirsin, yeniliyi anlamağa çalışsın, kommunikativ əlaqələr qursun. Deməli, XXI əsrin təhsil sistemi kifayət dərəcədə yenilikçi xarakterli, cevik və yaradıcı keyfiyyətlərə malik olmağı tələb edir. Elmin, təhsilin və texnoloji tərəqqinin tez-tez dəyişdiyi indiki dövrdə təhsil müəssisələrində gənc nəslə yalnız bəşəriyyətin indiyədək topladığı bilikləri verməklə kifayətlənməməli, onları cəmiyyətin və ayrı-ayrı subyektlərin rastlaşacağı yeni problemləri həll etməyə hazırlamalı, rəqabətəqabil, kamil insanın, şəxsiyyətin, səriştəli təhsilverənin formalaşmasına xidmət etməlidir.
Müasir dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər aparılır, struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Təhsil müəssisələrinin fəaliyyət mexanizminin yeni tələblər əsasında qurulması üçün cəmiyyətin artan tələbatının nəzərə alınması, təhsildə innovasiyaların davamlı olaraq tətbiqi, şəxsiyyətyönlülüyə xüsusi əhəmiyyət verilməsi, təhsilalanlarda və təhsilverənlərdə təfəkkür mədəniyyətinin formalaşdırılması vacibdir.
Müəllimin peşəkar fəaliyyətinin peşəkarlıqla bağlı düşüncəsində öyrədən-öyrənən qarşılıqlı münasibətlərinin formalaşmasında müəyyən texnikanın üstünlük təşkil etməsi hazırda da öz mövcudluğunu saxlamışdır. Müəllim amili təhsilalanın biliklərə yiyələnməsində və inkişafında həlledici rol oynayır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırlması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi gücləndirilməli və müəllimin peşəkar fəaliyyətinin inkişafına müsbət təsir göstərən faktorlara üstünlük verilməlidir. Müəllim peşəkar fəaliyyətinin əsas göstəricisi olan Səriştəli yanaşma inkişaf etmiş ölkələrin əksəriyyəti tərəfindən qəbul edilmiş təhsil standartlarının ümumi konsepsiyasına uyğun, təhsilin məzmununun layihələndirilməsi və onun keyfiyyətinə nəzarət sisteminə keçidlə bağlı olan məsələləri sistemli həll etməyə imkan verir. Səriştəli yanaşma modelinin dörd komponenti var:
1. Məntiqi
2. Funksional
3. Semantik
4. Texnoloji.
Bu komponentlərin qarşılıqlı əlaqələri səriştəli yanaşma modelinin səmərəliliyini müəyyən edir. Təhsildə səriştəli yanaşma modeli mövcud təhsil nəzəriyyəsi və təcrübəsində məlum texnologiyalardan istifadə olunaraq həlli mümkün olmayan, problem xarakterli məsələləri həll etməyə imkan verir. Səmtləşdirilmiş təhsil 1970-ci illərdə Amerikada formalaşmışdır. 1990-cı illərə qədər səriştəlilik dilin öyrədilməsində və idarəetmədə, rəhbərlikdə istifadə olunurdu. Səriştəliliyin növləri:
- dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiyalar və dəqiq məqsədlərlə bağlı bacarıqlar;
- öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensiyalar;
- fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı; sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar;
- əks əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar;
- özünə əminlik, inamlılıqla bağlı bacarıqlar;
- özünənəzarət bacarığı; gələcək haqqında düşünməyə (fikirləşməyə), adaptasiya (uyğunlaşma) və abstraksiya (mücərrədləşdirməyə) dair bacarıq və vərdişlər;
- qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli münasibət;
- təfəkkürün sərbəstliyi, orijinallığı;
- tənqidi (nəzəri) təfəkkürün inkişafı;
- mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı;
- hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin həllinə hazır olma; ətraf aləmin imkanlarının və ehtiyatlarının aşkarlanması üçün tədqiqatlar aparma bacarığı;
- fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yoxluğu;
- məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan istifadə bacarığı;
- cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik (inanma);
- inadkarlıq, sözünün üstündə durma bacarığı;
- ehtiyatlardan istifadə bacarığı;
- etibar, inam, etimadla bağlı keyfiyyətlər; arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə bacarığı;
- şəxsi məsuliyyət;
- məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı;
- qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə işləməyə həvəs oyatma bacarığı;
- başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaşmaq bacarığı;
- əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə can atma bacarığı;
- ixtilafların həlli və fikir ayrılıqlarının yumşaldılması ilə bağlı bacarıqlar;
- tabelilik şəraitində səmərəli, effektiv işləmək bacarığı;
- ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözümlülüyün təbliği ilə bağlı bacarıqlar;
- təşkilati və ictimai planlaşdırma ilə bağlı bacarıqlar.
Təhsilin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifələrindəndir. Müasir təhsil biliklər sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik və bacarıqların təhsilalan tərəfindən sərbəst əldə olunmasını nəzərdə tutur.
Tarix: 11-09-2018, 12:32