Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ə.Haqverdiyevin təhsil illəri

 

Təranə Abdullayeva,
AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

XIX əsr Azərbaycan ədəbiyyat tarixində Əbdürrəhim bəy Haqverdiyevin xüsusi yeri vardır. Böyük ədibin təhsil illəri, uşaqlıq dövrü də bir çox hadisələrlə zəngin olub.
Əbdürrəhim bəy Haqverdiyev öz tərcümeyi-halında əmisi arvadının zülmündən bezərək yazırdı ki, “axır bir gün davam gətirməyib, ayaq­yalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realnı məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim”.
Lakin Əbdürrəhim bəy Şuşa realnı məktəbinə daxil olana qədər savad təliminə başlamış, yaxşı hazırlıq keçmişdir. Hələ 8 yaşı olanda evdə atalığı Həsənəli bəy ona Kiril əlifbasının hərflərini, oxumağı və yazmağı öyrətmişdir. 1880-ci ilin mayında Həsənəli bəyin ailəsi Şuşaya köçmüş, həmin il Həsənəli bəy altısinifli şəhər məktəbinə daxil olmaq üçün Əbdürrəhim bəyi Şuşada Yusif bəy Məlikhaqnəzərovun müvəqqəti yay məktəbinə qoymuşdur. Bu məktəb “şagirdlərin şəhər məktəbinə daxil olmaları üçün bir növ hazırlıq mərhələsi sayılırdı”.
Yusif bəyin məktəbində oxuyarkən Əbdürrəhim bəy həm də Şuşada Mirzə Mehdinin molla məktəbinə gedir, ərəb əlifbasını öyrənirdi. Lakin mollaxanadakı təlim üslubundan narazı olan Həsən­əli bəy tezliklə oğulluğunu oradan çıxardır.
Ə.Haqverdiyev 1880-ci ilin yay aylarında Yusif bəyin məktəbində oxuyub, savadını - biliyini artırandan sonra həmin ilin sentyabrında imtahan verib şəhər məktəbinə daxil olur və bir il şəhər məktəbində təhsil alır. 1881-ci ilin oktyabr ayında Şuşada təzə açılmış rus dilli realnı məktəbə daxil olur, burada rus dilini öyrənməyə başlayır, rus yazıçılarının əsərləri ilə tanış olur, onların əsərlərini mütaliə edir.
Realnı məktəbdə oxuyarkən yeniyetmə Əbdürrəhim bəydə bədii ədəbiyyata və teatra dərin maraq oyanır, məşhur rus şairi İvan Krılovun “At və eşşək” təmsilini Azərbaycan dilinə çevirir.
1890-cı ilin iyun ayında Ə.Haqverdiyev Şuşa realnı məktəbinin 6-cı sinfini bitirib Tiflisə gedir, orada realnı məktəbin sonuncu sinfinə daxil olur. Tiflis mühiti gənc Əbdürrəhim bəyin dünyagörüşünün formalaşmasına səmərəli təsir göstərir. Bu haqda yazıçının həyat və yaradıcılığını tədqiq edən mərhum professor Məmməd Məmmədov yazırdı: “1891-ci ilin iyununa qədər davam edən birillik təhsil müddətində o (Ə.Haqverdiyev - red.), məktəbdə dərsə davam etməklə yanaşı, Tiflis ədəbi mühiti ilə də yaxından tanış olur. İqtisadi-mədəni inkişaf baxımından Qafqazın iri şəhərlərindən biri və inzibati mərkəzi olan Tiflisdəki teatr həyatı Ə.Haqverdiyevi özünə daha çox cəlb edirdi. Vaxtilə M.F.Axundov, A.Bakıxanov, M.Ş.Vazeh kimi böyük sələflərinin və rus inqilabçı demok­ratlarının yaşayıb yaratdıqları Tiflis şəhəri gənc Əbdürrəhimin ədəbi inkişafında mühüm rol oynamışdır. O, burada Qriboyedov, Qoqol, Ostrovski, Şekspir, Şiller, Molyer kimi klassik rus və Avropa dramaturqlarının əsərlərini daha dərindən mütaliə edib öyrənir, Tiflisdə fəaliyyət göstərən Azərbaycan və rus teatrlarının göstərdikləri tamaşalara baxır... Ucqar Şuşa şəhərinin teatr həvəskarlarından ayrılıb Tiflisin qaynar teatr həyatına atılan Ə.Haqverdiyev səhnə sənətini daha dərindən başa düşür. Qəlbində teatra, dramaturgiyaya məhəbbət artır. İndi o, xalqın oyanmasında, maariflənməsi və tərəqqisində mühüm rol oynayan teatrı əsl sənət və tərbiyə ocağı kimi dərk edir”.
Ə.Haqverdiyev 1891-ci ildə ali təhsil almaq məqsədi ilə ölkənin paytaxtı Peterburq şəhərinə gedir. Ədib öz tər­cü­meyi-halında yazırdı: “1891-ci sənədə Tiflisdə realnı məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar İnstitutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil edib Qafqaza qayıtdım”.
Sonralar tədqiqatçı alimlər Ə.Haqverdiyevin Yol Mühəndisləri İnstitutundan universitetin Şərq fakültəsinə keçməsinin səbəblərini aydınlaşdırmışlar.
Son tədqiqatlarda isə Ə.Haqverdiyevin Yol Mühəndisləri İnstitutundan universitetə keçməsinin səbəbini həm də “20-22 yaşlı gəncin (yəni Ə.Haqverdiyevin - T.A.) texniki elmlərdən daha çox ədəbiyyat və sənətə olan marağı”, bədii yaradıcılığa “güclü meylin təsiri” ilə bağlayırlar.
Peterburq Ə.Haqverdiyevin xoşuna gəlmişdi. Sonralar ədib tərcümeyi-halında yazırdı: “1891-ci sənədə Peterburqa gedib orada birinci dəfə mükəmməl teatro gördüm. O vaxt Aleksandrinski teatrosunun ən parlaq vaxtı idi. Davıdov, Varlamov, Komissarjevskaya, Dalski kimi dahilər işləyirdilər. Aleksandrinski teatrosu bilmərrə məni öz kamına çəkdi. Bir həftə olmazdı ki, mən teatroya getməyəydim. Bəzən həftədə iki dəfə gedirdim. Teatro ucuz idi. Otuz iki qəpiyə mükəmməl tamaşa edib həzz almaq olurdu”.
Aleksandrinski teatrı Peterburqun başqa teatrlarından fərqlənirdi. “Bu teatrın foye və koridorlarında aşağı və orta təbəqələrdən olan tamaşaçılar daha çox görünürdü. Səhnədə parlaq, bahalı, az tapılan bahalı heç bir şey yox idi. Dekorasiyalar solğun, quruluşlar adi idi. Bir quruluşda işlənən materialdan başqa quruluşda da istifadə edilirdi... Göstərilən pyeslərin mövzusu rus həyatından idi. Çox zaman kasıb ziyalıların həyatı göstərilirdi”.
Peterburqun o zaman çox dəbdə olan Marinsk və Mixaylovsk teatrlarından fərqli olaraq Aleksandrinsk teatrında rus klassik yazıçılarının əsərləri göstərilirdi. Fonvizinin “Nadan övlad”, Qriboyedovun “Ağıldan bəla”, Ostrovskinin “Tufan”, “Qurdlar və qoyunlar”, “Gəlirli yer”, Qoqolun “Müfəttiş”, Puşkinin “Boris Qodunov” və s. belə “rus həyatının mürəkkəb, ziddiyyətli cəhətlərini sənətkarcasına əks etdirən əsərlər teatrın repertuarında əsas yer tuturdu”.
Ə.Haqverdiyev Aleksandrinsk teatrının tamaşalarına baxmaqla bu sənətin sirlərini öyrənir və özünün “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” pyeslərini yazır. Az sonra “Dağılan tifaq” əsərini Peterburq sərvətdarlarından alim Mirzə Maxsudovun xərci ilə çap etdirir (1899).
Ə.Haqverdiyev Peterburqda təhsil aldığı illərdə yay tətillərini adətən, Şuşada keçirir, həvəskar aktyorlarla tamaşalar düzənləyib camaata göstərirdilər. 1892-ci ildə onun iştirakı ilə Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” komediyası, 1897-ci ildə isə “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi göstərilmiş, bu tamaşanın rejissoru Ə.Haqverdiyev olmuşdu.
Göstərilən tamaşalar bəzən rəğbətsiz qarşılanır, səhnədə həvəskar aktyorların dilindən eşidilən bir söz möhkəm dava-dalaşa səbəb olur, fanatik dindarlar xəncər, tapança çıxardıb aktyorlara hücum edirdilər. Ə.Haqverdiyev “Keçmiş günlərdən” adlı kiçik xatirəsində şahidi olduğu belə hadisələrdən biri haqqında yazırdı: “1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar... Əsərin pərdələrinin birisində Qarabağda toy məclisi göstərilirdi. Qarabağda olan adət üzrə (bəlkə bu adət Azərbaycanın başqa şəhərlərində də vardır) hər toyda qumar oynayanlar üçün xüsusi bir otaq ayrılardı. Qumarbazlar çalandan, oxuyandan xəbərsiz olaraq toyun axırına qədər gecə-gündüz qumarla məşğul olardılar.
Səhnədə qumar məclisi gös­tərilirdi. Bir guşədə dörd nəfər əyləşib “dörd aşıq” oynayırdı. Bir aşığın alçı durması üstündə mübahisə düşür. Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə birisi aşığın alçı durmayıb, ancaq palasın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək üçün birdən qışqırdı: “A kişi, Həzrət Abbasa and olsun ki, aşıq alçıdır”. Bu sözlər teatr salonunda bir bomba kimi partlayıb tamaşaçıların arasında böyük bir qarışıqlığa səbəb oldu. Teatroda olan gənclər (qocalar və qadınlar teatroya getməzdilər): - Bu məlunlar, dinsizlər, Allahı tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi nalayiq bir yerdə Həzrət Abbasın adını çəkirlər, - deyə xəncər və tapançalara əl atdılar. Teatro yarımçıq pozuldu, aktyorlar dal qapıdan qaçdılar. Səhnədə iştirak edən bir müəllim əynindəki qadın paltarını soyunmağa vaxt tapmadığından öz paltarlarını qoltuğuna alaraq evlərinə qədər qaçmışdı”.
  1899-cu ildə Ə. Haqverdiyevin təhsil illəri başa çatır və o, özünün dediyi kimi, iki diplom alaraq Qafqaza qayıdır. 


Tarix: 11-09-2018, 12:28

Xəbəri paylaş