Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dünya şöhrətli elmi məbədgah

 Hikmət Mahmudov,
AMEA Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor

   
Torpağın üstünə dövlət gətirər
Torpağın altından tapdığın nemət.

Məlum olduğu kimi, 2009-cu ilin may ayında Azərbaycan Respub­li­kasının Prezidenti möhtərəm İlham Əliyev Azərbay­canda elmin strategi­yası və inkişafına dair Dövlət Proq­ramının hazırlanması və onun reallaşdırıl­ma­sı kontekstində Elmin İnkişafı Fondunun yara­dıl­ması haqqında sərəncamlar imzalamışdır. Bu sərəncamlar respub­li­kada elmin yenidən təşkilatlanma və onun beynəlxalq elmi-informasiya məkanı­na inteqrasiyası məsələlərinin həlli üçün, demək olar ki, real imkanlar yaratdı.
Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Geologiya və Geofizika İnstitutunun alim-geoloqları əvvəllər mövcud olan beynəlxalq elmi əlaqələri daha sıx şəkildə qoruyub saxlamağa nail olmuşlar. Bu isə, şübhəsiz, Azərbaycan geologiya elminin dünya elm birliyinə inteqra­siyasına cavab verir.
Hazırda institutun elm aləmindəki nüfuzu təkcə milli deyil, həmçinin regional səviyyədə də təsdiqlənmişdir. Bu mənada institut şübhəsiz ki, liderdir və hətta bir sıra istiqamətlərdə region sərhədlərini də aşa bilmişdir.
Belə ki, 1938-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu SSRİ Elmlər Akademiyası Azərbaycan filialının geo­loji sektorunun əsasında yaradıldı. Bu dövrdən 80 il keçir. Qeyd etmək lazımdır ki, Azərbaycan ərazi­si­nin geoloji quruluşu­nun öyrənilməsi, onun mineral-xammal bazasının yaradıl­­ması və möhkəmləndirilməsi üzrə fundamental və tətbiqi məsələlərin həyata keçiril­məsində AMEA Geologiya və Geofizika İnstitutu əsas rol oynayır. Elmlər Akademi­yası sistemində ən möhtəşəm və aparıcı elmi təşkilatlardan biri olan Geologiya və Geofizika İnstitutu keçmiş Sovet İttifaqının qabaqcıl elmi mərkəzləri ilə sıx əməkdaşlıq şəraitində böyük yol keçmiş, geologiya elminin inkişafına və Azərbaycanın mineral-xammal baza­sının möhkəml­ənməsinə misil­siz töhfələr vermişdir. Azərbaycanda geologiya elminin inkişaf etməsində milli alim-geoloqla­rımız müxtəlif istiqamətlərdə elmi məktəblər yaratmışlar. Onlardan akade­mik­lər Mirəli Qaş­qay, Ələş­rəf Əlizadə, Şamil Əzizbəyov, Musa Əliyev, Qambay Əlizadə, Şəfaət Mehdiyev, Sübhi Salayev, Əzəl Sultanov və Ədhəm Şixəli­bəylinin böyük xidmətləri vardır. Qeyd etmək lazımdır ki, bu alimlərdən Ə.Əlizadə, Ş.Əzizbəyov və M.Qaş­qay 1945-ci ildə Azər­baycan Elmlər Akade­mi­yasının yaradı­cıları olan 15 təsis­çi­nin sıra­sında idi. Bu görkəmli alimlərin hər biri öz sahələrinə uyğun yüksək səviyyəli və çoxsaylı elmi mütəxəssislər yetişdirmişlər. Akademik Mirəli Qaşqay Azər­bay­canın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparmış, filiz və qeyri-filiz faydalı qazıntı yataq­larının geologi­yasını və mi­nera­lo­giyasını hərtərəfli öyrən­mişdir. Xüsusən də Daşkəsən filiz rayonu və bu ərazidə yerləşən Zəylik alunit yatağı, habelə Kəlbəcər sahəsinin faydalı qazıntıları, o cümlədən İstisu mineral su yatağı məhz akademik Mirəli Qaşqayın adı ilə bağlıdır. Onun bir çox əsərləri, o cümlədən «Dünya alunit yataqlarının tədqiqi»nə dair iki cildik əsəri də elmi ictimaiy­yətə yaxşı məlumdur. Aka­demik Şamil Əzizbəyov isə Naxçıvanın və Talış zonasının geologiyasını geniş və hərtərəfli öyrənmişdir. Onun yetişdirmələri bu gün də o tədqiqatları davam etdirirlər. Akademiklər Musa Əliyev, Qambay Əlizadə və Akif Əlizadə Azərbay­canın paleontologiya və stratiqrafiya elmləri sahəsində əsaslı tədqiqat işləri aparmışlar. Bu sahədə onlar böyük məktəb yaratmışlar. Akademik Ələşrəf Əlizadə, Şəfaət Mehdiyev, Sübhi Salayev isə Azər­bay­canın neft sahəsində böyük xidmətlər göstərən şöhrətli alimlərdir.
İnstitutun dünya geologiya elminə inteqrasiya prosesi intensivləş­diril­di. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması dünyanın nəhəng neft korpora­siyaları ilə müştərək işlərin aparılmasına geniş imkan yaratdı. Bu şirkətlərin elmi mərkəzlərinə ezamiyyətlər, institutun beynəlxalq əməkdaşlığının səviyyəsini və inkişaf tempini köklü surətdə dəyişdirdi. “Britiş Petroleum”, “Ekson”, “Şell”, “Amoko”, “Mobil”, “Yunokal”, “Teksako”, “Konoko”, “Fihps”, “Statoil”, “Total”, “Elf”, “Agip” və s. bu kimi nəhəng şirkətlər ilə uzunmüddətli müştərək işləri bu gün beynəlxalq elm məkanına sıçrayış kimi səciyyələndirmək olar.
Geologiya və Geofizika İnstitutu 10 ildən artıqdır ki, yüksək elmi texno­logiyalar sahə­­­sin­də dünyada lider olan Massaçusets Texnologiya İnstitutu, habelə Qafqaz, Yaxın və Orta Asiya ölkələri ilə birgə nəhəng regionun iri blok­la­rının hərəkət sürətləri və istiqamət­ləri sahəsində prioritet işlər aparmış və bu tədqi­qat­ların nəticələri dünyanın nüfuzlu jurnallarında dərc olunmuş, beynəlxalq konqres və konfranslarda məruzə edilmişdir. Bu gün bu elmi nəticələr geologiya üzrə ən çox istinad edilən və tələb olunan elmi işlər sırasına daxil edilmişdir.
«Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi» Tədbirlər Planı isə Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə təsdiq edilmişdir. Bununla əlaqədar Azərbay­canda ilk dəfə geotexnologiya elminin əsas prinsipləri qızıl yataq­larında sınaqdan keçirilmişdir. Aparılmış işlər nəticə­sin­də qızılı yerin altından çıxarmağın yeni üsulları işlənib hazırlanmışdır. Onlar­dan biri süxurlardan metalların yuyulub çıxarılması üsuludur. Bu üsulla qızılın çıxa­rılması təbiətə ziyan vurmadan asan və ucuz başa gəlir. Azərbaycan Res­pub­likasında, habelə nadir geoloji obyektlərin qorunması və uzun müddətli istifadəsi adlı Dövlət Planı da Nazirlər Kabinetinin 2008-ci il tarixli sərən­camı ilə təsdiq olunub. Bu istiqamətdə institutun əmək­daşları tərəfindən respub­li­ka­da ilk dəfə olaraq genişmiqyaslı tədqiqatlar aparılmış və mühüm nəticələr əldə edilmişdir. Tədqiqatlar əsasında dövlət tərəfindən hazırda müha­fizə olunan nadir geoloji obyektlərin sənədləşdirilməsi və respublika üzrə kəşf edilməmiş nadir geoloji ob­yektlərin aşkarlanması sahəsinə yönəlmiş çöl ekspedisiya işlərinə xüsusi diqqət yetirilir. İşlərin mühüm nəticəsi kimi nadir geoloji obyektlər siyahısına daxil edilmək üçün təklif olunan 484 geoloji obyekt elmi cəhətdən öyrənilmiş və onların təsnifatı aparılmışdır. O cümlədən 11 obyektin dünya əhəmiyyətli, 31 obyektin Qafqaz üzrə, 82 obyektin isə ölkə səviyyəli nadir olduğu müəyyən edilmişdir. Aşkar edilmiş nadir geoloji obyekt­lərin məkanca yayılmalarının ilkin təhlili gös­tərir ki, Azərbaycan beynəl­xalq səviy­yəli milli geoparkların yaradılması baxımından geniş poten­siala malikdir. Bunlardan ilk növbədə, Abşeronun qədim neft mədənləri (Binəqədi və Yanar­dağ sahələri daxil olmaqla), Culfa, Xaltan və Basqal Milli geoparklarının yaradılması məqsədəuyğun hesab edilir. Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı da ətraflı öyrənilmişdir.
Petrologiya və metallogeniya üzrə tədqiqatlar istiqamətində Böyük və Kiçik Qafqaz qırışıqlıq strukturlarında geodinamiki şəraitin təhlili nəticəsində metallo­genik vilayətlərin məkan və zamanca paylanma qanunauyğunluqları aşkarlanmış, filiz-maqmatik sistemlərin genetik əlaqəsi müəyyən olunmuş və bu sistemlərin geoloji-genetik modeli tərtib edilmişdir.
Bu dövr ərzində, əsasən gənclərdən ibarət olan alim kollektivi ilə, geologiya, neft və qazın geokimyası, paleontologiya və stratiqrafiya, geofizika və geodeziya üzrə 50-dən artıq elmi layihə yerinə yetirilmişdir. Müştərək çöl-ekspedisiya işləri və bu işlərin davamı olaraq, dünyanın nüfuzlu elm mərkəzləri və universitetlərində sonrakı analitik tədqiqatlar və interpretasiyalar, bir tərəfdən, çevik sürətdə xarici ölkələrdə elmi tədqiqatlar zamanı tətbiq edilən yeni metodlara, kompüter proqramlarına, standartlara uyğunlaşmağa, digər tərəfdən isə milli elmi kadrların hazırlanmasına imkan verdi.
Azərbay­canın müstə­qil­liyi dövründə isə elmimizin inkişafında yeni mərhələ baş­lan­dı. Geologiya və Geofizika İnstitutunda regional geolo­giya, tektonika, paleon­­tologiya və stratiqrafiya, lito­logiya, neft və qaz geolo­gi­yası, pal­çıq vulkanizmi və böyük dərin­liklərin neft-qazlılığı, petrologiya, metallo­geniya, geokim­ya və mineralogiya, Yer fizikası, geoeko­lo­giya, geoin­for­­matika və digər istiqamət­lər­də fundamen­tal tədqi­qatlar daha da geniş­ləndi. İnstitut Rusiyanın Elmlər Akade­miyası, Təbii Sərvət­lər, Təhsil Nazirliyi sis­tem­lərinin eyni pro­filli sahələri və elmi mərkəzləri, habelə Ukrayna, Qaza­xıs­­tan və Gür­cüs­tanın müva­fiq institutları, respublika­mızın elmi təşki­latları və ali məktəbləri, isteh­salat idarələri ilə sıx elmi əməkdaş­lıq əlaqələrini inkişaf etdirdi. Azərbaycan Respub­li­kası iqtisa­diyyatının mühüm problemləri də həmişə institu­tu­n maraq dairəsində olmuşdur.
Geologiya və Geofizika İns­titutunun tərəfdaşlarının coğrafiyası gündən-günə genişləndi. Buna misal olaraq Böyük Britaniyanın Kembric, Aberdin universitet­lərinin, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetlərinin, Massaçusets Texnologiya İnstitutunun və s., Pyer və Mariya Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsruye və Qannover Universitetləri (Almaniya), Moskva Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) və bir çox başqa elm ocaqlarının alimlərini qeyd etmək olar. MDB ölkələri və Sakit okean regionunun alimləri ilə elmi əməkdaşlıq əlaqələri bərpa olunur və fəallaşır. Yaponiyanm Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq Universiteti (Tayvan), İndoneziyanın Milli Neft Şirkəti və başqaları ilə müştərək işlər institutun elmi və elmi-təşkilati fəaliyyətinin yeni mərhələsini əks etdirir.
İnstitutumuzun alimləri Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Mineral ehtiyatların öyrənilməsi və kəşfiyyatı üzrə Baş İdarə (MTA,Türkiyə), CARIPLO Fondu (İtaliya), Alman Akademik Mübadilə Xidməti (DAAD), Beynəlxalq tədqiqatlar və mübadilələr üzrə Şura (İREX), Təbiət elmlərinin “Royal Society” Kral Cəmiy­yəti (Böyük Britaniya), İsveçrə Milli Elmi Fondu (SNSF), Amerika Milli Elmi Fondu (NSF), Ukrayna Elmi-Texnoloji Mərkəzinin (STCU) qrant layihələrində fəal iştirak etmişlər.
2009-cu ildən Geologiya İns­titutu Elmin İnkişafı Fondu (EİF, Azərbaycan) ilə əməkdaşlığa başlamış və bu çərçivədə 9 layihə hazırlanaraq fonda təqdim edilmişdir. Onun altısı, həmçinin müasir skaynerləşdirən elektron mikroskopun alınması və onun tətbiqilə Cənubi Xəzər hövzəsinin neft­li-qazlı çöküntülərinin biostratiqrafıyasının, submikron və nano səviyyə­lər­də fıziki və fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsini nəzərdə tutan layihə artıq EİF-nun qrantları sırasında dəstəklənmişdir.
İnstitut Beynəlxalq Geoloji Elmlər İttifaqı xətti üzrə beynəlxalq layihələrin reallaşmasında iştirak etmişdir. “Neft-qaz kompleksinin inkişafı ilə əlaqədar olaraq, Xəzər dənizi regionunda geodinamik və ekoloji vəziyyətin proqnoz sistemi və nəzarəti” beynəlxalq proqramı Xəzər dənizi dövlətləri - Rusiya, Qazaxıstan, Turkmənistan və İranın iştirakı ilə yerinə yetirilmişdir. Digər tərəfdən “Paratetis çərçivəsində Xəzər dənizinin geodinamik və paleoiqlim təkamülü” adlı beynəlxalq proqramın xarici şirkətlərin (BP, Shell, Total və b.) maliyyə dəstəyi ilə yerinə yetirilməsində institut bu gün də fəal iştirak edir (DARİUS fondu).
1998-ci ildən başlayaraq ins­titutda “Şərqi Aralıq dənizi - Qafqazın GPS” layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutu ilə əməkdaşlıq şəraitində GPS ölçülmələrindən istifadə etməklə, Azərbaycan ərazisində yer qabığının kinematikası və dinamikasının öyrənilməsi üzrə işlər aparılmışdır. Qafqazın kollizion zonasında müasir geodinamiki vəziyyət tədqiq edilmiş, deformasiya enerjisinin toplandığı məntəqələr aşkar olunmuşdur.
İnstitut Beynəlxalq Geoloji Elmlər İttifaqı (UNESCO) xətti ilə bir neçə layihənin, habelə «Neft-qaz kompleksinin inkişafı ilə əlaqədar olaraq Xəzər regionunda geodinamik və ekoloji duru­mun proqnoz və nəzarət sistemi (Geo-Xəzər-neft)» Beynəlxalq proqra­­mın Rusiya, Qazaxıstan, Türkmənis­­tan və İran kimi Xəzərət­ra­fı dövlət­lərin iştirakı ilə icraçısı olmuşdur.
İnstitut əməkdaşlarının əldə etdikləri elmi nəticələr minlərlə sanballı elmi əsərlərdə, o cümlədən monoqrafiyalarda və yüksək tədqiqat işlərində öz əksini tap­­mışdır. Geoloq-alimlər müxtəlif təşkilatlarda çalışan mütə­­xəssislərin səylə­rini birləşdi­rərək çoxcildli «Azərbaycan geo­­logi­ya­sı» fundamental elmi əsəri, «Stra­tiqra­fi­ya», «Litologiya», «Maq­­­matizm», «Yer fizi­kası», «Faydalı qazın­tı­lar», «Neft və qaz», «Tek­tonika», «Hidro­geolo­gi­ya və mühəndisi geolo­gi­ya» cildləri işıq üzü görmüş­dür. Azərbay­canın bu geolo­ji ensiklope­diyasını mahiyyət etibarı ilə respublika ərazisinin geoloji quru­lu­şunun və mineral xammal bazasının öyrənil­məsi sahə­sində Azərbaycan geoloq­­ları­nın çoxillik nailiyyətlərinin parlaq elmi yekunu kimi qiymət­ləndirmək olar.
Bütövlükdə götürsək, elmin inkişafı son onilliklərdə, xüsusən də ölkəmizin müstəqillik dövrlərində formalaşmış müəy­yən tendensiyalarla səciyyələnir. Bu gün qloballaşmanın mühüm hissəsi - dün­yəvi elmi-texniki məkanın formalaşdırılması, informasiya-kom­munikasiya texnologiyalarının yaradılması, enerjiyə qənaət, alternativ enerji mənbələrinin yaradılması, intellektual mülkiyyət hüquqlarının qorunma mexanizminin işlənilməsidir. Hazırda alimlərin və elmi təşkilatların fəaliyyəti daha yüksək dərəcədə ümumdünyəvi təcrübəyə söykə­nir. Alimlər və mütəxəssislər arasında beynəlxalq mübadilələr sürətlə genişlənmək­dədir. Bu baxımdan, geologiya elminin inkişafında əsas sırada kompüter və informasiya texnologiyalarının geniş tətbiqi və qlobal təbii hadisələrin dərk edilməsi durur.
Böyük çətinliklərdən keçərək, əsas potensialı və elmi məktəbləri imkan dairəsində qoruyub saxlayan Geologiya İns­titutu bu gün Azərbaycanda gənc geoloji kadrların yetişdirilməsi və təlimi üzərində də ciddi tədbirlər görür. Azərbay­canda elmin bugünkü maliy­yələşdirilmə səviyyəsi və bununla bağlı ali məktəb məzunlarının elmə laqeydliyi, istedadlı alimlərin kənara davam edən axını bu gün də geologiya elminin əsas problemidir. Geologiya İnstitutu informasiya və yüksək texnologiyalar sahəsindəki ixtisaslara üstünlük verə­rək, Bakının ali məktəblərindən tələbələri cəlb etməklə və Milli Elmlər Akademi­yasında magistratura təşkili ideyasını irəli sürərək, bu məsələni həll etməyə cəhd göstərir. İnstitut mütəmadi olaraq Ümumrespublika elmi-geoloji semi­nar­­ları, gənc alimlərin müsabiqə və konfranslarını keçirir ki, bu da respub­likada geologiya və geofizika sahələrində elmi nəticə mübadiləsi baxımından olduq­ca vacib olan addım­lardandır.
Hazırda alimlərin və elmi təşkilatların fəaliyyəti daha yüksək dərəcədə ümum­dün­yəvi təcrübəyə söykənir. Alimlər və mütəxəssislər arasında beynəl­xalq mübadilələr sürətlə genişlənmək­dədir. Bu baxımdan, qarşıda geologiya elminin geniş tətbiqi, ona daha dərindən yanaşma və qlobal təbii hadisələrin dərk edilməsi kimi mühüm elmi problemlər durur.
  Azərbaycan Respublikası Prezidentinin «Milli İqtisadiyyat və iqtisadiyya­tın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haq­qında» Fərma­nından (06 dekabr 2016-cı il) irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar AMEA-nın “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə tədbirlər planı” işlənib hazırlanmış­dır. Bununla əlaqədar institutumuzun əməkdaşları tərəfindən Azərbaycan Res­pub­li­ka­­sı neft və qaz sənayesinin (kimya məhsul­ları daxil olmaqla) inkişafına, yeni filiz və qeyri-filiz faydalı qazıntı yataqla­rının aşkar olunmasına və tədqiqinə, ağır sənaye və maşınqayırmaya dair strateji yol xəritələri işlənib hazırlanmış və bu sahələr üzrə geniş işlər həyata keçirilmək­dədir.  


Tarix: 11-09-2018, 12:21

Xəbəri paylaş