Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan dili dərslərində nitqin formalaşdırılması yolları

 

Sevinc Kərimova,
ADPU-nun Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi

Hər hansı bir dil - onun danışıq səsləri, leksik fondu, qrammatik qaydalar sistemi o xalqın tarixinin daşıyıcısı, mədəniyyətinin xəzinəsidir. Bu tarixi xəzinə təbii və süni proseslər nəticəsində müxtəlif dəyişikliklərə uğrasa da, əsrlər boyu nəsildən nəsilə ötürülərək həmin millətin varlığını, tarixi yaddaşını, milli-mənəvi dəyərlər sistemini özü ilə bərabər daşımışdır. Təsadüfi deyil ki, belə bir deyim var, - "bir milləti tarixdən silmək istəyirsənsə, ilk öncə onun dilini məhv et".
Azərbaycan dili türk dilləri ailəsinə daxil olan, möhtəşəm zənginliyə malik ecazkar bir dildir. O, zəngin qrammatik çalarları, istər bədii, istərsə də elmi fikir və anlayışı həmsöhbətinə çatdırmaq imkanı verən əzəmətli dillərdəndir.
Dilimizin səlistliyini və təmizliyini qoruya bilməyimiz üçün dilçi alimlərimizə böyük yük düşür. İstər tarixi, istərsə də müasir dilçilik sahəsində tədqiqatlar aparan alimlər onun müasir elmi-nəzəri və tarixi quruluşunu izləyir, keçmiş və gələcək durumunu təhlil edirlər. Onun yad müdaxilələrdən qorunması yollarını ictimaiyyətə təqdim edərək dövlət səviyyəli müxtəlif layihələrin hazırlanmasında iştirak edirlər.
Dilimizin mükəmməlliyinin pozulmadan nəsillərdən nəsillərə ötürülməsi yolunda hər birimiz cavabdehlik daşıyırıq. Xüsusən də geniş auditoriyaya sahib olan televiziya və radio kanalları, burada daim ana dilində verilişlər hazırlayan və təqdim edən aparıcılar, geniş kütlə qarşısında çıxış edən müxtəlif peşə sahibləri, elm xadimləri, bədii söz ustalarımız, yazıçı və şairlər, qəzet və jurnal çap edən nəşriyyatçılarımız, səsli və səssiz (yazı şəklində) reklamlar hazırlayan reklam şirkətləri olduqca məsuliyyətli iş sahibidirlər. Bu gün kütləvi efir, xalq üçün nəzərdə tutulan hər bir söz və çıxış dilimizin gələcək quruluşuna, formasına, zənginliyinin yaşamasına inanılmaz formada təsir edir.
Bayağı sözlər, anlaşılmaz ifadələr, qrammatik cəhətdən düzgün qurulmayan baş-ayaq cümlələr, başqa dillərdən götürülərək kobud şəkildə nitqə “yamanan” sözlər - bunlar hər zaman dili anlaşılmaz bir formaya salır.
Televiziya ekranlarında zaman-zaman dublyaj olunmuş filmlər verilir. Bu filmlərin peşəkar halda səsləndirilənləri çox olsa da, bəzilərində səsləndirmə ürəkaçan olmaya bilir. Belə filmlərdə sözlər və ifadələrin Azərbaycan dilində olduğunu, hətta cümlələr bir araya gələndə Azərbaycan dilində danışılıdığını dəqiq hiss edirsən. Lakin dublyaj edən aktyor və ya aktrisa cümlələri elə bir tonla, vurğuyla deyir ki, sanki bilmədikləri bir dildə danışmağa çalışır və yaxud dərin bir quyunun içindən qırıq-qırıq cümlələrlə qışqırırlar. Bəzən bu cür qeyri-peşəkar çıxışları balacalar üçün hazırlanmış uşaq verilişlərində də eşidirsən. Anlaya bilmirsən ki, bu cür kobud, qeyri-adi cümlələri kim hazırlayıb və bu səsləndirməni kim edir.
Unutmaq olmaz ki, qeyri-professional şəkildə tərtib edilən, baş-ayaq cümlələrlə, bizə yad, özgə olan səs tonları ilə hazırlanan hər bir çıxış, veriliş, tamaşa və filmin səsləndirilməsi milli dilimizin quruluşuna və lügət tərkibinə dönüşü olmayan zərbələr vura bilər.
Kütləvi informasiya vasitələri, adından da göründüyü kimi, geniş auditoriyaya malikdirlər və ümumxalq maarifləndirmə xarakteri daşıyırlar. Maarifləndirmə sözünün digər mənası təhsilləndirmə deməkdir. Bu vasitələr milli-mənəvi dəyərlərlə bərabər, həm də milli dilin eyni məkan daxilində müxtəlif üslublarla təzahür etməsinə imkan verir. Burada deyilən hər söz, hər ifadə kimlərinsə düşüncə tərzinə, həyata baxışına bu və ya digər şəkildə təsir edir. Deməli, kütləvi informasiya vasitələri daimi olaraq fasiləsiz təhsilləndirmə prosesini reallaşdırırlar. Məhz bu baxımdan, bu sahədə çalışanlar, xüsusən də daim efirdə görünən və çıxış edənlər peşəkar insanlar olmalıdır. Şou xarakterli verilişlərin qeyri-peşəkar insanlara tapşırılması yol verilməzdir. Məzmun, nitqin sürəti, vurğuların gözlənilməsi, cümlədə sözlərin düzülüşü, mübtəda və xəbərin yerində işlədilməsi həqiqətən də peşəkarlıq tələb edir və dinləyici auditoriyasının keyfiyyətinə təsir edir. Çünki bu gün müasir cəmiyyətin tələbi yüksək keyfiyyətdir və müasir insan doğrudan da özünə, milli dəyərlərinə və milli dilinə hörmət edilməsini istəyir. Bir neçə veriliş qədər zaman qazanmaq həmin aparıcı üçün bəlkə də kifayətedicidir, ancaq inanmırıq ki, rəqabətin hökm sürdüyü bu zamanda həmin efir və ya kanal üçün bu qənaətbəxş olsun.
Ən sadə bir misal deyək, tutaq ki, efirdə bir keçini və ya bir pişiyi səsləndirən zaman kosmosdan gələn qəribə varlıqlar kimi danışmaq doğrudan da xoş deyil. Axı, mahiyyət etibarı ilə bu, keçi obrazıdır. Yad planetdən gəlmiş, ömürləri boyu heç bir zaman Azərbaycan dilində danışmamış və eşitməmiş varlıq kimi danışanın keçiyə, ya da başqa bir canlıya oxşamadığını körpə uşaqlar daha gözəl anlayırlar. O zaman bu qeyri-real və peşəkarlıqdan uzaq səsləndirmə nə qədər maraqlı ola bilər?
Belə vaxtlarda ahəngli, cümlədə sözlərin sırası inci kimi düzülən, səsinin tonu və məlahəti ilə insana sakitlik gətirən səslənmələri - rəhmətlik Hüseynağa Sadıxovun ahəstə səsini elə axtarırsan ki... Hərdən çox da uzaq olmayan tarixdə çəkilmiş filmlərə baxanda, gözlərini yumub yalnız orada çıxış edən aktyorların danışıqlarını dinləmək istəyirsən. İlahi, yəni dilin, danışığın bu cür sehri ola bilərmiş? İstər ciddi bir monoloq və ya komik bir dialoq olsun, bunlar necə də gözəldir. Çoxu rəhmətə getmiş aktyor və aktrisalarımızın (Allah rəhmət eləsin) o ecazkar səsi, yerində və ustalıqla vurulan vurğuları, cümlələrin ahəndar quruluşu, bunlar hamısı insanın qəlbini titrədir. Qətiyyətlə deyirsən, yox, bunu dünyanın heç bir professional dublyoru bu cür ifadə edə bilməz, heç bir tərcüməçisi bu ifadəni bu cür çatdıra bilməz.
Məzmuna uyğun üslub və bütün orfoepik qaydaların gözlənilməsi, emosionallıq, diksiya, ahəng, vurğuların yerində istifadəsi - bütün bunları bir natiq peşəkarlığına bərabər formada gözləyən dünya səviyyəli korifey sənətkarlarımızın - Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Adil İsgəndərov, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Sofya Bəsirzadə, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Həsən Turabov, Şahmar Ələkbərov, Səməndər Rzayev, Həsən Əbluc, Ofelya Sənani, Ofelya Məmmədova, Hamlet Xanızadə və digər adını çəkmədiyim üçün üzr dilədiyim əvəzsiz ustadların nitqləri Azərbaycan dilinin, şifahi ədəbi və sadə xalq danışıq dilinin gözəlliyini bariz və əvəzsiz şəkildə əks etdirir. Bu danışıq dili həm ədəbi, həm də xalqın müxtəlif dialektlərdən və şivələrdən doğan incə çalarlarının şagirdlərə əyani dinlədilməsi ilə onlarda müxtəlif nitq vərdişlərinin yaradılmasında, həmçinin dilimizin gözəlliyini, şirinliyini, həqiqi zənginliyini yalnız nəzəriyyə ilə deyil, bu əvəzsiz nümunələr vasitəsilə əyani şəkildə göstərməklə onlarda həm ana dilinə məhəbbəti artırmaq, həm də nitqin düzgün formalaşdırılması yollarını öyrətmək olar.
İncəsənət xadimlərimizin, aktyor və aktirisalarımızın yaratdığı sənət əsərlərini, yəni çıxışlarını izləyən və dinləyən zaman bir faktın şahidi olursan. Azərbaycan sənətkarları dünyanın sənət və sənətkar anlayışına xüsusi biçim verə biləcək istedada malikdirlər. Bu, birmənalı olaraq “O olmasın, bu olsun”, “Arşın mal alan” kinofilmləri ilə imzasını qoymuş gerçəklikdir. Burada sənətkarlıq bütün istiqamətlər - ssenari, operator, rejissor, aktyor oyunu, səsləndirmə və s. üzrə bütün səviyyələr bacarıq və istedad çərçivəsində o qədər mükəmməl qurulub ki, hətta dünya kino sənəti üçün məktəb rolunu belə oynaya bilər. Bizim bütün bu istiqamətlər fonunda toxunmaq istədiyimiz məqam bu sənətkarların nitqləridir. Onların aktyorluq istedadları və bacarıqları bir yana, diksiyaları, nitqləri tamamilə başqa bir dünyadır. Onlar Azərbaycan dilinin orfoepiya məktəbinin canlı yaradıcıları və daşıyıcılarıdır. Bu insanların bütün çıxışları, hətta kiçik monoloqları belə üslub və məzmunundan asılı olmayaraq səsli məktəb sayılır. Onların diksiyası, məzmuna uyğun səs emosionallığı, tonların seçilməsi və ən əsası tələffüz ustalığı - bütün bunlar yalnız bir təsəvvür yaradır. Bizim kino və teatr sənətində və aktyorluq məktəbimizdə yalnız oyun bacarıqları aşılanmamışdır, eyni zamanda bu gün bizim üçün əvəzsiz sayılan xəzinənin - Azərbaycan danışıq dilinin mükəmməlliyini qoruyan, yaşadan və gələcəyə ötürən peşəkar məktəb yaradılmışdır. Bu gün həmin məktəbin nüfuz və səviyyəsinin qorunub saxlanması və əvvəlki səviyyədə davam etdirilməsi doğrudan da vacib və şərəfli işdir. Bu məktəbin incəsənət universitetində əvvəlki nüfuzu ilə davam etdirilməsi məsul işdir. Çünki Azərbaycan dilinin mükəmməlliyinin qorunması və gələcəyə ötürülməsi yolunda atılan hər addım milli maraq və milli mənlik xarakteri daşıyır. Klassik sənətkarları izləyən zaman inkar olunmayan bir həqiqəti görürsən - Azərbaycan aktyorluq sənəti yalnız estetik zövq, mənəvi dəyər, sənətkarlıq vərdişləri yaratmır, o, eyni zamanda Azərbaycan dilinin bütün üslub incəliklərini əks etdirən və peşəkar formada səsləndirən ölməz məktəbdir.
Təhsilin bütün pillələri üzrə tədris olunan Azərbaycan dili dərslərində bu məktəbdən istifadə doğrudan da proqramda əks olunan məzmun üzrə gözlənilən nəticələrin keyfiyyətini müsbət şəkildə artıra bilər. Bu, xüsusən də orfoepiya, üslubiyyat, nitq mədəniyyəti, cümlə quruluşu, sözlərin semantikasının tədrisi ilə bağlı mövzularda daha effektli sayıla bilər. Azərbaycan ədəbi dilinin və həmçinin eyni səviyyədə Azərbaycan xalqının bölgələr üzrə şivə və dilalektlərini mükəmməl şəkildə əks etdirən bu nitq xəzinəsinə, digər bir natiqlik məktəbinin - diktorluq sənətinin töhfəsi tamamilə başqadır. Azərbaycan televiziyası və radiosunda klassik məktəb sayılan diktor nəslinin - Rafik Hüseynov, Eldost Bayramov, Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Ofelya Sənani, Davud Əhmədov, Tamilla Ələkbərova və b. natiqlik bacarıqlarından audio və ya video formasında, əyani vasitə kimi istifadə etməklə doğrudan da Azərbaycan dili dərslərində şifahi nitqin formalaşdırılmasında müsbət nəticə əldə etmək olar.
Bu gün Azərbaycan Dövlət Televiziyası və Radiosunda klassik diktorluq məktəbinin ənənələri qorunur. Efirdə duruşu, geyimi, makiyajə və ən əsası səs tonu və tələffüzü ilə peşəkarlıq nümayiş etdirən aparıcıların çıxışları doğrudan da insanda rəğbət hissi yaradır.
Radio və televiziya verilişləri Azərbaycan ədəbi dilinin ən aktiv təbliğatçılarındandır. Onların təsiri müxtəlif yönlü olaraq bir çox müsbət və mənfi ünsürlərin dilimizə keçməsinə səbəb olur.
Həm ənənəvi məktəbin bizə buraxdığı arxiv materiallarına, həm də müasir peşəkar insanların çıxış və hazırladıqları verilişlərdən müəyyən məqamlardan dərsin məzmununa uyğun olaraq istifadə etmək Azərbaycan dili dərslərində əvəzsiz vasitə olardı. Tədris prosesində əyani vasitə kimi istifadə edilə bilən bu materialların içərisində olan qeyri-peşəkar, problemli yazılardan müqayisə üçün istifadə etmək olar. Bu, səhv danışığın, düzgün qurulmayan nitqin nöqsanlarının şagirdlərə əyani çatdırılmasını, onların aradan qaldırılmasının vacibliyini və mütləqliyini göstərməyin ən gözəl yoludur. İctimai informasiya vasitələri, xüsusən də müxtəlif televiziya kanalları, radio dalğaları, qəzet və jurnal səhifələrində Azərbaycan ədəbi dilinin qorunması, əcaib ifadələrin, vurğuların, səs tembrlərinin dilimizə xələl yetirməməsi baxımından məsuliyyət daşıyırlar. Onlar hər zaman klassik məktəb nümayəndələrinin yolu ilə gedərək bütün sferalar üzrə Azərbaycan dilinin zənginliklərindən istifadə etməyi və onu qorumağı bacarmalıdırlar. Dinləyicini qatmaqarışıq ifadələrlə, sürətli, vurğusuz, nöqtə və vergülsüz çümlələrlə çaşbaş etməyə deyil, peşəkar studiyalarda hazırlanan verilişlər, ifadəli, səlis, məntiqli, aydın çıxışlar vasitəsilə cəlb etməyə çalışmalıdırlar.
Bu tendensiya eyni zamanda mətbuat vasitələri - qəzet və jurnalların səhifələrində də gözlənilir. Cümlənin quruluşu, durgu işarələrindən düzgün istifadə etmək, hətta ümumişlək sözlərin yazılışında orfoqrafik qaydalara riayət etmək, dilimizə yeni gələn sözlərin daxil edilməsi prosesində müəyyən sərtlərin gözlənilməsi peşəkar formada olmalıdır. Dilimizə və onun qrammatik quruluşuna reklam xarakterli yazıların da təsiri böyükdür. Müxtəlif məkanlara - divaralara, metro stansiyalara, avtobus və dayanacaq yerlərinə vurulan bu reklam və elanların dilində və mağaza vitrinlərində böyük və rəngli hərflərlə verilən bir çox reklam xarakterli yazılarda da bəzən səhvlərə yol verilir. Bu səhvlər həm üslub, həm quruluş, həm də orfoqrafik cəhətdən buraxılır. Bəzən bu səhvlərə təəccüb etməyə bilmirsən (məs. belə bir reklam yazısı verilir “... aya dək ....”. Dək şəkilçisinin ayrı yazılması yolverilməzdir).
Beləliklə, sadaladığımız vəsaitlərdən düzgün istifadə yolu ilə şagirdlərə şifahi nitqdə vurğu və ahəng, səsin emosional çaları, zəngin söz ehtiyatı və onlardan istifadə bacarıqları fonunda düzgün yazı və tələffüzün nə qədər önəmli olduğunu əyani şəkildə göstərmək olar.
  Seçdiyi peşədən və ixtisasdan asılı olmayaraq müasir cəmiyyətdə yaşayan və fəaliyyət göstərən hər bir insan üçün savadlı yazı və səlis danışıq vərdişləri, şifahi və yazılı nitq bacarıqları olduqca əhəmiyyətli və faydalıdır.


Tarix: 11-07-2018, 11:46

Xəbəri paylaş