Ədəbiyyatdan dərs – layihə
Natəvan Rzayeva,
Bakı şəhər 74 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Ölkəmizdə təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu hədəflər metodika elmini yeni axtarışlara, həlli vacib problemləri araşdırmağa yönəldir. Müasir metodlar, sinif-dərs şəraitində mövzunun asan mənimsənilməsi yolları axtarılır, şagirdlərin yalnız yaddaşına deyil, təfəkkürünə əsaslanmağa imkan verən metodlara üstünlük verilir. Pedaqoq və metodistləri düşündürən başlıca məsələ şagirdlərin fəallığını təmin edən təlim metodlarının müəyyənləşdirilməsidir.
Bu gün məktəblərimizdə maraqlı iş təcrübələri formalaşmaqdadı. Yaradıcı müəllimlərin yenilik axtarışları, internet resurslarından istifadə etmək sahəsindəki səmərəli iş üsulları diqqəti cəlb edir.Bu istiqamətdə atılan hər bir addım, müsbət nəticələrin əldə olunması ədəbiyyat dərslərini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.
Pedaqoji tədqiqatlarda, təlim praktikasında ədəbiyyat tədrisinin təşkilinin müxtəlif formaları müəyyənləşdirilmiş, strukturu, metodik əsasları işlənmişdir.
Lakin dərsin quruluşu, tipi, mərhələləri, ona verilən müasir tələblər, vaxt büdcəsi, proqramın tələbi və s. bu problemə yenidən qayıtmaq zərurətini doğurur. Didaktik və metodik ədəbiyyatda elmi əsaslarla müəyyənləşdirilmiş təlimin təşkili formaları - “fərdi, fərdi-qrup, kollektiv, sinif və sinifdənkənar, məktəb və məktəbdənkənar işlər” ədəbiyyatın tədrisi təcrübəsində geniş istifadə olunur. Son dövrlərdə dərsin idrak fəaliyyətinin fəallaşdırılması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşkili yeni dərs modellərinin yaradılması zərurətini ortaya qoyur.
Hazırda yeni pedaqoji ədəbiyyatda qeyri-standart dərs tiplərinin sayının 36-ya qədər olduğu qeyd olunur. Əlbəttə, bunları təlimin əsas təşkili forması olan dərslərlə eyniləşdirmək doğru olmazdı. Lakin qeyri-standart dərslər şagirdlərin yaradıcılıq qabiliyyətini artırır, onlara düşüncə sərbəstliyi verir, təfəkkürü inkişaf edir.
Ümumiyyətlə, qeyri-standart dərslərin üstünlükləri çoxdur. Belə dərslərdə mövzu müəyyənləşdirilir, sinif qruplara bölünür, hər qrupa tapşırıqlar verilir, təqdimatlar əvvəlcədən hazırlanır. Bu hazırlıq prosesi çox maraqlı və yaddaqalan olur. Şagirdlər seçimlərində, hazırlayacaqları təqdimatlarda, hətta qrupların formalaşmasında sərbəstdilər. Ona görə də mən təcrübəmdə qeyri-standart dərslərə, xüsusən də onun maraqlı növlərindən biri olan dərs-layihəyə tez-tez müraciət edirəm. Belə dərslərdən birini bu yaxınlarda ümummilli liderimizin 95 illiyi münasibətilə təşkil edib keçirdik. Ulu öndərin bütün ölkəmizdə geniş qeyd edilən 95 illiyi tədbirlərinə biz də qatılmaq istədik və şagirdlərin təşəbbüsü ilə dərs-layihə hazırladıq. Uşaqlar vətənpərvər şairimiz Zəlimxan Yaqubun “O, həyatı sevirdi” şeirini seçdilər. Dərs fəal təlim metodu, böyük və kiçik qruplarla iş forması, əqli hücum, klaster, mühazirə və təqdimat üsulları ilə keçdi. Həmin “dərs-layihə”ni həmkarlarımın da diqqətinə çatdırmaq istərdim.
Mövzu: “O, həyatı sevirdi” şeirində ulu öndərimizin obrazı (Zəlimxan Yaqub)
Standartlar: 2.1.1. Bədii nümunələrlə bağlı şifahi təqdimatlar edir.
1.2.2. Obrazların xarakterindəki başlıca cəhətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.
3.1.1. Bədii əsərlərin məzmununa fərdi münasibət bildirir.
İnteqrasiya: Azərbaycan tarixi 4.1.1; Ümumi tarix 5.1.3; İnformatika 3.2.1; Azərbaycan dili 3.1.1.
Məqsəd: Şeiri düzgün intonasiyaya əməl edərək oxuyur; oxuduğunu anlayır və öz sözləri ilə danışa bilir; sərbəst mükalimə yürüdür; oxuda orfoqrafik qaydalara əməl edir; mövzu ilə ideyanı aydınlaşdırır; əsəri təhlil edir.
Dərsin tipi: İnduktiv
Dərsin forması: Böyük və kiçik qruplarla iş
Dərsin üsulu: Əqli hücum, klaster, müzakirə, təqdimat.
Resurslar: Dərslik, dəftər, internetə qoşulmuş kompüter, proyektor, iş vərəqləri.
Eyni zamanda bir neçə internet saytından, xalq artistləri: Faiq Ağayev və Ağadadaş Ağayevin ifa etdikləri “Dahi”, “Xalq Heydər söyləyəcək” mahnılarından da resurs kimi istifadə etdim.
Dərsin gedişi:
Sinfin təşkili: Himn səslənir. M. X “b” sinfində ulu öndərimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “O, həyatı sevirdi” mövzusunda ədəbiyyat dərsini açıq elan edirəm.
Sinifdəki şagirdlər 5 qrupa bölünür: Qruplar “Azərbaycan”, “Vətən”, “Qarabağ”, “Qələbə”, “Birlik” adlandırılır. Şagirdlər özlərini təqdim edirlər.
Motivasiya: Proyektor vasitəsilə şagirdlərin diqqətini monitora yönəldirəm. Heydər Əliyevin öz səsi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” slaydı nümayiş olunur.
Yardımçı: Heydər Əliyevin bu kəlmələrini necə başa düşürsünüz?
Qeyd etmək istəyirəm ki, ulu öndərimizin bu fikirləri bizim üçün çox dəyərli və qiymətlidir. Yaxın günlərdə ümummilli liderimizin 95 illik yubileyi keçiriləcək. Ulu öndərin anadan olduğu 10 may tarixi ölkəmizin hər yerində təntənə ilə qeyd olunur. Mən də öncədən sizə ulu öndərimiz haqqında məlumat toplamağı tapşırmışdım. Görürəm ki, hamınız tədqiqat materialı hazırlamısınız. Buyurun, hər qrup öz işini təqdim etsin.
Şagirdlər öz işlərini təqdim edirlər.
“Qarabağ” qrupu: - Biz ulu öndərin tərcümeyi-halı haqqında məlumat toplamışıq.
“Azərbaycan” qrupu: - Biz ulu öndərimizin hakimiyyəti dövründə xarici ölkələrlə aparılan əməkdaşlığa dair material hazırlamışıq.
“Vətən” qrupu: - Biz “Əsrin müqaviləsi” və “ Bakı- Ceyhan neft kəməri” mövzusunda məlumat hazırlamışıq.
“Qələbə” qrupu: - Biz “Heydər Əliyev və təhsil” mövzusunda təqdimat hazırlamışıq.Bu mövzu ilə bağlı slayd hazırlamaqda informatika müəllimimiz də bizə kömək edib.
“Birlik” qrupu: - Biz ulu öndərimizin hikmətli sözlərini seçib toplamışıq.
Şagirdlərin təqdimatları meyar cədvəlində qiymətləndirilir.
Müəllim: Uşaqlar, ümummilli liderimizə həmişə böyük xalq məhəbbəti olmuşdur. Bəstəkar, yazıçı və şairlərimiz əsərlərində onun obrazını yaratmışlar.Bu musiqi parçasını təqdim edirəm, diqqətlə monitora baxın.
“Xalq Heydər söyləyəcək” mahnısından bir parça səslənir, slayd göstərilir.
Tədqiqat sualı: Ümumxalq məhəbbəti dedikdə nə başa düşürsünüz? Kimlərə həyatsevər insan deyilir?
Tədqiqatın aparılması: Şagirdlərin diqqəti monitora yönəldilir. Zəlimxan Yaqubun “O, həyatı sevirdi” şeirinə hazırlanmış slayd nümayiş etdirilir. Şeir müəllimin ifasında səslənir.
Müəllim: -Uşaqlar, siz şeirlə tanış oldunuz. İndi də gəlin şeir əsasında “obraz xəritəsi”ni yaradaq.
Lövhədə cədvəl asılır. Şagirdlər tapşırığı yerinə yetirməyə başlayırlar.
Məlumat mübadiləsi:
I Şeirin baş qəhrəmanı müəyyən edilir.
II Əsas xüsusiyyətlər qeyd olunur.
III Əsaslandırma aparılır.
Şagirdlərin bu işi meyar cədvəlində qiymətləndirilir.
Təqdimatın davamı olaraq qruplara iş vərəqləri paylanır.
“Azərbaycan” qrupu: İş vərəqi-1. Şeirin mövzu və ideyasını aydınlaşdırın.
“Vətən” qrupu: İş vərəqi - 2. Şeirdəki bədii təsvir vasitələrini müəyyən edin.
“Qarabağ” qrupu: İş vərəqi - 3. Şeirdəki hiss və faktları aşkar edin.
“Birlik” qrupu: İş vərəqi - 4. Şeirdə obrazın sənət adamlarına və təbiətə münasibətlərini aydınlaşdırın.
“Qələbə” qrupu: İş vərəqi - 5. Şeirdəki “O, həyatı sevirdi, həyat onu sevirdi” misrasını izah edin.
Məlumatın müzakirəsi: Tapşırıın yerinə yetirilməsində şagirdlərə istiqamət verilir. Müzakirə üçün müxtəlif suallar verilir. Şagirdlər onlara verilmiş vaxt başa çatdıqdan sonra hazırladıqları cavabları təqdim edirlər. Cavablar dinlənilir və qiymətləndirilir.
Nəticə: Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün ilham mənbəyidir. Heydər baba bizim fəxrimizdir. O, xalqımızın xoşbəxt yaşaması, uşaqların xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndər Azərbaycanın gələcək inkişafı üçün bir sıra böyük layihələrə (“Bakı-Ceyhan”) imza atmışdı. Vətənimizin ağır günlərində göydə günəş kimi parladı və canından artıq sevdiyi xalqının köməyinə gəldi. Ulu öndər deyirdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”. Biz bütün həyatımız boyu ona rəhmət diləməli və minnətdar olmalıyıq. Ümummilli liderimizin bizə miras qoyduğu Vətənə, xalqa, təbiətə məhəbbətindən nümunə götürməliyik, onun kimi həyatsevər olmalıyıq. Ulu öndər həmişə uşaqları sevmiş, onları vətənimizin sabahı adlandırmışdı.
Monitorda “Dahi” mahnısı səsləndirilir.
Yaradıcı tətbiqetmə: “O, həyatı sevirdi” mövzusunda esse yazmaq.
Qiymətləndirmə: Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: Şeirin bir hissəsini əzbər öyrənmək.
Liderlərə minnətdarlıq edilir, qruplara mükafatlar təqdim olunur. Hamıya təşəkkür edilir. Uşaqlara yaxın günlərdə ulu öndərin məzarını ziyarət edəcəyimiz haqda məlumat verilir.
Tarix: 11-07-2018, 11:18