Fəal dərsin yaradıcı tətbiqetmə mərhələsi: təcrübə
Ziba Məmmədova,
Ağsu rayonu Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi
Məlum olduğu kimi, 2017-2018-ci dərs ili «Təhsildə keyfiyyət ili» elan olunub. Bu da təsudüfi deyil. Çünki hazırda dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə əsas sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi də məhz onun keyfiyyətinin yüksəldilməsinə hədəflənib. Bu baxımdan hər bir müəllimin də qarşısında keyfiyyətli tədrisə nail olmaq vəzifəsi durur. Bu məqsədlə mən təcrübəmdə fəal dərsdən geniş istifadə edirəm. Fəal-interaktiv təlim unverisal xarakter daşıyır, hər kəs bir - birindən öyrənir. Öyrədənlə öyrənən arasında xüsusi bir əlaqə qurulur. Bu baxımdan mən də öz fikirlərimi həmkarlarımla bölüşmək istəyirəm.
Fəal dərsin mərhələlərindən biri olan yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktik əhəmiyyətini artırır. Sagirdlərimə yaradıcı tətbiqetmə mərhələsində müxtəlif (mövzuya uyğun olaraq) formada praktik tapşırıqlar verirəm. Ən çox isə səhnəciklərdən istifadə edirəm. Bu zaman sagirdlər bütün təcrübəsini, bilik və bacarığını səfərbər edərək yoldaşlarının hərəkətini anlamağa çalışırlar. Səhnələşdirmə hazır ssenari əsasında həyata keçirilir. Şagirdlər əvvəlcədən rollarını bilirlər. Bu, onların yaradıcı təxəyyülünü inkişaf etdirir.
VII sinifdə “Hörümçəkkimilər sinfi” mövzusunu tədris edərkən yaradıcı tətbiqetmə mərhələsində şagirdləri hörümçəkkimilərin nə üçün araxnideya adlandırılmasını səhnəcik vasitəsi ilə çatdırırlar. Bu zaman biz bir yunan əsatirindən istifadə edirik.
Əfsanədə deyilir ki, Yunanıstanın paytaxtı yunan ilahəsi Afinanın şərəfinə belə adlandırılmışdır. Qonşu Lidiya dövlətində isə Araxna adlı toxucu bir qız yaşayırdı. Günlərin bir günü Araxna Afinanı toxuculuq yarışına çağırır.
Araxna deyir: əgər Afina yaxşı toxucudursa qoy mənimlə yarışsın.
Afina qoca qarı paltarı geyinib Araxnanın yanına gələrək ona məsləhət verir.
Qarı deyir:
- Ay bala, gəl sən sadə adamlarla yarış. İlahəni yarışa çağırma. Ondan üzr istə, bəlkə səni bağışlayar.
Araxna deyir:
- Qarı, sən nə danışırsan? Qocalmısan ağlın başından çıxıb. Get belə məsləhətləri öz övladlarına ver. Mənə sənin məsləhətin lazım deyil.
Qarı deyir:
- Qızım, ilahəyə itaət et, ona yalvar bəlkə səni bağışlayar.
Araxna:
- Yox qarı, mən dediyimdən dönən deyiləm.
Qarı:
- Qızım, özün bilərsən, mən getdim.
Sonra Afina paltarını dəyişərək öz obrazında gəlir və deyir: Mən burdayam, Araxna, gəl yarışaq.
Yarışırlar. Afina görür ki, Araxna çox gözəl toxuyub. İlahə olduğu üçün Araxnanın qalib gəlməsini istəmir. Ona görə də onun toxuduğu parçanı cıraraq üzünə çırpır. Araxna bundan qəzəblənir, lakin ilahəyə cavab qaytara bilmədiyindən çıxış yolunu özünü asıb öldürməkdə görür. İpi boynuna asıb özünü öldürmək istəyəndə Afina belə gözəl toxucunu itirmək istəməyib, onun ipini kəsərək azad edir və deyir:
- Get yaşa, itaət göstərməyən, təkəbbürlü qız. Ancaq sən və sənin nəslin ömrü boyu ipdən asılaraq toxuyacaqsınız.
Mən səhnəciyi tətbiq etməklə onların söz ehtiyatını artırıram. Şagirdlər mütaliə edirlər. Onların insani duyğuları zənginləşir, mənəviyyatı yüksəlir, onlarda xeyirxahlıq hissi formalaşır. Şagirdlərə tənqidi təfəkkür, nitq mədəniyyəti, sərbəst düşünüb, nəticə çıxarmaq qabiliyyəti aşılanır.
VIII sinifdə “Mədə və bağırsaqlarda həzm” mövzusunu tədris edərkən həzm orqanlarının yerinə yetirdiyi funksiyaları səhnəcik şəklində təqdim etmək də səmərəli nəticə verir. Bununla əlaqədar tərtib olunan səhnəcikdə deyilir:
- Günlərin bir günü həzm orqanları bir yerə yığılıb mübahisə edirdilər. Hərə özünü tərifləyərək «mənim işim daha vacibdir» deyirdilər.
Mədə dözməyib ortaya atıldı:
- Mənim əzələ qatımda uzununa, eninə və köndələn saya əzələ yerləşir. Bu əzələlər yığılıb - açılaraq qidanı qarışdırır. Mənim selikli qişamdan selik ifraz olunur. Şirəmin tərkibində xlorid turşusu, fermentlər və selik var. Məndə mühit turşdur. Fermentlərin təsiri ilə bəzi zülallar, süd yağları kimyəvi dəyşikliyə uğrayır. Qida maddələri məndə 4 - 8 saat qalır. Sonra isə onları hissə-hissə nazik bağırsağa ötürürəm. Heç bilmirəm mən olmasaydım bu həzm orqanları necə olardı? Ən vacib işi elə mən özüm görürəm.
Nazik bağırsaq boynunu uzadaraq dilləndi:
- Ey!.. Şişman mədə özünü nə öyürsən? Mən səninlə yoğun bağırsağın arasında yerləşirəm. Mən olmasam sənin gördüyün işlərin heç bir mənası olmaz. Qida maddələrini axıra qədər mən parçalayıram və qana sorulmasını təmin edirəm. Mənim işim daha vacibdir.
Bu zaman mədəaltı vəz tənbəl - tənbəl dillənir:
- Ay uzundıraz, nə özünü tərif edirsən? Mənim şirəmin tərkibində olan trioksin - zülallara, lipaza - yağlara, amilaza - karbohidratlara təsir edərək parçalayır. Həzm prosesində ən vacib işi mən icra edirəm.
Bunu eşidən yoğun bağırsaq dillənir:
- Ey mədənin kölgəsində gizlənən yastı-yapalaq, özünü az tərif et. Məndə olan bakteriyalar həzmə uğramayan sellülozanı parçalayır, qida qalığının tərkibində olan su qan damarlarına sorulur. Qalıq duz isə xaric olunur. Ən vacib işi elə mən özüm görürəm.
Qida borusu söhbətə qoşulur:
- Eh... Siz boş-boş danışmaqdan yorulmadınızmı? Mən udlaqla mədənin arasında işləməkdən qürur duyuram. Qida məndən keçərək mədəyə düşür. Əgər mən olmasam qida sizə necə çatardı? Deməli, ən vacib işi mən görürəm.
Udlaq udquna - udquna sözə başlayır:
- Dayan, dayan görüm, sütun kimi dayanıb nə söyləyirsən? Mən ağız boşluğunu qida borusu ilə, burun boşluğunu isə tənəffüs borusu ilə birləşdirirəm ki, qida udularkən nəfəs yoluna düşməsin. Mənim işim daha vacib və məsuliyyətlidir.
Bunları eşidən ağız sözə başlayır:
- Siz əbəs yerə mübahisə edirsiniz. Ona görə ki, həzm kanalının qapısı mənəm. Mən qidanı qəbul etməsəm siz heç bir iş görə bilməzsiniz. Odur ki, ən vacib işi mən görürəm.
Mübahisəni kəsmək üçün həzm sisteminin sinir və hormonal tənzimi meydana çıxır:
- Ey, həzm orqanları, əbəs yerə mübahisə edirsiniz. Siz ayrılıqda heç nəyə nail ola bilməzsiniz. Birgə çalışmalısınız ki, işinizin nəticəsi olsun. Güc birlikdədir!
Bu yolla şagirdlər arasında sağlam rəqabət nəticəsində davamlı inkişafa zəmin yaranır, həm də sagirdlərdə özünüifadə, iradi-psixoloji keyfiyyətlər formalaşır. Yaradıcı tətbiqetmənin bu şəkildə qurulması sagirdlərin bilgiləndirilməsinə deyil, biliklərin məstəqil qazanılmasına, təfəkkürün inkişaf etdirilməsinə nail olmağa kömək edir.
Bundan başqa, VIII sinifdə “Qida maddələri və həzm orqanları” mövzusunun tədrisi zamanı yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə krossvod təqdim edirəm. Krossvord doldurulan zaman üfiqi istiqamətdə 1 - də “Qida maddələri”, şaquli istiqamətdə 1 - də isə “Həzm orqanları” cavabda öz əksini tapır.
Şaquli istiqamətdə 2-də “Açıq”. 3-də isə “Dərs” sözləri oxunur.
Krossvordun xanaları doldurularkən şagirdlər əldə etdiyi bilikləri bir növ tətbiq etmiş olurlar. Nəticədə onların ümumi bilik və bacarığı üzə çıxarılır.
Ümumiyyətlə, krossvordun tərtib edilməsi və doldurulması şagirdləin nəzəri biliklərinin sərbəst, çevik və düzgün ifadə olunmasına zəmin yaradır.
Tarix: 11-07-2018, 11:14