ÇOXFUNKSİYALI CÜMLƏLƏR
Fikrət Əlizadə,
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti
Ayrıca götürülmüş sözlər dilin əsas, lakin istifadə olunmamış tikinti materialıdır. Cümlə konstruksiyasına daxil olduqda bir və ya bir neçə situasiyaya bağlanmasına görə leksik cəhətdən çoxmənalı sözlər, omonimlər, eləcə də frazeoloji vahidlər k o n t e k s t u a l (k o n s i t u a t i v) semantik funksiya daşımağa başlayır. Cümlənin leksik-qrammatik tərkibi müəyyən bir fikri mono - polifunksionallığına görə monosituativ və ya polisituativ yöndə çatdırır. Yəni sözlər artıq cümlə semantikasına tam tabe şəkildə qulluq göstərir, müəyyən bir situasiyanı işıqlandırır. Belə hala k o n t e k s t u a l a s ı l ı cümlələrdə rast gəlirik. Bu cür cümlələr sözün çoxmənalılığına, omonimliyinə, qeyri-müəyyənliyinə, polifunksionallığına son qoyur.
Məlumdur ki, hər bir cümlə (və ya bütövlükdə kontekst) o b y e k t i v və s u b y e k t i v qavrayışa görə anlaşılır. (2,3) Əgər o b y e k t i v q a v r a y ı ş bilavasitə kontekstə əsaslanırsa, yəni sırf kontekstual asılı cümləni izah edirsə, s u b-y e k t i v q a v r a y ı ş təqdim olunmuş k o n t e k s t u a l m ü s t ə q i l cümlənin anlaşılması üçün subyektin özünəməxsus mentalitetindən, qlobal dünyagörüşündən, ağıl gücündən - məntiqindən, psixikasından və s. parametrlərdən asılıdır.
Kontekstual müstəqil cümlə ifadə əvvəlində, əsasən abzasın əvvəlində işlənərək fikri açmağa təkan verir. Sonrakı cümlələr semantikasına görə belə cümləyə bağlanıb, kontekstual asılıya çevrilərək, fikri davam etdirir və bu cür semantik zəncir polifunksionallığın yaranmasına imkan vermir. Çünki fikir təqdiminə xidmət edən bütün leksik-qrammatik komponentlər konkret olaraq müəyyən bir situasiyanı açmağa - monosituativliyə meyillidir.
Kontekstdənxaric (konteksti bəlli olmayan) və ya bəzi hallarda kontekstdaxili cümlələrdə subyektiv qavrayışdan asılı olaraq sözlərin semantik yükü fikri dəqiq çatdırmağa imkan verə bilmədiyindən funksional haçalanma baş verir, polisituativ dərk edilən fikir üstünlük təşkil edir, yəni cümlənin monofunksionallığı, monosituativ özəyi yoxa çıxır, polifunksionallıq - polisituativlik özünü göstərməyə başlayır.
Nümunə üçün aşağıda verilən cümləni kontekstdənxaric - subyektiv qavramağa çalışaq:
« İşıq yandı».
Bu misal fikir çaşqınlığı, qeyri-konkretlik, polifunksionallıq - müxtəlif situasiyalara bağlılıq yaradır və hər bir normal şəxs həmin cümləni əsasən iki cür qavramalıdır. Belə ki, cümlənin semantikası antonimik olan iki situasiyanın informasiyasını daşıyır və o, polifunksionallığı üzündən polisituativləşir: sözlər-bu halda f e i l l ə r ayrılıqda götürüldükdə omonimik, polisemik istifadəli olduğuna görə cümlənin mahiyyətinə tam xidmət göstərə bilmir, müxtəlif situasiyalara royeksiyalanır.
Aşağıdakı nümunələrə nəzər salaq:
1) İşıq yandı, ətraf işıqlandı.
2) İşıq birdəfəlik söndü, hər yan qaranlıq oldu.
Başqa bir nümunədə isə eyni bir cümlə üç cür funksiya daşıyaraq polisituativləşir:
«Dərmanı at»:
1) Sağalmaq üçün həkimin yazdığı dərmanı at.
2) Ziyan çəkməmək üçün dərmanı at, ondan imtina et.
3) İstifadə edilmədiyi üçün dərmanı zibil yeşiyinə at.
Göründüyü kimi, 1-ci və 2-ci cümlələrdə xəstə dərmanı ya qəbul etməli, ya da qəbul etməməlidir. 3-cü cümlə isə bunların heç birinə deyil, dərmanın tullanması ilə bağlı situasiyaya xidmət göstərir, yəni cümlənin polifunksionallığı bir müsbət və iki mənfi münasibət yaradır.
1-ci cümlə «Dərmanı at» əvəzinə «Dərman at» kimi səslənsə idi, yəni qeyri-müəyyən təsirlik halın təsiri ilə cümlə monosituativ olacaq və ancaq 1-ci situasiyaya bağlanacaqdı.
İfadə zənginliyi, polifunksionallıq baxımından yanaşdıqda Azərbaycan dili dünyanın zəngin dilləri ilə ayaqlaşa bilən çox poetik, daha çox abstrakt anlayışlara meyilli, səs, söz zənginliyi ilə fərqlənən möhtəşəm dillərdən biridir.Onun leksikasının məna çalarlarını beynəlxalq ünsiyyət vasitəsi olan, həqiqi mənalı sözlərə üstünlük verən ingilis dilinin leksikası ilə müqayisə etdikdə, açıqca görünür ki, dilimizdəki sözlərin üzərinə düşən məna ağırlığı qat-qat çoxdur və bu da sözdən zəngin material kimi istifadə etməyə imkan yaradır. Buna görədir ki, Nizami Gəncəvi Azərbaycan dilindən ingilis dilinə tərcümə edilərkən, əslində dahi şairin dilində işlənən poetik - ekspressiv ifadələr - «naxışlar» itir və hadisələri əks etdirən quru ifadələr qalır.
Leksik baxımdan sözlər məna ağırlığı daşıyarkən omonimlərə, çoxmənalı sözlərə ayrılır. Əgər lüğətdən götürülmüş «kök» sözü çoxmənalı söz və omonim kimi çıxış edirsə, onu cümlə daxilində işlədərkən nə cür məna verməsi konkretləşir və o, monosituativ çıxış edir. Məsələn:
Bir yaşlı kök kişi bazardan kök alıb, kefi kök evinə tələsdi.
Bu cümlədə iki omonim (kök kişi; kök alıb) və bir çoxmənalı sözlə (kefi kök) rastlaşırıq.
Söz ayrılıqda semantik cəhətdən azaddır. Sözün qüdrəti cümlədən, cümlə kontekstdən, kontekst isə mətndən asılıdır. Sonrakı mövqedə dayananlar bazis rolu oynayıb, üstqurumdakıların semantikasının kommunikativ təyinatını müəyyənləşdirərək tamamlayır. Yəni bir bazis kimi cümlə sözlərə, kontekst cümlələrə, mətn kontekstə xidmət edir.
Bəzən kontekst semantikası da polifunksional - polisituativ fəaliyyətli olub, əsas mənanı aça bilmir. Bu fikrin gerçəkliyini əsaslandırmaq üçün bir linqvistik müşahidəni gözdən keçirək:
Azərbaycan dilində «dilbilməz, dil anlamayan, qanmaz» kimi qələmə verilən ayrımların nitqini izlədikdə maraqlı faktlarla üzləşilir. Roma qalıqlarının yerli türklərlə qarışığından törənmiş ayrımların (ayrı rumların, rumlardan ayrılmışların) ifadələrini anlamaq üçün onların özəl psixologiyasını bilmək lazım gəlir. Onların danışığından götürülmüş iki cümləyə nəzər salaq:
«Mənimlə çörək kəsdin. Allah sənin çörəyini kəssin» və «Sən bugün mənim evimə qonaq gəldin. Allah sənin evini alt-üst eləsin».
Belədə yerli azərbaycanlının düşüncəsini sonrakı cümləyə tətbiq etdikdə kontekst semantikasının əsl mahiyyəti açılır. Yalnız bundan sonra başa düşülür ki, qarğışabənzər «Allah sənin çörəyini kəssin» əslində xoş arzudur, yəni:
«Allah hər zaman sənə imkan versin ki, mənimlə duz-çörək kəsdiyin kimi çoxlu dost-aşna tapıb, onlarla da çörək kəsə biləsən, yəni Allah sənə o qədər çörək versin ki, onu daim dilimləyib - kəsəsən, ruzin olsun».
2-ci cümlə də azərbaycanlı mentalitetinə görə amansız qarğışı xatırladır. Lakin ayrım düşüncəsindən süzülən bu fikri belə açıqlamaq lazımdır:
«Məni sayıb qonağım olduğun üçün Allah sənin evini alt, üst qatlı - mərtəbə-mərtəbə tikib, içi dolu etsin».
Kontekstdənxaric cümlələrin subyektiv qavrama üçün daha yararlı olduğunu və bu zəmində polisituativliyi qabarıq şəkildə izləmək məqsədilə dinamik, bədahətən olan nitq materialını əsas götürərək, bir sıra nümunələrə nəzər salaq və polisituativ - polifunksional cümlələrin semantik təyinatını müəyyənləşdirək:
Mənim çırağımı söndürmə!
a) xahiş: - Ana, hələ yatmıram. Mənim çırağımı söndürmə!
b) əzizinə qəsd qarşısında imdad,yalvarış: - Yalvarıram, balama qıyma! Mənim çırağımı söndürmə! (yəni «məni gələcəksiz qoyma» mənasında)
Digər polisituativ cümlələri subyektiv qavramaya görə asan anlaşıldığı üçün kontekst verilmir:
Oxuyursan?
a) dərs oxumaq; b) mahnı oxumaq ; c) təhsil almaq
Kərimin dərsini verdim.
a) yeni dərs tapşırmaq; b) məcazi mənada: cəzalandırma;
Səlim artıq hazırdır.
a) dərsə hazırdır; b) çox içib; c) cərrahiyyə əməliyyatı üçün hazırlanıb; ç) dilə gətirilib (məhkəmədə); d) özünü tutub - yeyib-doyub; e) əlacsızdır; öləcək;
ə) öldürülüb və ya ölüb.
Xalidəxanım bizi tərk etdi.
a) aralanıb getmək; b) inciyib getmək; c) rəhmətə getmək
Mais bərk adamdır.
a) simic; b) sözünə sadiq; ağzımöhkəm; c) vəzifədə yeri möhkəm.
Etibar müəllim uzağa gedib.
a) elmi axtarışlarda; b) səfərə çıxmaq; c) pis iş, hərəkətlərə işarə.
Elə cümlələr var ki, polifunksional olub tam antonimik məna daşıyır:
Allah sənə ürəyinə görə versin.
Bu cümlə bir neçə situasiyanı işıqlandırır: alqış, qarğış, kinayə və eyham bildirir. Bu cümlə sırf kontekstual asılı cümlə olmaqla bərabər, eyni zamanda mikro - və ya makromətnlə bağlılıq təşkil edir. Çünki deyilənin kommunikativ təyinatı, hədəfin keyfiyyəti ancaq mətn vasitəsilə açıla bilər. Belə cümlə bir situasiyada gözəl xasiyyətli adama sidq ürəklə dua etmək, alqışdırsa, digərində isə bədəmələ əməllərinin qarşısına çıxması arzusu, qarğışdır.
Səni görüm öləsən.
a) qarğış, nifrin: - Səni görüm öləsən, balaların yetim qalsın.
b) istək, sevgi dolu münasibət, əzizləmə: - Səni görüm öləsən. Bu nə göyçək pişikdir.
«B» bəndindəki ifadə azərbaycanlı düşüncəsi üçün çox spesifikdir. Pişiyi pis gözlərdən qorumaq üçün onunla oynayan şəxs bu cür ifadədən istifadə edir.
Danışmasan, daha yaxşı olar.
a) dişi müalicə edən həkimin xəstəsinə müraciəti;
b) danışığını bilməyən adama müraciət; c) danışmaq istəyənə işə qarışmamaq təklifi; d) səhv etməmək üçün xəbərdarlıq
Murad olduqca zəngin adamdır.
a) daxilən; b) var-dövlətə görə;
Zöhrab çox böyük adamdır.
a) mənən; b) vəzifəyə görə.
Tuncər və Xalidə oynamaq istəyirdilər.
a) hər hansı bir idman oyunu və ya oyuncaqla oynamaq; b) rəqs etmək; c) kompüter oyunu oynamaq
Dostum mənə zəifliyindən danışırdı.
a) xəstəliklə bağlı zəiflik; b) fiziki zəiflik; c) mənəvi zəiflik; ç) cinsi zəiflik
Qoyun universitetə girmək istəyirdi.
a) şəhərin kənd tipli yerində sürüdən ayrı düşmüş qoyunun həqiqətən yaxınlıqdakı universitet sahəsinə girməsinə işarə;
b) universitetə girmək istəyən küt uşağa işarə
Fərman yaman adamdır.
a) pis mənada: İblis adamdır; b) yaxşı mənada: insan cildində mələk, ilahi qüvvə
c) çox zəkalı
ç) çox bic
Nərgiz qaldı.
a) ərə getməyib qarımaq; b) sinifdə (kursda) qalmaq; c) başqaları kimi bir yerə getməyib evdə oturmaq
Rəşidin səsini kəsin.
a) danışmağa imkan verməmək; b) kimisə aradan götürmək, öldürmək
c) rüşvət ilə ağzını bağlamaq, susdurmaq.
Onu görmək lazımdır.
a) kimləsə görüşmək; b) rüşvət vermək; c) nəyinsə şahidi olmaq məsləhəti
O qıza baxmaq lazımdır.
a) gözlə baxıb seyr etmək; b) qayğı göstərmək; c) xəstədirsə, qulluq etmək;
ç) əhəmiyyət vermək; d) oğlan üçün qız seçmək
Rəisə az-maz hörmət etsəydin, pis olmazdı.
a) hörmət saxlamaq; b) məzəmmət; c) rüşvət vermək
Uşağın dişi çıxdı.
a) süd dişinin çıxması; b) süd dişinin (və ya başqa dişin) xarab olub çıxması
Bəzən cümlə yazılı nitqə görə eyni cür görünsə də, şifahi nitqdəki intonasiya çalarlarına, sintaqmatik üzvlənməyə istinadən fərqlənir. Məs:
Çörək artıq gəldi.
a) saya, çəkiyə işarə: Çörəkçi gətirilənləri saydı. Çörək artıq gəldi.
b) zamana işarə: Növbədə canlanma yarandı. Çörək artıq gəldi.
Sizdə neçə baş müəllim var?
a) baş müəllimlərin sayını müəyyənləşdirmə:
Prorektor dekandan soruşdu:
- Sizdə neçə baş müəllim var?
b) müəlimlərin sayının kobud formada öyrənilməsi :
Çoban Abdal kişi kafedraya girib soruşdu:
- Sizdə neçə baş müəllim var?
Bu cümlə, göründüyü kimi, yazılı və şifahi nitqə - sintaqmatik üzvlənməyə görə fərqlidir: nitq taktının «sizdə» və ya «baş»dan sonra dayanması cümlənin mənasına təsir edir. Göstərilən son iki nümunə şifahi nitqdə intonasion cəhətdən fərqli olduğu halda yazılı nitq üçün leksik-qrammatik baxımdan eyni konstruksiyalıdır.
Maşallah, sən ağıl dəryasısanmış:
a) savadlılığa işarə - tərif;
b) savadsızlığa işarə - ələsalma; kinayə (xalq arasında «həmşəri söyüşü» adlanan kinayəli tərif)
Elə cümlələr də vardır ki, onlarda söz vurğusunun dəyişik olması şifahi nitqdə fərqi qabarıq göstərdiyi halda, yazılı nitqdə heç nə duyulmur. Belə bir hala eyni konstruksiyalı cümlənin müxtəlif məntiqi vurğularla deyilməsini də misal gətirmək olar. Aşağıdakı nümunəyə baxaq:
Sən dinlə (,) get!
a) yəni dindar ol.
b) dinlə: «dinllə» və «get arasına bir vergül qoysaq, məna dəyişər. Sən dinlə, get. (Qulaq as, sonra get).
Göründüyü kimi, «b» bəndindəki sintaqmatik üzvlənmənin punktuasiyaya təsiri cümlənin intonasiyasını, takt bölgüsünu və nəhayət, mənasını dəyişir. Rus dilindən götürülmüş məşhur nümunəni göstərmək yerinə düşər, çünki məlum fakt kimi bu cümlədə vergülün yerində olmaması bir insan həyatına son qoymuşdur.
Kaznit, nelzya pomilovat. (edam etmək)
Kaznit nelzya, pomilovat. (əfv etmək)
Az qisim cümlələr struktura görə deyil, ancaq nitq taktlarının - sintaqmların bölgüsünə görə fərqlənir. Məsələn:
Bunu bozbaş yeyəndən sonra soruş. - zaman zərfliyi
Bunu bozbaş yeyəndən sonra soruş. - tamamlıq
Leksik omofon kimi bir növ «omofon cümlələr» də mövcuddur. Bu cümlədə də, göründüyü kimi, 2 məna özünü göstərir: 1-ci halda «soruşmanın» zamanı (zaman zərfliyi ilə ifadə olunmuş «bozbaş yeyəndən sonra»), 2-ci halda isə obyekti (şəxs) (vasitəsiz tamamlıqla ifadə olunmuş «bozbaş yeyəndən») göstərilir.
Qazı kəsiblər.
a) evin qazına, yanar qaza işarə: Qazı kəsiblər. Yemək olmayacaq.
b) quşa işarə: Qazı kəsiblər. Ləzzətlə şam edəcəyik.
Bu mənim qızımdır.
a) övlada işarə; b) gəzdiyi qıza işarə
Həsən, sən qara (Qara) ilə oynayırsan.
a) şahmat və ya dama oynayanlara fiqur rəngini bildirmək;
b) şahmat və ya dama oynayan Qara adlı rəqibə işarə
Uzanmaq istəyirəm
a) yatmaq; b) boy atmaq
Nitq hissələri arasında polisituativ xidmət göstərən ən çoxu feil,daha sonra isə isim, cüzi olaraq sifətdir. Əslində semantik cəhətdən zəngin bir nitq hissəsi kimi təkcə feillərdən istifadə edib, ətrafdakılar əl-qol işarəsi ilə məişət söhbəti aparmaq mümkündür. Məsələn:
Oyandım. Qalxdım. Yuyundum. Yedim. Geyindim. Çıxdım. Getdim. Çatdım.
Amma belə bir hal zəngin nitq hissəi olan isimlə baş vermir.
Feillər ağırlığı üzərinə çox çəkə bildiyindən hətta intim, söyüş yönlü situasiyalar üçün də funksiya göstərir. Bir sıra isimlər də bu qəbildəndir. Feillərin çoxusu polisituativ semantikaya malikdir.
Polifunksional təbiətli sözlər kimi söz birləşmələri də var. Sözləri polifunksional edən omonimlər, çoxmənalı sözlər söz birləşmələri tərkibinə də - ilk-öncə frazeoloji birləşmələrə də təsir edir, yəni onlar polifunksional material kimi çıxış edərək semantikanı dəyişir. Buna görədir ki, omonim frazeoloji vahidlər cümlənin diktəsinə - kommunikativ məqsədinə rəngarənglik - polifunksionallıq verir və cümlə polisitativləşir. Məsələn: üzə çırpmaq, üzə vurmaq, başa qaxmaq, həşir salmaq, araya girmək və b.k.
Frazeologizmlərin bir qisminin polifunksional-polisituativliyini əks etdirən nümunələri izləyək:
Onun atasının evinə od vurdular.
a) məcazi mənada: mənən kimdənsə intiqam almaq; b) həqiqətən ata evini yandırmaq
Qardaşımın beli qırıldı.
a) həqiqi mənada; b) müəyyən itkiyə görə sarsılma
Rasim üzə çıxdı.
a) görünmək; b) tanınıb məşhurlaşmaq; c) meyitin suyun üzünə çıxması
Vaqifin vaxtı çatmışdı.
a) getmə vaxtı; b) evlənmə vaxtı; c) dərman qəbulu vaxtı; d) əcəli çatmaq
Polis dostunun çörəyini əlindən aldı.
a) həqiqi mənada; b) qənim, bais olmaq; c) sənətini öyrənib- mənimsəmək
Hadisələrdən hali olmayan şəxs belə tip cümlələri beyindən keçirərək bir sıra situasiyalarla rastlaşır. Təhlil, axtarış nəticəsində ən optimal, həqiqi situasiyanı tapan isə çox arif, müdrik adam hesab olunur. Belədə sanki o şəxs əlamətlənmiş tapmacanın cavabını tapır.
O qonşusuna quyu qazır.
a) həqiqətən; b) məcazi mənada: pislik etmək
Qarı ələ baxırdı.
a) dilənmək; b) övladdan, c) qohumdan asılılıq; ç) fala baxmaq; d) həqiqi mənada (məs: sərgidə heykəlin əlinə baxmaq)
Polisituativ cümlələr yaradıcı adamların əlində gözəl vasitədir. Bundan söz ustaları olan yazıçı, şair, dramaturq, aktyor, meyxanaçı, natiq, müəllimlər böyük məharətlə istifadə edir və sözün, cümlənin polisituativ hədəfindən tərbiyəvi-estetik baxımdan yararlanırlar.
Tarix: 11-07-2018, 11:09