Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yaddaşlarda qalan müəllim ömrü

 


Min illər keçsə də ömür­boyu dəyərini itirməyən peşələr var. Müəllimlik də belə peşələrdən biridir. Hər bir insanın bütün sahələrdə yol gös­tərənə, öyrədənə ehtiyacı var. Xüsusilə təlim-tərbiyə sahəsində müəllimin rolu danılmazdır.
Həyat yolunda bir çox müəllimlərlə qarşılaşırıq. Onlardan bəziləri az qala dərs dedik­ləri müddətdə "unudulurlar". Elə müəllimlər də var ki, həyatımızda müəyyən izlər qoyur, ömrümüz boyu yaddaşımızda qalmağı bacarırlar.
Nazim müəllim də belə müəllimlərdəndir. Ömrünün 55 ilini pedaqoji fəaliyyətə həsr etmiş, Bakı Slavyan Universi­tetinin professoru Nazim Xancan oğlu Mirzə bu illər ərzində yüzlərlə insanın peşə hazırlığında, pedaqoji biliklərə yiyələnməsində əhəmiyyətli rol oynayıb.
İlk günlərdən öz zəhmi, xarizması ilə seçilən bu insanı tanıdıqca başa düşürsən ki, belə ciddi, sərt görkəmin altında ürəyiyumşaq, bağışlamağı bacaran, tələbənin bir baxışından onun bütün ruhi vəziyyətini anlayan təcrübəli bir psixoloq var.
Nazim müəllimi başqa müəllimlərdən fərqləndirən bir xüsusiyyət də onun pedaqoji təcrübəni həyat təcrübəsi ilə vəhdət halında təqdim etməsidir. Nəzəri biliklərin zəngin həyat təcrübəsindən gətirdiyi nümunələrlə vəhdətini yaratmaqla fənnin daha asan qavranmasını təmin edir.
Bəzən tələbənin səhvini birbaşa üzünə deməklə incitsə də, tez bir zamanda könlünü almağı da bacarır. Ədalətliliyi, müdrikliyi ilə hamının məhəbbətini qazanmış Nazim müəllim xaraktercə çox zən­gindir.
Tərbiyədə nikbinlik, hörmət və tələbkarlığın vəhdəti prinsipinə üstünlük verən Nazim müəllim əldə etdiyi nəticələrlə digər həmkarlarını təəccübləndirir, bu cür fəaliyyətin nəticəsidir ki, hər semestrin sonunda bütün tələbələr artıq imtahana hazırdır.
Tələbələri qeyd edir ki, təhsil müddətində ixtisas üzrə əldə etdikləri biliklərin böyük hissəsinə görə Nazim müəllimə borcludurlar. Nə yaxşı ki, təhsilimizdə hələ də müəllim adının bütün məsuliyyətini daşıya bilən bu cür müəllimlərimiz var.
Nazim müəllimin taleyinə ağır, keşməkəşli həyat yaşamaq düşüb. O, 1938-ci il avqus­tun 5-də İsmayıllı rayonunun Xanagah kəndində sadə müəllim ailəsində anadan oub. 1955-ci ildə İsmayıllı qəsəbə orta məktəbini bitirib. Orta təhsil almaqla yanaşı fəhləlik edib. 1955-1957-ci illərdə Yeni Bakı Neftayırma zavodunda işləyib. 3 il hərbi xidmətin ən çətin sahəsində - dəniz sərhəd qoşunlarında topçu kimi xidmətdə olub. M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu əlaçı tələbə kimi bitirib. Ali məktəbi bitirdikdən sonra İsmayıllı ra­yonun­da, 1 nömrəli orta məktəbdə rus şöbəsində tarix və coğrafiya, daha sonra 2 nömrəli qəsəbə orta məktəbində rus dili və ədəbiyyat müəllimi işləyib. 1968-ci ildən bu günə kimi öz doğma ali məktəbdə - indiki Bakı Slavyan Universitetində işləməyə dəvət olunub, baş müəllim, dosent, pedaqogika üzrə fəlsəfə doktoru, 6 il pedaqogika və psixologiya kafedrasının müdiri və professor vəzifəsində çalışıb. Keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının əmək veteranıdır. İşlədiyi müddətdə ayrı-ayrı təşkilatlardan, universitet rəhbərlərindən tədris işlərində, ictimai işlərdə fəaliyyətinə dair təşəkkür məktubları alıb, diplomlara layiq görülüb.
1998-ci ildə 60 illik yubileyi ərəfəsində, BSU-nun Elmi Şurası rektor, professor Kamal Abdullayevin imzası ilə Nazim müəllimi "Əməkdar müəllim" fəxri adına təqdim edib. 2016-cı ildə isə universitetin 10 illik yubileyi ərəfəsində Elmi Şura pedaqoq-alimi ikinci dəfə "Əməkdar müəllim" adına təqdim edib. Universitetin Elmi Şurasının 27 aprel 2017-ci il tarixli iclasının qərarı nəzərə alınmaqla ali məktəbin rektorunun əmri ilə Nazim müəllim ali məktəbdəki səmərəli elmi-pedaqoji fəaliy­yəti nəzərə alınaraq ictimai əsaslarla pedaqogika və psixologiya kafedrasının professoru vəzifəsinə təyin olunub.
Mirzə Nazim respublikamızda pedaqogika və psixologiya elminin inkişafına öz töhfələrini vermiş alimlərimizdəndir. Onun pedaqogika və psixologiya elmlərinin aktual problemlərinə həsr olunmuş elmi məqalələri, dərslik vəsaitləri, tezis və proqramların hazırlanmasında əməyi böyükdür. Onun Azərbaycan və rus dillərində müxtəlif illərdə çap olunmuş "Tərbiyənin ailə ənənələri", "Ailə adət və ənənələri", "Məktəbəqədər yaşlı uşaqların tərbiyəsində ailə adət və ənənələri", "Məktəblilərin ideya-siyasi tərbiyəsi", "Tərbiyədə milli və ümumbəşəri dəyərlərin yeri" və s. çoxsaylı məqalələri, "Gənclərin ideya-siyasi tərbiyəsində ailə-adət ənənələrinin rolu", "Ana dilimiz, əlifbamız, təhsilimiz və konfliktologiya elmi barədə bəzi mülahizələr", "Ömrümüzdən keçən işıq" kimi kitabları tələbə və müəllimlərimiz üçün zəngin mənbə rolunu oynayır. O, Azərbaycan və rus dillərində çap olunmuş onlarca dərs vəsaitinin ("Proqramma speü. seminara po pedaqoqike", "Proqramma po pedaqoqike", "Proqramma po vedeniö v uçitelğskuö speüialğnostğ", "Proqramma po soüialğnoy pedaqoqike", "Proqramma po pedaqoqike naçalğnoqo obrazovaniə", "İbtidai təhsil pedaqogikası üzrə proqram", "Konfliktologiya" fənni üzrə proqram" və s.), proqramların müəllifi və həmmüəllifidir.
"Hər bir zəhmət adamı həyatının sonuna doğru getdikcə müdriklik zirvəsinə yüksəlir və özünə də olsa hesabat verməyi vacib hesab edir. Mən də istisna deyiləm. Bir şərtlə ki, mən heç vaxt özümdən razı qalmamışam.. Necə yaşadığımı, nə etdiyimizi uşaqlarım, şagirdlərim və tələbələrimdən başqa heç kəs düzgün qiymətləndirə bilməz..".
Bu sözlər, 80 yaşlı bir insanın, pedaqoji həyatının 55 ilini şagird və tələbələrinin təhsili və təlim-tərbiyəsinə həsr etmiş bir müdrik insanın əslində yaşayaraq arxada qoyduğu ömrün hesabatıdır, desək yanılmarıq.
Oruc MUSTAFAYEV


Tarix: 11-07-2018, 11:02

Xəbəri paylaş