Peşəyönümü üzrə “dəyirmi masa”
Ölkəmizdə davam edən təhsil islahatları peşə təhsilini də əhatə etməkdədir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, ölkənin sosial-iqtisadi inkişafına dair Strateji Yol Xəritəsində peşə təlimi və təhsilinə xüsusi yer verilməsi, nəhayət, Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi bu sahədə inqilabi dəyişikliklərə təkan verib. Bu sahədə atılan çoxşaxəli ciddi addımlardan biri də peşə təhsili ilə bağlı maarifçilik-təbliğat işlərinə, - peşəyönümü işlərinə xüsusi diqqət yetirilməsidir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə birgə 212 nömrəli tam orta məktəbdə rayon məktəblərinin tərbiyə işləri üzrə direktor müavin-təşkilatçıları ilə keçirilən “dəyirmi masa”nın mühüm əhəmiyyəti vardır.
“Dəmiryolçu və metropolitençi peşələri şərəfli və məsul peşədir” mövzusunda keçirilən peşəyönümü üzrə “dəyirmi masa”nı giriş sözü ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov açıb. O, Azərbaycanda baş verən və peşə təhsili sistemini əhatə edən islahatlardan, peşə təhsilinin modernləşdirilməsindən, o cümlədən 120 illik tarixə malik şərəfli yol keçmiş, peşə təhsili sisteminin aparıcı və qədim müəssisələrindən olan Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dünəni və bu günündən bəhs edərək bildirib ki, qocaman təhsil ocağı ayrı-ayrı tarixlərdə müxtəlif adlarla fəaliyyət göstərsə də öz tarixi məram və missiyasını - vətən üçün dəmiryolçu kadrları hazırlamaq işini heç vaxt dəyişməmişdir.
Tədbir Peşə Təhsil Mərkəzinə dair videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Mərkəzin tədris hissə müdiri Oruc Həsənov, tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova, baş istehsalat təlimi ustası Fikrət Ağayev çıxış ediblər.
Peşəyönümü ilə bağlı keçirilən tədbirdə Nərimanov rayon məktəblərinin təşkilat rəhbərləri ilə birgə “Şagirdlərin peşəyə yönləndirilməsi”nə dair müzakirələr aparıldı. 212 nömrəli məktəbin direktoru Qurban Həsənov peşəyönümü məqsədilə valideyn şuraları və şagird özünüidarə təşkilatları ilə aparılan işlərdən, 34 nömrəli məktəbin direktor müavini Nəcibə Baxşəliyeva şagirdlərin peşəyə yönləndirilməsi məqsədilə orta məktəblərdə “Açıq qapı” günlərinin keçirilməsini təklif edib, hətta bu tədbirlərin 8-ci sinif şagirdləri ilə aparılmasının daha qənaətbəxş olduğunu vurğulayıb.
304 nömrəli məktəbin təşkilatçısı Aidə Quliyeva peşənin səhv seçilməsinin uğursuz nəticələrindən, 45 nömrəli məktəbin təşkilatçısı Nazilə Əliyeva orta məktəb şagirdlərinin peşəyə marağını artırmaq məqsədilə dəmiryoluna və metropolitenə ekskursiyaların təşkil olunmasından, 207 nömrəli məktəbin psixoloqu Könül Fərmanlı şagirdlərin peşə seçimində məlumatlandırılma və maarifləndirmə işinin aparılmasının məqsədəuyğunluğundan bəhs ediblər.
Sonda Peşə Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov iştirakçılara təşəkkür edərək tədbiri yekunlaşdırıb.
Esmira XƏLİLOVA,
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin informatika müəllimi
Tarix: 31-05-2018, 11:49