Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

1918-ci il Şəmkir hadisələri

 
 

Ceyhun Məmmədov,

Şəmkir Rayonu V.Alırzayev adına

İrmaşlı kənd tam orta məktəbinin direktoru, tarix müəllimi


     
1918-ci ilin 28 mayından bərqərar olan Azərbaycan Xalq Cümhuriyyətinin varlığı uğrunda gedən mübarizədə Gəncəbasar bölgəsində cərəyan edən bir çox hadisələrin, o cümlədən “Şəmkir hadisələri”nin xüsusi yeri vardır.
1917-ci ilin oktyabr ayında Rusiyada silahlı çevriliş nəticəsində hakimiyyətə gəlmiş bolşevik hökuməti I Dünya müharibəsindən çıxmaq üçün Mərkəz Bloku ölkələri ilə, o cümlədən Osmanlı dövləti ilə separat danışıqlara başladı.Nəticədə 1917-ci ilin 18 dekabrında Ərzincan sazişi əldə olundu. Bu sazişə əsasən rus ordusu Qafqaz cəbhəsindən çıxarılmalı idi. Bu vaxt Qafqaz ordusu artıq bir ordu kimi mövcud deyildi. Rusiyadan yeni əsgər heyəti gəlmədiyinə görə şəxsi heyətin çox hissəsi daşnakların ideoloji təsiri altında olan ermənilərlə əvəz edilmişdi. Ordu komandanı formal olaraq general Lebedinski olsa da, real komandanlıq erməni korpusunun komandanı Foma Nazarbekov və onun müavini Drastamat Kanayanın (Dro) əlində idi. Bolşeviklər tərəfindən yaradılmış Qafqaz Ordusu Hərbi İnqilab Komitəsinin (HİK) başında da erməni Korqanov dururdu. Bolşeviklər cəbhədən qayıdan əsgərləri Rusiyaya gedən yolların bağlı olması bəhanəsi ilə Bakıda və Gəncədə yerləşdirmək, gələcəkdə onlardan öz məqsədləri üçün istifadə etməyə cəhd göstərirdilər. Eyni zamanda Şərqi Anadoluda yerləşən Qafqaz Ordusunun hərbi anbarları artıq ermənilər tərəfindən talana məruz qalırdı. Lakin Qafqazda özünü ali hakimiyyət orqanı elan etmiş Xüsusi Cənubi Qafqaz Komitəsi (XCQK) cəbhədən qayıdan rus ordusunu bir şərtlə ərazisindən buraxmağa razı oldu ki, rus hərbi birləşmələri silahların Azərbaycan, gürcü və erməni milli şuralarına təhvil verməli, XCQK isə öz növbəsində onları ərzaqla təmin edərək Bakıya yola salmalı idi. Qeyd edək ki, Qafqazı Rusiya ilə birləşdirən yeganə dəmir yolu Azərbaycan ərazisindən keçirdi. Lakin tamamilə bolşevik təbliğatının təsiri altında olan rus Qafqaz Ordusu HIK silahları Aleksandropol stansiyasında ermənilərə və Soğanlıq stansiyasında gürcülərə təhvil verdiyi halda Azərbaycan Milli Şurasına silah verməkdən müxtəlif bəhanələrlə imtina edirdi. Tiflisdə Məmməd Əmin Rəsulzadənin buna etirazına cavab olaraq XCQK-nin başçısı Noy Jordaniya onlara cəbhədən gələn eşelonları dayandıraraq tərksilah etməyi məsləhət gördü, hətta buna kömək üçün polkovnik Maqalovun komandanlığı ilə zirehli qatar və 100 nəfərlik gürcü bölüyü göndərdi. Azərbaycan Milli Şurası rus eşelonlarını Gəncəyə çatana qədər tərk-silah etməyə çalışırdılar, çünki bəzi məlumatlara görə bolşeviklər eşelonu Gəncədə dayandıraraq orada yaşayan ermənilərlə birləşməyi və şəhəri ələ keçirməyi planlaşdırırdılar. Bunun qarşısını almaq üçün o dövrdə yeganə döyüş qabiliyyətli Azərbaycan hərbi birləşməsi olan Tatar Müsəlman Korpusunun polkovnik S.Əfəndiyevin rəhbərlik etdiyi 5-ci Yelizavetpol atıcı alayı Şəmkir stansiyasına yerləşdirilmişdi.
1918-ci il yanvarın 2-də Şəmkir stansiyasında polkovnik Maqalov, XCQK-nin üzvü Xudadat bəy Rəfibəyov, “Difai” partiyasının Gəncə şöbəsinin rəhbərləri Aslan bəy Səfikürdski, Adil xan Ziyadxanov və Nağı bəy Şeyxzamanlı Şəmkirin Qaracəmirli kəndinin özünümüdafiə dəstəsinin rəhbərləri Rüstəm Ramazanoğlu, Hüsaməddin Tuğac, həmçinin Seyfəli kəndinin özünümüdafiə dəstəsinin rəhbəri İsrafil bəy İsrafilovla görüşürlər. Nəticədə Gəncədən gəlmiş əsasən tələbələrdən və müəl­lim­lərdən ibarət olan könül­lülər taboru, ətraf kəndlərdən yığılmış özünümüdafiə dəstələri və polkovnik Maqalovun gürcü birləşmələrini Şəmkir stansiyasına gətirən zirehli qatarın köməyi ilə 1918-ci il yanvarın 4-də Şəmkirdə yerləşən 218-ci və 219-cu rus alayları tərk-silah edilərək ərzaqla təmin edildi və Bakıya yola salındı. 11 pulemyot, 280 tüfəng, hərbi sursat, 40 at ələ keçirildi. Bu hadisədən xəbər tutan Qafqaz ordusu HİK qatarların tək deyil, eşelonlarla hərəkət etməsini və onların zirehli qatar tərəfindən müşayiət edilməsini əmr etdi. Bu bir neçə eşelonun maneəsiz keçməsinə səbəb oldu. Eyni zamanda Tiflisdən xəbər gəlir ki, 5 qatardan ibarət olan kilometrlərlə uzanan böyük bir rus eşelonu gəlir, XCQK-nin silahları təhvil vermək haqqında əmrinə tabe olmur və bu son eşelondur. Yanvarın 6-da Şəmkir stansiyasında “Difai” üzvlərinin iclasında Rüstəm Ramazanoğ­lunun əmrə tabe olmayan eşelonu dayandırmaq üçün planı qəbul edilir. Bu plana əsasən gecə ilə bütün ətraf kəndlərin 20 minə yaxın sakini əllərinə keçənlərlə, hətta hasarlardan çıxarılan payalarla silahlandırılaraq dəmir yolunun ətrafında toplaşır. Digər əmrlə bütün həllacların əlindən keçələri, arabaçıların əlindən araba yağları alınır. Yanvarın 7-də səhər tezdən 5 hərbi eşelon, onu müşayiət edən zirehli qatarla və Anadoludan köç edən rus sakinləri və onların ailələri olduğu 3 qatarla Şəmkir stansiyasına çatır, lakin yolun XCQK-nın zirehli qatarı ilə kəsildiyini görür.
Qatar keçən kimi əhali dərhal gizləndikləri kolluqlardan çıxaraq xüsusi ölçüdə kəsilmiş və araba yağı ilə örtülmüş keçələri təcili Şəmkirçayın üstündən keçən dəmir yolunun yoxuş hissəsinə relslərə bağladırlar. Hüsaməddin Tuğacın tabeliyində olan könüllülər isə alternativ variant kimi dəmiryolunun altındakı tuneldən Koltəhnəli kəndinə doğru axan çayın bərabərinədək bir neçə metrlik relsi açdılar. Beləliklə, qatar nə irəli, nə geri hərəkət edə bilir. Qatar dərhal hər tərəfdən yerli əhali tərəfdən mühasirəyə alınır.
Polkovnik Maqalov, rotmistr Abxazava, Xudadat bəy Rəfibəyov və kapitan Strelnikov eşelonun rəhbərləri ilə danışıqlara başladılar. Nəticədə əsasən ukraynalı hərbçilərdən ibarət olan ilk eşelon silahları maneəsiz təhvil verdilər. Lakin bolşeviklərin və daşnakların təbliğatına uyan sonrakı eşelonlar nəinki silahlarını təhvil verməkdən imtina etdilər, əksinə XCQK-nin zirehli qatarının da onlara təslim edilməsini tələb etdilər. Hətta XCQK-nin rəhbəri Noy Jordaniya da telefonla danışıq­lara qoşuldu, lakin bu da bir nəticə vermədi. Yanvarın 9-da səhərə yaxın Müsəlman Milli şurasının rəhbərliyi adından danışıq aparmaq üçün Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov da buraya gəldilər. Bolşeviklər danışıqların uzanmasını zəiflik kimi başa düşürdülər. Heç kim bilmirdi ki, bir azdan Şəmkir stansiyası və ətrafı əsl cəhənnəmə dönəcəkdir. Yanvarın 9-da günortadan sonra danışıqların getdiyi bir vaxtda 4-cü eşelondan camaata qəfil yaylım atəşi açıldı. Dalınca rus zirehli qatarı top atəşi ilə gürcü zirehli qatarının baş vaqonunu vurdu, burada rotmistr Abxazava və 4 gürcü əsgəri həlak oldu. Eşelonlar bütün ətrafa camaata və kəndlərə atəş yağdıraraq irəliləməyə cəhd etdilər, lakin relslərə yağlanmış keçə bağlandığından qatarların təkərləri yoxuşu çıxa bilmədi. Bu zaman cavab atəşi açan top gülləsi ilə təsadüfən vaqonlardan birində olan sursat anbarı vuruldu və dəhşətli partlayış nəticəsində eşelonlardan biri yanmağa başladı. Alov tezliklə o biri eşelonlara keçdi. Rus əsgərləri özlərini yerə ataraq xilas olmağa çalışırdılar. Rusların əhalini top atəşləri ilə qorxudaraq qovmaq cəhdi baş tutmadı. Stansiyanın bütün tikililəri və ətraf kəndlər top atəşinə tutuldu. Lakin faktiki əli yalın olan yerli camaat təpədən-dırnağa qədər silahlanmış rus əsgərlərinin qarşısından geri çəkilmədilər. Axşama yaxın rus əsgərləri atəşi kəsib danışıqlara başlamağı təklif etdilər. Xudadat bəy Rəfibəyli və kapitan Strelnikovla Qafqaz Ordusu HİK -si arasında aşağıdakı şərtlərlə barışıq əldə olundu:
1. Əsgərlər bütün atıcı silahları, topları, atları və sursatları təhvil verirlər.
2. Zabitlər öz şəxsi odlu silahlarını saxlayırlar.
3. Yaralılara dərhal təcili tibbi yardım göstərilir, ağır yaralılar Gəncə Hərbi hospitalına aparılır.
4. Eşelonlar lazımi qədər ərzaq və kömürlə təmin olunurlar.
Barışıq şərtləri dərhal yerinə yetirildi və səhər tezdən yollar açılaraq eşelonlar yola salındı. Bu hadisələr hər iki tərəfə çox baha başa gəldi. 2100 nəfərə yaxın rus əsgəri, 320-yə qədər yerli müdafiəçi və 40 gürcü əsgəri həlak oldu. XCQK-nin zirehli qatarı, 3 rus hərbi eşelonu və 2 sərnişin qatarı tamamilə yanaraq məhv oldu.
Şəmkir hadisələri bolşevik mətbuatında geniş işıqlandırıldı. Bolşeviklər əvvəlcə Müsavat və XCQK-si rəhbərliyini əksinqilabda, sonralar isə hətta onları rus əhalisinə qarşı soyqırımda günahlandırır, ölənlərin sayını əsassız şəkildə şişirdirdilər. İş o yerə çatmışdı ki 1983-cü ildə dərc edilmiş “SSRİ vətəndaş müharibəsi və xarici müdaxilə dövründə” adlı ensiklopediyada Şəmkir hadisələri kütləvi qətl kimi qələmə verilmiş və ölənlərin sayı 5 min göstərilmişdir.
  Şəmkir hadisələrinin Cümhuriyyətimizin tarixində böyük əhəmiyyəti vardır. Belə ki, burda əldə olunmuş 20 top, 70 pulemyot, 15 min tüfəng, külli miqdarda hərbi sursat dərhal Müsəlman Korpusunun koman­danlığına təhvil verildi və bundan yeni yaradılan hərbi hissələrin silahlandırılmasında istifadə edildi. Bolşevik-daşnak birləşmələrinin Gəncə və ətraf əraziləri işğal edərək burada olan ermənilərlə birləşmək planı iflasa uğradı. Bakı Soveti çox ümid bağladığı silahı əldə edə bilmədi, nəticə­də Bakı Sovetinin hakimiyyəti yalnız Bakı və onun ətrafı ilə məhdudlaşdı. Yerli əhalidə Müsəlman milli şurasına və öz ordusuna inam artdı. Bu hələ yaranmamış Azərbaycan Xalq Cümhuriy­yətinin ilk böyük və şanlı qələbəsi idi.


Tarix: 31-05-2018, 11:40

Xəbəri paylaş